Məhkəmə qərarları › İş №2(002)-147/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-147/2024

17.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-147/2024 17.01.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı «vurulmuş maddi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı «vurulmuş maddi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ümumilikdə 7.810 manat məbləğində pul vəsaitinin məcburi alınaraq onlara ödənilməsi və ödənişdən boyun qaçırdığı təqdirdə cinayət məsuliyyətinə cəlb edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Sonradan, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Azərbaycan Respublikası MPMnin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh dəymiş ziyana görə 3.520 manat pulun alınıb İddiaçı1, 4.300 manat pulun alınıb İddiaçı3, 5.500 manatın və fiziki və mənəvi ziyana görə 3.000 manat pulun alınıb İddiaçı2 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Daha sonra, İddiaçı1 Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ümumilikdə 5.020 manat məbləğində pul vəsaitinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi İddiaçı2 münasibətdə onunla əsaslandırılmışdır ki, İddiaçı2 2009-cu ildə keçirdiyi iş qəzasında sol əlində 4 ədəd barmağını itirmişdir. Üçüncü qrup müddətsiz əlildir. Aylıq pensiyası 150 manatdır. Aylıq gəliri olduğu üçün «Kapital Bank»dan kredit götürmüşdür. Yoldaşı İddiaçı1 «Oka» markalı avtomobil almış və onlar həmin avtomobil ilə "xxxx" Şirkətində kuryer işləməyə başlamışlar. Gecələr səhərə kimi otellərə və mənzillərə sifariş edilən ərzaqları çatdırıb öz çörək pullarını qazanmışlar ki, kiməsə möhtac olmasınlar. 03 yanvar 2023-cü il tarixdə saat 01.15 radələrində Lökbatan qəsəbəsindən «Qobu Park» yaşayış kompleksinə gedərkən, «Qobu Park»a çatmağa 600 metr qalmış sərt döngə deyilən yerdə Cavabdeh adlı şəxs yüksək sürətlə onların yoluna çıxaraq ağır yol-nəqliyyat hadisəsi törətmişdir. Baş verən qəza zamanı onun sol diafraqması yırtılmış, ayağı hər iki topuqdan dağılmış və müxtəlif dərəcəli bədən xəsarətləri almış, Semaşko xəstəxanasında diafraqmadan ağır əməliyyat keçirmiş, reanimasiyada qalmış, bir az özünə gələndən sonra onu palataya keçirmişlər. 12 yanvar 2023-cü il tarixdə ev gəlmiş, xəstəxanadan çıxıb evə gələrkən sağ ayağı gipsdə olmuş və əməliyyat olunması üçün birinci əməliyyatdan bir müddət keçməli idi. Yaşadığı travmalar nəticəsində başında problem yaranmışdır. Ağrılar onu huşsuz vəziyyətə gətirmişdir. Onları vuran şəxsin atası Nümayəndə bu vəziyyətdən istifadə edərək 13 yanvar 2023-cü il tarixdə onları Lökbatan qəsəbəsində yerləşən 8 saylı notariat ofisinə aparıb oğlu Elşənin xeyrinə ərizə almışdır. Həmin gün aldığı travmalardan çəkdiyi ağrıların təsiri altında olmuşdur, ərizədən yazılanlardan xəbəri olmamışdır. İddia ərizəsi İddiaçı1 münasibətdə onunla əsaslandırılmışdır ki, həyat yoldaşının pensiya kartı ilə əldə etdikləri pula Qaradağ rayonu Sahil qəsəbəsindən «Oka» markalı avtomobil almışdır ki, həm ailəliklə rahat gedib gələ bilsinlər, həm də kuryer işləyib çörək pulu qazansınlar. Bu məqsədlə "xxxx" Şirkətində kuryer kimi işə başlamışdır. 2022-ci ilin noyabr ayının sonlarından dekabr ayının ortalarına kimi 12 gün ərzində etdikləri çatdırmalarla ümumilikdə 320 manat pul qazanmışdır. Həmin puldan həm Esmira xanımın aylıq kreditini ödəmiş, həm də evə bazarlıq etmişdir ki, ərzaq baxımından əziyyət çəkməsinlər. Yağışlı soyuq günlərdə kuryerlik etdikləri üçün verilən sifarişləri tək o aparıb təhvil verirdi. Səhhətində problem yaranmış, xəstələnmiş və bu səbəbdən dekabr ayını tam işləyə bilməmişdir. xx.xx.2023-cü il tarixdə Lökbatan qəsəbəsində YDM-dən çıxıb evə qayıtmağa başlamışlar. Təxminən saat 01:15 radələrində Cavabdeh adlı şəxs öz maşınında bəzi narkomanları harasa tələsik aparırdı, bu səbəbdən sürət həddini aşaraq əks istiqamətdə, yəni onların hərəkət etdikləri yola çıxaraq, onları vurmuşdur. Zərbənin gücü o qədər ağır olmuşdur ki, qəzadan sonra 2 gün xəstəxanada anlaqsız vəziyyətdə olmuşdur. Esmira xanım reanimasiyada ölümlə burun-buruna olmuşdur. Məhkəməyə gec müraciət etmələrinə səbəb müalicələrə görə həkimə gedib-gəlmələridir. Cavabdeh işi aparan müstəntiqə verdiyi izahatda bildirmişdir ki, onun sürət həddi guya 70 olub və onlar xəstəxanada olanda onlarla maraqlanıb həkimlərlə onların səhhəti barədə söhbət etmişdir. Lakin onlar xəstəxanada olanda anası X2 yanlarında olmuş, daha doğrusu onu təcili tibbi yardım xəstəxanaya apararkən onunla birgə xəstəxanaya gedib, həkimlərlə danışıb, üstəlik onları vurub ağır xəsarətlər yetirən şəxsin atasına onları müayinə edən həkimin adını və nömrəsini anası deyib. Dövlətin polisini yalan ifadələrlə aldadan bu şəxs polisi aldatmağı azmış kimi, qəza olduğu gündən bu günə kimi bir dəfə olsun üzə çıxıb üzünü göstərmədi. Üstəlik Cavabdeh atası onların avtomobilin qiyməti 2.900 manat olduğu halda onlara ümumilikdə 2.590 manat pul vermişdir. Yerdə qalan 310 manatı verməkdən boyun qaçırmış, onların travmanın ağrılarının təsiri altında olmalarından istifadə edib onları notariusa aparandan sonra özlərinə maşın almaları üçün onlara 2.000 manat pul vermişdir. Həmin pulu verərkən o, Nümayəndə demişdir ki, tapdığı maşını 2.400 manata satırlar, onun da əlində bu pulla biryerdə 2.100 manat pul var. Nümayəndə ona demişdir ki, narahat olmasın, danışıb maşını götürsün, yerdə qalan pulu verəcək. O da, Nümayəndə bu sözünə inanmışdır. Həmin maşını satan adama demişdir ki, 2.100 manat versin, 15-20 günə 300 manatını da verəcək. Razılaşmışlar. Maşını götürmüşdür. Lakin Nümayəndə dediyi sözə əməl etmədi, 2.000 manatı onlar notariusdan gələn gün vermişdi, 500 manat isə yanvar ayının 6-sı günü, 90 manatı isə müxtəlif məbləğlərdə karta vurmuşdur. Ümumilikdə ona 2.590 manat pul vermişdir. 01 fevral 2023-cü il tarixdə yoldaşı İddiaçı2 topuğundan əməliyyat olunmuş və həmin gün Nümayəndə xəstəxanadan bəhanə gətirərək qaçmışdır. Bütün xərclər onun üstündə qalmışdır. Əməliyyatdan sonra Esmira xanıma alınası bütün iynə-dərmanları özü almışdır. Həmin gün qonşudan 450 manat borc almışdır ki, birdən nəyəsə lazım olar. Bir sözlə, 2.400 manata aldığı maşını məcburiyyətdən 800 manata satmışdır. Həm qonşunun 450 manat pulunu vermiş, həm də maşına görə borclu olduğu 300 manatı. Yol-nəqliyyat hadisəsi zamanı avtomobili sığorta edən «Qala» şirkəti tərəfindən onlara ümumilikdə 3.000 manat pul ödəməli idi. Nümayəndə adlı şəxs «o pul mənə çatmalıdır. Mən istəmirəm. Sizə verirəm» deyib hələ onlara minnət də qoymuşdur. Azərbaycan Respublikasının Qanunlarına əsasən ağır xəsarət alan şəxslər sığorta alır və Dövlət hesabına sığorta ilə əməliyyat olunurlar. Nümayəndə deyirdi ki, onların əməliyyatlarına 1.000 manata yaxın pul vermişdir. Lakin onların əməliyyatları dövlət tərəfindən qarşılanıb. Cavabdeh müstəntiqə demişdi ki, bütün xərcləri özü qarşılayacaq, onların razı qalması üçün nə lazımdırsa edəcək. Özü müstəntiqi aldatmışdır. Atası onları qəza zamanı onun alın sümüyü çatladığı üçün o vaxtdan bəri şiddətli baş ağrıları çəkir. Yaddaş pozuntusu yaşayır. Bəzən unutqan olur. Sol qolu dirsəkdən dağıldığı üçün əməliyyat olunmuşdur. Qoluna dəmir qoyulmuşdur. Hələ də sol qolunun fiziki gücə davamiyyəti yoxdur. Cavabdeh ona vurmuş olduğu maddi zərər 3.510 manatdır. İddia ərizəsi İddiaçı3 münasibətdə onunla əsaslandırılmışdır ki, o, "xxxx" QSC-də 24 faiz xüsusi zərərli işdə gecə növbəsində fəhlə işləyir. Özü insult xəstəliyindən əziyyət çəkir. Qızı ilə kürəkəni xəstəxanada olarkən onları vuran şəxsin atası Əli ona dəfələrlə demişdir ki, «ay ağsaqqal, narahat olma, hər şey bizlikdir, axıra qədər nə lazımdırsa edəcəyik, bu bizim borcumuzdur». Ona bu sözləri deyən adam qızı topuğundan əməliyyat olunanda xəstəxanadan yoxa çıxmışdır. Bu 10 ay ərzində qızının, kürəkəninin iynədərmanlarına, xəstəxanaya gedib-gəlmələrinə ümumilikdə 4.300 manat pul sərf etmişdir və hələ də sərf etməkdə davam edir. Həkimlər yazan dərmanların ən ucuzu 16 manatdır. Əgər qızını və kürəkənini Cavabdeh adlı şəxs bu vəziyyətə salıbsa, müalicə xərclərini o niyə çəkməlidir? Üstəlik o özü, yaşlı, xəstə insandır. Onun özünə qayğı göstərən lazımdır. İddiaçı1 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı2 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı3 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəməyə iddiaya etiraz göndərərək bildirmişdir ki, iddianı qəbul etmir. İddiaçıların məhkəmə iclaslarında dedikləri bütünlüklə yalan və ona qarşı atılan şər və böhtandan başqa bir şey deyildir. İddiaçı1 xx.xx.2023-cü il tarixdə yazdığı ərizədə hadisədən sonra anlaqsız olduğunu göstərmişdir və təhqiqatçı ona suallar verəndə suallardan yayınmaq üçün anlaqsız olduğunu bildirmişdir. Lakin təhqiqatçı ona bildirmişdir ki, hadisə yerində olmuşdur və İddiaçı1 anası ilə telefon danışığının şahidi olmuşdur. İddiaçı1 keçən məhkəmə iclasındakı çıxışında bildirmişdir ki, «Kapital Bank»dan 1.100 manat kredit götürmüşlər, həmin kreditlə «Oka» markalı maşın almışlar, «Oka» maşınının məftillərinin və işıqlarının dəyişilməsi üçün 1.800 manat xərc qoymuşlar və beləliklə «Oka» maşınının qiyməti 1.100 manatdan 2.900 manata qədər yüksəlmişdir. İddiaçı1 ona bildirmişdir ki, «Oka» maşınını Sahil qəsəbəsindən Almaniyaya köçən vətəndaşdan 600 manata almışdır. İddiaçı2 məhkəmə iclası zamanı öz yerindən çıxışında bildirmişdir ki, yanvar ayının 3-ü, 01:00 radələrində Lökbatan yanacaqdoldurma məntəqəsindən «Oka» maşınına benzin töküb Qobu qəsəbəsinə su gətirməyə gedəndə iti döngədə həmin hadisə baş vermişdir. Ancaq onlar çox gözəl bilirlər ki, Qobunun giriş və çıxışında yanacaqdoldurma məntəqəsi var, Lökbatana yanacaqdoldurma məntəqəsinə düşməsinə ehtiyac yoxdur. Mağazalarda içməli suyun litrinin qiyməti 2 manatdan yuxarı deyilsə, onlar niyə belə özlərinə əziyyət verib, pullarını xərcləyib Qobuya su gətirməyə gediblər? Görəsən gecələr nəyin dövriyyəsi ilə məşğuldurlar ki, su daşımaq adı ilə öz çirkin niyyətlərini həyata keçirirlər? O, çıxışında iddiaçıları Neftçilər xəstəxanasına apardığını dedikdə, travmatoloq Fərhad həkimin icbari sığortadan əlavə 1.800 manat ödədiyini demişdir. Yerlərindən İddiaçı1 və İddiaçı2 qətiyyətlə Neftçilər xəstəxanasında olmadıqlarını bildirmişlər. Semaşko xəstəxanasında iddiaçılara ilk yardım göstərən travmatoloq iddiaçıların qeyri-etik davranışlarına görə sonuncuları müayinə etməkdən imtina etmişdir. İddiaçı1 ona həkimə xəsarət yetirəcəyini söyləmişdir. 2 dəfə həbsdə yatıb çıxmış insandan nə desən gözləmək olardı. O, artıq ehtiyatlı olmalı, yeni müalicə yeri axtarmalı idi. xx.xx.2023-cü il tarixdə təkrar rentgen kontrol etdirmək üçün o, İddiaçı1 və İddiaçı2 Lökbatan Tibb Mərkəzinə gətirmişdir. Onların hər ikisi rentgen-texnik tərəfindən rentgen olunmuşlar, kitabda qeydiyyatdan keçmişlər, əllərinə renigen plyonkası verilmişdir. Həmin gün «Bravo» marketdən onlara 2 zənbil bazarlıq edib evlərinə yola salmışdır. X7 travmatoloq olmadığı üçün onları növbəti günlərin birində Neftçilər xəstəxanasına aparmışdır. İddiaçı1 və İddiaçı2 şəxsiyyət vəsiqələrinin FİN kodunu X1 şöbəsindəki ***-**- ** nömrəsinə zəng edəndə, onların həmin xəstəxanada Fərhad həkimin qəbulunda olduğu bilinir. Bütün bunlardan sonra o, «Olimp» hospitalında Nicat həkimin köməyi ilə Semaşkoda işləyən Kənan həkimə tapşırılmış və iddiaçıların müalicəsini davam etdirib sona çatdırmışdır. İddiaçı2 mənəvi zərərdən danışır. Ona əsas mənəvi zərəri vuran qeyrirəsmi nikahda yaşayan əri sayılan, gecə maşının işıqlarını söndürüb özünü maşından ataraq Esmiranı ölümə sürükləmək istəyən İddiaçı1dir. Esmiranın atası bildirir ki, qızına təqribən 5.000 manat müalicəsi üçün pul xərcləyib. Görəsən Neftçilər xəstəxanasında travmatoloq Fərhad həkim 1.800 manat istəyəndə İddiaçı3 nə üçün qabağa durub onun müalicəsi ilə məşğul olmadı. Görəsən o, 5.000 manatı hansı sandıqda gizlətmişdi? Ancaq bu gün qızının bu durumundan istifadə edərək 5.000 manat pul qazanmaq istəyən bu adam qızının və məhkəmə iştirakçılarının yanında özünü haldan-hala, rəngdən-rəngə salaraq qızının yanında özünün aciz durumda olduğunu göstərir. Heç bir atanın qızının yanında özünü bu qədər aşılamağını istəməzdi. Yaşının bu vaxtında adının İslam olmasına baxmayaraq, halal-haram, haqq-ədalət, əyri-düz, nəfs-vicdan anlayışlarını heçə endirən bu adam qızına nə qədər mənəvi əzab və zülm edir, bunu tək özləri bilərlər. İddiaçı2 günəmuzd işləyərək ilə 5.500 manat pul qazandığını deyir. Görən bu işləri görmək üçün onun VÖEN-i olubmu? 5.500 manatın 26 %-i sosial sığortası, 4 % tibbi sığortası, 4 % vergi ödəmələri barədə sənədlərini məhkəməyə təqdim etməsini istəyir. İddiaçı2 özünü xəstə hesab edirsə, DSMF-in TSEK-ə müraciət etsə yaxşı olar. O, ümumiyyətlə «KapitalBank»dan 10.500 manat pul götürmüşdür. 4.500 manata iddiaçılara görə maşını satmışdır. 15.000 manata qədər iddiaçılara pul xərcləmişdir. O, özünə çatası sığortanı etibarnamə ilə iddiaçılara vermişdir, həmin 3.000 manat pulu 8 saylı Notariat Ofisində ona xx.xx.2023-cü il tarixdə **********954 saylı ərizə ilə ödəyəcəklərinə razı olduqlarını bildirmişlər, lakin pulu alsalar da, ona qaytarmamışlar. İddiaçılar öz iddia ərizələrini xx.xx.2023-cü il tarixdə tərtib etmişlər. Lakin məhkəmə bildirişi xx.xx.2023-cü il tarixdə ona təqdim edilmişdir. İddianın dəqiqləşdirilməsi barədə ərizədə isə ayın tarixi ümumiyyətlə yoxdur. Birinci ərizədə 7.810 manat, ikinci ərizədə isə 16.320 manat pul tələb edirlər. İddiaçılar birinci ərizələrində ondan 7.810 manat tələb etdikləri halda, tarixi olmayan dəqiqləşdirmə ərizəsində bu məbləğ 16.320 manata yüksəlir. Bu məbləğ nə həndəsi, nə ədədi silsilə ilə yox, dövri artımla hesablanmışdır. Birinci ərizə 20 oktyabrda yazıldığından, dəqiqləşdirmə ərizəsinin tarixi olmadığından günlük artımı hesablaya bilmir. Ağıllarına gələni kağıza köçürüb insanları şantaj etməklə dövlət idarələrinin məşğulluğunu artıran iddiaçıların dövlətə vurduğu ziyanı hesablamaq mümkün deyil. Həm də onun ailəsinə vurduqları mənəvi ziyanı hesablamaq mümkün deyil. İddiaçılar onları da narahat edir, evdə gərgin mühit yaradırlar. Xahiş edir ki, yalanlar əsasında məhkəməni aldatmağa çalışan bu şəxslərdən onlara çatası 3.000 manat sığorta pulunun onlara geri qaytarılmasına köməklik göstərilsin. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı qəbul etmədi, cavabdehin iddia ərizəsinə verdiyi etirazdan əlavə, öz adından da iddia ərizəsinə etiraz təqdim etdi, hər iki etirazın məzmununa uyğun izahat verdi və bildirdi ki, o, 39 il DİO-da fəaliyyət göstərmişdir. Onun 5 ili 1-ci Qarabağ müharibəsində, 1 ili 20 Yanvar hadisələrində, digərləri isə sırf stajla keçmişdir. Xidmət etdiyi dövr gərgin olduğundan onu vaxtından əvvəl ərizə yazıb müalicələrə göndərmişlər. Burada müalicəsi olmadığı üçün belinə implant qoymaq lazım olmuşdur. Özlərinin və qohumlarının köməkliyi ilə Moskvada 67 saylı şəhər klinik xəstəxanasında qiyməti 2.500 ABŞ dolları olan implant belinə yerləşdirilmişdir. Bu müalicəsinə ümumi olaraq 10.000 ABŞ dolları pul xərclənmişdir. Müalicələri üçün dövlətdən heç bir kömək istəməmişdir. Həyat yoldaşı X5 1-ci Qarabağ müharibəsi veteranıdır. Mehri rayonunun Nüvədi kəndində 2 il yarım ermənilərlə mübarizə aparmışlar, nevroloji xəstəliyə tutulmuşdur, əsəb xəstəsidir, ürəkgetmələri, nəfəs çatışmamazlıqları, nəhayət onkoloji xəstəliyi yaranmışdır. 2019-cu ilin iyun ayından Milli Onkologiya Mərkəzində, 19 saylı Lökbatan xəstəxanasında xərçəng xəstəsi kimi qeydiyyatdadır. İddiaçıların iddia ərizəsinə etiraz edir. Belə ki, İddiaçı2 burada qeyd edir ki, 2009-cu ildə işdə keçirdiyi qəza nəticəsində 4 ədəd barmağını itirmiş, İİİ qrup müddətsiz əlildir, 150 manat pensiya alır. İİİ qrup pensiya alan şəxs işdə xəsarət ala bilməz. Onların «Wolt» Finlandiya şirkətinə işləmələrinə gəldikdə, «Wolt» şirkətində fəaliyyətə başlamaq üçün aşağıdakı tələblər lazımdır: 1. Nəqliyyat vasitəsi; 2. Sürücülük vəsiqəsi (tələb olunan nəqliyyat vasitəsi üçün); 3. Şəxsiyyət vəsiqəsi; 4. VÖEN şəhadətnaməsi; 5. VÖEN şəhadətnaməsinə bağlı olan bank hesabı; 6. İnternetə çıxışı olan mobil cihaz. Göründüyü kimi, Azər müəllim və Esmira xanım «Wolt» şirkətində öz «Oka» markalı (adlarına deyil) avtomobilləri ilə işləməsi mümkün deyil. «Wolt» şirkətində hətta maşını dəyişmək istədikdə, nəqliyyat vasitəsini idarə etmək üçün tələb olunan rəsmi sənədlərə sahib olmalısan. Dəstək xidməti məlumatlandırılmalıdır. İş qrafikini özün seçirsən. İddiaçıların niyə ancaq gecələr işləməsi ona aydın deyil. Yazılanlardan göründüyü kimi, Azər müəllim və Esmira xanım «Wolt» şirkətində «Oka» maşını ilə işləməsi mümkün deyil, belə ki, onların heç sürücülük vəsiqələri də yoxdur. Azər müəllim bildirir ki, 2022-ci ilin noyabrın axırı, dekabrın ortalarına kimi 12 gün «Wolt» şirkətini «xoşbəxt» etmişdir. İddia ərizəsində onun «maşınının» qiymətinin 2.900 manat olduğunu göstərir. Həmin maşını Esmiranın «Kapital Bank»dan götürdüyü kreditlə aldığını bildirirlər. Hadisə olan gecə, təqribən 02:00 radələrində o, məlumat almışdır. Yoldaşının əmisi oğlu Bakıda böyük bir xəstəxananın baş həkimidir, onunla və digər qohumları ilə əlaqə saxlamış, Lökbatan ərazisində avtoqəza nəticəsində Semaşko xəstəxanasına yerləşdirilmiş qadın və kişiyə köməklik göstərilməsini xahiş etmişdir. Ona demişlər ki, narahat olmasın, nə lazımdır, köməklik edəcəklər. Səhəri gün həmin şəxslərin kimliyini öyrənmək üçün o, Semaşko xəstəxanasına getmişdir. Xəstələrin İddiaçı1 və İddiaçı2 olduğunu bilmişdir. O, əvvəlki əlaqələrindən istifadə edərək DİN-də olan dostlarından İddiaçı1 haqqında ona məlumat verilməsini istəmişdir. Bu, qeyriqanuni olsa da, buna məcbur idi. Bir az sonra ona bildirmişlər ki, Məmmədov X3 rayonundandır, adına heç bir avtomobil və sürücülük vəsiqəsi yoxdur. Demişlər ki, bu şəxsin onlara 102 xidmətinə zəngi var. Artıq bu şəxsin kim olduğu ona aydın olmuşdur. İddiaçıları qaynı Tərman qərbi azərbaycanlı travmatoloqa tapşırmışdır. Travmatoloq demişdir ki, əlindən nə gəlsə hər iki xəstə üçün edəcək və ilk sarğını etmişdir. Esmira xanımın müalicəsi ilə isə Fəhmin həkim məşğul olurdu. Fəhmin həkim əvvəlcə yoldaşının əmisi oğlu işləmiş xəstəxanada işləmişdi. Onlar Fəhmin həkimlə görüşmüşlər. Fəhmin həkim demişdir ki, artıq sağlamlıq üçün heç bir təhlükə yoxdur. O, orta məktəbi Ordubadda oxuduğu üçün və Fəhmin həkim də Ordubadın Biləv kəndindən olduğu üçün çox tez münasibət yaratmışlar. Fəhmin həkim demişdir ki, Esmira xanım tam sağaldıqdan sonra evə buraxacaq, 10-15 gündən sonra gətirərlər, müayinə edəcək, ondan sonra ayağını gipsdən açıb müalicələri davam etdirərlər. Üstündən 1-2 gün keçmiş aydın olmuşdur ki, Azərdən qan götürüb analiz etmək istəyəndə, Azər dava salmış, ərizə yazaraq xəstəxanada müalicədən imtina edərək evə gəlmişdir. Bu barədə Azər özü də onu məlumatlandırmışdır. Onlar, iki qaynı və o, Azərgilə getmiş, xəstəxanadan nə üçün tez çıxmasının səbəbini soruşmuşlar. Azər demişdir ki, oranın çayını içə bilmir. İş artıq Qaradağ rayon Polis İdarəsinin təhqiqatçısında idi. Azərlə görüşdüyü vaxt o, sonuncuya kömək məqsədi ilə cibinə 600 manat pul qoymuşdur. Azər demişdir ki, ona pul lazımdır, o, polisə gedib öz adından şikayətinin olmaması barədə ərizə yazacaq və Esmiranı da razı salacaq ki, o da şikayət etməsin. O, Azərə bildirmişdir ki, polisə gedib-gələndən sonra əlavə pul da verərlər. Azər istədiyi vaxt onlar sonuncunu götürüb Qaradağ RPİ-yə getmişlər. O, bu işləri yoluna qoymaq üçün Qaradağ rayonunda yerləşən «Kapital Bank»dan 10.500 manat pul götürmüşdü. Polis İdarəsində tədqiqatçının Azərə «sən gecə saat 2 radələrində yaşadığın qadınla hadisə baş verən yerdə nə edirdin?» sualına bildirmişdir ki, onlar «Oka» markalı maşınlarına Lökbatanda benzin doldurub Qobudan su gətirməyə gedəcəkdilər. Məlumat üçün bildirir ki, X10 yaşayış massivində, eyni ünvanda yaşayırlar. Müstəntiqin Azərə «sizə su vermirlərmi?» sualına Azər cavab vermişdir ki, «onlar verdiyi suyu heç inəklər də içməz». Təhqiqatçı kiminlə söhbət etdiyini başa düşmüş və söhbəti dayandırmışdır, «Qobuda yanacaqdoldurma məntəqəsi yoxdurmu?» sualını verməmişdir. Azər öz iddia ərizəsində Lökbatandakı YDM-dən öz evlərinə getdiyini yazmışdır. Bu söhbət qaynı Tərman, təhqiqatçı, Azər və onun yanında olmuşdur. Tərmanla o, otaqdan çıxmış, Azərlə tədqiqatçı ikisi söhbət aparmağa başlamışlar. Nə barədə danışdıqlarını bilməmişdir. Çıxandan sonra o, Azəri Qaradağ RPİ-nin yeməkxanasına aparmış, ona yemək almışdır. Onlar Azəri evinə yola salanda, o, Tərmana verdiyi 2.500 manat pulu Azərə vermişlər. Azəri aparıb evlərinə qoymuşlar. Qaynı demişdir ki, narahat olmasın, Esmira reanimasiyadan çıxan kimi o, sonuncuya yemək aparacaq. Dediyi kimi də etmişdir. İkinci dəfə yemək aparmaq istəyəndə artıq Esmira xəstəxanadan çıxmışdı. Onlar Esmiranı görmək üçün evlərinə getmişlər. Tərmana verdiyi 2.000 manatı Tərman Azərə vermişdir. Azər pulu divanda oturan Esmiraya vermişdir. Esmiranın atası da həmin otaqda idi. Esmira pulu sayıb gülümsəmiş və demişdir ki, kassir özüdür. Azər bildirmişdir ki, təhqiqatçı Esmiranı da danışdırıb, onlar ikisi də barışıq etməyə hazırdırlar. O, Azərgilə 2.000 manat pul vermiş və sonuncuların hər ikisini Lökbatanda yerləşən notariat ofisinə aparıb hər ikisindən barışıq ərizəsi almışdır. Fəhmin həkimlə danışıb növbəti günlərin birində Esmiranı, Azəri və Esmiranın anasını Semaşkoya aparmışdır. Növbə çox idi. Fəhmin həkimdən xahiş etmişdir ki, onları növbəsiz qəbul etsin. İddiaçıları qeydiyyata salıb qəbul etmiş, USM və rentgenə göndərmiş, nəticənin çox gözəl olduğunu bildirmişdir. 3-5 manatlıq dərman yazmış, o da həmin dərmanları Semaşko xəstəxanasının yanındakı aptekdən alıb iddiaçılara vermişdir. Bundan əvvəlki dərmanların pulunu isə o, Azərin göndərdiyi bank kartına köçürmüşdür. Onlar Semaşkoda olduğu vaxt Azərə onu müalicə edən travmatoloqa yaxınlaşmasını istəmişdir. Həkimə artıq məlumat verilmişdi. Həkim tam məsuliyyətlə Azərin qolunu sarımaqdan imtina etmişdir. Demişdir ki, o, belə insanın qolunu sarımaq istəmir. Çünki həkim Azərin nalayiq hərəkətlərindən bezmişdi. Həm Azərə, həm də Esmiraya bildirmişdir ki, gedib özlərinə həkim tapsınlar. O, çox pis vəziyyətə qalmış, iddiaçıları evlərinə gətirmiş və gözləmələrini, sabah gəlib onları həkimə aparacağını bildirmişdir. Artıq qohumlara da zəng etməyə utanırdı. Ona görə də, iddiaçıları götürüb növbəti günlərin birində Lökbatanda yerləşən 19 saylı xəstəxanaya aparmışdır ki, sonuncuları travmatoloqa göstərsin. Xəstəxananın baş həkimi Ordubad rayonundan olduğuna görə düşünmüşdür ki, ona kömək göstərə bilər. 19 nömrəli xəstəxananın travmatoloqu yerində yox idi, baş həkim Elçin müəllim də xəstəxanada deyildi. O, Azər və Esmiranı rentgen otağına aparıb birinin qolunu, digərinin isə ayağını rentgenə saldırmışdır. Baxan həkim demişdir ki, Esmiranın ayağı yenidən implant qoyulub sarınmalıdır, Azər də qoulunu sarıtsa, pis olmaz. Bu zaman Azər demişdir ki, onun qolunun düzəlməsinə ehtiyacı yoxdur, belə yaxşıdır. O, iddiaçıları evlərinə apardığı vaxt sonuncular «Bravo» mağazasının emblemini görmüşlər. O, sonuncuların niyyətini başa düşmüş və maşını həmin marketin qarşısına sürmüşdür. Üstündən bir neçə vaxt keçmiş Azər və Esmiranı öz maşını ilə Neftçilər xəstəxanasına aparmışdır. Demişlər ki, orada icbari tibbi sığorta ilə xəstələr müalicə olunur. Onlar ikinci mərtəbəyə qalxmışlar, Fərhad həkimin kabinetinə girmişlər, Fərhad həkim təkcə Esmiranın ayağına implant qoyulub müalicə olunması üçün Azərgilin yanında ondan 1.800 manat pul istəmişdir. O, əlbəttə görmüşdür ki, bu müalicə baha başa gəlir, gücü çatmayacaq. Həkimə demişdir ki, onlar sonra gələrlər. Qohumu «Olimp» hospitalında işləyir. O, sonuncudan ona kömək etməsini istəmişdir. Qohumu onu «Semaşko»da travmatoloq Kənan həkimin yanına göndərmişdir. Səhəri gün o, Esmira və Azəri götürüb Kənan həkimin yanına getmişdir. Xəstəlik vərəqələrinə həkim baxaraq qeydiyyata götürmüş, elə həmin gün Esmiranın müalicəsini etmişdir. Ona demişdir ki, gözləməsin, çıxsın getsin, heç nəyə ehtiyac yoxdur, narahat olmasın, yemək-içmək var, nə lazım olsa, özü də alıb verəcək, nə vaxt da sarğını açmaq lazım olsa, deyəcək, iddiaçıları gətirər, sarğını açar. O, xəstələri Kənan həkimə təhvil verib getmişdir. Səhəri gün yenidən Semaşkoya gedib Kənan həkimlə görüşmüşdür. Əməliyyatın necə keçdiyi ilə maraqlanmışdır. Həkim ona kompüterdə əməliyyatın necə gözəl alındığını göstərmişdir. O, vəziyyətdən istifadə edib, Azərin qolunu da bərpa etməyi həkimdən xahiş etmişdir. Azəri aparmış, Kənan həkim onun qoluna və sənədlərinə baxmışdır. Həkim demişdir ki, Azər vaxtında qolunu sarıtsaydı, xəstəxanadan qaçmasaydı, onun qolunu tam bərpa etmək mümkün olardı, indi qüsurlar qala bilər. O, həkimdən nə bacarırsa etməsini xahiş etmişdir. Azəri xəstəxanada qoyub, Kənan həkimə tapşırıb evə getmişdir. Sonra Kənan həkimlə görüşə gəlmişdir. Həkim bildirmişdir ki, narahat olmasın, hər şey qaydasındadır. Məhkəmənin nəzərinə çatdırır ki, hər iki iddiaçı öz ərizələri ilə «Semaşko» xəstəxanasından çıxmışlar. Fəhmin və Kənan həkimlərin əlaqə telefonları onda var, lazım olsa, məhkəməyə təqdim edə bilər. Azərin «Oka» markalı maşınını 2.400 manata alıb, 800 manata satdığına gəldikdə, deyə bilər ki, bir dəfə o, iddiaçıları gətirməyə gedəndə yolun ortasında bir «Oka» maşını görmüşdür. Həmin vaxt Azərin qayınanası onun maşınında idi, sonuncunun da qolu gipsdə idi, travmatologiyaya sarğıya gedirdi. O, soruşmuşdur ki, bu maşını kim yolun ortasında saxlayıb, axı belə olmaz. Azər demişdir ki, onun «Oka» maşınıdır, qapıları bağlanmır, ona görə yolun ortasında saxlayır ki, pəncərədən onu görsün. Əgər 800 manata satıbsa, yaxşı satıb. Yəqin ki, maşını alan və satan məlumdur, aralarında hansısa sənədləşmə var, onlar da məhkəməyə dəvət olunsa yaxşı olar. Onu da bildirir ki, köhnə və vurulmuş «Oka» maşını onun pulu ilə DYP-nin cərimə meydançasından çıxarılmış və Azər tərəfindən satılmışdır. Azər iddia ərizəsində qonşusundan 450 manat borc aldığını da yazır. Heç bir ağıllı adam Azərə borc pul verməz, bu yalandır. İddiaçılardan İddiaçı3 Vilayət oğlunun da iddiası tamamilə əsassız və yalandır. İndi bütün xəstəxanaların və poliklinikaların giriş və çıxışları kamera nəzarətindədir. Bütün xəstəxanalarda mütləq qeydiyyat var, İddiaçı3 bir xəstəxananın, həkimin adını çəksin ki, qızı Esmiranı ora aparıb, bunu sübut etsin. Oğlu Cavabdeh bütün qohumlara, təhqiqatçıya, hamıya yalvararaq deyir ki, maşının işıqları yanmırdı, o, birdən taqqıltı eşitmiş və ayılanda maşın vurduğunu, adamların xəsarət aldıqlarını görmüşdür. Hüquq-mühafizə orqanlarının «əlinə xəlbir verib suya göndərən» Azər Esmira ilə Qobuya gedib su gətirməyə gedəndə, həmin iti döngədə maşının işıqlarını söndürmüş, özünü maşından atmış, Esmiradan xilas olmaq və pul qazanmaq üçün özünə gözəl fürsət yaratmışdır. Azər heç bir xəsarət almamış, ancaq tullanan zaman qolu yaralanmışdır. Bu adam cəhənnəmdə şeytanı da aldatmağa qadir olan insandır. Azər tez-tez oğlunun narkomanları daşıdığını yazır. Məhkəmənin nəzərinə çatdırır ki, maşında adam olsaydı, heç olmasa biri xəsarət almış olardı. Bir məsələni də məhkəmənin nəzərinə çatdırır ki, Azər özü onun telefonuna zirzəmilərdə tüstü içərisində meyxana deməsi barədə videolar da göndərmişdir. Bu şəxsin hansısa narkotik vasitədən asılılığını bilmək üçün narkoloji dispanserə göndərmək lazımdır. Qeyd edir ki, onlara düşən 3.000 manat sığorta pulunu iddiaçılara vermək üçün o, oğlunu dilə gətirmişdir. Birtəhər ondan Azərin adına etibarnamə almışdır. Heç bir notarius «Qala Sığorta»dan Azərin 3.000 manatı alması üçün yazılan ərizə formasına möhür vurmamışdır. Belə ki, həmin ərizə formasında göstərilir ki, Azərin, ailəsinin onlara qarşı heç bir şikayəti yoxdur. Onların barışığının olmasına, Azərə istədiyi qədər pul verilməsinə baxmayaraq, çalışmışdır ki, bu pulu Azər alsın. Neçə illər notariat müdiri işləmiş Vəsilə xanım ərizə formasına bir cümlə «Yazıb sizə bildiririk ki, bizə ödənilməli olan sığorta ödənişinin Cavabdeh ödənilməsinə razıyıq, heç bir etirazım yoxdur». İddia ərizəsinin tarixi və bildirişin onlara təqdim edilməsi tarixi arasında uyğunsuzluq, ziddiyyət var. O da, oğlu da ümid edir ki, mülki işə ədalətli baxılacaq. Məhkəmədən bütün qeyd olunanların nəzərə alınaraq, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçıların və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilə bilməz. Belə ki, iş materiallarına əlavə olunmuş: - Qaradağ RPİ TŞ-nin baş təhqiqatçısı, polis mayoru X4 02 fevral 2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə Azərbaycan Respublikası CPMnin 40.3-cü maddəsinə əsasən vətəndaş Cavabdeh barəsində Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi üzrə cinayət işinin başlanması rədd edilmiş, «Toyota-Prius» markalı ** DS *** dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi üzrə, «Oka» markalı ** HM *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü İddiaçı1 isə Azərbaycan Respublikası İXM-nin 332.1-ci və 332.2-ci maddəsi üzrə inzibati məsuliyyətə cəlb edilmələri üçün qərarın surəti Qaradağ RPİ DYPŞ-yə göndərilmişdir. - İddiaçı1 və İddiaçı2 xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 8 saylı notariat ofisində təsdiq edilmiş ərizələrindən görünür ki, onların Cavabdeh qarşı heç bir şikayət və tələbləri yoxdur. - İddiaçı1 və İddiaçı2 xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 8 saylı notariat ofisində təsdiq edilmiş ərizələrindən görünür ki, onlara ödənilməli olan sığorta ödənişinin Cavabdeh ödənilməsinə razıdırlar, heç bir etirazları yoxdur. Məkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). İddiaçılar tərəfindən iddia tələbinin əsası kimi istinad etdikləri hallara dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Əksinə, məhkəməyə təqdim edilmiş sənədlərdən, tərəflərin verdikləri izahatlardan görünür ki, cavabdehlə İddiaçı1 idarə etdikləri avtomobillər toqquşmuş, iddiaçılardan İddiaçı1 və İddiaçı2 bədən xəsarətləri almışlar. Yol-nəqliyyat hadisəsi üzrə araşdırma aparılmış, müvafiq hüquqi qiymət verilmişdir. Təhqiqat başa çatdıqdan sonra «Toyota- Prius» markalı ** DS *** dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi üzrə, «Oka» markalı ** HM *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü İddiaçı1 isə Azərbaycan Respublikası İXM-nin 332.1-ci və 332.2-ci maddəsi üzrə inzibati məsuliyyətə cəlb edilmələri üçün qərarın surəti Qaradağ RPİ DYPŞ-yə göndərilmişdir. Hadisədən dərhal sonra və təhqiqat prosesi dövründə cavabdeh tərəf iddiaçılara vurulmuş zərərin ödənilməsi üçün bütün mümkün vasitələrdən istifadə etmiş, iddiaçılarla barışıq əldə olunmuş, iddiaçıların müayinə və müalicələri ilə yaxından maraqlanmış, xərclərin bir qismini qarşılamışlar. İddiaçılar notariat orqanına könüllü şəkildə gedərək cavabdehdən şikayət və tələblərinin olmadığı barədə ərizə vermişlər. İddiaçılar anlaqlı vəziyyətdə olmaqla, öz hərəkətlərinin mənasını dərk etmişlər, onlara notariat ofisində yazdıqları ərizələrin mahiyyəti izah edilmiş, bunun hüquqi nəticələri izah edilmiş və onlar hər zansı təzyiq və kənar təsir olmadan yuxarıda qeyd olunan ərizələri vermişlər. Göründüyü kimi, iddia əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı «vurulmuş maddi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Bundan başqa, Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən İddiaçı3 Vəliyyət oğlu tərəfindən ödənilmiş 69 manat dövlət rüsumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun özünə aid edilməlidir. Bundan əlavə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.3-cü maddəsinə əsasən iddiaçılar İddiaçı1 və İddiaçı2 qanunla müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişlər. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı «vurulmuş maddi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası rədd edilsin. İddiaçı3 Vəliyyət oğlu tərəfindən ödənilmiş 69 manat dövlət rüsumu həmin iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar