Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1539/2020 01.10.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh bacısı X1 vasitəsi ilə tanış olmuşdur. Cavabdeh evlənmək məqsədi ilə ondan xx xxxxxx 2017-ci il tarixdə 4.000 manat ayda 3 % ödəmək şərti ilə borc almışdır. Sonra isə 2017-ci ilin noyabr ayında 300 manat, 2018-ci ilin may ayında 1.000 manat, daha sonra 2018-ci ilin sentyabr ayında 1.000 manat almışdır. Beləliklə, Cavabdeh ondan cəmi 6.300 manat borc almışdır. Cavabdeh yazılı surətdə yazdığı izahatda ona əsas borc və 1.890 manat ödəməyi öhdəlik kimi verəcəyini bildirmişdir. Cavabdeh 6.300 manat əsas borc, 1.890 manat faizi, yəni 8.190 manat edir. Ancaq 2017-ci ilin avqustundan 2019-cu ilin avqustuna qədər iki ildən çox vaxt keçir. Cavabdeh indiyə qədər cəmi 2.000 manat ödəmişdir. Cavabdeh xx xxxxxx 2019-cu il tarixdə yazılı şəkildə izahat yazaraq öz imzası ilə təsdiq etmişdir ki, ona 6.190 manat borcu var. Lakin 2019-cu ilin yanvar ayından indiyə qədər borcunu ödəmir. Cavabdeh borcu ödəməkdən imtina edir. Cavabdeh xx xxxxxx 2017-ci il tarixdən xx xxxxxx 2019-cu il tarixədək aldığı borcu qaytarmamışdır. Bunun nəticəsində cavabdeh tərəfindən ona xeyli miqdarda maddi və mənəvi ziyan vurulmuşdur. Bu səbəbdən, cavabdehdən maddi ziyana görə 2.500 manat, mənəvi ziyana görə 2.000 manat pulun ödənilməsini də tələb edir. Göstərilənlərə əsasən, 6.190 manat əsas borc, 2.500 manat maddi ziyan, 2.000 manat mənəvi ziyan olmaqla, cəmi 10.690 manat pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək, izahatında bildirdi ki, onun iddiaçıya ödənilməmiş 6.190 manat borcu vardır. Qalan hissədə isə iddianı qəbul etmir. Ona görə də, iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə, iddiaçının və cavabdehin izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş sadə yazılı formada müqavilədən (qəbzdən, iltizamdan) göründüyü kimi, Cavabdeh xx xxxxxx 2017-ci ildə, 2017-ci ilin noyabr ayında, 2018-ci ilin may ayında və həmin ilin sentyabr ayında hissə hissə olmaqla, İddiaçı borc aldığını, 2019-cu ilin fevral ayından cəmi borcunun 6.190 manat təşkil etməsini etiraf etmiş, həmin məbləğin hissə hissə ödənilməsini öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, cavabdeh iddiaçıya olan 6.190 manat borcunu tam və vaxtında qaytarmamışdır və iddiaçı qarşısında qeyd olunan məbləğ həddində məsuliyyət daşıyır. Ödəniş qəbzindən göründüyü kimi, məhkəməyə iddia ərizəsi təqdim olunması üçün iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 6.190 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. İddianın qalan hissəsi rədd edilməlidir. Belə ki, iddiaçı ona 2.500 manat maddi ziyan və 2.000 mavnat mənəvi (real) zərərin vurulmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası qismən təmin edilsin. 6.190 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulsun. İddianın qalan hissəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-1539/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1539/2020
01.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver