Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1496/2025 24.06.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Bakı şəhəri Xətai RPİ-in 35-ci PB-in təhqiqatçısı polis mayoru X3 tərəfinədn qəbul edilmiş xx.xx.2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarına əsasən, İddiaçı qarşı dələduzluq edərək 500 manat pulunu ələ keçirən Cavabdeh Azərbaycan Respublikası İXM-in 227-ci maddəsilə inzibati məsuliyyətə cəlb ediməsi və onun barəsində həmin maddə ilə tədbir görülməsi üçün qərarın sürəti ərazi aidiyyəti üzrə sahə inspektoruna verilməsi qərara alınmışdır.
2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(011)-1819/2024 nömrəli qərarına əsasən, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 200 manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır.
İddia tələbi
3. İddiaçı İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə verilmiş ilkin olaraq 550 manat və 50 manat məhkəmə rüsumunun cavabdehdən alınaraq onun hesabına qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Cavabdeh ilə 2022-ci ildən tanış olmuşdur. Aralarında yaxın dostluq münasibəti olmuşdur. Söhbət əsnasında maddi vəziyyətinin ağır olduğunu və bankdan kredit almaq istidiyini ona bildirdi. Ona kömək edəcəyini söz verdi və bu işə görə 500 manat pul vermək lazım olduğunu bildirdi. Cavabdeh ondan 2024-cü ilin mart ayında ondan 500 manat bank üçün əlavə 50 manat borc pul aldı. Sonralar cavabdehin onu aldatdığını bildiyü üçün ondan Xətai RPİ-in 35-ci PB-ə müraciət etdi. Cavabdeh barəsində xx.xx.2024-cü il tarixli 3(011)-1819/2024 saylı qərar qəbul edilmişdir. Dəfələrlə vurduğu maddi ziyanın ödənilməsi üçün müraciət etsə də cavabdeh ziyanı ödəməmişdir və bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
5. İddiaçı tələbin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3, Mülki Prosessual Məcəlləsinin 4.1 və 62-ci maddələrinə istinad etmişdir.
6. İddia tələbinə etiraz və qarşılıqlı iddia verilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
7. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, cavabdeh onu işə düzəltmə adı ilə pul alıb və aldadıb. Onun polis bölməsində izahatı var. İddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
8. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul edərək bildirdi ki, iddiaçıya ödəniş etməmişdir. Maddi imkanı yoxdur ona görə ödəyə bilmir.
Məhkəmənin mövqeyi: a) Tətbiq edilən hüquq
9. Məhkəmə qeyd edir ki, tərəflər arasında borc münasibətləri 2022-ci ildə yarandığından həmin müqavilədən irəli gələn öhdəlik hüquq münasibətinə Azərbaycan Respublikası MPMnin 217.2-ci maddəsinin tələbinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 37-ci fəsli ilə bağlı 2023-cü il oktyabrın 1-dək qüvvədə olan maddi hüquq normaları tətbiq olunmalıdır.
10. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: xx.xx.2023-cü il tarixə qədər qüvvədə olan 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. xx.xx.2023-cü il tarixə qədər qüvvədə olan 740.1-ci maddəsinə görə, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. b) Əsaslandırma
12. İddia əsaslıdır.
13. İddiaçı cavabdehə 550 manat məbləğin borc verildiyini qeyd edərək həmin məbləğin geri qaytarılmasını tələb edir. Tərəflər arasında qanunla müəyyən olunmuş qaydada yazılı borc müqaviləsinin bağlanmadığı işin mübahisəsiz halıdır.
14. İşə əlavə edilmiş Bakı şəhər Xətai RPİ 35-ci PB-si trəfindən qəbul edilmiş Cinayət işinin başlanmasının rəddi barədə xx.xx.2024-cü il tarixli Qərardan görünür ki, izahatı alınmış Cavabdeh İddiaçı 2(iki) ildən çox müddətdir tanıdığını, İddiaçı kredit əldə etmək məqsədilə ondan yardım istədiyini o isə Əfsanəyə yalnız adının işçi kimi sistemə daxil edilməsindən sonra kreditə pul əldə edə biləcəyini, bunun müqabilində sonuncudan 500(beş yüz) manat pul aldığını lakin vədinə əməl etmədiyini, həmin pulu cəzaçəkmə müəssisəsində cəza çəkən qızı Elviyyə Dəmirovanın ehtiyaclarını qarşılamaq üçün xərclədiyini, qeyd olunan məbləğdən əlavə İddiaçı izahatında qeyd etdiyi 50(əlli) manat pulu isə borc kimi aldığını bildirmişdir.
15. Həmçinin, işdə olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(011)-1819/2024 nömrəli qərarında göstərilir: Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Cavabdeh törətdiyi əməli səmimi olaraq etiraf edərək bildirmişdir ki, İddiaçı iki ildən çoxdur ki tanıyır. İddiaçı kredit əldə etmək məqsədilə ondan yardım istəmiş, o da yalnız adı işçi kimi sistemə daxil edildikdən sonra ona kredit verilə biləcəyini bilmişdir. O, bu işi həll etməyin müqabilində Əfsanədən 500 manat pul almış, amma vədinə əməl etməyərək həmin pulu cəzaçəkmə müəssisəsində cəza çəkən qızı Elviranın ehtiyaclarına xərcləmişdir. Bundan başqa, Əfsanədən 50 manat borc almışdır. Əməlindən peşmandır, barəsində yüngül tənbeh tədbirinin tətbiq olunmasını məhkəmədən xahiş edir.
16. Göstərilənlərdən əlavə, cavabdeh hazırkı iş üzrə məhkəmə iclasında iştirak edərək yuxarıda qeyd edilən borc məbləğini (550 manat) etiraf etmişdir. Cavabdehin etirafı işin hallarının gizlədilməsi məqsədilə və ya aldatma, yanılma təsiri nəticəsində baş verməmişdir.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.4-cü maddəsinə görə, məhkəmə faktın etiraf olunmasının işin hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır.
18. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir.
19. Həmin Məcəllənin 191.3-cü maddəsinə görə, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.
20. Məhkəmə cavabdehin iddianı etirafını və borcun mövcud olmasına dair sübutları kifayət hesab edərək bu qənaətə gəlir ki, iddia (cəmi 550 manat) təmin edilməlidir. Məhkəmə xərcləri
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
22. Bundan əlavə iş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia tələbi irəli sürülərkən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən iddia tələbi təmin edildiyindən və iddiaçının rüsumla bağlı tələbi olduğundan, ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə
23. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia təmin edilməli, Cavabdeh 550 manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat məbləğində dövlət rüsumuna görə çəkilmiş xərc tutularaq İddiaçı xeyrinə ödənilməlidir.
24. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh 550 manat məbləğində pul vəsaiti və ödənilmiş 31 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemi və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Gülnar Aslanova