Məhkəmə qərarları › İş №2(002)-1520/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1520/2020

23.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1520/2020 23.09.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Əsədov Cavid Həbib oğlunun katibliyi, iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” X3 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 və Cavabdeh2 iştirakı ilə, iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” X3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşıkredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşıkredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin xeyrinə müştərək qaydada əsas borc üzrə 3433,53 manat, faiz borcu üzrə 648,74 manat, müqavilə müddəti bitdikdən sonra illik 5%-lə hesablanmaqla 278,98 manat faiz borcu, cərimə üzrə 3296,18 manat olmaqla, cəmi 7657,43 manat borcun, həmçinin iddia ərizəsi üzrə ödənilmiş 30 manat dövlət rüsumunun, habelə 0,4 manat (qırx qəpik) bank xidməti haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” X3 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 izahat verərək bildirdi ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin Müştəri Xidməti Departamenti ilə Cavabdeh1 arasında bağlanmış 190-xx.xx.2014-SM33 nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 25 faizlə 36 ay müddətinə 5000 manat kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi iddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2014-cı il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Cavabdehlər tərəfindən yuxarıda qeyd edilən kredit müqaviləsinin şərtlərinə uyğun olaraq kredit müqaviləsi üzrə verilmiş vəsait və ona hesablanmış faizlər tam və vaxtında ödənilməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı səy göstərsə də cavabdehlər öz öhdəliyini bu günədək yerinə yetirməmişdir. Sözügedən 190-xx.xx.2014-SM33 nörməli, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixinə Cavabdeh1 əsas borc üzrə 3433,53 manat, faiz borcu üzrə 648,74 manat, müqavilə müddəti bitəndən sonra illik 5 faiz hesablanmaqla faiz borcu üzrə 278,98 manat, cərimə borcu 3296,18 manat olmaqla, cəmi 7657,43 manat borcu vardır. Bu səbəbdən iddiaçı təşkilat məcburiyyət qarşısında qalaraq iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Hazırda o, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Cavabdeh2 izahat verərək bildirdi ki, həqiqətən borca görə zamin olmuşdur. Əsas borclu Cavabdeh1 onun qardaşı olmaqla hazırda hərbi təlimdədir. Tələb olunan məbləği maddi imkanları olmadığı üçün birdəfəyə ödəmək imkanına malik deyillər, hissə-hissə ödəyə bilərlər. Cərimə məbləği isə əsassız olaraq artırılmışdır. Qeyd olunanlara əsasən, iddianın qismən təmin edilməsinə etiraz etmir. Digər Cavabdeh1 məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən, mülki işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, izahatları dinləyib, işdə olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi aşağıda göstərilən əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx xxxxxxxx 2014-cü il tarixli, 190-xx.xx.2014-SM33 saylı təminatlı kredit müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxxxx 2014-cü il tarixli, 190-xx.xx.2014-SM33 saylı kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə illik 25 faizlə 5000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx xxxxxxxx 2014-cü il tarixli 190-xx.xx.2014-SM33 zaminlik müqaviləsindən görünür ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış 190-xx.xx.2014-SM33 nömrəli xx.xx.2014 tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə Cavabdeh2 arasında xx xxxxxxxx 2014-cü il tarixli 190-xx.xx.2014-SM33 saylı zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC tərəfindən təqdim edilmiş MK- 0394 saylı, xx xxxxxxxx 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 190xx.xx.2014-SM33 nömrəli xx.xx.2014 tarixli kredit müqaviləsi üzrə xx xxxxxxxx 2020-ci il tarixinə 3433,53 manat əsas borc, 648,74 manat faiz borcu, 3296,18 manat cərimə, müqavilə müddəti bitdikdən sonra illik 5%-lə hesablanmaqla 278,98 manat faiz borcu olmaqla, cəmi 7657,43 manat məbləğində borcu vardır. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək müəyyən edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən, icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 445.7ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Sadalanan hüquq normalarının tələblərinə əsasən məhkəmə müəyyən edir ki, cavabdeh borclu iddiaçı təşkilatdan aldığı kredit üzrə əsas borcu və faizləri iddiaçıya vaxtında ödəmək öhdəliyinin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə öhdəliklərini icra etməyərək, iddiaçı təşkilat qarşısında həmin pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də iddiaçı təşkilatın qeyd olunan müqavilə üzrə əsas borc, faiz borcu, habelə müqavilə müddətindən sonrakı dövr üçün illik beş faizlə hesablanmış faiz borcu ilə bağlı tələbləri tam əsaslıdır. Bununla yanaşı, məhkəmə hesab edir ki, iddia tələbi cərimə hissəsində qismən əsassızdır. Belə ki, müqavilədə cərimənin hesablanması qaydası yüksək həddə müəyyən edilmiş və borclunun maddi vəziyyəti nəzərə alınmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə müəyyən edilmiş yüksək dəbbə pulunu azalda bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Odur ki, məhkəmə borclunun və kreditorun əmlak mənafelərini, ümumi borc məbləğini nəzərə alaraq, mövcud müqavilə üzrə cərimə tələbinin azaldılmasını və 100 manat həddində təmin olunmasını ağlabatan və ədalətli hesab edir. Məhkəmə, iddia tələbinin əsas borclu ilə birgə zaminə yönəldilməsi hissəsinə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə birgə məsuliyyət daşıyırlar. Məhkəmə iddianın dövlət rüsumunun və bank xidməti haqqının cavabdehdən tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, həmin tələb təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 3433,53 manat, faiz borcu üzrə 648,74 manat, cərimə üzrə 100 manat, müqavilə müddəti bitdikdən sonra illik beş faizlə hesablanmış faiz borcu üzrə 278,98 manat olmaqla, cəmi 4461,25 manat (dörd min dörd yüz altmış bir manat iyirmi beş qəpik) məbləğində borc pul vəsaiti, habelə 30 manat dövlət rüsumu və 0,4 manat bank xidməti haqqı tutularaq iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASCnin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar