Məhkəmə qərarları › İş №2(002)-156/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-156/2022

28.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-156/2022 28.02.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh İddiaçı ASC-nin xeyrinə 29.12.2019-cu il tarixli kredit müqaviləsi üzrə 10482,8 manat əsas borc, 1049,07 manat faiz borcu və 178,32 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 11710,19 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması və Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış 29 dekabr 2019cu il tarixli kredit müqaviləsinin ləğv edılməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh 29.12.2019-cu il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 18 faizlə 36 ay müddətinə 15000 manat kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır.17.09.2021-dək Cavabdeh banka 29.12.2019-cu il tarixli kredit müqaviləsi üzrə 10482.8 manat əsas borc, 1049.07 manat faiz borcu və 178.32 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 11710.19 manat borcu vardır.Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 29.12.2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, iddiaçı "xxxx" İKB ASC tərəfindən Cavabdeh 36 ay müddətinə illik 18 faiz ödəmək şərti ilə 15000 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 17.09.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 17.09.2021-ci il tarixə borcu aşağıdakı kimidir:- 10482,8 manat əsas borc, 1049,07 manat faiz borcu və 178,32 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 11710,19 manat borcu var. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 29.12.2019-cu il tarixli kredit müqaviləsinə Əlavədən və Ödəniş cədvəlindən görünür ki, Cavabdeh iddiaçıya 15000 manat krediti 36 ay müddətinə hər ay 542,29 manat olmaqla pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş bildiriş məktubundan görünür ki, İddiaçı ASC pretenziya qaydasına riayət edərək, cavabdehlərdən borcu ödəmələrini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onları xəbərdar etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 13.12.2022-ci il tarixli 2(002)-3205/2021 saylı qərardadı ilə təyin edilmiş Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin 21.01.2022-ci il tarixli 9/118 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Cavabdeh krediti üzrə banka ödənilmiş pul vəsaitlərinə dair çıxarış məlumatları, 29.12.2019-cu il tarixli 23- Y-3-0-2178-19 nömrəli kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla görə Cavabdeh 17.09.2021-ci il tarixə əsas borcu üzrə- 10446,56 manat, faiz borcu üzrə- 813,76 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 328.1-ci maddəsinin tələbinə görə, əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Həmçinin həmin məcəllənin 424.3. maddəsinə əsasən müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Məhkəmə məhkəmə iclasında tədqiq edilmiş yuxarıda qeyd edilən sübutları, cavabdeh tərəfindən kredit müqaviləsinin şərtlərinin pozulduğunu nəzərə alaraq hesab edir ki, İddiaçı ASC Cavabdeh ilə bağlanmış 29.12.2019-cu il tarixli, 23-Y-3-0-2178-19 nömrəli kredit müqaviləsinin ləğv edilməsini tələb etməkdə haqlıdır. Məhkəmə dəbbə pulunun tutulmasına dair iddia tələbini araşdıraraq hesab edir ki, həmin tələb tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir. Bununla belə MM-in 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, 29.12.2019-cu il tarixli, 23-Y-3-0- 2178-19 nömrəli kredit müqaviləsi üzrə 100 manat dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur, həmçinin əsas borcun tutulması ilə yanaşı, müvafiq olaraq müqaviləyə görə 100 manat məbləğində dəbbə pulunun tutulması iddiaçıya dəymiş real zərəri kompensasiya edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, cavabdeh kredit müqaviləsi müqaviləsi ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və “ödəniş cədvəli”nə əsasən ödənişlər edilməsini öhdəsinə götürsə də, müqavilədən irəli gələn öhdəliklərini lazımınca icra etməyərək, krediti və ona hesablanmış faizləri müqavilədə nəzərdə tutulan qaydada ödəməmiş və nəticədə onun iddiaçıya pul borcu yaranmışdır.Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, 21.01.2022-ci il tarixli 9/118 saylı ekspert rəyinə müvafiq olaraq iddia tələbi qismən təmin edilməli və Cavabdeh 29.12.2019-cu il tarixli, 23-Y-3-0-2178-19 kredit müqaviləsi üzrə əsas borcu üzrə- 10446,56 manat, faiz borcu üzrə- 813,76 manat, 100 manat cərimə borcu olmaqla cəmi 11360,32 manat borc pul tutulmalıdır. Ödəniş qəbzinin surətindən görünür ki, məhkəməyə iddia ərizəsinin təqdim olunması üçün 30 AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 29.12.2019-cu il tarixli kredit müqaviləsi üzrə əsas borcu üzrə- 10446,56 manat, faiz borcu üzrə- 813,76 manat, 100 manat cərimə borcu olmaqla cəmi 11360,32 manat borc pul və 30 manat dövlət rüsumunu tutulmalı və Cavabdeh ilə “İddiaçı ASC arasında bağlanmış 29 dekabr 2019-cu il tarixli kredit müqaviləsi ləğv edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 483, 120-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə İddiaçı ASC-nin xeyrinə 29.12.2019-cu il tarixli kredit müqaviləsi üzrə əsas borcu üzrə- 10446(on min dörd yüz qırx altı) manat,56(əlli altı) qəpik, faiz borcu üzrə- 813(səkkiz on üç) manat,76(yetmiş altı) qəpik, 30(otuz) manat cərimə borcu olmaqla cəmi 11360 (on bir min üç yüz altmış) manat 32(otuz iki) qəpik borc pul və 30(otuz) manat dövlət rüsumu tutulsun. Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 29 dekabr 2019-cu il tarixli kredit müqaviləsi ləğv edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50(əlli) manat tərəflərə aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar