Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1467/2024 22.05.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Bağırova Mehriban Yaşar qızının katibliyi, İddiaçı, onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 13500 manat məbləğində pulun, iddiaçının əldə etməkdən məhrum olduğu 3500 manat məbləğində faydanın, 3000 manat məbləğində mənəvi ziyanın və xx.xx.2022-ci il tarixdən illər üzrə ödənilməsi gecikdirilmiş məbləğin beş faizinin, yəni 1350 manat məbləğində pulun, vəkilə ödənilən 200 manat məbləğində xidmət haqqının və 154 manat 65 qəpik məbləğində dövlət rüsumunun, cəmi 21704,65 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı izahat verərək bildirdi ki, Cavabdeh aldatma və etibardan suiistifadə etmə yolu ilə özgənin xeyli miqdarda əmlakını tamah məqsədi ilə ələ keçirərək dələduzluq etmişdir. Belə ki, Cavabdeh özgənin xeyli miqdarda əmlakını tamah niyyəti ilə ələ keçirmək məqsədi ilə onun etibarından sui-istifadə edərək Azərbaycan Respublikası Təhsil Nazirliyinin arxasında yerləşən "Effekt MTK"-ya məxsus yeni tikilmiş binadan ev satacağına dair yalan vəd verib aldadaraq vahid niyyətlə xx.xx.2022-ci il tarixdə “Əhmədli” metrostansiyasının qarşısında 1000 manat, həmin gündən təxminən 4-5 gün sonra ünvan 1 ünvanında yerləşən binanın qarşısında 1000 manat, həmin gündən təxminən 4-5 gün sonra həmin ünvanda 3000 manat, 3-4 gün sonra 2000 manat, sonuncu dəfə isə xx.xx.2022-ci il tarixdə həmin ünvanda 13000 manat pulunu ələ keçirməklə, ümumilikdə ona xeyli miqdarda, yəni 20000 manat maddi ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(005)-51/2023 saylı hökmündən görünür ki, Cavabdeh dələduzluqla onun 20000 manat məbləğində pulunu ələ keçirmiş, ona dəymiş 20000 manat məbləğində maddi ziyandan 6500 manatını qaytarmış, lakin 13500 manatını qaytarmamışdır. Nəticə etibarilə, Cavabdeh təqsirli hərəkətləri nəticəsində 13500 manat pulundan və 3500 manat əldə edəcəyi faydadan məhrum olmuşdur. Bundan əlavə, Cavabdeh təqsirli hərəkətləri nəticəsində mənəvi sarsıntı, psixi iztirab keçirmişdir. Buna görə də əlavə olaraq ona vurduğu mənəvi ziyana görə 3000 manat tələb edir. Bu səbəbdən Cavabdeh 13500 manat məbləğində pulu, 3500 manat məbləğində əldən çıxmış faydanı, 3000 manat məbləğində mənəvi ziyanı, xx.xx.2022-ci il tarixdən illər üzrə ödənilməsi gecikdirilmiş məbləğin beş faizini, yəni 1350 manat məbləğində pulu, vəkilə ödədiyi 200 manat məbləğində xidmət haqqını və 154,65 manat məbləğində dövlət rüsumunu, cəmi 21704,65 manat məbləğində pulu tələb edir. Cavabdehin yazılı etirazı ilə bağlı bildirir ki, ona dəymiş 20000 manat məbləğində maddi ziyandan yalnız 6500 manat qaytarılmışdır, bundan başqa cavabdeh tərəfindən ona hər hansı pul və ya əşya verilməmişdir. İndiyə kimi dəymiş ziyan ödənilmədiyindən, məcburiyyət qarşısında qalaraq iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Hazırda o, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil iddiaçının izahatına uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh, 14 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Cavabdeh iddia ərizəsinə yazılı münasibət bildirərək qeyd etmişdir ki, o, xx.xx.2022-ci il tarixdə həbs olunaraq Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsilə təqsirli bilinib xx.xx.2023-cü il tarixində Nərimanov Rayon Məhkəməsinin hökmü ilə 2 il 2 ay 28 gün müddətinə azadlıqdan məhrum edilmişdir, halhazırda cəzasını çəkməkdə davam edir. İddiaçı onun barəsində yazdığı iddia ərizəsi ilə tanış olmuşdur, iddia tələbini şişirdilmiş hesab edir. O, İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər olan müddətdə hissələrlə, ümumilikdə 20000 manat ev satmaq məqsədilə pul almışdır. O, sözügedən evi onunla MTK arasında yaranan mübahisə səbəbindən sata biləmişdir. Aldığı pulu vaxtında qaytara bilmədiyi üçün İddiaçı Nərimanov RPİ-yə barəsində şikayət vermiş və o, istintaqa cəlb edilmişdir. 2022-ci ilin iyul ayında İddiaçı 6500 manat pul vermişdir, qalan məbləği də tez bir vaxtda qaytaracağına söz vermişdir. O, polis idarəsindən çıxanda İddiaçı qardaşının “Chevrolet” markalı avtomobilini satıb qalan pulu qaytaracağını demişdir. İddiaçı ona bildirmişdir ki, həmin avtomobili Həsənin adına keçirsə, borcundan maşının dəyəri məbləğində siləcəkdir. Nəticədə Həsən ondan borcdan 8000 manat silinməsi şərtilə maşını adına keçirməyi istədi, daha sonra Həsən qardaşı ilə birgə sənədləşmə işlərini həll etdi. Nəticədə Həsənə 14500 manat pul ödəmiş, 5500 manat məbləğində borcu qalmışdır. Qeyd olunanlara əsasən, iddia tələbinə qismən etiraz edir, onun iddiaçıya cəmi 5500 manat məbləğində borcu vardır. Məhkəmə, izahatları dinləyib, iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən əsaslı hesab olunaraq qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-51/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək, ona 02 il 03 ay müddətinə azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi, üzərində 02 il 02 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Cavabdeh cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmənin əvvəlinin 22 noyabr 2022-ci il tarixdən hesablanması, Cavabdeh barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Hökmə əsasən, Cavabdeh özgənin xeyli miqdarda əmlakını tamah niyyəti ilə ələ keçirmək məqsədi ilə İddiaçı etibarından sui-istifadə edərək Azərbaycan Respublikası Təhsil Nazirliyinin arxasında yerləşən "Effekt MTK"-ya məxsus yeni tikilmiş binadan ev satacağına dair yalan vəd verib aldadaraq vahid niyyətlə xx.xx.2022-ci il tarixdə “Əhmədli” metrostansiyasının qarşısında 1000 manat, həmin gündən təxminən 4-5 gün sonra ünvan 1 ünvanında yerləşən binanın qarşısında 1000 manat, həmin gündən təxminən 4-5 gün sonra həmin ünvanda 3000 manat, 3-4 gün sonra 2000 manat, sonuncu dəfə isə xx.xx.2022-ci il tarixdə həmin ünvanda 13000 manat pulunu ələ keçirməklə, ümumilikdə zərərçəkmiş şəxs İddiaçı xeyli miqdarda, yəni 20000 manat maddi ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Həmçinin, hökmdə qeyd olunmuşdur ki, Cavabdeh tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, o, İddiaçı aldığı 20000 manat puldan 6500 manatını qaytarmış, qalan 13500 manatını da tezliklə qaytaracaqdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, 1(103)-919/2023 saylı qərarının surətindən görünür ki, məhkum edilmiş şəxs Cavabdeh və zərərçəkmiş şəxs İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəmənin xx.xx.2023-cü il tarixli hökmünün dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasıın xx.xx.2023-cü il tarixli, 1(102)-2136/2023 saylı qərarının surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 may 2023-cü il tarixli, 1(103)-919/2023 nömrəli qərarının zərəçəkmiş şəxs İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti tərəfindən ünvan 2 ünvanlanan xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, xx.xx.1973-cü il təvəllüdlü məhkum Cavabdeh Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi ərazisində yerləşən 14 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. Beləliklə, məhkəmə iclasında mülki iş üzrə sübutlara, o cümlədən qüvvədə olan məhkəmə aktlarına əsasən müəyyən edildi ki, iddiaçı ona dəymiş maddi zərərə görə ödənilməmiş qalan 13500 manat məbləğində pulu cavabdehdən tələb etməkdə haqlıdır. Belə ki, iddiaçıya dəymiş maddi zərərin məbləği, onun ödənilməmiş qalan hissəsi və cavabdehin təqsiri qüvvədə olan hökmlə öz təsdiqini tapmışdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Cavabdeh tərəfin 20000 manat məbləğində maddi zərər üzrə 6500 manatdan əlavə hər hansı pul və ya əşya verməsi barədə dəlilləri isə iş üzrə sübutlarla təkzib olunur, eyni zamanda hər hansı mötəbər sübutla təsdiq edilmir. Ona görə də iddia tələbi dəymiş maddi ziyana görə 13500 manat məbləğində pulun cavabdehdən tutulması hissəsində əsaslı hesab olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Bundan əlavə, məhkəmə müəyyən edir ki, iddiaçıya ödənilməli olan məbləğ iki ildən artıq müddət ərzində qaytarılmadığından, iddiaçı gecikməyə görə illik beş faiz (2 il x 5% x 13500 = 1350 manat) tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Bununla yanaşı, məhkəmə hesab edir ki, iddia tələbi mənəvi zərər hissəsində təmin edilməməlidir. Belə ki, iddiaçı tərəf mənəvi sarsıntı, iztirab keçirməsi, bunun cavabdehin qanunsuz hərəkəti nəticəsində baş verməsi, qanunsuz hərəkət ilə mənəvi zərər arasında səbəbli əlaqənin olması barədə kifayət qədər mötəbər sübutlar təqdim etməmişdir. Halbuki, «Mənəvi zərərin ödənilməsi barəsində qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi» haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarının 8-ci bəndində izah olunmuşdur ki, mənəvi zərərin ödənilməsi barəsində iddia o hallarda təmin oluna bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçının gecikməyə görə illik beş faizdən əlavə olaraq, Mülki Məcəllənin 449.1-ci maddəsinə istinad etməklə pul vəsaitindən faydalanmağa görə cəzaçəkmə müəssisəsində cəza çəkən cavabdehdən 3500 manat məbləğində faizin tutulmasını tələb etməsi əsassızdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə mülki işin hallarını, hüquqi yardımın həcmini və hüquqi yardıma görə ödəniş qəbzini, iddianın təmin edilmiş hissəsini, tərəflərin mövcud vəziyyətini və mənafeyini nəzərə alaraq, hüquqi yardımla bağlı xərcin 100 manat həddində təmin edilməsini ağlabatan və ədalətli hesab edir. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, dövlət rüsumu ilə bağlı tələb də ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə mülki iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 13500 (on üç min beş yüz) manat məbləğində pul vəsaiti, pul öhdəliyini vaxtında icra etmədiyinə görə iki il üçün 1350 (min üç yüz əlli) manat, 100 (yüz) manat məbləğində hüquqi xidmət haqqı və 107,28 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-1467/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1467/2024
22.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver