Məhkəmə qərarları › İş №2(002)-1533/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1533/2020

19.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1533/2020 19.08.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclasının katibi Muxtarov Nurlan Nurəddin oğlunun katibliyi, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, alimentin miqdarının artırılaraq Cavabdeh xx.xx.2006-cı il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə, 340 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «alimentin artırılması» tələbinə dair iddia ərizəsini onunla əsaslandırmışdır ki, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(041)-1405/2019 saylı qətnaməsinə əsasənKürdəmir Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(041)-2077/2017 saylı qətnaməsi ilə təyin olunmuş miqdarı dəyişdirilərək İddiaçı ilə Cavabdeh birgə nikahlarından xx.xx.2006-cı il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq Cavabdeh hər ay hər uşağa görə sabit pul məbləğində 120 manat olmaqla 240 manat aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Hazırda uşaq üçün yaşayış minimumu artdığından eləcə də uşağın tələbatı çoxaldığından cavabdehdən 170 manat miqdarında aliment tutulmasını istəyir. Həmçinin cavabdehin kifayət qədər imkanı olsa da uşağa heç bir maddi yardım göstərmir. Həmçinin uşaqlardan Məmmədov Siyasət xəstə olmaqla daima həkim müalicəsində olmuş cavabdeh uşağının xəstə olmasını bilsə də, heç bir maddi yardım göstərməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin müvafiq maddələrinə əsasən iddia təmin edilməlidir. İddiaçı iddia ərizəsinin qeyd hissəsində işə onun iştirakı olmadan baxılmasını və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmənin ünvanına etiraz ərizəsi göndərərək iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, onun əmək haqqı isə cəmi 450 (dörd yüz əlli) manat civarındadır. İddiaçıya ödəniş edəndən sonra əmək haqqından mənə 85 (səksən beş) manat məbləğində pul qalır. bununla da heç kəs bir ay ərzində yaşaya bilməz. Buna görə də, məhkəmədən ədalətli qərar qəbul etməyi, iddianın təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, etiraz ərizəsinin məzmununa uyğun izahat verərək iddianı qəbul etmədiyini bildirdi. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(041)-1405/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilərək Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(041)-2077/2017 saylı qətnaməsi ilə təyin olunmuş miqdarı dəyişdirilərək İddiaçı ilə Cavabdeh birgə nikahlarından xx.xx.2006-cı il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq Cavabdeh hər ay hər uşağa görə sabit pul məbləğində 120 manat olmaqla 240 manat aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş AZ İ seriyalı 973405 saylı və AZ İİ seriyalı 912682 saylı doğum haqqında şəhadətnamələrin lazımi qaydada təsdiq edilmiş surətlərindən görünür ki, tərəflərin birgə nikahdan doğulmuş xx.xx.2006-cı il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X3 adlı iki azyaşlı uşaqları var. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş “xxxxxxxxxxxx” MMC-də istehsalat üzrə fəhlə vəzifəsində işləyir və aylıq əmək haqqı 544 manat təşkil edir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Baş Səhiyyə X5 Xəstəxanasının və Respublika Uşaq Klinik Xəstəxanasının xəstəlik kağızlarından görünür ki, X3 xəstəlikləri ilə əlaqədar olaraq müayinələrdən keçmişdir. Tərəflərin aralarında olan nikahın pozulması, 2 övladlarının olması, uşaqların iddiaçının yanında saxlanılması və onların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” x xxxxxxx 2012-ci il tarixli qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. Ailədə uşaqların hüquqlarının və mənafelərinin müdafiəsinin və bununla bağlı digər məsələlərin tənzimlənməsinin hüquqi əsasları Ailə Məcəlləsində təsbit olunmuşdur. Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Göründüyü kimi, qanunverici yetkinlik yaşına çatmayan uşaqların saxlanılmasını valideynlərin vəzifəsi kimi müəyyən etmiş və bunun qaydasını və formasını müəyyənləşdirməkdə onlara müstəqillik vermişdir. Lakin uşaqların saxlanılmasından boyun qaçıran valideynlər bu vəzifəni həyata keçirməyə məhkəmə qaydasında məcbur edilə bilərlər. Valideynlər Ailə Məcəlləsinin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (alimentin artırılması ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (alimentin artırılması) valideynlərdən məhkəmə qaydasında tutulur. Alimentin artırılması ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün alimentin artırılması tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir (Ailə Məcəlləsinin 75.3, 75.4 və 75.5-ci maddələri). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə hesab edir ki, hazırda yetkinlik yaşına çatmamış uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən yuxarıda qeyd olunan qətnamə ilə təyin edilmiş miqdarda (iki uşağa görə 240 manat məbləğində) aliment uşağın günün tələblərinə uyğun təmin edilməsinə, yəni hər il daha da böyüyən və tələbatları artan uşaqların normal saxlanılması üçün kifayət deyildir, uşaqların sağlam böyüməsinə, normal qidalanmasına, geyim və sair tələbatlarının ödənilməsinə imkan vermir. Məhkəmə qeyd edilənləri, həmçinin hər iki tərəfin maddi vəziyyətini, uşaqları saxlamanın hər iki valideynin vəzifəsi olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2006-cı il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(041)-1405/2019 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılmalı, Cavabdeh İddiaçı xeyrinə xx.xx.2006-cı il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən bir uşağa görə hər ay 130 manat, iki uşağa görə cəmi 260 manat miqdarında sabit pul məbləğində aliment tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2006-cı il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(041)- 1405/2019 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılsın. Cavabdeh İddiaçı xeyrinə xx.xx.2006-cı il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən hər ay 130 (yüz otuz) manat, iki uşağa görə cəmi 260 (iki yüz altmış) manat miqdarında sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar