Məhkəmə qərarları › İş №2(002)-1612/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1612/2021

27.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1612/2021 27.05.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X4 qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı « borcun tutulması» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı açıq səhmdar cəmiyyətinin Cavabdeh1 qarşı « borcun tutulması » tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 28.12.2019-cu il tarixli kredit müqaviləsi üzrə 19379.21 AZN əsas borc, 2644.91 AZN faiz borcu, 2036.42 manat cərimə cərimə borcu olmaqla, ümumilikdə cəmi 24060.54 AZN borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış 28 dekabr 2019-cu il tarixli kredit müqavilələrinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi məhkəmə iclasında dəqiqləşdirmə ərizəsi təqdim edərək , Cavabdeh1 və qeyrilərinə qarşı iddia ərizəsində xahiş edirəm hissəsinin həcminin artırılması, borcun Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulmasını nəzərə alaraq qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh2 28 dekabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən “TBC” Kredit Bank olmayan Kredit təşkilatından illik 21 faizlə 39 ay müddətinə 22 000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq 28 dekabr 2019-cu il tarixində Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanmışdır. “TBC” Kredit Bank olmayan Kredit təşkilatı ilə “xxxx” İKB ASC arasında bağlanmış X3 14 avqust 2020-ci il tarixli müqaviləyə 2 №li 17 sentyabr 2020-ci il tarixli Əlavə Sazişə əsasən Cavabdeh2 ilə “TBC” Kredit Bank olmayan Kredit təşkilatı arasında bağlanmış kredit müqaviləsi üzrə borcun tələb etmək hüququ “xxxx” İKB ASC-yə ötürülmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2021-ci il martın 19-dək Cavabdeh2 banka 19 mart 2021-ci il tarixli kredit müqaviləsi üzrə 19379.21 AZN əsas borc, 2644.91 AZN faiz borcu, 2036.42 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 24060.54 AZN borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Qeyd edilən halların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında ərizə verərək, əsas borc və faiz borcu ilə razı olduğunu bildirdi. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən iddia ərizəsinə cavabdehlərdən birinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki iş materiallarına əlavə olunmuş 28.12.2019-cu il tarixli BAKU2-645-87 nömrəli nağd pul kredit müqaviləsindən görünür ki, “İddiaçı “ASC tərəfindən Cavabdeh2 240 ay müddətinə, illik 50 faiz dərəcəsi ilə, 22.000 AZN məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş 28.12.2019-cu il tarixli BAKU2-645-87+BAKU 1-40581 saylı zaminlik müqavilələrinin məzmunundan görünür ki, Cavabdeh1 kredit müqaviləsindən irəli gələn öhdəliklərin icra edilməsi üçün boclu- Cavabdeh2 ilə birgə məsuliyyət daşıması barədə öhdəlik götürmüş, kredit məbləği 22.000 manat, kreditin müddəti 36 ay olduğu qeyd olunmuşdur İş materiallarından görünür ki, “xxxx” MMC ilə İddiaçı ASC arasında tələbin güzəşt edilməsi barədə 14 avqust 2020-ci il tarixli müqavilə imzalanmışdır. İş materiallarına əlavə olunmuş kredit müqaviləsinə əlavə olan 28.12.2019-cu il tarixli ödəniş cədvəlinə əsasən, Cavabdeh2 28.12.2019-cu il tarixli BAKU2-645-87 saylı müqavilə üzrə 22 000 manat borcunu 240 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 19.03.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 28.12.2019-cu il tarixli kredit müqaviləsi üzrə 19.03.2021-ci il tarixinə olan 19379.21 manat əsas borc, 2644.91 manat faiz borcu, cəmi borcu 24060.54 manat təşkil edir. İş materiallarına əlavə olunmuş 28.12.2019-cu il tarixli məxaric qəbzin məzmunundan görünür ki, 22 000 manat Cavabdeh2 hesabına köçürülmüşdür. İş materiallarına əlavə olunmuş 28.12.2019-cu il tarixli 006İB**********2 nömrəli ödəniş tapşırığının məzmunundan görünür ki, 22 000 manat Cavabdeh2 hesabına köçürülmüşdür. İş materiallarına əlavə olunmuş 28.12.2019-cu il tarixli № 2 ödəniş tapşırığının məzmunundan görünür ki, Cavabdeh2 tərəfindən 154 manat “TBC Kredit “bank olmayan kredit təşkilatının hesabına köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 443.1 maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zamnlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki”xxxx” MMC ilə cavabdeh arasında 28 dekabr 2019-cu il tarixli kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən bank tərəfindən 22 000 manat məbləğində kredit cavabdehə təhvil verilmiş, cavabdeh isə həmin məbləğdə krediti müqavilə ilə şərtləşdirilmiş müddətdə və qaydada banka qaytarmağı öhdəsinə götürmüşdür. Lakin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı kredit müqaviləsi üzrə öz üzərinə götürdüyü öhdəliyi icra etdiyi halda, digər tərəf olan cavabdeh isə kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan qalıq borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən eidlmişdir ki, kredit müqaviləsinin təminatı kimi bankla Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən müvafiq kredit müqaviləsi üzrə cavabdeh tərəfindən öhdəliklərin vaxtında və lazımi qaydada icra olunması üçün bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşınmasına dair öhdəlik götürmüşdür. Bu halda, məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə Cavabdeh2 müvafiq kredit müqaviləsi üzrə öz üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmədiyindən, zamin qismində çıxış edən digər cavabdehin onunla birlikdə həmin borc öhdəliklərinin icra olunmasına görə birgə mülki hüququi məsuliyyəti yaranmışdır. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmidşir ki, “xxxx” MMC ilə iddiaçı bank arasında tələbin güzəşt edilməsinə dair müqavilə imzalanmış və həmin müqaviləyə əsasən hazırki mülki iş üzrə müvafiq kredit müqaviləsinə dair tələb hüququ iddiaçı banka keçmişdir. Ona görə də məhkəmə qeyd edilən halları əsas götürərək, hesab edir ki, iddia tələbi kredit borcunun tutulması hissəsində əsaslı olmaqla, təmin edilməlidir. Məhkəmə iddia tələbinin tərəflər arasında bağlanılmış kredit müqaviləsinin ləğv edilməsi hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, müvafiq kredit müqaviləsi üzrə bütün tələblər “TBC kredit” BOKT tərəfindən iddiaçının xeyrinə imtina edilmişdir. Həmçinin, iş materiallarından görünür ki, iddiaçı tərəf müqavilənin ləğv edilməsi ilə bağlı mülki qanunvericiliyin tələblərinə əməl edərək, cavabdehin müqavilə üzrə öhdəliklərini vaxtında və lazımi qaydada əməl etmədiyi təqdirdə, müqavilənin ləğv edilməsi ilə bağlı ona xəbərdarlıq etmiş və buna dair heç bir cavab almamışdır. Bu halda, məhkəmə qeyd olunan halları nəzərə alaraq, hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməlidir. Bununla yanaşı, məhkəmə iddia tələbinin cərimə borcunun tutulmasına dair hissəsi ilə bağlı hesab edir ki, iddiaçı cərimə borcunun tutulmasına dair tələb irəli sürərkən cərimə borcunun məbləği tənasübsüz surətdə yüksək hesablandığından, bu hissədə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, cavabdehdən kredit müqaviləsi üzrə 100 manat məbləğində cərimə borcunun iddiaçının xeyrinə tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 30 manat məbləğində məbləğində dövlət rüsumu ödənilmişdir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 ilə “xxxx“ MMC arasında bağlanılmış 28.12.2019-cu il tarixli kredit müqaviləsi ləğv edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 28.12.2019-cu il tarixli kredit müqaviləsi üzrə yaranmış 19379,21 manat məbləğində əsas borc, 2644,91 manat məbləğində faiz borcu, 100 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 22124,12 manat məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 ilə “xxxx“ MMC arasında bağlanılmış 28.12.2019-cu il tarixli kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 28.12.2019-cu il tarixli kredit müqaviləsi üzrə yaranmış 19379,21 manat məbləğində əsas borc, 2644,91 manat məbləğində faiz borcu, 100 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 22124,12 manat məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar