Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1510/2023 16.08.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X38 oğlunun katibliyi, Cavabdeh “Özgün Yapı Sanayi və Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi X14 iştirakı ilə, İddiaçı cavabdeh “Özgün Yapı Sanayi və Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialına qarşı “maddi və mənəvi zərərin tutulması” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı ilə X13 arasında nikah xx.xx.2013-ci il tarixdə 21 nömrəli akt qeydi ilə bağlanmış və birgə nikahlarından iki övladları, xx.xx.2008-ci il tarixində X15 və xx.xx.2014-ci il tarixində X16 doğulmuşlar (Kəlbəcər rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2013-ci il tarixli, AZ-İ 807787 nömrəli nikah haqqında; xx.xx.2013-ci il tarixli, AZ-İİİ 031029 nömrəli və xx.xx.2014-ci il tarixli, AZ-İİİ 356981 nömrəli doğum haqqında şəhadətnamələr işə əlavə edilmişdir).
2. “Özgün Yapı Sanayi və Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialı ilə X13 arasında xx.xx.2019-cu il tarixdə bağlanmış 2084 nömrəli müddətli əmək müqaviləsi ilə X13 yük maşınının sürücüsü vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli X28 əsasən, yuxarıda qeyd edilmiş əmək müqaviləsinə edilmiş dəyişiklik elektron informasiya sistemində qeydiyyata alınmışdır.
3. Əmək müqaviləsinin bağlanması ilə bağlı xx.xx.2022-ci il tarixli X22 əsasən, X24 ilə “Özgün Yapı Sanayi və Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialı arasında əsas iş yeri üzrə, əmək funksiyası yük maşının sürücüsü olmaqla, müddətli əmək müqaviləsi bağlanmış və elektron informasiya sistemində qeydiyyata alınmışdır.
4. İcbari Sığorta Müqavilələrinə dair xx.xx.2021-ci il tarixli, xx.xx.2022-ci il tarixli Məlumata əsasən, sığortalı “Özgün Yapı Sanayi və Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialı ilə sığortaçı "xxxx" ASC arasında “Ford Cargo 4136 D yük” markalı, 99JT341 dövlət qeydiyyat nişanlı və “Ford Cargo 4136 D yük” markalı, 99JT915 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinə dair sığorta müqaviləsi bağlanmışdır.
5. Qala Həyat” Sığorta Şirkəti ASC (sığortaçı) ilə “Özgün Yapı Sanayi və Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialı (sığortalı) arasında bağlanmış xx.xx.2022-ci il tarixli, **********457 nömrəli “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi”nə və ona **********67/200 nömrəli Əlavəyə əsasən, X13 (2DW32TJ) 77034,63 manat məbləğində sığorta olunmuşdur.
6. “Özgün Yapı Sanayi və Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialında yük maşını sürücüsü işləyən X24 idarə etdiyi, cavabdehə şirkətə məxsus “Ford Kargo” markarlı, **-JT-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Şəmkir şəhəri, Şuşa küçəsi ilə şəhərin mərkəz hissəsi istiqamətində hərəkətdə olarkən həmin istiqamətdə ondan öndə hərəkətdə olan, həmin şirkətdə yük maşını sürücüsü işləyən X4 idarə etdiyi və cavabdeh şirkətə məxsus “Ford Kargo” markalı, **-JT-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin sol arxa hissəsinə dəyməsi nəticəsində sonuncu maşında olan Elsevər Muxdarov və Asif Əliyev ölmüş, Tural Cəfərov xəsarət almışdır.
7. Şəmkir rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş, xx.xx.2022-ci il tarixli, AZ-İİ 270079 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən X13 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir.
8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 27 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”na müvafiq olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X34 Xidmətinin əmri ilə yaradılmış komissiya xx.xx.2022-ci il tarixdə “Özgün Yapı Sanayi və Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialının işçiləri X13, X31 ölmələri və X17 xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin təhqiqatını başa çatdırmış, xx.xx.2023-cü il tarixli 3-175/2-4537/2023 saylı məktubla təhqiqat aktında göstərilən tədbirlərin yerinə yetirilməsi və görülmüş tədbirlər haqqında X34 Xidmətinə məlumat verilməsi üçün materiallar “Özgün Yapı Sanayi və Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialına göndərilmişdir.
9. “Özgün Yapı Sanayi və Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialı tərəfindən verilmiş 139 saylı 24 may 2022-ci il tarixli X3 ilə bağlanmış əmək müqaviləsinə onun vəfat etməsi ilə əlaqədar Azərbycan Respublikası Əmək Məcəlləsinin 74cü maddəsinin 1-ci hissəsinin “e” bəndinə əsasən xx.xx.2022-ci il tarixdən xitam verilmişdir.
10. “Özgün Yapı Sanayi və Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 004 nömrəli arayışa əsasən, X2 xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək yük maşını sürücüsü vəzifəsində işləmiş, aylıq əmək haqqı 494.54 AZN təşkil etmişdir.
11. Rabitəbank ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, İB**********_415392_220524 nömrəli ödəniş tapşırığı və “Özgün Yapı Sanayi və Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialının 2022-ci ilin may ayı üçün N05 hesablama-ödəmə cədvəlindən görünür ki, “Özgün Yapı Sanayi və Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialı tərəfindən X4 hesabına həmin tarixdə 2057.82 manat pul vəsaiti köçürülmüşdür.
12. Sığorta Ödənişi barədə İA-003/23 nömrəli, xx.xx.2023-cü il tarixli Aktdan görünür ki, X4 ölməsi ilə nəticələnən sığorta hadisəsi ilə əlaqədar olaraq mərhumun həyat yoldaşı X7 – 8826,23 manat; mərhumun qızı X10 – 14.447,46 manat, mərhumun oğlu X11 – 15.506,13 manat olmaqla, sığorta ödənişinin ümumi məbləği 38.779,82 manat təşkil etmişdir.
13. Xalq bank OJSC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 421 №-li ödəniş tapşırığından görünür ki, "xxxx" S.Ş. ASC tərəfindən xx.xx.2023-cü il tarixli akta əsasən İddiaçı hesabına 38779,82 manat sığorta ödənişinin köçürülməsi icra olunmuşdur.
14. Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(100)-151/2023 nömrəli Hökmü ilə X24 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 4 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İddia tələbi
15. İddiaçı cavabdeh X47 və Ticarət Anonim Şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X48 Ticarət Anonim Şirkəti “Bayburt Grup AŞ” həyat yoldaşı, mərhum X8 dəyən zərərin hesablanması və hər ay 1000 manatın uşaqları X18 və X23 azyaşlı olmasını nəzərə alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Daha sonra iddiaçının vəkili və nümayəndəsi Vəkil tərəfindən iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, iddiaçının əri X5 ölməsi nəticəsində azyaşlı uşaqları xx.xx.2013-cü il təvəllüdlü X19 və xx.xx.2014-cü il təvəllüdlü X1 üçün onun orta aylıq əmək haqqının 100 faizi miqdarında ödəncin birdəfəyə ödənilməsi, ərinin dəfninə xərcəldiyi 8000 manat miqdarında dəfn xərcinin, keçirdiyi mənəvi stress, narahatlıq, sarsıntıya görə isə 500.000 manat təzminatın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
17. İddia ərizəsi belə əsaslandırılmışdır ki, onun həyat yoldaşı, mərhum əri X13 şirkətin işçisi idi, “Ford Karqo” markalı yük avtomobilinin sürücü vəzifəsində işləyirdi. X24 xx.xx.2022ci il tarixdə “Ford Karqo” marklı yük avtomobillə həyat yoldaşının idarə etdiyi “Ford Karqo” markalı **-JT-*** nömrəli yük avtomobili vurmuş, nəticədə həyat yoldaşının və avtomobildə olan sərnişinin ölümlərinə səbəb olmuşdur. Fakt üzrə Şəmkir rayonu PŞ-də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə cinayət işi başlanmışdır. Onlar yeganə ailəni dolandıran ailə başçısını itirdikdən sonra onların iki azyaşlı uşaqları atasız qalmışdır. Maddi imkanını olmadığından o uşaqlara lazımınca qayğı göstərə bilmir. O şirkətə sığorta və ödəncərin verilməsi barədə müraciət etsə də, bu günə kimi şirkət tərəfindən ödənclər almışdır. Bütün bunları nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.
18. İddia tələbinə etiraz və qarşılıqlı iddia verilməmişdir. Məhkəmənin tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X34 Xidməti və "xxxx" Sığorta Şirkəti ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində mülki işə cəlb edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
19. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclaslarında iddia tələbini müdafiə edərək bildirdi ki, İddiaçı “Özgün Yapı Sanayi və Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialında yük maşının sürücüsü işləyən mərhum əri Elsevər Muxdarovun həmin şirkətin digər sürücüsü Tural Cəfərovun idarə etdiyi yük maşını ilə toqquşması nəticəsində, iş vaxtı baş verən qəzada ölməsinə görə vurulmuş maddi və mənəvi ziyanın şirkət tərəfindən ödənilməsini xahiş edir. Hadisə nəticəsində Əmək Müfəttişliyi tərəfindən təhqiqat aktı tərtib edilmiş, cavabdehin işçisi Tural Cəfərov və ona nəzarət edən şəxs təqsirli hesab edilmişlər. İstehsalatda bədbəxt hadisənin nəticəsində iddiaçıya dəymiş maddi zərəri sığorta şirkəti ödəsə də, iddiaçı və uşaqları evi dolandıran şəxsi itiriblər, iddiaçının himayəsində iki azyaşlı uşağı var, iddiaçı heç bir yerdə işləmir. Buna görə də, cavabdeh uşaqların saxlanması üçün pul ödəməlidir, əgər cavabdeh iddiaçının tələb etdiyi məbləği birdəfəyə ödəyə bilmirsə aylıq əmək haqqı şəklində ödənilməlidir. Göstərilən Mülki Məcəllənin 1118, 1119 və 1121-ci maddələrinin tələbləridir. Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 3 nömrəli Qərarı ilə “İstehsalat qəzası nəticəsində həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan şəxslərə ödənclərin verilmə qaydası müəyyən edilmişdir. Həmin qərarın tələbinə əsasən, təqsirkar müəssisə işçiyə dəyən zərərə görə qanunvericliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Bundan başqa, qəzanı törədən sürücü Cəfərov Turalın məhkəmə işi Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılmışdır. Sığorta ödənişinin olmadını iddiaçı inkar etmir, lakin hesab edir ki, mərhumun övladlarının saxlanması üçün aylıq ödənclər verilməli, bundan başqa iddiaçının çəkdiyi dəfn xərclərinin əvəzi olaraq 8000 manat pul ödənilməlidir. Cavabdeh şirkətin sürücüləri öz aralarında 2000 manat dəfn üçün pul yığaraq şirkətin adından iddiaçıya vermişlər, lakin şirkət dəfn pulu üçün ayrıca olaraq ödəniş etməmişdir.
20. Cavabdeh “Özgün Yapı Sanayi və Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi X25 məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini bildirdi ki, baş vermiş hadisə nəticəsində müvafiq orqan tərəfindən araşdırma aparılaraq təhqiqat aktı tərtib edilmiş, İZ formalı aktın tərtib edilməsi şirkətə tövsiyə edilmiş, hadisə istehsalat xarakterli hesab edilmişdir. Lakin hesab edir ki, hadisənin baş verməsində “Özgün Yapı Sanayi və Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialının təqsiri yoxdur. Qanunvericiliyin tələbinə əsasən, işəgötürənin təqsirinin olması bu işlərdə zəruridir. Bundan başqa qeyd edir ki, "xxxx" Sığorta Şirkəti ASC (sığortaçı) ilə “Özgün Yapı Sanayi və Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialı (sığortalı) arasında bağlanmış xx.xx.2022-ci il tarixli, **********457 nömrəli “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi” ilə sığorta olunduğuna görə mərhum Elsevər Muxdarovun həyat yoldaşı və iki övladına 38.779,82 manat məbləğində sığorta ödənişi ödənilmişdir. Əgər şirkət maddi zərəri ödəyəcək olsa idi, sığorta şirkəti ilə müqavilə bağlasın. Dəfn xərcinə münasibətdə isə bildirir ki, iddiaçının vəkili özü hazırlıq iclasında dəfn xərcinin şirkət tərəfindən ödənildiyini, bununla bağlı tələblərinin olmadığını qeyd etsə də, sonradan ifadəsini dəyişərək dəfn xərclərinin ödənilmədiyini qeyd edir, eyni zamanda iddiaçının dəfn xərclərinə aid sübutu yoxdur və dəfn xərclərinin məbləği barədə şifahi qaydada bildirir. Bundan başqa, iddiaçıya bildirir ki, istəsə əlavə olaraq icbari sığorta üzrə sığorta şirkətindən 5000 manat sığorta ödənişi ala bilər. Bundan əlavə, şirkət iddiaçının həyat yoldaşı vəfat edəndən sonra iddiaçıya vəfat edənin əmək haqqısının üç misli miqdarında müavinat ödənişi edilmiş, əmək qanunvericiliyinin tələbləri gözlənilmişdir. İddiaçının nümayəndəsi eyni zamanda qeyd etdi ki, digər sürücü Cəfərov Turalın məhkəmə işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılan zaman iddiaçı onunla barışdığını bildirərək ondan ziyan üçün ödəniş tələb etməmişdir.
21. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Sığorta Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 məhkəmə iclasında izahat verərək sığorta hadisəsi baş verən kimi onlara müraciət edildiyini, “İstehsalat bədbəxt hadisələr haqqında haqqında” Qanuna əsasən X4 yetkinlik yaşına çatmayan uşaqlarına və onun həyat yoldaşına 38777.82 manat sığorta ödənişi xx.xx.2023-cü ildə iddiaçının hesabına keçirilib birdəfəlik ödəniş edildiyini bildirmişdir. Həmin məbləğ "xxxx" Sığorta Açıq Səhmdar Cəmiyyətinin cavabdeh şirkətlə sığorta ödənişi ilə bağlı müqavilə əsasında ödənilmişdir.
Məhkəmənin mövqeyi: a) İddia tələbinin qanuni əsası Azərbaycan Respublikasının Mülki Məcəlləsi
22. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
23. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.
24. Maddə 1118.1. Fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin.
25. Maddə 1118.2. İtirilmiş qazanc (gəlir) müəyyənləşdirilərkən zərərçəkənə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə pozulması ilə əlaqədar təyin edilmiş əlilliyə görə pensiya, eləcə də həm sağlamlığına zərər vurulanadək, həm də zərər vurulduqdan sonra təyin edilmiş digər pensiyalar, müavinətlər və digər bu cür ödənişlər nəzərə alınmır və zərərin əvəzinin ödənilməsi miqdarının azaldılmasına səbəb olmur (zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir). Zərərçəkənin sağlamlığı pozulduqdan sonra əldə etdiyi qazanc (gəlir) da zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir.
26. Maddə 1119.1. Zərərçəkənin itirdiyi və əvəzi ödənilməli qazancın (gəlirin) miqdarı onun xəsarətdən və ya sağlamlığının başqa şəkildə pozulmasından və ya əmək qabiliyyətini itirməsindən əvvəlki orta aylıq qazancından (gəlirindən) faizlər şəklində müəyyənləşdirilir. Bu faizlər zərərçəkənin professional əmək qabiliyyətini itirməsi dərəcəsinə, professional əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətini itirməsi dərəcəsinə uyğun gəlməlidir.
27. Maddə 1119.2. Zərərçəkənin itirdiyi qazancın (gəlirin) tərkibinə onun həm əsas iş yerində, həm də əvəzçilik üzrə əmək və mülki hüquq müqavilələri əsasında əməyinin ödənilməsinin gəlir vergisi tutulan bütün növləri daxil edilir. Birdəfəlik xarakterli ödənclər, o cümlədən istifadə edilməmiş məzuniyyətə görə kompensasiya və işdən azad edilərkən işdənçıxma müavinəti nəzərə alınmır. Müvəqqəti əmək iqtidarsızlığı və ya hamiləliyə və doğuşa görə məzuniyyət dövrü üçün ödənilmiş müavinət nəzərə alınır. Sahibkarlıq fəaliyyətindən götürülən gəlir, habelə müəllif qonorarı itirilmiş qazancın tərkibinə daxil edilir, bu zaman sahibkarlıq fəaliyyətindən götürülən gəlir müvafiq icra hakimiyyəti orqanının məlumatına əsasən daxil edilir. Qazancın (gəlirin) bütün növləri vergilər tutulanadək hesablanmış məbləğlərdə nəzərə alınır.
28. Maddə 1119.3. Zərərçəkənin orta aylıq qazancı (gəliri) onun sağlamlığının pozulmasından əvvəlki on iki aylıq qazancının (gəlirinin) ümumi məbləğinin on ikiyə bölünməsi yolu ilə hesablanır. Zərər vurulanadək zərərçəkənin on iki aydan az işləmiş olduğu halda orta aylıq qazanc (gəlir) sağlamlığın pozulmasından əvvəlki faktik işlənilmiş aylar üçün qazancın (gəlirin) ümumi məbləğinin həmin ayların sayına bölünməsi yolu ilə hesablanır. Zərərçəkənin tam işləmədiyi aylar onun arzusu ilə tam işlənilmiş əvvəlki aylarla əvəz edilir və ya əvəz etmək mümkün olmadıqda hesabdan çıxarılır.
29. Maddə 1121.1. Zərərçəkənin (ailə başçısının) öldüyü halda aşağıdakıların zərərin əvəzinin ödənilməsi hüququ vardır: 1121.1.1. ölənin himayəsində olmuş və ya onun öldüyü günədək ondan dolanacaq təminatı almaq hüququna malik olmuş əmək qabiliyyəti olmayan şəxslər; 1121.1.2. şəxsin ölümündən sonra doğulmuş uşağı; 1121.1.3. ölənin himayəsində olmuş və onun on dörd yaşına çatmamış, yaxud bu yaşa çatsa da, tibb orqanlarının rəyinə əsasən sağlamlıq vəziyyətinə görə başqasının qulluğuna möhtac olan uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan və işləməyən valideynlərdən biri, arvad (ər) və ya digər ailə üzvü - əmək qabiliyyətindən asılı olmayaraq; 1121.1.4. ölənin himayəsində olmuş və onun ölümündən sonra beş ilə ərzində əmək qabiliyyətini itirmiş şəxslər.
30. Maddə 1121.3. Zərərin əvəzi aşağıdakılara ödənilir: 1121.3.1. yetkinlik yaşına çatmayanlara - on səkkiz yaşına çatanadək; 1121.3.2. on səkkiz yaşından yuxarı tələbələrə əyani təhsil forması üzrə təhsil müəssisələrində təhsili bitirənədək, lakin ən çoxu iyirmi üç yaşınadək; 1121.3.3. əlli beş yaşından yuxarı qadınlara və altmış beş yaşından yuxarı kişilərə - ömürlük; 1121.3.4. əlilliyi olan şəxslərə - əlillik müddəti üçün; 1121.3.5. ölənin himayəsində olmuş uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan valideynlərdən birinə, arvada (ərə) və ya digər ailə üzvünə - qulluq etdikləri on dörd yaşına çatanadək.
31. Maddə 1122.1. Ailə başçısının itirilməsi ilə əlaqədar zərərin əvəzinin ödənilməsinə hüququ çatan şəxslərə zərərin əvəzi ölənin bu Məcəllənin 1119-cu maddəsinin qaydalarına əsasən müəyyənləşdirilmiş qazancının (gəlirinin) o hissəsi miqdarında ödənilir ki, həmin hissəni onlar ölənin sağlığında öz dolanacaqları üçün alırdılar və ya almaq hüququna malik idilər. Həmin şəxslərə ödənilən zərərin əvəzi müəyyənləşdirilərkən ölənin gəlirinin tərkibinə qazanc (gəlir) ilə yanaşı onun sağlığında aldığı pensiya və digər bu cür ödənclər də daxil edilir.
32. Maddə 1122.2. Zərərin əvəzinin ödənilməsi miqdarı müəyyənləşdirilərkən ailə başçısının ölümü ilə əlaqədar şəxslərə təyin edilmiş pensiyalar və həm ailə başçısı ölməzdən əvvəl, həm də öldükdən sonra təyin edilmiş digər növ pensiyalar, habelə həmin şəxslərin götürdükləri qazanc (gəlir) və aldıqları təqaüd onlara zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi
33. Maddə 191.1. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar.
34. Maddə 191.2. Ziyanın həqiqətən vurulduğu aşkar olduqda, təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda, təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda və bu şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır.
35. Maddə 194.1. Ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur.
36. Maddə 194.2. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir.
37. Maddə 195 “c” bəndi, işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə baş vermiş istehsalat qəzası nəticəsində əmək funksiyasını yerinə yetirərkən işçinin sağlamlığına və səhhətinə ziyan vurulduqda, habelə bu səbəbdən həlak olması ilə əlaqədar onun ailə üzvlərinə, himayəsində olan şəxslərə müvafiq maddi ziyan dəydikdə işəgötürən işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır.
38. Maddə 196.5. İşçiyə vurulan mənəvi ziyanın pul hesabı ilə məbləği bu Məcəllənin 290-cı maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş qaydada müəyyən olunur.
39. Maddə 215. Müəssisənin mülkiyyətçisi və işəgötürəni işçilərin iş yerlərində əməyin mühafizəsi normalarının və qaydalarının yerinə yetirilməsinə bilavasitə cavabdehdirlər və aşağıdakı tədbirlərin həyata keçirilməsini təmin etməlidirlər: əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların bütün tələblərinə əməl edilməsini; binaların, qurğuların, texnoloji proseslərin və avadanlığın təhlükəsizliyinə riayət edilməsini; və s.
40. Maddə 217. İşəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq hadisənin araşdırılması üçün dərhal həmin hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqana məlumat verməyə borcludur. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan daxil olmuş məlumat əsasında bədbəxt hadisənin istehsalatla bağlılığının araşdırılması və onun təhqiqatının aparılması məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada komissiya yaradır. Bədbəxt hadisənin araşdırılması başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq akt tərtib edilməli və onun bir nüsxəsi mütləq zərərçəkən işçiyə təqdim olunmalıdır. Bədbəxt hadisənin baş vermə faktını gizlədən, aparılan araşdırılma barədə müvafiq akt tərtib etməkdən boyun qaçıran işəgötürən, onun səlahiyyətli vəzifəli şəxsi qanunvericilikdə nəzərdə tutulan qaydada məsuliyyət daşıyır.
41. Maddə 225.1. İşəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin sığortalanması barədə müvafiq məlumatların göstərilməsi mütləqdir.
42. Maddə 238. İşçilərin iş yerlərində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraiti təmin edilmədikdə və kollektiv müqavilələrdə nəzərdə tutulan tədbirlər yerinə yetirilmədikdə qanunvericilikdə nəzərdə tutulmuş hallarda və qaydada işəgötürən inzibati və cinayət məsuliyyətinə cəlb edilir.
43. Maddə 239.1. İstehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir.
44. Maddə 239.2. İşəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir.
45. Maddə 239.5. Bu maddə ilə nəzərdə tutulmuş ödənclərin verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada işəgötürən tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunan işçilərə şamil olunmur.
46. Maddə 290.3. İşəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanun
47. Maddə 10.1. Bu Qanuna əsasən sığorta hadisəsi aşağıdakılar əsasında müəyyən olunur: 10.1.1. istehsalatda bədbəxt hadisə haqqında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada tərtib olunmuş akt, yaxud xeyrinə icbari sığorta müqaviləsi bağlanılmalı şəxslə bağlı istehsalatda bədbəxt hadisənin baş verməsi barədə məhkəmə qərarı; 10.1.2. müvafiq icra hakimiyyəti orqanının istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsini təsdiq edən qərarı və ya şəxsin ölümü haqqında şəhadətnamə.
48. Maddə 16.3. Birdəfəlik sığorta ödənişi bu Qanunla müəyyən olunmuş qaydada aylıq sığorta ödənişi məbləğlərinin cəm halda birdəfəlik ödənilməsidir. Birdəfəlik sığorta ödənişi aşağıdakı hallarda verilir:... 16.3.2. sığorta hadisəsi nəticəsində sığorta olunanın öldüyü halda. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları”
49. 1.3-cü bəndinə əsasən, aşağıdakı sənədlər olduqda təqsirkar işəgötürən əmək xəsarətinə görə dəyən zərəri ödəməlidir: istehsalatda baş vermiş bədbəxt hadisə haqqında qanunvericiliklə müəyyən edilmiş formada tərtib olunmuş akt və yaxud işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə işçi ilə istehsalatda bədbəxt hadisənin baş verməsi barədə məhkəmənin hökmü (qətnaməsi, qərarı); işçinin peşə əmək qabiliyyətinin itirilməsini və yaxud peşə xəstəliyini təsdiq edən Tibbi-Sosial Ekspert Komissiyasının (TSEK) şəhadətnaməsi və yaxud ölümü haqqında şəhadətnamə. Qərarının 1.3-cü bəndində göstərilmişdir ki, zərərin ödənilməsi üçün peşə xəstəliyini təsdiq edən Tibbi- Sosial Ekspert Komissiyasının (TSEK) şəhadətnaməsi ilə yanaşı, istehsalatda baş vermiş bədbəxt hadisə haqqında akt və yaxud işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə işçi ilə istehsalatda bədbəxt hadisənin baş verməsi barədə məhkəmənin qərarı (yəni, hər iki sənəd) olmalıdır. Həmin Qərarın 1.4-cü bəndinə əsasən təqsirkar işəgötürən istehsalatda bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə tutulmuş, müvafiq həkim məsləhət komissiyası və ya TSEK-in rəyi əsasında müvəqqəti yüngül işə keçirilmiş işçilərə əvvəlki əmək haqqı ilə yeni iş yerindəki əmək haqqı arasındakı fərqi ödəyir. Bu fərq işçinin əmək qabiliyyəti bərpa olunanadək, əlillik müəyyən edildiyi vaxtadək ödənilməlidir.
50. 3.1-ci bəndinə əsasən, zərərçəkənin (ailə başçısının) öldüyü halda zərərə görə ödəncləri almaq hüququ olan şəxslər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1121-ci maddəsi ilə müəyyən edilir.
51. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Rusiya Federasiyasına qarşı çıxarılmış qərarlarının icrası ilə bağlı xx.xx.2009-cu il tarixli aralıq qətnaməsinə əsasən mənəvi ziyan hüquq pozuntusunun özünün birbaşa nəticəsi olduğuna görə vətəndaş mənəvi ziyanın mövcudluğunu sübut etməli deyildir. Həmin Məhkəmənin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər - inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır.
52. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarına əsasən, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 290-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi zərərə görə maddi məsuliyyət daşıyır. İşçiyə mənəvi zərərin ödənilməsi ilə əlaqədar müddəalar Əmək Məcəlləsinin 290-ci maddəsi ilə yanaşı bir sıra başqa maddələrində də (məsələn: 2, 16, 194, 195, 196, 202, 288 və 300-cü maddələrdə) nəzərdə tutulmuşdur. İşəgötürənin hər hansı qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində işçiyə vurulmuş mənəvi zərərin məbləği Əmək Məcəlləsinin 290-cı maddəsində nəzərdə tutulmuş qaydada müəyyən edilməlidir.
53. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında göstərilmişdir ki, təqsirin mövcudluğu hüququn bütün sahələrində nəzərdə tutulan hüquq məsuliyyətinin yaranması üçün ümumi və hamılıqla qəbul edilən şərtdir və bu qaydadan hər hansı istisna qanunvericilikdə mütləq birbaşa və birmənalı göstərilməlidir. Buna müvafiq olaraq təqsirsiz məsuliyyət halları yalnız qanunvericilikdə göstərildiyi təqdirdə mümkündür. Beləliklə, qarşılıqlı maddi məsuliyyət yaranması üçün təqsirin mövcudluğu vacibdir. Buna müvafiq olaraq qanunverici Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsinin məzmununu müəyyən etmişdir. Həmin maddədə təqsir ayrıca şərt kimi bilavasitə göstərilməsə də, qanunverici bu ünsürü maddi məsuliyyət yaranması üçün vacib hesab edir. Əməyin mühafizəsi qaydalarının pozulmasına görə maddi məsuliyyətə gəldikdə isə qanunverici bu prinsipi nəzərə alaraq, Əmək Məcəlləsinin 239-cu maddəsinin məzmununu müəyyən etmişdir. Belə ki, həmin maddənin birinci hissəsinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin, eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. Göründüyü kimi, əməyin mühafizəsi qaydalarının pozulmasında yalnız təqsiri sübuta yetirilən işəgötürən məsuliyyətə cəlb oluna bilər. Nəzərə alınmalıdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Məhz bu baxımdan qanunvericilikdə işəgötürənin işçiyə münasibətdə tam maddi məsuliyyəti müəyyən edilmişdir. Qanunvericinin bu yanaşmasına müvafiq olaraq Nazirlər Kabinetinin Qərarının 1.1ci bəndində müəyyən edilmişdir ki, zərərçəkənin təqsirinin dərəcəsindən asılı olmayaraq dəyən zərərin əvəzi ödənilir. Əmək Məcəlləsinin 239-cu maddəsinin məzmununa müvafiq olaraq işəgötürənin təqsiri oldugu halda təqsirinin dərəcəsindən asılı olmayaraq, o, tam məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
54. 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.
55. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.
56. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
57. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
58. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
59. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
60. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
61. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
62. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. b) Əsaslandırma
63. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, iddia qismən təmin edilməlidir.
64. Belə ki, işin faktiki hallarına əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X34 Xidmətinin “İstehsalatda baş verən bədbəxt hadisənin təhqiq edilməsi üçün Təhqiqat komissiyasının yaradılması haqqında” 13 iyul 2022-ci il tarixli əmrinə əsasən formalaşdırılmış komissiyanın rəyindən görünür ki, bədbəxt hadisənin baş verməsində təhqiqat aktının 4-cü bölməsinin 4.1-ci bəndinə əsasən “Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialının sürücüsü X17, 4.2-ci bəndinə əsasən “Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialının Baş sürücüsü X20 cavabdehliyini müəyyən etmişdir. X4, X31 ölmələri və X17 xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə istehsalat xarakterlidir, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli, 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”na müvafiq olaraq İZ formalı aktlarla rəsmiləşdirilməli və “Özgün Yapı Sanayi və Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialı tərəfindən uçota alınmalıdır.
65. İstehsalatda bədbəxt hadisə haqqında 1 saylı “İZ” formalı aktdan görünür ki, “Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialının sürücüləri X13, X24, qeydiyyatçı X41 xx.xx.2022-ci il tarixdə Filialın Şəmkir rayonu, Çinarlı qəsəbəsində yerləşən düşərgəsinə gəlmişlər. Filialın sahə rəisi X26 onlara gün ərzində görəcəkləri işlərlə bağlı tapşırıqlar vermiş və hamin işlərin xüsusiyyətinə uyğun təlimatlandırma keçmişdir. Tapşırığa əsasən sürücülər E.Muxdarov və T.Cəfərov idarə ətdikləri yük maşınları ilə Şəmkir rayonunun Sərxan kəndi ərazisində yerləşən qum-çınqıl daş karxanasından yol işlərində istifadə olunan dolğu materiallarını hazırda tikintisi davam edən Şəmkir-Zəyəm yol layihəsinin 15-16 km-nə daşınması ilə məşğul olurdular. E.Muxdarov həmin marşrut üzrə idarə etdiyi “Ford Kargo” markalı, **-JT-*** dövlət qeydiyyat nişanlı yük maşını ilə 5 reys edərək yük daşınmasını təmin etmişdir. T.Cəfərov isə idarə etdiyi “Ford Kargo” markarlı, **-JT-*** dövlət qeydiyyat nişanlı yük maşınının texniki baxış keçirilməsi səbəbindən nahar fasiləsindən sonra yük daşıma işinə başlamışdır. T.Cəfərov həmin marşrut üzrə 2 reys yükdaşımanı təmin etmişdir. Təxminən saat 18:30 radələrində T.Cəfərov idarə etdiyi yük maşını ilə Şəmkir rayonu Şuşa küçəsi ilə Şəmkir şəhərinin mərkəzi istiqamətində hərəkətdə olarkən ondan irəlidə hərəkətdə olan E.Muxdarov tərəfdən idarə edilən yük maşınına arxadan sol tərəfdən çırpılmışdır. Zərbənin təsirindən E.Muxdarovun idarə etdiyi yük avtomobili yolun sağ hissəsinə yuvarlanmışdır. Baş vermiş yol nəqliyyat hadisəsi yerinə polis işçiləri təcili tibbi yardım briqdası və müəssisənin məsul işçiləri gəlmişlər. Hadisə nəticəsində ölmüş “Ford Kargo” markalı **-JT-*** markalı yük maşının sürücüsü E. Muxdarov və kabinada olan qeydiyyatçı A.Əliyev aidiyyəti üzrə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Anatomiya Birliyi" publik hüquqi şəxsin Şəmkir rayon şöbəsinə təhvil verilmiş, xəsarət almış digər sürücü T.Cəfərov Şəmkir rayon Mərkəzi Xəstəxanasına aparılmışdır.
66. Yuxarıda qeyd edilən komissiyanın rəyindən eyni zamanda görünür ki, bədbəxt hadisənin baş verməsinə səbəbləri "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin hissəsinin 3-cü bəndinin (öz hərəkəti ilə yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, hərəkətləri və ya hərəkətsizliyi ilə digər yol hərəkəti iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı) tələblərinin pozulması; "Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirkəti"nin Azərbaycan Respublikasındakı filialının rəhbərliyi tərəfindən təsdiq edilmiş Baş sürücünün İİ.Vəzifə öhdəlikləri bölməsinin abzasının (Avtomobili yükləmə zamanı yük altına verilməsini, yüklərin yüklənib-boşaldılmasına yükün yerləşdirilib kuzovda bağlanmasına nəzarət etməlidir) tələbinə riayət edilməməsi olmuşdur.
67. Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(100)-151/2023 nömrəli hökmü ilə X24 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 4 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.
68. Bundan əlavə, həmin hökm ilə müəyyən edilmişdir ki, X24 idarə etdiyi avtomobildə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 57-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən daşınan yükün kütləsi və yüklərin oxlar üzrə paylanması istehsalçı müəssisənin həmin nəqliyyat vasitəsini növü üçün müəyyən etdiyi kəmiyyətlərdən artıq olmamalı olduğu halda qanunun qeyd edilən tələblərinə riayət etməyərək istehsalçı müəssisənin həmin nəqliyyat vasitəsi üçün müəyyən etdiyi kəmiyyətdən artıq, yəni təxminən 55 ton yük daşıyaraq nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmuşdur.
69. Göründüyü kimi, “Özgün Yapı Sanayi və Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialının sürücüsü Tural Cəfərovun və baş sürücüsü Rəhman Əhmədovun vəzifə öhdəliklərini pozması hadisənin baş verməsinə səbəb olmuşdur. Belə olan halda, işəgötürənin hər hansı inzibati və ya cinayət məsuliyyətinə cəlb olunmaması onun əməyin mühafizəsi normalarının pozulması nəticəsində iddiaçının səhhətinə vurulan zərərə görə məsuliyyət daşımaması anlamına gəlmir.
70. Beləliklə, iş materiallarına və tərəflərin izahatlarına əsasən hadisənin iddiaçının mərhum ərinin əmək funksiyalarının icrası zamanı baş verdiyi, sözügedən bədbəxt hadisənin istehsalat xarakterli olması, həmçinin, hadisənin əməyin təhlükəsizlik qaydalarının pozulması ilə bağlı olduğu, hadisənin baş verməsində işəgötürənin də təqsirli olduğu, hadisə nəticəsində iddiaçının həlak olduğu öz təsdiqini tapır.
71. Məhkəmə onu da qeyd edir ki, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında göstərilir ki, qanunverici təqsiri maddi məsuliyyətin yaranmasının vacib şərti kimi göstərməklə yanaşı, təqsirin sübuta yetirilmə vəzifəsinin kimin üzərinə qoyulması məsələsini də müəyyən etmişdir. Belə ki, Əmək Məcəlləsinin 192-ci maddəsinin 2-ci hissəsinə əsasən tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Beləliklə, işəgötürənin və işçinin birinin digərinə vurduğu ziyana görə maddi məsuliyyəti ilə bağlı məsələlərdə qanunvericilikdə təqsirlilik prezumpsiyası prinsipi nəzərdə tutulmuşdur. Həmin prinsipə əsasən işəgötürən öz təqsirsizliyini sübuta yetirə bilmədiyi hallarda təqsirli sayılır. İşin yuxarıda qeyd edilən hallarına əsasən, hazırkı halda işəgötürən istehsalat xarakterli bədbəxt hadisənin baş verməsində təqsirsiz olmasını sübuta yetirə bilməmişdir.
72. Baş vermiş bədbəxt hadisə nəticəsində iddiaçının əri Elsevər Muxdarov həlak olmuşdur. Hadisədən sonra əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar X4 hesabına cavabdeh şirkət tərəfindən 2057.82 manat pul vəsaiti köçürülmüş, eyni zamanda, Elsevər Muxdarov işlədiyi şirkət tərəfindən sığorta olunduğundan, "xxxx" SŞ ASC tərəfindən, onun arvadı İddiaçı və uşaqlarına cəmi 38.779,82 manat məbləğində sığorta ödənişi verilmişdir. Əmək Məcəlləsinin yuxarıda qeyd olunan 239-cu maddəsinin 5-ci hissəsinə əsasən bu maddə ilə nəzərdə tutulmuş ödənclərin verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada işəgötürən tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunan işçilərə şamil olunmur, yəni istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunan işçilərə münasibətdə işəgötürənin maddi məsuliyyəti istisna edilir.
73. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının ərinin istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində həlak olmasına görə cavabdeh şirkətdən yenidən ona ödənişlər etməsi hissəsində tələb əsassızdır və təmin oluna bilməz.
74. Məhkəmə iddia tələbinin iddiaçının ərinin dəfninə xərclədiyi 8000 manatın ödənilməsinə münasibətdə qeyd edir ki, iddiaçı dəfn xərclərinin məbləği barədə mötəbər sübutları məhkəməyə təqdim etmədiyindən, həmçinin, dəfn xərcinin cavabdeh şirkət tərəfindən ödənilməsi ilə bağlı məhkəmə iclaslarında ziddiyyətli izahatlar verdiyindən həmin hissədə də iddia təmin oluna bilməz.
75. Buna baxmayaraq məhkəmə kollegiyası iddiaçının mənəvi ziyanla bağlı tələbinə münasibətdə qeyd edir ki, həmin hissədə iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, cavabdehin qeyd edilən normalar çərçivəsində maddi məsuliyyət daşıması üçün zəruri olan bütün şərtlərin mövcud olması iş materialları ilə sübut olunur.
76. Göründüyü kimi, iddiaçı istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində ərini itirmişdir. Qeyd edilənlərlə əlaqədar iddiaçının mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və o bu hadisə, habelə ondan sonrakı proseslər zamanı keçirdiyi stress, əzab və əziyyətlərlə bağlı olaraq ona vurulmuş mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlıdır.
77. Məhkəmə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Rusiya Federasiyasına qarşı çıxarılmış qərarlarının icrası ilə bağlı xx.xx.2009-cu il tarixli aralıq qətnaməsi və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarının göstərişlərini nəzərə alaraq, işəgötürənin işçiyə vurduğu mənəvi ziyana görə tam maddi məsuliyyət daşımasını, Əmək Məcəlləsinin 290.3-cü maddəsinin tələbinə əsasən vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsini, işçinin və işəgötürənin şəxsiyyətini və işin faktiki hallarını nəzərə alaraq mənəvi zərəri 10.000 manat məbləğində qiymətləndirir. Belə ki, iddiaçıya dəymiş mənəvi zərərin 10.000 (on min) manat həcmində müəyyənləşdirilməsi onun mənəvi iztirablarının ağlabatan, ədalətli və mütənasib əvəzi kimi qəbul edilə bilər.
78. Məhkəmə qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. Mülki prosesdə məhkəmə həqiqətə nail olmaq üçün yalnız işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
79. Göstərilənlər “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019cu il tarixli Qərarında da öz əksini belə tapmışdır ki, mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır.
80. Məhkəmə qeyd edilən halları əsas götürərək bu qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh “Özgün Yapı Sanayi və Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialından İddiaçı xeyrinə 10.000 manat məbləğində mənəvi ziyana görə pul tutulmalıdır. Məhkəmə xərcləri
81. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
82. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.
83. “Dövlət rüsumu haqqında” Qanunun 9.1.3-cü maddəsinə əsasən, əlillik, səhhətə digər xəsarətlər yetirilməsinə və ya ailəni dolandıranın ölümü nəticəsində dəyən ziyanın ödənilməsi barəsində iddialar üzrə – iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.
84. İddia səhhətə xəsarətlər yetirilməsinə ilə bağlı olduğundan, iddiaçı dövlət rüsumu ödəməkdən azaddır və iddia qismən təmin edildiyindən, dövlət rüsumu (iddia ərizəsinin verilməsi üçün) həmin nisbətdə, yəni 120 manat olmaqla cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Nəticə
85. Beləliklə məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, vurulmuş mənəvi ziyana görə 10,000 manat pul vəsaiti cavabdeh “Özgün Yapı Sanayi və Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialından tutularaq İddiaçı ödənilməli; iddia ərizəsinin verilməsinə görə iddiaçının azad edildiyi 120 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməli; iddia qalan hissədə təmin edilməməlidir.
86. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh “Özgün Yapı Sanayi və Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialından mənəvi ziyana görə 10,000 manat pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia ərizəsinin verilməsinə görə iddiaçının azad edildiyi 120 manat dövlət rüsumu cavabdeh “Özgün Yapı Sanayi və Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialından tutularaq dövlət büdcəsinə köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Gülnar Aslanova