Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-160/2022 10.01.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi ilə, İddiaçı X3 Cavabdeh1 MMC-yə (Binə Ticarət Mərkəzinə) qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Kreditor X9 borclu Cavabdeh1 MMC-yə qarşı ««X2 Sazişin» 4-cü bəndinə əsasən Cavabdeh1 firması tərəfindən müqavilənin şərtlərinə vaxtaşırı əməl edilməməsi nəticəsində qalan məbləğin tutulması» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, tələbi əsaslı və qanuni olduğu üçün borclu Cavabdeh1 firması tərəfindən («Binə Ticarət Mərkəzi») 2008-ci il tarixdən etibarından istifadə edərək aldadıb aldığı, ödənilməsini üzərinə götürdüyü 56.000 manat pul vəsaitindən ödəmədiyi 29.600 manat pul vəsaitinin yazılı formada bağlanmış «X2 Saziş»ə əsasən tutulub ona verilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli, 2(002)- 3335/2021 saylı məhkəmə əmri ilə ərizə təmin edilmişdir. Borclu Cavabdeh1 MMC tərəfindən məhkəmə əmrində göstərilən tələblə bağlı etiraz təqdim edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli, 2(002)- 3335/2021 saylı qərardadı ilə etiraz təmin edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli, 2(002)-3335/2021 saylı məhkəmə əmri ləğv edilmiş və sonrakı prosessual hərəkətlər yerinə yetirilmişdir. İddiaçı X9 tələbini onunla əsaslandırmışdır ki, 03 və 04 mart 2008-ci il tarixlərdə Cavabdeh1 firmasının təsisçisi Kəbirə Məmmədova ilə icarə müqaviləsi bağlayaraq Binə Ticarət Mərkəzində yenicə tikintisinə başlanılmış «Yeni Bazar» ticarət kompleksində tikiləcək anbardan iki ədəd hər birinin sahəsi 40 m2, ümumilikdə 80 m2-lik anbar sahəsini icarəyə götürmək uçun 56.000 manat pul vəsaiti ödəmiş və razılaşmışlar ki, az bir vaxt ərzində danışdıqları anbar sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olsunlar. Xeyli müddət keçmiş, müqavilə bağladıqları 17.1.34 və 17.2.54 sıralarında tikinti işləri aparılmamış, ödədikləri 56.000 manat pul vəsaiti də onlara qaytarılmamışdır. Hər ay 2-3 dəfə Kəbirə Məmmədovanın qəbuluna getmişlər. Hər dəfə danışılanlar başaldadıcı xarakter daşımışdır. Ödədikləri pulun qaytarılması problemə dönmüşdür. Dəfələrlə hüquqmühafizə orqanlarına müraciətləri həll olunmamış qalmışdır. 2015-ci il tarixdə M.Əliyevaya müraciətləri nəzarətə götürülmüş və Azərbaycan Respublikası DİN, Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsi əməkdaşının işə qarışması nəhayət ki, ödədikləri 56.000 manat pul vəsaitinin borclunun xahişi ilə hissə-hissə geri qaytarılması barədə «Barışıq raşılaşması haqqında saziş» hazırlanmış və bildirilmiş ki, hər ayın 25-i gəlib 500 manatı sözsuz-söhbətsız alıb gedərlər. Doğrudur, onlara sərfəli olmasa da, səlahiyyətli nümayəndəsi onlara təcili lazım olan pulun bir hissəsini ona ödəmiş və bildirmişdir ki, eybi yoxdur, borclunun yüzlərlə sənin kimi insanlara borcu var. Nümayəndəsi ailələrinin yaxını olduğu üçün o, sonuncuya bildirmişdir ki, sonunu həm hüquqşünasdır, həm də onlardan çox bilir, nə istəyirsə, onu da etsin, amma borclu qadın çox təhlükəli adamdır, onları aldatmasın. Nəhayət, «X2 Saziş» qarşılıqlı imzalanmışdır. Sazişin 2-ci bəndinə əsasən Cavabdeh1 firması hər ayın 25-də borclu oldudu pul vasaitindən 500 manatı ona ödəyəcəyini öhdəsinə götürmüşdür. Amma bu uzun sürməmişdir. Pulu verən Cavabdeh1 firmasının təsisçisi Kəbirə Mammədova hüquq və qanuni mənafelərini pozaraq ay ərzində onun nümayəndəsini 4-5 dəfə aparıb gətirdikdən sonra, aylıq verəcəyi 500 manatı hərdən 300 manat, gah 400 manat, gah da dolanbac oyunu oynamaqla nümayəndəsinin şəxsiyyətini aşağılamaqla gəl-get oyunu oynayırdı. Pulun verilmə vaxtı dəyişilərək müxtəlif tarixlərə təyin olunurdu. Borcun ödənilməsinə borclu tərəfindən xeyli müddət fasilə verilmişdir. X11 pulun olmadığını, nə vaxt pul olarsa, onlara məlumat veriləcəyini demişdir. Daha sonra bildirmişdir ki, baxın görün o, nə qədər insanlara pul qaytarır. Deyən gərək, nə üçün camaatı aldadıb pullarını alırdı ki, indi də qaytarırsan. Yoxsul insanların pullarını dələduzluq etməklə alıb, illərlə həmin pullardan faydalanmışdır, bu boyda ticarət mərkəzinin sahibidir. Bəlkə də, yeganə adam odur ki, ödədiyi 56.000 manatın qaytarılması barədə «Saziş» imzalatmışdır. Digər şəxslərdən aldıqlarının əksəriyyəti qaytarılmır, ya 30 % tapşırılan şəxslərə şəxsin ödədiyi pulların 50 %-ni yalvarda-yalvarda, hissə-hissə sahibinə qaytarır. Çox insafsızlıqdır, hara müraciət edirsə, məhkəməyə müraciət etməsini tövsiyə edirlər. Bildirir ki, «X2 saziş» imzaladıqdan sonra borclu ödədiyi 56.000 manat pul vəsaitinin 26.400 manatını ona nümayəndəsi vasitəsilə qaytarmış, 29.600 manatını ödəməkdən imtina etmişdir. Ödənilən məbləğlər kitabda səlahiyyətli nümayəndəsi X4 imzası ilə qeyd edilib. İnsan şəxsiyyəti Kəbirə Məmmədova üçün heç nədir, istənilən pul sahibini ay ərzində 4-5 dəfə, hər gün gəldikdə azı 3-4 saat ayaq üstə saxlayaraq əzab verir. X1 ödənilməmiş 29.600 manat pul vəsaiti mübahisə edilməyəndir. Çünki ümumi ödədiyi pul vəsaitindən cəmisi 26.400 manatını ödəmişdir. Bildirir ki, tələbləri aşkardır, 25 iyul 2015-ci il tarixli «Barışıq raşılaşması haqqında sazişi»in 1-ci bəndinə əsasən o, Cavabdeh1 firmasının «Binə ticarət mərkəzi»ndə 17-ci sıra 2-ci korpus 54 saylı və 17-ci sıra 1-ci korpus 34 saylı ümumi sahəsi 80 m2 olan ticarət obyektlərinin tikintisi üçün 2008ci ildə toplam olaraq 56.000 manat məbləğində ödənilmiş vəsaiti hissə-hissə geri götürür və bunun müqabilində həmin ticarət obyekti ilə bağlı olan icarə müqaviləsinin xitam olunmasını və obyektlə bağlı bütün hüquqlardan imtina edir. Həmin «Saziş»in 2-ci bəndinə əsasən borclu Cavabdeh1 firması hər ayın 25-də ödənilmiş pul vəsaitindən 500 manat X5 ödənilməsini öhdəsinə götürür.Göründüyü kimi saziş bağlanmış, yenə güclü tərəf öz hegemonluğunu göstərərək üzərinə götürdüyü öhdəliyi pozmuş və sazişin 4-cü bəndində razılaşdırıldığı kimi narazı tərəf məhkəmə əmri qaydasında məhkəməyə müraciət etmişdir. Həmin «Saziş»in 4-cü bəndinə əsasən Cavabdeh1 firması tərəfindən müqavilənin şərtləri pozulduqda onun, qalan məbləğlə bağlı məhkəməyə əmr icraatı qaydasında müraciət etmək hüququ yaranır. İddiaçının nümayəndəsi və vəkili X10 məhkəməyə ərizə göndərərək bildirmişdir ki, cavabdehin nümayəndəsi dəfələrlə məhkəmə iclaslarına dəvət olunmasına baxmayaraq, məhkəmə iclaslarına gəlməmişdir. Bu səbəbdən, mülki işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılıb, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə qeyd olunan ərizəni nəzərə alaraq, mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh1 MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 21 iyul 2015-ci il tarixli X2 sazişdən görünür ki, X6 təmsil edən X10 ilə Cavabdeh1 firmasının direktoru Cavabdeh2 arasında barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin şərtlərinə görə, X9 iddia tələbində qeyd olunan obyektlərin tikintisi üçün 2007-ci ildə toplam olaraq ödədiyi 56.000 manat məbləğində vəsaiti hissə-hissə geri götürməli; bunun müqabilində həmin ticarət obyekti ilə bağlı olan icarə müqaviləsinin xitam olunmasını və obyektlə bağlı bütün hüquqlardan imtina etməli; Cavabdeh1 firması hər ayın 25-də ödənilmiş pul vəsaitindən 500 manatı X7 ödəməyi öhdəsinə götürmüşdür. İşin faktiki hallarından görünür ki, iddiaçı X9 barışıq sazişi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmiş, Cavabdeh1 firması isə üzərinə götürdüyü öhdəlikləri tam və vaxtında icra etməmiş, 56.000 manat məbləğində borcun 26.400 manatını iddiaçıya qaytarsa da, 29.600 manatını ödəməkdən yayınmışdır (imtina etmişdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, iddia tələbi əsaslıdır və təmin edilməlidir. İddiaçı pretenziya qaydasına riayət edərək, cavabdehdən borcu ödəməsini dəfələrlə tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə cavabdehi xəbərdar etmiş, lakin cavabdeh öhdəliyini icra etməmiş, bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ödəniş qəbzindən görünür ki, məhkəməyə ərizə təqdim edilməsi üçün 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 29.600 manat borc və ödənilmiş 20 manat dövlət rüsumu Cavabdeh1 MMC-dən tutulub iddiaçı X7 ödənilməlidir. 10 manat dövlət rüsumu Cavabdeh1 MMC-dən tutulub Dövlət Büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 29.600 manat borc və ödənilmiş 20 manat dövlət rüsumu Cavabdeh1 MMC-dən tutulub iddiaçı X7 ödənilsin. 10 manat dövlət rüsumu Cavabdeh1 MMC-dən tutulub Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-160/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-160/2022
10.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver