Məhkəmə qərarları › İş №2(002)-1598/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1598/2023

03.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1598/2023 03.07.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X6 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi İşin hallarıg

1. 21.08.2015-ci il tarixdə verilmiş AZ-İİİ 592892 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən X5 xx.xx.2015-ci il tarixində doğulmuşdur. X1, atası Cavabdehdur.

2. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(002)-735/2021 saylı qətnaməsi ilə, 01 fevral 2021-ci il tarixindən başlayaraq xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 175 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

İddia tələbi

3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(002)-735/2021 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilərək Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay bir uşağa görə 500 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(002)-735/2021 saylı qətnaməsi ilə Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay bir uşağa görə 175 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Həmin qətnamənin qəbul edilməsindən kifayət qədər vaxt keçmiş uşağın tələbatı artmışdır. Hazırda bir uşağın yaşayış minimumu 220 manat müəyyən edilmişdir. Cavabdeh kifayət qədər gəlirə malikdir. Lakin uşağına alimentdən başqa heç bir yardım göstərmir. Cavabdeh mərmər qranitin topdan satışı ilə məşğuldur, şəxsi biznesi var aylıq gəliri beş mindən artdıqdır. Onun şəxsi biznesi olmaqla iki obyekti var. Onun sübutları da vardır. Türkiyə-İran Hindistandan mərmər qranit gətirib topdan satır.

5. İddiaçı tələbin hüququ əsası kimi Azərbaycan Respublikasında 2023-cü il üçün “X4” Azərbaycan Respublikasının Qanununa istinad etmişdir.

6. İddia tələbinə yazılı etiraz və qarşılıqlı iddia ərizəsi verilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

7. İddiaçı məhkəmə iclasında iştirak edərək iddianı müdafiə etdi və bildirdi ki, cavabdehin maddi imkanı çox yaxşıdır, şəxsi biznesi var, mərmər satışı ilə məşğuldur, ofisi var, sosial şəbəkələrdə işlə bağlı hesab açaraq orada ofisinin və satışda olan mərmərlərin şəkillərini və telefon nömrəsini paylaşmışdır. Həmin fotoşəkilləri işə əlavə edərək bildirir ki, cavabdehin maddi imkanı yaxşı olmaqla bu vaxta qədər alimentin ödənilməsinə etirazı olmamışdır. İddiaçı qardaşının əsgərlikdə olduğunu, anasının ayaqlarının tutulduğunu, xəstə anasına da özünün baxdığını, himayəsində bir uşağı olan tək qadın olaraq yaşamağın çox çətin olduğunu, maddi olaraq uşağın hər gün artan xərclərini qarşılaya bilmədiyini, uşağın artıq 9 yaşı olduğunu və hər uşaq kimi təhsili ilə bağlı, geyimi, təminatları ilə bağlı xərclərinin çoxaldığını, cavabdehin bir ata kimi öz övladına yaşayış minimumundan artıq aliment ödəmək imkanının olduğunu bildirərək iddianın tam təmin edilməsini xahiş etdi.

8. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Məhkəmənin mövqeyi: a) İddia tələbinin qanuni əsası Azərbaycan Respublikası Konstitusiyası

9. 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

10. 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

“Uşaq hüquqları haqqında” Konvensiya

11. 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir.

“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya

12. 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar.

“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu

13. 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

Azərbaycan Respublikası Ailə Məcəlləsi

15. 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər.

16. 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borcu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideyinin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də, Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirinin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir.

17. 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

18. 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.

19. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.

20. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

21. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

22. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

23. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

24. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

25. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

26. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

b) Əsaslandırma

27. İddia qismən əsaslıdır.

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İşin mübahisəsiz halları bundan ibarətdir ki, məhkəmə qətnaməsi əsasında tərəflərin birgə nikahından doğulmuş Zəhra Abulovanın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə bir uşağa görə 175 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İddiaçı uşağın gündəlik xərcinin artmasın, kollecdə təhsil almasını, yaşayış minimumu məbləğinin artmasını, uşağın xərclərinin güngündən artmasını əsas götürərək alimentin artırılaraq hər ay 500 manat müəyyən edilməsi barədə tələb irəli sürmüşdür.

29. Məhkəmə qeyd edir ki, ailə qanunvericiliyi alimentin məbləğinin müəyyən edilməsi zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir.

30. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır.

31. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı qeyd olunmuşdur ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır.

32. Həmin qərarda həmçinin qeyd olunmuşdur ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır.

33. Məhkəmə iclasında tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, indiki halda aliment öhdəliyi daşıyan valideyn qismində çıxış edən cavabdehin maddi vəziyyətində hər hansı mənfi dəyişiklik baş verməmişdir. Belə ki, cavabdeh əvvəlki məhkəmə qətnamələri ilə müəyyən edilmiş alimenti hər ay mütəmadi ödəyərək, heç bir etirazını bildirməmişdir. Məhkəmə onu da qeyd edir ki, yalnız yaşayış minimumu məbləğinin artması halı alimentin miqdarının artırılması üçün mütləq əsas qismində çıxış etməsə də, tərəflərin birgə nikahından doğulmuş uşağın hər gün artan xərcləri, təhsili və digər əsaslar birlikdə qiymətləndirildikdə aliment miqdarının artırılması üçün əsasların yaranması aydın olur.

34. Məhkəmə alimentin miqdarına münasibətdə qeyd edir ki, 2023-cü ildə ölkə üzrə yaşayış minimumu uşaqlar üçün 220 manat müəyyən edilmişdir, yəni həmin məbləğ uşağın bir aylıq təminat səviyyəsinin minimal həddini əks etdirir. Məhkəmə uşağın üstün mənafeyini və onu təminat səviyyəsini əsas götürərək, uşağın böyüdülməsi və saxlanması ilə əlaqədar daim artan normal qidalanması, geyimi, təhsili, sağlamlığının qorunması və sair tələbatlarının ödənilməsinin təmin edilməsi zərurətini və cavabdehin maddi imkanını nəzərə alaraq hesab edir ki, hazırkı işdə alimentin hər ay ödənilən miqdarının 300 manat müəyyən edilməsi aliment ödəyənin maddi vəziyyətinə uyğun olmaqla ədalətli və əsaslı olacaqdır.

35. Məhkəmə göstərilən qərara gələn zaman cavabdehin fərdi sahibkar olmasını, başqa nikahdan ailəsinin, övladının olmamasını, alimentin miqdarının cavabdehin maddi vəziyyətinə təsirini, iddiaçının maddi vəziyyətinin qənaətbəxş olmaması ilə birlikdə qiymətləndirir. Belə ki, işə əlavə edilmiş fotoşəkillərdən və elektron məhkəmə informasiya sistemində vergi məlumatları ilə bağlı müvafiq sorğuların nəticəsindən aydın olur ki, cavabdeh fərdi sahibkar olmaqla vergi ödəyicisidir (VÖEN **********).

Məhkəmə xərcləri

36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə görə, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

37. “Dövlət rüsumu haqqında” Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Həmin qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.

38. Həmin qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir.

39. Məhkəmə hazırkı tələb üzrə ödənilməli olan dövlət rüsumunun “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə əsasən 56 manat təşkil etməsini, iddiaçının dövlət rüsumunu ödəməkdən azad olunduğunu və iddianın təmin edilməsini əsas götürərək qeyd edir ki, iş üzrə ödənilməli olan 56 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə köçürülməlidir.

Nəticə

40. Beləliklə, məhkəmə yuxarıda qeyd edilmiş beynəlxalq və milli qanunvericilik normalarına uyğun toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 22 mart 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin miqdarı artırlaraq, Cavabdeh hər ay 300 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməli, iş ödənilməli olan 56 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə köçürülməli, iddia qalan hissədə təmin edilməməlidir.

57. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(002)-735/2021 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı artırılaraq, 22 mart 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin miqdarı artırlaraq, Cavabdeh hər ay 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. İş ödənilməli olan 56 (əlli altı) manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar