Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1554/2021 08.06.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Əsədov Cavid Həbib oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 2780 (iki min yeddi yüz səksən) manat məbləğində borc pul vəsaitinin və 30 (otuz) manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı izahat verərək bildirdi ki, 2019-cu ilin oktyabr ayında ABŞ-da yaşayan dostu ona iki ədəd İPHONE 11PRO markalı telefonu satması üçün ona göndərmişdir. Belə ki, həmin telefonları satıb pulu dostuna qaytarmalı idi. Ona görə də telefonları öz facebook səhifəsində online satışa çıxarmışdır. Daha sonra cavabdeh ona zəng edərək telefonları almaq istədiyini bildirmişdir. O, cavabdehlə oktyabr ayının 18-də Səbail rayonu ərazisində yerləşən Park Bulvarda görüşmüşdür. Aralarında telefonun birinin qiymətini 3000 manat, digərini isə 1900 ABŞ dolları kimi qiymətləndirmişlər. Cavabdeh ilkin olaraq ona 1000 manat ödəniş etmiş və pulun qalanını bir neçə günə verəcəyini bildirmişdir. Sonrakı günlərdə cavabdeh ona iki dəfəyə 800 və 700 manat məbləğində pul vermişdir. Ümumilikdə cavabdeh ona 2500 manat ödəməklə, 3700 manat borcu qalmışdır. Sonradan yenidən ona 920 manat ödəniş etmiş və cəmi 2780 manat borcu qalmışdır. O, cavabdeh barədə cinayət işinin başlanılması üçün polis idarələrinə şikayətlər etsə də, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və mülki qaydada məhkəmədə iddia qaldırılmalı olduğu bildirilmişdir. Daha sonra cavabdeh aylıq ödənişləri özündə əks etdirən müqavilə bağlanmasını təklif etmiş, bununla da aralarında 09.10.2020-ci il tarixdə borcun qaytarılması barədə öhdəlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, cavabdeh ona 2780 manatı hissə-hissə qaytarmalı idi. Üstündən altı ay keçməsinə baxmayaraq cavabdeh ona pulu qaytarmır. Bundan əlavə, qeyd edir ki, cavabdeh yalnız 2020-ci ilin oktyabr ayında 200 manat ödəniş etmiş və faktiki 2580 manat borcu qalmışdır. Hazırda o, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh dəfələrlə məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 135.7, 185.5-ci maddələrinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, izahatı dinləyib, iş materiallarında olan yazılı sübutları tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən əsaslı hesab olunaraq qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Nəsimi RPİ-nin 22-ci PŞ-nin 24.09.2020-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmış, iddiaçıya mülki qaydada məhkəməyə müraciət hüququ izah edilmişdir. İş materiallarında olan 09.10.2020-ci il tarixli borcun qaytarılması haqda yazılı öhdəlikdən görünür ki, Cavabdeh İddiaçı olan 2780 manat məbləğində borcunu 10 ay ərzində hər ay 300 manat (sonuncu ay 80 manat) olaraq ödəməyə söz vermiş, borcun onun tərəfindən ödənilməsi üçün ona heç kim tərəfindən təzyiq göstərilmədiyini qeyd etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən, əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, məhkəmə iclasında tədqiq edilən mülki iş üzrə sübutlara, o cümlədən iddiaçının izahatına, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının surətinə, borcun qaytarılması haqda yazılı öhdəliyə əsasən müəyyən edildi ki, tərəflər arasında 09.10.2020-ci il tarixli razılığa əsasən cavabdeh iddiaçıya olan 2780 manat borcunu hissə-hissə qaytarmaq öhdəliyini üzərinə götürmüş, yalnız 2020-ci ilin oktyabr ayında 200 manat ödəniş etmiş, qalan öhdəliyini yerinə yetirməmişdir. Belə olan halda, mülki iş üzrə sübutlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi 2580 (2780-200=2580) manat məbləğində pulun cavabdehdən tutulması hissəsində əsaslıdır. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, dövlət rüsumu ilə bağlı tələb də qismən - ödənilmiş tələblərin məbləğinə münasib olaraq təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 2580 (iki min beş yüz səksən) manat məbləğində borc pul vəsaiti və 28 (iyirmi səkkiz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-1554/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1554/2021
08.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver