Məhkəmə qərarları › İş №2(002)-1472/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1472/2021

02.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1472/2021 02.06.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X3 qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh1 oğlunun iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı «borcun tutulması» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı «borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə bağlanmış kredit razılaşmasının ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada iddiaçı «xxxx» Qapalı Səhmdar Cəmiyyətinin xeyjinə 017R********** saylı kredit razılaşması üzrə 2257.7 manat məbləğində kredit borcu, 18.51 manat məbləğində faiz borcu və 614.36 manat məbləğində cərimə borcu olmaqla,ümumilikdə cəmi 2890 (iki min səkkiz yüz doxsan) manat 57 (əlli yeddi) qəpik məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı QSC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 24.09.2014-cü il tarixli 17L000004599 saylı kredit xətti müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 50000 (əlli min) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 20.09.2019-cu il tarixli 017R********** saylı kredit razılaşması əsasında 60 ay müddətinə, aylıq faiz dərəcəsi 0.0833% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 2257 (iki min iki yüz əlli yeddi) manat 70 (yetmiş) qəpik məbləğində kredit götürmüşdür. Cavabdeh1 kredit razılaşmasının 1,2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 20.05.2020-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan ödəniş etməmiş, onun 2257.7 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 26.02.2021-ci il tarixə 282 gün üçün hesablanmış faiz borcu 18.51 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.1 % məbləğində cərimə ödəməlidir. 26.02.2021-ci il tarixə 282 gün üçün hesablanmış cərimə 614.36 manat təşkil edir. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2, Cavabdeh3 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Qeyd olunan halların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmaısnı məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin həmin hallar nəzərə alınmaqla, təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək, öz izahatında borcunu qəbul etdiyini ,amma o borcu birdən-birə ödəməyə imkanının olmadığını bildirmişdir. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 24.09.2014-cü il tarixli 17L000004599 saylı kredit xətti müqaviləsindən görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh1, 120 ay müddətinə 50 000 manat məbləğində kredit xətti açılmışdır. İş materiallarından görünür ki, Cavabdeh1 ilə iddiaçı bank arasında 20 sentyabr 2019-cu il tarixli kredit razılaşması imzalanmış, həmin razılaşmaya əsasən cavabdeh 2257,7 manat məbləğində krediti illik 1 % dərəcəsi ilə 60 ay müddətində qaytarmağı öhdəsinə götürmüşdür, kreditin məqsədi restrukturizasiya olunmuş borc üzrə kredit borcunun qalıq məbləğinin ödənilməsi olduğu qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş ödəniş planının məzmunundan görünür ki, Cavabdeh1 20.09.2019-cu il tarixli 017R********** saylı kredit razılaşması üzrə 60 ay müddətində hər ay 48 manat ödəməklə, cəmi 2327.76 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş kreditin verilməsi-köçürmədən görünür ki, Cavabdeh1 2257.70 manat pul verilmişdir. İş materiallarına əlavə olunmuş 24.09.2014-cü il tarixli №17S000007966 saylı zaminlik müqaviləsi üzrə Cavabdeh2 , borclu Cavabdeh1 ilə kreditor qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarına əlavə olunmuş 25.09.2014-cü il tarixli №17S000007973 saylı zaminlik müqaviləsi üzrə Cavabdeh3 , borclu Cavabdeh1 ilə kreditor qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarına əlavə olunmuş xəbərdarlıq məktubunun surətindən görünür ki, Cavabdeh1, 24.09.2014-cü il tarixli №17S000007966 saylı zaminlik müqaviləsi üzrə borclu ilə birgə məsuliyyət daşıyan Cavabdeh2 və Cavabdeh3 borcun ödənilməsini tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. İş materiallarına əlavə olunmuş arayışın məzmunundan görünür ki, “xxxx” QSC-nin müştərisi olan Cavabdeh1 017R********** saylı 20.09.2019-cu il tarixli kredit razılaşması üzrə əsas məbləğ üzrə borc 2257.70 manat, faiz üzrə 18.51 manat, cərimə borcu 614.36 manat, cəmi 2890.57 manat borcu mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) kredit müqaviləsi üzrə borca və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq kredit müqaviləsi üzrə borc və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı kredit müqaviləsi üzrə borc məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 427.4-cü maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh1 arasında bank arasında bağlanmış 20.09.2019-cu il tarixli 017R********** saylı kredit müqaviləsinə əsasən 60 ay müddətinə 2257.70 (iki min beş yüz) manat məbləğində kredit verilmişdir. Həmin müqaviləyə əsasən iddiaçı bank 2257.70 manat məbləğində pul vəsaitini cavabdehə verir, cavabdeh isə həmin pul məbləğini ödəniş cədvəlinə uyğun olaraq krediti və faizi banka qaytarmağı öhədisnə götürür. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı müvafiq kredit müqaviləsi üzrə öz üzərinə götürdüyü öhdəlikləri icra etdiyi halda, cavabdeh müvafiq kredit müqaviləsi üzrə götürülmüş borc öhdəliklərini vaxtında və lazımi qaydada icra edilməmiş, müqavilə şərtləri pozulmuşdur. Bununla da borc alan Cavabdeh1 müqavilənin şərtlərini pozaraq, onun risk dairəsinə daxil olan öhdəlikləri icra etmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh iddiaçı bank qarşısında olan borcunun əsas və faiz borca aid olan hisəsində tam qəbul etmiş, cərimə borcunu qəbul etməmiş, buna dair yazılı ərizə təqdim etmişdir. Bu halda, məhkəmə hesab edir ki, cavabdehin müvafiq kredit müqaviləsi üzrə əsas borcu aşkar olduğundan, cavabdeh tərəfindən həmin hissədə tam qəbul etdiyindən, iddia tələbi əsas borcun və faiz borcun tutulması hissəsində təmin edilməlidir. Məhkəmə iddia tələbinin cavabdehlər Cavabdeh2 və Cavabdeh3 aid olan hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi qeyd edilən cavabdehlərə aid olan hissədə rədd olunmalıdır. Belə ki, iş materiallarında olan 24 sentyabr 2014-ci il tarixli zaminlik müqavilələrinin məzmunundan aydın olur ki, 24 sentyabr 2014-cü il tarixli 017R********** saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ilə ayrı-ayrılıqda 24.09.2014-cü il tarixli zaminlik müqavilələri bağlanılmış və onlar kredit xətti razılaşması üzrə müqaviləyə dair Cavabdeh1 öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərilərnə götürmüşlər. Hər iki zaminlik müqaviləsində onun qüvvədə olma müddəti qeyd olunmamış, kredit xəttinin müddəti kimi 120 ay qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminlik müqaviləsinə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə hesab edir ki, iş materiallarından göründüyü kimi, zaminlik müqaviləsində onun qüvvədə olma müddəti müəyyən edilməmiş, həmin müqavilənin təmin etdiyi öhdəliklərin icrası vaxtının çatmasından 1 ildən çox müddət keçmişdir bu səbəbdən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 zaminliyinə xitam verilməlidir. Həmçinin, məhkəmə araşıdrması zamnaı müəyyən edilmişdir ki, Cavabdeh1 ilə iddiaçı bank arasında bağlanılmış 20 sentyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə cavabdehin götürdüyü öhdəliklərin vaxtında və lazımi qaydada icra olunmasına dair birgə məsuliyyət daşımasına dair digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 hər hansı öhdəlik götürməsi və buna dair onlar arasında hər hansı zaminlik müqaviləsi və ya digər razılaşmanın olması halı müəyyən edilməmişdir. Ona görə də məhkəmə qeyd edilən halları əsas götürərək, hesab edir ki, iddia tələbi cavabdehlər Cavabdeh2 və Cavabdeh3 aid olan hissədə təmin edilə bilməz. Bununla yanaşı, məhkəmə hesab edir ki, iddiaçı cərimə borcunun tutulmasına dair tələb irəli sürərkən cərimə borcunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, 20 manat məbləğində cərimə borcunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Həmçinin, məhkəmə iddiaçı tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinin tələblərinə riayət edildiyini nəzərə alıb hesab edir ki, iddia tələbi 20.09.2019-cu il tarixli 017R********** saylı kredit razılaşmasının ləğv edilməsi hissəsində də təmin edilməlidir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanılmış 20.09.2019-ci il tarixli 017R********** saylı kredit razılaşması ləğv olunmalı, Cavabdeh1 kredit razılaşması üzrə yaranmış 2257,7 manat əsas borc, 18,51 manat faiz borcu və 20 manat cərimə borcu olmaqla, cəmi 2296,21 manat borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı QSC ilə Cavabdeh1 aarsında bağlanılmış 20.09.2019-ci il tarixli 017R********** saylı kredit razılaşması olunsun. Cavabdeh1 kredit razılaşması üzrə yaranmış 2257,7 manat əsas borc, 18,51 manat faiz borcu və 20 manat cərimə borcu olmaqla, cəmi 2296,21 manat borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilsin. Qalan hissədə iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar