Məhkəmə qərarları › İş №2(002)-150/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-150/2021

16.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-150/2021 16.02.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclasının katibi Muxtarov Nurlan Nurəddin oğlunun katibliyi, İddiaçı və onun numayəndəsi X6 Cavabdehlər Cavabdeh1 Tahir oğlunun, Cavabdeh2 və Cavabdeh3 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 Tahir oğluna, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 Tahir oğluna qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, haqlı olduğunu bir daha subut etmək üçün Ruslan (***-***-**-**) və qardaşı Novruzla (***-***- **-**) onun (***-***-**-**) arasında olan telefon danışıqlarının çıxarılıb dinlənməsini, ona qarşı dələduzluq edənlərin cinayət məsuliyyətinə cəlb edilib müvafiq qaydada layiqli cəzalandırılmasını, Ruslanın ondan aldığı 14000 manat pulun dərhal və bütöv şəkildə geri qaytarmasını, ev tikmək üçün gətirdiyi tikinti materialların özünün və ya dəyərinin ona qaytarılmasını, 14000 manat pulu 2019-ci ilin oktyabr ayından bu vaxta qədər özündə saxlamaqla ona vurduğu ziyana görə Ruslanın ona əlavə olaraq 2000 manat pulun ödəməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, bir ailənin üç üzvü Cavabdeh1 Tahir oğlu, qardaşı Qaradağ rayonu Ələt qəsəbəsi Sülh küçəsi 20 saylı sahədə yaşayan Cavabdeh2 və Novruzun həyat yoldaşı Cavabdeh3 əvvəlcədən planlaşdıraraq ona qarşı dələduzluq etməklə etibarından sui istifadə edərək 14 000 (on dörd min) manat pulunu mənimsəyiblər. Beləki, 2019-cu ilin oktyabr ayında özünə ev tikmək məqsədi ilə həyətyanı torpaq sahəsi almaq istədi. Qonşulardan Ələt qəsəbəsi 110 saylı məktəbin yaxınlığında Novruz adlı adamın həyətinin bir hissəsinin satdığını eşidib və ona yaxınlaşıb. Novruz öz torpağının 4 sotunu satdığını bildirdi. Sənədlərlə maraqlandıqda torpağın bələdiyyə sənədi ilə qardaşı Ruslanın adına 3 sot olduğu aydınlaşdı. 14000 manat qiymətə 3 sot üçün olan sənədlə oz həyətindən ona 4 sot torpaq ayırmaq və müəyyən başqa bir neçə sərfəli şərtlərlə razılaşıblar. Torpağı Ruslan ona Ələt qəsəbəsinə gəlmiş səyyar Asan xidmətdə etibarnamə ilə verdi. Asan xidmətdə Novruz ondan hansısa sənədi almaq üçün 100 manat aldı və asan xidmətdə qaldı. Oradan onlar Ruslanla onun maşını ilə Novruzun evinə gəldilər və o, Novruzun evində onun həyat yoldaşının yanında Novruzun qardaşı Ruslana 13900 manat pul verdi. Bu ailə əvvəlcədən planlaşdıraraq onun bu işlərdə səriştəsiz olduğundan nə vaxtsa ondan məhz 14000 manat aldıqlarını inkar edəcəylərini əvvəlcədən düşünmədiyindən (əks halda borc müqaviləsi bağlayardı) etibarından su istifadə edərək pulunu mənimsəyiblər. Bu səbəbdən onun təqdim etdiyi sübutlar yalnız bunlardır: ona verilən etibarnamə və bələdiyyənin onlara verdiyi sənədin orjinalı (normalda heç bir torpaq satıcısı 500 manata görə bunu etməz), hadisələrin gedişi vaxtı olanları özündə əks etdirən xüsusiyyətlərə diqqət yetirilməli olan iki telefon danışığı, (müvafiq qrumların tələbi ilə çıxarılmalı olan bir çox bu tip telefon danışıqları) torpağın ona aid olan hissəsində razılaşdığları kimi tikilinin sökülüb iki torpaq arasında sərhəd kimi yenidən tikilməsi.(normalda heç bir torpaq satıcısı 500 manata görə bunu etməz). Yalandan böhtan olaraq “obyekt tikmək istəyir qonşular narazlıq edir ifadəsinin” heç bir maddi və canlı subutunun olmaması pulu verdikdən dərhal sonra Novruzun həmən pulla özünə maşın alması və bütün yuxarıda göstərilənləri hər birisi söhbətin 500 manatdan deyil məhz faktiki olduğu kimi 14000 manatdan getdiyini açıq aydın göstərir. Amma onların iftiralarını təsdiq eden heçnə yoxdu. Bu insanlar öz dırnaq arası məharətlərindən istifadə etməklə dələduzluq edib 14000 manat pulu mənisəmək fikrinə düşüblər.AR MPM-in müvafiq maddələrinə əsasən iddia təmin edilməlidir. İddiaçı və onun numayəndəsi X8 xx.xx.2021-ci il tarixli vəsatətlə məhkəmədən ünvan 1 ünvanında yerləşən 20 saylı evdə yaşayan Cavabdeh2 və onun həyat yoldaşı Cavabdeh3 işə birgə cavabdeh kimi cəlb edilməsini xahiş etmişdir. İddiaçı və onun numayəndəsi X8 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 Tahir oğlunun, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasında verdiyi izahatlarında iddianı qismən qəbul edərək, iddiaçı tərəfindən onlara beh kimi 500 manat pul ödənildiyini, lakin sonradan onlar arasında razılıq baş tutmadığından həmin torpağı satmaq istədiklərini, iddiaçı tərəfindən onlara 500 manatdan başqa heç bir pul verilmədyini bildirərək, məhkəmədən iddianın qalan hissədə rədd edilməsini xahiş etdilər. Məhkəmə iddiaçının və cavabdehlərin izahatlarını, şahid ifadələrini dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. X3 məhkəmə iclasında verdiyi ifadəsinin məzmunundan görünür ki, İddiaçı həyətində fəhlə kimi işləmiş və dəmir materialları yığıb həmin həyətə aparıb atdığı zaman Kifayət xanım gəlib Ramilə satacaq torpağının olmadığını və verdiyi 14000 pulu da bir həftəyə qaytaracağını demişdir. X2 məhkəmə iclasında verdiyi ifadəsində İddiaçı həyətində fəhlə kimi işlədiyini bildirdi və dəmir materialları yığıb həmin həyətə aparıb atdığı zaman Kifayət xanım gəlib onlara satacaq torpağının olmadığını və verdiyi pulu da bir həftəyə qaytaracağını dediyini, lakin miqdar barədə heçnə eşitmədiyini bildirdi. X5 məhkəmə iclasında Cavabdeh1la qonşu olduğunu, həm də Ruslanın qardaşı Novruzun xalasının yoldaşı olduğunu,həmin həyətin yaxınlığından keçən zaman xalası Cavabdeh3 ilə fəhlələr arasında mübahisə getdiyini amma məbləğlə bağlı, torpağın sahəsi ilə bağlı heç nə eşitmədiyini bildirdi. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət tərkibi olmadığından cinayət işinin başlanmasınin rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Qaradağ RPİ-ninİŞ-nin xx xxxx 2020-ci il tarixli qərarı ilə İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət tərkibi olmadığından cinayət işinin başlanmasınin rədd edilməsi haqqında qərar qəbul edilmişdir. xx.xx.2021-ci il tarixli məhkəmə baxış iclasında Cavabdeh1 razılığı ilə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Cavabdeh1 və İddiaçı arasında olan telefon səsyazıları dinlənilmiş, həmin səsyazıların məzmunundan göründüyü kimi, Ramil Ruslana onlar barəsində şikayət edəcəyəni bildirmiş, Ruslan isə torpağın qardaşının olduğunu, onun sadəcə etibarnamə verdiyini bildirmiş və şikayət verməsinə etirazı olmadığını bildirmişdir. İşin məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilən hallarından görünür ki, tərəflər arasında mübahisəsiz hal: aralarında torpaq satışı ilə bağlı razılaşma olması, bununla bağlı cavabdehlər tərəfindən iddiaçıya etibarnamə verilməsi, sonradan cavabdehlərin torpağı satmaqdan imtina etməsi hallarıdır. Tərəflər arasında mübahisəli hal: iddiaçı cavabdehlərə 14000 manat pul verdiyini iddia edir, cavabdehlər iddiaçı tərəfindən onlara 500 manat beh verdiyini iddia edir. Məhkəmə iddiaçının və cavabdehlərin izahatlarını, şahid ifadələrini dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi qismən, 500 manat pul tələbi hissəsində təmin edilməlidir. Belə ki, iddiaçı tərəfindən iddia ərizəsində qeyd olunan digər hallara dair məhkəməyə heç bir sübut təqdim edilməmiş, 14000 manat zərərin mövcudluğu və miqdarı barədə sübutetmə yükünün iddiaçının üzərinə düşməsinə baxmayaraq tələb məhkəmə iclasında iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının həmin pulun verilməsi ilə bağlı məhkəməyə təqdim etdiyi yeganə sübut, şahid ifadələri olmuşdur, hansı ki, onlar pulun verilməsinin şahidi olmamış, yalnız İddiaçı ilə Cavabdeh3 arasında mübahisənin şahidi olmuş, həmin mübahisə zamanı Kifayətin Ramilə torpaq satmaq istəmədiyini verdiyi pulu qaytaracağını bildiyinin şahidi olmuşlar. Məhkəmə şahid ifadələrinə qiymət verərək hesab edir ki, sübutların kifayətliliyi və sübutların mötəbərliliyi baxımından şahid ifadələri qeyd edilən halın təsdiqi üçün kifayət deyildir. Belə ki, hazırki halda yeganə sübut şahid ifadələridir hansi ki, şahid ifadələri ilə təsdiq olunan hal digər heç bir sübutla təsdiq olunmur həmçini şahid ifadələrəi arasında da pulun məqləği ilə bağlı ziddiyyət var. Məhkəmə qeyd edir ki, sübutların qiymətləndirilməsi həm də onların kifayətliliyi ilə bağlıdır. Məhkəmə iş üzrə nəticəyə gəlmək üçün kifayət qədər sübuta malik olmalıdır. Sübutlar o vaxt kifayət hesab oluna bilər ki, məhkəmə onlar əsasında işi həll etmək iqtidarında olur. Məhkəmə həmçinin qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə əsaslı nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) əsaslı nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə bununla əlaqədar onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (MPM, maddə 14.2, 77.1 və 88 maddələri). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericiliyə görə mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” xx xxxx 2019-cu il tarixli Konstitusiya məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu da əvvəlki qərarlarında dəfələrlə qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). Bununla bağlı, «Mahmudov Rusiyaya qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənanətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir X12 Məhkəməsi "X1rşı" xx xxxx 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə hesab edir ki, iş üzrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5ci maddəsində göstərilən hallar – iddianın qismən etirafının qanuna zidd olması və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozması kimi hallar müəyyən edilmədiyindən, ilkin iddia üzrə cavabdehin ilkin iddianın qismən etirafı barədə ərizəsi məhkəmə tərəfindən qəbul edilməli, ilkin iddia həmin hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinin tələbinə görə, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Ödəniş qəbzinin surətindən görünür ki, məhkəməyə iddia ərizəsinin təqdim olunması üçün 30 manat 40 qəpik məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 Tahir oğlu, Cavabdeh2, Cavabdeh3 İddiaçı xeyrinə 500 ( beş yüz) manat məbləğində pul tutulmalıdır Ödənilmiş 30 (otuz) manat 40(qırx) qəpik məbləğində dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 Tahir oğlu, Cavabdeh2, Cavabdeh3 İddiaçı xeyrinə 500 ( beş yüz) manat məbləğində pul tutulsun. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehlərə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar