Məhkəmə qərarları › İş №2(002)-1543/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1543/2020

20.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1543/2020 20.08.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Cavabdeh Niyət oğlunun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh Niyət oğluna qarşı «alimentin miqdarının artırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Niyət oğluna qarşı «alimentin miqdarının artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx xxxxxxx 2016-cı il tarixdən rəsmi nikahdadır. Birgə nikahlarından doğulmuş xx xxxxxx 2017-ci il təvəllüdlü Cəfərli Ayan adlı bir övladları var. Cavabdeh birgə nikahlarından olan övladlarının saxlanılması üçün heç bir maddi köməklik etmədiyindən məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(002)-1939/2018 saylı qətnaməsi ilə iddiası təmin edilmiş, cavabdehdən onun xeyrinə X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 154 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Uşaqları 3 yaşına çatmadığından hər hansı bir yerdə işləmək imkanı yoxdur. Cavabdehin verdiyi 154 manat məbləğində aliment də tələbat artdığından onlara çatmır. Demək olar ki, həmin alimenti də vaxtlı-vaxtında ödəmir. Bu səbəbdən də, maddi çətinliklər çəkirlər. Uşaqlar üçün hazırda yaşayış minimumu 170 manat həddində müəyyən edilmişdir. Cavabdeh isə əvvəlki qaydada aliment ödəməklə valideynlik borcunu yerinə yetirdiyini düşünür. Halbuki, uşaq böyüdükcə əlavə xərclərə də ehtiyacı artır. Bundan başqa, qanunu bilmədiyindən vaxtında məhkəməyə müraciət edərkən uşağın 3 yaşına çatanadək ona qulluğa görə aliment tələb etməmişdir. Maddi vəziyyəti ağır olduğundan indi həmin alimenti də tələb etmək qərarına gəlmişdir. Qanunvericilik də buna imkan verir. Göstərilənləri nəzərə alaraq, xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(002)-1939/2018 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh Niyət oğlundan onun xeyrinə hər ay 170 manat sabit pul məbləğində aliment, həmçinin xx.xx.2017-ci il təvəllüdlü X3 3 yaşına çatanadək saxlanılması üçün Cavabdeh Niyət oğlundan onun xeyrinə hər ay əlavə olaraq 100 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Niyət oğlunun nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbini qəbul etməyib, məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınması barədə vəsatət verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(002)-1939/2018 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh Niyət oğluna qarşı «aliment» tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh Niyət oğlundan xx xxxxx 2018-ci il tarixdən başlayaraq xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 154 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin əvvəllər rəsmi nikahda olmaları, 1 övladlarının olması, uşağın iddiaçının yanında saxlanılması və onun yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, ölkə üzrə yaşayış minimumunun uşaqlar üçün 170 manat olduğu halda, hazırda yetkinlik yaşına çatmamış 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən yuxarıda qeyd olunan qətnamə ilə təyin edilmiş miqdarda aliment tutulması uşağın günün tələblərinə uyğun təmin edilməsinə, yəni hər il daha da böyüyən və tələbatları artan uşağın normal saxlanılması üçün kifayət deyildir, uşağın sağlam böyüməsinə, normal qidalanmasına, geyim və sair tələbatının ödənilməsinə imkan vermir. Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Ailə Məcəlləsinin 84.2 və 84.2.2-ci maddələrinə əsassən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(002)-1939/2018 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh Niyət oğlundan İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay 170 manat sabit pul məbləğində aliment tutulmalıdır. İddianın qalan hissəsi rədd edilməlidir. Ona görə ki, İddiaçı xx.xx.2017-ci il təvəllüdlü X3 3 yaşına çatanadək saxlanılması üçün Cavabdeh Niyət oğlundan hər ay əlavə olaraq 100 manat sabit pul məbləğində aliment tələb etsə də, cavabdehin zəruri vəsaitə malik olması barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(002)-1939/2018 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh Niyət oğlundan İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay 170 manat sabit pul məbləğində aliment tutulsun. İddianın qalan hissəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: KAMRAN ƏSƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar