Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1493/2025 24.07.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Bağırova Mehriban Yaşar qızının katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2 və Cavabdeh iştirakı ilə, iddiaçılar İddiaçı1, İddiaçı2 Cavabdeh qarşı dəymiş ziyanın əvəzinin ödənilməsi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 Cavabdeh qarşı dəymiş ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh avtomobilə dəymiş maddi ziyana görə 2565 manatın, 128 manat servis haqqının və 63 manat dövlət rüsumunun tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı1 iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə o, idarə etdiyi “Honda CRV” minik markalı, **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Binə” bazarı istiqamətində hərəkət etmək istəyərkən dairəyə daxil olan avtomobilə yol vermək üçün dayanmış, bu zaman Cavabdeh idarə etdiyi “KAMAZ-55111 yük” markalı, **-CZ-*** dövlət qeydiyyat nişanlı yük avtomobili arxadan onun idarə etdiyi avtomobillə toqquşmuşdur. Hadisə cavabdehin təqsiri üzərindən baş vermiş və Cavabdeh AR İXM-nin 327.1, 332.1 və 469.3-cü maddələri ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Hadisə nəticəsində etibarnaməyə əsasən idarə etdiyi, dayısı və qaynatası olan digər iddiaçıya məxsus “Honda CRV” minik markalı, **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. Dəymiş ziyanın müəyyən edilməsi üçün rəsmi servis olan "xxxx" MMC-yə müraciət etmiş, maddi ziyanın 2565,45 manat olduğu müəyyən edilmiş, servis haqqına görə 128 manat pul ödənilmişdir. Bu barədə cavabdehə müracət etmiş, lakin cavabdehin dəymiş ziyanı ödəmək fikri olmamışdır, cavabdehin idarə etdiyi avtomobilin icbari sığortası da olmamışdır. Əlavə olaraq qeyd edir ki, ekspert rəyi ilə razıdır, ekspertiza xərcinin cavabdehdən tutulmasını xahiş edir. Hazırda məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı İddiaçı2 digər İddiaçı1 izahatına uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdeh izahat verərək bildirdi ki, iddia tələbinə etiraz edir. Belə ki, tələb edilən məbləğ ilə razı deyildir. Eyni zamanda bildirir ki, əmisi ustadır, avtomobili versələr, əmisi təmir edə bilər. Onun dəymiş ziyanı ödəmək üçün maddi imkanı yoxdur. Qeyd olunanlara əsasən, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə, izahatları dinləyib, iş materiallarında olan sübutları tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbləri aşağıdakı əsaslara görə qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, HO-87428 saylı iş kartının surətindən görünür ki, “Honda CRV” minik markalı, **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2565,45 manat dəyərində maddi ziyan dəymişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, HO-87428 saylı iş kartının və ödəniş qəbzinin surətlərindən görünür ki, “Honda CRV” minik markalı, **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən zərəri müəyyən etmək üçün servis haqqı 128,01 manat hesablanmış və ödənilmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli ƏN-İV № 220825 saylı etibarnamənin surətindən görünür ki, İddiaçı2 xüsusi mülkiyyətində olan “Honda CRV” minik markalı, **-MH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin idarə edilməsi üçün İddiaçı1 xx.xx.2027-ci il tarixədək etibarnamə vermişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokolun və qərarın surətlərindən görünür ki, “KAMAZ-55111 yük” markalı, **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh xx.xx.2025-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci, 332.1-ci və 469.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək cərimə edilmişdir. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, "Honda CRV” minik markalı, **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi İddiaçı2dur. İş materiallarında sürücülük vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 sürücülük vəsiqəsinin qüvvədə olma müddəti xx.xx.2017-ci ildən xx.xx.2027-ci ilədək müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin 409/E nömrəli, xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, “Honda CRV” minik markalı, **-MH-*** dövlət qeydiyyat nişanlı, 2011-ci il buraxılışlı avtomobilə xx.xx.2025ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində 2215 manat maddi ziyan dəymişdir. Eyni zamanda qeyd edilmişdir ki, qiymətləndirmə xərci olan 250 manat İddiaçı1 tərəfindən ödənilmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillər məhkəmə baxışı zamanı tədqiq edilmişdir. Beləliklə, məhkəmə iclasında mülki iş üzrə sübutlara əsasən müəyyən edildi ki, xx.xx.2025-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı2 mülkiyyətində, İddiaçı1 sahibliyində olan “Honda CRV” minik markalı, **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymiş, baş vermiş hadisədə cavabdeh təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilmişdir. Dəymiş maddi ziyanın məbləğini dəqiq müəyyən etmək üçün ekspertiza keçirilmiş və ekspert rəyi alınmışdır. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddiaçıların avtomobilə dəymiş maddi ziyan barədə iddia tələbi ekspert rəyi əsas götürülərək qismən, yəni 2215 manat həddində əsaslı hesab olunaraq təmin olunmalı, eyni zamanda servis haqqı kimi ödənilmiş 128 manat pul vəsaiti cavabdehdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, dövlət rüsumu ilə bağlı tələb də ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, ekspertiza xərci İddiaçı1 tərəfindən ödənildiyindən və iddia qismən təmin olunduğundan, ekspertiza xərci ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq cavabdehdən tutularaq İddiaçı1 xeyrinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 115.0.1-ci maddəsinə əsasən, ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh maddi zərərin əvəzi kimi 2215 manat, servis haqqı kimi 128 manat məbləğində pul vəsaiti və 54,81 manat dövlət rüsumu tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza xərcinə görə Cavabdeh 200 manat məbləğində pul tutularaq İddiaçı1 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-1493/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1493/2025
24.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver