Məhkəmə qərarları › İş №2(002)-152/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-152/2023

13.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-152/2023 13.03.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası; Cavabdeh İddiaçı qarşı «müqavilənin ləğv edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Əlizamin oğlundan 80.000 manat məbləğində verdiyi borc pul, 40.000 manat məbləğində dəymiş ziyan və 5.000 manat məbləğində cərimə olmaqla, cəmi 125.000 manatın və ödədiyi 340 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı sonralar Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh Əlizamin oğlundan xidmət müqaviləsi üzrə vurulmuş ziyana görə 70.155 manat pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı «müqavilənin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh İddiaçı ilə aralarında bağlanmış 01 aprel 2021-ci il tarixli xidməti müqavilənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olmuş mülki iş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(002)-1011/2023 saylı qərardadı ilə yuxarıda qeyd olunan iddialar üzrə mülki işlər bir icraatda birləşdirilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə həm əmək müqaviləsi, həm də xidmət göstərilməsinə dair müqavilə bağlayaraq işlətdiyi salona stilist kimi işə götürmüşdür. İşə qəbul edərkən o, cavabdehə 80.000 manat pul vermişdir. Həmin pulu verərkən onlar arasında 17 fevral 2021-ci il tarixdə notariat qaydada borc müqaviləsi də bağlamışdır. O, xidmət müqaviləsində də həmin ödənişlə bağlı şərtlərini bildirmiş və cavabdeh də, bu müqavilə ilə razılaşmışdır. Belə ki, xidmət müqaviləsinə əsasən Cavabdeh ona işlədiyi ilk 3 ayda verdiyi puldan hər ay 4.000 manat, qalan aylarda isə 5.000 manat ödəməli idi. Qalan aylarda 5.000 manata çatdırmadığı halda isə ona dəyən ziyanın ödənilməsi məqsədi ilə 5.000 manata qədər cərimə tələb etmək hüququna malikdir. Müqaviləyə görə icraçı müqaviləyə birtərəfli xitam vermək istədikdə sifarişçi, yəni o, müqavilə bağlanarkən ödədiyi 80.000 manatın geri ödənilməsini tələb edə bilər. Həmçinin o, ilkin ödənişdən əlavə olaraq ona dəyən ziyan kimi əlavə olaraq 40.000 manatı da tələb etməyə haqlıdır. Hazırda, cavabdeh ona pul ödəmək istəmir və onun işlədiyi salonda deyil, başqa salonda işləyir. Bu səbəbdən də, xidmət müqaviləsinin şərtlərinə imza edərək qəbul etdiyi kimi onun tərəfindən verilən 80.000 manat pulu, 40.000 manat ona dəyən ziyanı və 5.000 manat cəriməni ödəməsini cavabdehdən tələb etsə də, cavabdeh bundan imtina edir. Bu səbəbdən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onunla cavabdeh İddiaçı arasında 01 aprel 2021-ci il tarixdə xidmət göstərilməsinə dair müqavilə imzalanmışdır. Həmin müqavilənin 2.1.4-cü bəndində qeyd edilmişdir ki, sifarişçi İddiaçı vəzifələri bölməsində icraçıya – yəni ona, müqavilə dəyəri olaraq 80.000 manat ödənilməsi qeyd edilməsinə baxmayaraq, bu günədək sifarişçi tərəfindən icraçıya bununla bağlı hər hansı ödəniş olunmamışdır. İddiaçı həmçinin fevral ayında onunla əmək müqaviləsi bağlayaraq, işçi kimi işə götürmüşdür. Qeyd edir ki, 01 aprel 2021-ci il tarixli xidmət göstərilməsinə dair müqavilə qanunvericiliyin tələblərinə zidd olaraq bağlanmışdır. Belə ki, cavabdeh ilə aralarında olan əmək münasibətləri əmək müqaviləsi ilə tənzimləndiyi üçün hesab edir ki, xidməti müqavilə etibarsızdır. Belə ki, xidməti müqavilənin predmeti onun cavabdehə məxsus obyektdə stilist vəzifəsinin (saç kəsimi, boyanması və s.) icra etməsi ilə bağlıdır. İddiaçı fəaliyyət növü qadın gözəllik salonları tərəfindən xidmətlərin göstərilməsidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinə əsasən: 2-3. Aşağıdakı hallarda tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir; 2-3.4. tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda; 2-4. Bu maddənin 2-3-cü hissəsində nəzərdə tutulan hallardan biri aşkar edildiyi gündən bu maddənin 2-ci hissəsinə uyğun olaraq yazılı əmək müqaviləsi bağlanmalıdır. Digər tərəfdən, 01 aprel 2021-ci il tarixdə cavabdehlə aralarında xidmət göstərilməsinə dair müqavilə imzalanmışdır. Müqavilənin 2.1.4-cü bəndində qeyd edilmişdir ki, icraçıya müqavilə dəyəri olaraq, müqavilə bağlandığı andan 80.000 manat ödəmişdir. Lakin müqavilə 01 aprel 2021-ci il tarixdə bağlanmasına baxmayaraq, bu günə kimi müqavilə öhdəlikləri üzrə ona hər hansı ödəniş olunmamışdır. Onun tərəfindən müqavilənin ləğv edilməsi ilə bağlı qanunvericilikdə tələb olunan bildiriş cavabdeh tərəfin həm faktiki yaşadığı ünvana, həm də qeydiyyatda olduğu ünvana göndərilmişdir. Mülki Məcəllənin 421, 423, 424-cü maddələrinə istinadən hesab edir ki, qarşılıqlı iddiası təmin edilməlidir. Birinci iddia tələbi üzrə iddiaçı, ikinci iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında nümayəndəsi olduğu İddiaçı iddiasını müdafiə etdi, məhkəmədən birinci iddianın təmin, ikinci iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Birinci iddia üzrə Cavabdeh məhkəməyə iddiaya qarşı etiraz göndərərək qeyd etmişdir ki, iddia ərizəsində ondan əsassız olaraq 80.000 manat pul, 40.000 manat iddiaçıya dəyən ziyan və 5.000 manat cərimə olmaqla, cəmi 125.000 manat pulun və ödədiyi 340 manat dövlət rüsumunun alınıb iddiaçıya ödənilməsi tələb olunmuşdur. İddiaçının iddia tələbi aşağıdakı səbəblərə görə əsassız və qanunsuzdur. İddiaçı ilə aralarında bağlanmış əmək, xidməti və borc müqavilələrinin guya bir-biri ilə əlaqəli olması istisna edilir. Aralarında bağlanmış əmək müqaviləsi, xidmət müqaviləsi və kredit müqaviləsi fərqli münasibətləri tənzimləyir və bu müqavilələrin bir-biri ilə heç bir əlaqəsi yoxdur. Belə ki, iddiaçı ilə onun arasında hazırda qüvvədə olan əmək müqaviləsi var. O, iddiaçıya məxsus müəssisədə işçi kimi fəaliyyət göstərir. Buna baxmayaraq, iddiaçı eyni zamanda göstərdiyi stilist fəaliyyətinə görə onunla xidməti müqavilə bağlamışdır. O, hələ iddiaçı ilə 01 aprel 2021-ci il tarixli xidmət müqaviləsi bağlamamışdan təxminən 2 ay əvvəl 17 fevral 2021-ci il tarixdə kredit müqaviləsi bağlamışdır. Həmin müqavilə ilə o, şəxsi məqsədləri üçün iddiaçıdan 80.000 manat məbləğində pulu xx.xx.2026-cı il tarixə qədər qaytarmaq şərti ilə borc almışdır. İddiaçı onunla əmək münasibətlərinə istinad edərək, ona verdiyi borcu əsassız olaraq vaxtından əvvəl qaytarılmasını tələb edir. Halbuki, 17 fevral 2021-ci il tarixdə kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyin icrası vaxtı kredit müqaviləsində dəqiq xx.xx.2026-cı il tarixə qədər göstərilmişdir. Borc öhdəliyinin konkret icra vaxtı göstərildiyi üçün borcverən həmin borcu vaxtından əvvəl ondan tələb edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Həmin Məcəllənin 428.3-cü maddəsinə əsasən əgər icra vaxtı müəyyənləşdirilibsə, şübhələr yarandıqda ehtimal edilir ki, kreditor həmin müddətə qədər tələbin icrasını tələb edə bilməz, borclu isə öhdəliyi vaxtından əvvəl icra edə bilər. İddiaçı istisna hal kimi Mülki Məcəllənin 428.4-cü maddəsində təsbit edilmiş halların olması barədə məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Bundan başqa, iddiaçı guya ona 01 aprel 2021-ci il tarixli xidməti müqavilənin icrası çərçivəsində ona 80.000 manat məbləğində pul verməsini iddia etsə də, həmin müqavilənin bağlanması zamanı ona heç bir ödəniş edilməmişdir. Bunu təsdiq edən sənədləri iddiaçı məhkəməyə təqdim etməmişdir. Yalnız 17 fevral 2021-ci il tarixli kredit müqaviləsinə istinad etmişdir ki, bu da əsassızdır. Belə ki, nə kredit, nə də ki xidmət müqaviləsində həmin münasibətlərin bir-biri ilə əlaqəsinin olması göstərilməmişdir. Onlar ayrı-ayrıl müqavilələrdir, predmetləri də fərqlidir. Kredit müqaviləsi onun şəxsi ehtiyacları üçün xx.xx.2026-cı il tarixə qədər qaytarmaq şərti ilə bağlanmış müqavilədir. Onun iddiaçı ilə arasında olan əmək münasibətlərinə heç bir aidiyyəti yoxdur. Həmçinin, iddiaçı ilə aralarında olan əmək münasibətlərini əmək müqaviləsi tənzimlədiyi üçün, hesab edir ki, xidməti müqavilə etibarsız hesab edilməlidir. Belə ki, mübahisənin predmeti onun iddiaçıya məxsus obyektdə stilist vəzifəsinin (saç kəsimi, boyanması və s.) icra etməsi ilə bağlıdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinə əsasən: 2-3. Aşağıdakı hallarda tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir: 2-3.4. tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda; 2-4. Bu maddənin 2-3-cü hissəsində nəzərdə tutulan hallardan biri aşkar edildiyi gündən bu maddənin 2-ci hissəsinə uyğun olaraq yazılı əmək müqaviləsi bağlanmalıdır. İkinci iddia üzrə iddiaçı, birinci iddia üzrə Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında nümayəndəsi olduğu Cavabdeh iddiasını müdafiə edib təmin edilməsini, əks tərəfin iddiasının rədd edilməsini xahiş etdi. Cavabdeh iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən birinci iddianın rədd, ikinci iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, birinci İddiaçı iddiası rədd, ikinci iddiaçı Cavabdeh iddiası isə təmin edilməlidir. Məhkəmədə müəyyən edildi ki, tərəflər arasında 17 fevral 2021-ci il tarixdə kredit müqaviləsi, 01 aprel 2021-ci il tarixdə xidmət göstərilməsinə dair müqavilə və 06 aprel 2021-ci il tarixdə əmək müqaviləsi bağlanmışdır. Birinci iddia üzrə İddiaçı xidmət göstərilməsinə dair müqavilə üzrə cavabdehdən 70.155 manat pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Birinci iddia üzrə İddiaçı xidmət göstərilməsi barədə müqavilə üzrə Cavabdeh 80.000 manat pul verməsinə dair məhkəməyə mötəbər sübutlar (kassa məxaric orderi, bank çeki, qəbz, sadə yazılı formada pulun alınmasına dair qeyd və s.) təqdim etməmişdir. Əmək müqaviləsi ilə mülki-hüquqi müqavilələr arasında mövcud olan fərqlərdən aşağıdakılar qeyd edilə bilər: - Əmək müqaviləsinin predmeti işçinin əmək fəaliyyətinin özüdürsə, mülki-hüquqi müqavilənin predmeti yerinə yetiriləcək işin və ya xidmətin nəticəsidir. - Əmək müqaviləsindən fərqli olaraq mülki-hüquqi müqavilə bağlanıldığı halda müqavilədə nəzərdə tutulmayıbsa işçiyə əmək kitabçası açılmır və iş stajı hesablanmır. - Əmək müqaviləsinə əsasən işəgötürən işçiyə qanunvericiliklə müəyyən olunmuş qaydada təhlükəsiz və sağlam əmək şəraiti yaratmalı olduğu halda, mülki-hüquqi müqavilədə sifarişçinin üzərinə qanunvericiliklə belə bir öhdəlik qoyulmur. - Əmək müqavilələrində işəgötürən işçini fərdi mühafizə vasitələri ilə təmin etməli olduğu və əməyin mühafizəsinə görə cavabdehlik daşıdığı halda, mülki-hüquqi müqavilələrdə icraçı bunları özü etməli və ya bu öhdəliklər müqavilədə əlavə şərtlər nəzərdə tutulmaqla tənzimlənməlidir. - Əmək müqaviləsi ilə çalışan işçi ilə tam maddi məsuliyyət barəsində müqavilə bağlanmamışdırsa, işəgötürənə dəymiş ziyana görə işçi orta əmək haqqı məbləğində maddi məsuliyyət daşıyır. Mülki-hüquqi müqavilələrdə isə icraçı müqavilədə başqa şərt nəzərdə tutulmamışdırsa dəymiş ziyana görə tam məbləğdə məsuliyyət daşıyır. - Əmək müqaviləsi bağlamış işçinin əmək qanunvericiliyi ilə müəyyən edilmiş emək (iş yerinin saxlanılması, məzuniyyətlərin verilməsi, ezamiyyə xərclərinin ödənilməsi, təhsilinin davam etdirilməsi və s.) və sosial təminat (işdənçıxarma, əmək qabiliyyətinin müvəqqəti itirilməsi və diger hallarda sosial müavinətlərin ödənilməsi, sosial sığortanın həyata keçirilməsi və s.) hüquqları olduğu halda, mülki-hüquqi müqavilələrdə icraçının yalnız müqavilədə göstərilən və qanunvericiliklə bu hal üçün müəyyən edilən təminatlardan istifadə etmək hüququ vardır. - Əmək müqaviləsi bağlandığı halda işçi üçün sosial sığorta haqları işəgötürən tərəfindən emək haqqı fondundan, işçiyə hesablanmış əmək haqqından ödənildiyi halda, mülkihüquqi müqavilələr üzrə işləyənlər üçün bu ödənişlər fərqlidir və yalnız sığortaedən qismində çıxış edən tərəfdən tutulur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinə əsasən: 2-3. Aşağıdakı hallarda tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir; 2-3.4. tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda; 2-4. Bu maddənin 2-3-cü hissəsində nəzərdə tutulan hallardan biri aşkar edildiyi gündən bu maddənin 2-ci hissəsinə uyğun olaraq yazılı əmək müqaviləsi bağlanmalıdır. Göründüyü kimi, tərəflər arasında əmək hüquq münasibətləri mövcud olmuşdur və buna müvafiq olaraq onlar arasında əmək müqaviləsi bağlanmışdır. Tərəflər arasında əmək müqaviləsi mövcud ola-ola xidmət göstərilməsi barədə müqavilənin bağlanması Əmək Qanunvericiliyinə uyğun deyildir. Məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı qarşı «müqavilənin ləğv edilməsi» tələbinə dair iddiası təmin edilməli, onlar arasında bağlanmış 01 aprel 2021-ci il tarixli xidmət göstərilməsi barədə müqavilə ləğv edilməlidir. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası da rədd edilməlidir. Məhkəmə İddiaçı iddiasını rədd etmək qərarına gələrkən, 01 aprel 2021-ci il tarixli xidmət göstərilməsi barədə müqavilənin qanunun tələblərinə zidd olaraq bağlandığını, həmçinin həmin müqavilə üzrə Cavabdeh real olaraq ödəniş edilməməsini nəzərə alır. Məhkəmədə həmçinin müəyyən olundu ki, tərəflər arasındsa 17 fevral 2021-ci il tarixdə kredit müqaviləsi bağlanılmışdır. Həmin müqavilənin icra müddəti 17 fevral 2026-cı il müəyyən edilmişdir. Məhkəmədə müəyyən edildi ki, həmin kredit müqaviləsinin tərəflər arasında bağlanmış xidmət və əmək müqaviləsi ilə əlaqəsi yoxdur. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası təmin edilməməli, Cavabdeh İddiaçı qarşı «müqavilənin ləğv edilməsi» tələbinə dair iddiası təmin edilməli, tərəflər arasında bağlanmış 01 aprel 2021-ci il tarixli xidmət göstərilməsi barədə müqavilə ləğv edilməlidir. Ödəniş qəbzlərindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün İddiaçı tərəfindən 340 manat məbləğində, Cavabdeh tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmədə iddia qaldırılması üçün İddiaçı tərəfindən ödənilmiş 340 manat məbləğində dövlət rüsumu onun özünə aid edilməli, Cavabdeh tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu İddiaçı tutularaq Cavabdeh ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası təmin edilməsin. Cavabdeh İddiaçı qarşı «müqavilənin ləğv edilməsi» tələbinə dair iddiası təmin edilsin. Tərəflər arasında bağlanmış 01 aprel 2021-ci il tarixli xidmət göstərilməsi barədə müqavilə ləğv edilsin. Məhkəmədə iddia qaldırılması üçün İddiaçı tərəfindən ödənilmiş 340 manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Cavabdeh tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu İddiaçı tutularaq Cavabdeh ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar