Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1484/2022 28.06.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment məbləğinin dəyişdirilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qaradağ rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(002)-1713/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq 29 aprel 2017-ci il təvəllüdlü X1 və 06 dekabr 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay bir uşağa görə 193 manat,iki uşağa görə cəmi 386 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Qaradağ rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(002)- 1713/2020 saylı qətnaməsi ilə Cavabdeh 29 aprel 2017-ci il təvəllüdlü X1 və 06 dekabr 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay bir uşağa görə 170 manat,iki uşağa görə cəmi 340 manat sabit pul məbləğində alimentin və 06 dekabr 2019-cu il təvəllüdlü X2 üç yaşı tamam olanadək hər ay əlavə olaraq 20 manat məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir.Həmin qətnamənin qəbul edilməsindən kifayət qədər vaxt keçmiş,uşaqların tələbatı artmışdır.Hazırda bir uşağın yaşayış minimumu 193 manat müəyyən edilmişdir.Cavabdeh müəyyən gəlirə malik olsa da,uşaqlarına heç bir əlavə maddi yardım göstərmir.Ona görə də alimentin miqdarının artırılması tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Qeyd olunan halların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa və dəlillərinə uyğun izahat verərək, iddia tələbini müdafiə edərək,öz izahatında özünün işləmədiyini, uşağın əlavə xərcləri yarandığını, cavabdehin 3000 manat əmək haqqı aldığını, onun iş fəaliyyəti elədir ki, aldığı pul vəsaitidir də çoxdur, özünün kirayədə qaldığını, ataanasının köməklik etdiyini, uşaqlara görə də işləyə bilmədiyini, əgər işləsə gərək dayəyə də nəqədər pul əmək haqqı verə, buna isə onun maddi imkanı çatmır, 250 manat elə kirayə haqqı ödəmək lazım olur,cavabdehin isə alimentdən başqa heç bir köməklik etmədiyini bildirərək, bütün bu halların nəzərə alınaraq, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə hazırlıq iclasında iştirak edərək, iddia tələbini qəbul etmədiyini, işləmədiyini, barışmaq istədiyini bildirmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Qaradağ rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(002)-1713/2020 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh 29 aprel 2017-ci il təvəllüdlü X1 və 06 dekabr 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 170 manat,iki uşağa görə cəmi 340 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilsin,Cavabdeh 06 dekabr 2019-cu il təvəllüdlü X2 üç yaşı tamam olanadək hər ay əlavə olaraq 20 manat məbləğində alimentin tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mə nəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Ailədə uşaqların hüquqlarının və mənafelərinin müdafiəsinin və bununla bağlı digər məsələlərin tənzimlənməsinin hüquqi əsasları Azərbaycan Respublikası Ailə Məcəlləsində təsbit olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Həmin Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı qeyd olunmuşdur ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Həmin qərarda həmçinin qeyd olunmuşdur ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Həmçinin həmin Qərarda qeyd edilmişdir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Həmçinin həmin Qərarda qeyd edilmişdir ki,alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, müvafiq məhkəmə qətnaməsi əsasında həmin uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay bir uşağa görə 170 manat,iki uşağa görə cəmi 340 manat məbləğində sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İddiaçı müvafiq məhkəmə qətnaməsi əsasında təyin edilmiş alimentin məbləğinin uşağın günlük artan tələbatlarının, təhsil xərcinin ödənilməsinə kifayət etmədiyini əsas gətirərək, belə bir tələb irəli sürmüş və iddia tələbinin əsası kimi qeyd olunan hallara istinad etmişdir. Bu halda, məhkəmə 2022-ci il üçün ölkə üzrə yaşayış minimumunun uşaqlar üçün 193 manat olduğunu və uşaqların üstün mənafeyini, uşaqların təminat səviyyəsini əsas götürərək, uşaqların əvvəlki təminat səviyyəsinin indiki halda müvafiq qanunla uşaqlar üçün müəyyən edilmiş ölkə üzrə yaşayış minimum məbləği ilə müqayisə edərək, bu fərqin uşağın təminat səviyyəsinə əhəmiyyətli dərəcədə təsirinin olması halını, habelə uşağın böyüdülməsi və saxlanması ilə əlaqədar daim artan normal qidalanması, geyimi, təhsili, sağlamlığının qorunması və sair tələbatlarının ödənilməsinin təmin edilməsi zərurətini nəzərə alaraq, hesab edir ki, iddia tələbi əsaslı olmaqla təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmçinin, qeyd edilməlidir ki, “Dövlət rüsumu haqqqında” Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmçinin, qeyd olunan Qanunun 8.1.2-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1000 manatdan 10000 manatdək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Bu halda, məhkəmə qeyd olunan hüquq normalarını əsas götürərək, hesab edir ki, hazırki iş üzrə ödənilməli olan 66,32 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qeyd olunan halları nəzərə alaraq, uşağın üstün mənafeyini əsas götürərək, hesab edir ki, iddia təmin edilməli, 29 aprel 2017-ci il təvəllüdlü X1 və 06 dekabr 2019-cu il təvəllüdlü X3, yetkinlik yaşına çatanadək saxlanılması üçün Qaradağ rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(002)-1713/2020 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh hər ay bir uşağa görə 193 manat,iki uşağa görə cəmi 386 miqdarında aliment tutularaq İddiaçı xeyrinə ödənilməli, iş üzrə ödənilməli olan 66,32 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 29 aprel 2017-ci il təvəllüdlü X1 və 06 dekabr 2019-cu il təvəllüdlü X3, yetkinlik yaşına çatanadək saxlanılması üçün Qaradağ rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(002)-1713/2020 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh hər ay bir uşağa görə 193 manat,iki uşağa görə cəmi 386 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. İş üzrə ödənilməli olan 66,32 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə köçürülsün. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №2(002)-1484/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1484/2022
28.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver