Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1507/2024 22.05.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Bağırova Mehriban Yaşar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 3500 (üç min beş yüz) manat borc pulun və 55 (əlli beş) manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, o, Qaradağ rayonunun Sahil qəsəbəsində yaşayır. Həmin qəsəbədə yaşayan Cavabdeh ilə yaxşı münasibətləri olmuşdur. 2022-ci ildə Cavabdeh ondan 3500 manat borc pul istəmiş, o da aralarında olan münasibətlərə görə, həmçinin Aygünün müəllimə işlədiyindən onu aldatmayacağını düşündüyündən həmin məbləği borc olaraq Aygünə vermişdir. Aygün aldığı məbləği qısa müddətdə qaytaracağını bildirmişdir. Lakin həmin vaxtdan xeyli müddətin keçməsinə baxmayaraq Aygün aldığı məbləği qaytarmamışdır. Buna görə də bir neçə dəfə Aygündən borc məbləğini qaytarmasını tələb etmişdir. Aygün xx.xx.2023-cü il tarixdə yazılı iltizam verərək aldığı 3500 manatın 200 manatını iyul ayında, sentyabr ayından başlayaraq isə hər ay 100 manat olmaqla ödəyəcəyini bildirmişdir. Buna baxmayaraq, Aygün heç bir ödəniş etməmiş və müxtəlif bəhanələrlə borcun qaytarılmasından yayınmışdır. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmçinin iddianın verilməsi ilə əlaqədar 55 manat dövlət rüsumu ödəmişdir. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 135.7, 185.5-ci maddələrinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirdi ki, o, İddiaçı qonşusudur. Zibeydə dəfələrlə söhbət əsnasında Aygün adlı şəxsin ondan 3500 manat məbləğində borc pul aldığını, lakin aldığı məbləği qaytarmadığını demişdir. Sonralar bir neçə dəfə məsələnin nə yerdə qaldığını soruşmuş, Zibeydə isə hər dəfə Aygünün borc məbləğini qaytarmadığını demişdir. Sonradan Zibeydə məsələ ilə bağlı məhkəməyə müraciət etdiyini bildirmişdir. Aygün adlı şəxs aldığı borc məbləğini bugünədək qaytarmamışdır. Məhkəmə, izahatı, şahid ifadəsini dinləyib, iş materiallarında olan yazılı sübutları tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə əsaslı hesab olunaraq təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli yazılı iltizamnamədən görünür ki, həmin iltizamnamə Cavabdeh tərəfindən yazılmış, o, Zibeydə xanıma olan 3500 (üç min beş yüz) manat borcun 200 manatını iyul ayında, sentyabr ayından başlayaraq isə 100 manatdan verəcəyi barədə öhdəlik götürmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 742.1-ci maddəsinə əsasən, borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Həmin Məcəllənin 742.5.2-ci maddəsinə əsasən, qanunda və ya borc müqaviləsi ilə borcalanın xeyrinə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən aşağıdakı hallarda müəyyən müddətə verilmiş borcun (o cümlədən borcun vaxtından əvvəl tələb edildiyi günədək borcla bağlı borcverənə ödənilməli olan faiz və (və ya) digər ödənişlərin) vaxtından əvvəl qaytarılmasını tələb edə bilər: borcun hissə-hissə qaytarılmasını və (və ya) faizlərin və (və ya) haqların hissə-hissə ödənilməsini nəzərdə tutan borc müqaviləsi üzrə vaxtı çatmış borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) 90 (doxsan) gün və ya daha çox müddətə gecikdirilməsi, yaxud borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması (90 (doxsan) gündən az olmamaqla). Həmin Məcəllənin 425.1ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Sadalanan hüquq normalarının tələblərinə və mülki iş üzrə sübutlara, o cümlədən Cavabdeh tərəfindən yazılaraq İddiaçı verilmiş xx.xx.2023-cü il tarixli yazılı iltizamnaməyə əsasən məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı Cavabdeh 3500 (üç min beş yüz) manat borc pul vermiş, lakin cavabdeh hal-hazıradək həmin borc məbləğini qaytarmamışdır. Həmçinin iş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı iddia ərizəsi ilə bağlı 55 (əlli beş) manat dövlət rüsumu ödəmişdir. Bu səbəbdən Cavabdeh iddiaçının xeyrinə 3500 (üç min beş yüz) manat məbləğində borc pul vəsaitinin və 55 (əlli beş) manat məbləğində dövlət rüsumunun tutulması barədə iddia tələbi əsaslı hesab olunmalıdır. Beləliklə, məhkəmə mülki iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 3500 (üç min beş yüz) manat məbləğində borc pul vəsaiti və 55 (əlli beş) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-1507/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1507/2024
22.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver