Məhkəmə qərarları › İş №2(002)-162/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-162/2024

21.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-162/2024 21.10.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məcidli Aysel Əli qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı kredit və ona hesablanmış faiz borcunun qaytarılması tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı kredit və ona hesablanmış faiz borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə 4144,35 manat əsas, 363,49 manat faiz borcu, 70,46 manat cərimə olmaqla, cəmi 4578,30 manat borcun və 65,79 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-3638/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə sadələşdirilmiş icraat üzrə iş iddia icraatına keçirilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" Kommersiya Bankı ASC və Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli kreditli müqaviləsinə əsasən borcluya 36 ay müddətində illik 18% dərəcəsi ödəmək şərti ilə 4168 manat kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə əsasən borcverən yuxarıda qeyd olunan məbləğdə və faizdə kredit borcalanın mülkiyyətinə kredit verir və borcalan isə həmin kreditdən məqsədli təyinatina uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb.“X1 ASC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, borcalan kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini və kreditin təsdiq olunmuş hissə-hissə qrafikini pozmuşdur.Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 18.101.2023-cü il tarixinə "xxxx" Kommersiya Bankı ASC-yə 4144,35 manat əsas, 363,49 manat faiz borcu, 70,46 manat cərimə olmaqla, cəmi 4578,30 manat borcun yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar heç bir fayda verməmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, mülki işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahatında borclu olduğunu bildirərək, əlavə etdi ki, himayəsində 4 uşağı var, ilk 3 ayı ödəmişdir. Sonradan işsiz olduğundan ödəyə bilməmişdir. İşi olduğu təqdirdə borcunu ödəyəcəkdir. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" Kommersiya Bankı Cavabdeh 36 ay müddətinə, illik 18% olmaqla 4168 manat məbləğində kredit vermişdir. İş materiallarına əlavə olunmuş kredit müqaviləsinə əlavə olan xx.xx.2023-cü il tarixli maliyyə arayışının sürətindən görünür ki, Cavabdeh müqavilə üzrə "xxxx" Kommersiya Bankı ASC-yə 4144,35 manat əsas, 363,49 manat faiz borcu, 70,46 manat cərimə olmaqla, cəmi 4578,30 manat borcu vardır. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh 4168 manat krediti 36 ay müddətinə 18 faiz dərəcəsi ilə hər ayda 195 manat(ilk beş ayı güzəştli olaraq) olmaqla ödəməyi öhdəsinə götürmüşdür . İş materiallarına əlavə olunmuş xəbərdarlıq məktubundan görünür ki, "xxxx" Kommersiya Bankı ASC pretenziya qaydasına riayət edərək, cavabdehdən borcu ödəməsini tələb etmiş, əks təqdirdə borcun ödənilməsi barədə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/10078 saylı və xx.xx.2024-cü il tarixli 9/2721 saylı ekspert rəylərindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx.xx.2022-ci il tarixli kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh xx.xx.2023-cü il tarixə əsas borcu üzrə- 4145,63 manat, faiz borcu üzrə- 362,32 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil etmişdir. Məhkəmə göstərilənlərlə əlaqədar qeyd etməyi vacib hesab edir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmə yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu müəyyən etməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında xx.xx.2022ci il tarixli kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən 36 ay müddətinə, illik 18% olmaqla 4168 manat məbləğində kredit verilmişdir. Cavabdeh isə həmin məbləğdə kredit borcunu iddiaçı banka müqavilə ilə şərtləşdirilmiş qaydada və müddətdə ödəməyi öhdəsinə götürmüşdür. Hazırda iddiaçı bank cavabehdən müqavilə üzrə yaranmış borcunu tələb edir, cavabdeh isə iddia tələbini qəbul etmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı kredit müqaviləsi üzrə öz üzərinə götürdüyü öhdəliyi icra etdiyi halda, digər tərəf olan cavabdeh isə kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan qalıq borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmuş və borc alan onun risk dairəsinə daxil olan öhdəlikləri icra etmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1 maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə məhkəmə qeyd edir ki, ekspert rəyinə müvafiq olaraq Cavabdeh iddia tələbinin əsas borc tələbinin məbləğinə mütənasibətdə iddia ərizəsində göstərilən məbləğ- 4144,35 manat, faiz borcuna mütənasibətdə isə ekspertiza rəyində göstərilən məbləğ- 362,32 manat əsas götürülərək, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iddiaçı əsas borca görə iddia tələbinin həcminin artırılmaı barədə ərizə təqdim etməmişdir. Faiz borcuna mnasibətdə isə ekspert rəyi əsas götürülməlidir. Mülki-Prosessual Məcəlləsinin 101.7-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Mülki-Prosessual Məcəlləsinin 103.1-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Bundan başqa məhkəmə hesab edir ki, dəbbə pulunun tutulması hissəsində dəbbə pulunun məbləği azaldılmalıdır. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanunun mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. Məhkəmə işin hallarını, kredit müqaviləsinin bağlanılma tarixini və müqavilənin bitmə tarixini nəzərə alır və 70,46 manat dəbbə pulunun tutulması hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, dəbbə pulu təyin edilərkən tənasüblük qorunmamış, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmaqla, yüksək hesablanmış dəbbə pulu azaldılmalı və dəbbə pulu olaraq 15 manat məbləğində tutulması ədalətlidir. Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 65,79 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Hazırda iddia tələbi qismən təmin edildiyindən məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq(4521,67 manat) 65,21 manat cavabdehdən tutularaq iddiaçı bankın xeyrinə ödənilməlidir. Həmçinin aparılmış ekspertiza təqdiqiqatlarının dəyəri olan 200 manat məbləğində məhkəmə xərci Cavabdeh dövlətin xeyrinə tutulmalıdır. Belə ki, hazırkı mülki iş sadələşdirilmiş icraat olmuş və cavabdeh ərizə verərək kredit üzrə borcunun ödənildiyini bildirməklə mülki işi iddia icratına keçirmiş və ekspertiza təyin edilməsinə əsas olmuşdur. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixli 9/2721 saylı ekspert rəyi nəzərə alınaraq əsas borcu üzrə- 4144,35 manat, faiz borcu üzrə- 362,32 manat, 15 manat dəbbə pulu olmaqla, cəmi 4521,67 manat və 65,21 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə əsas borcu üzrə- əsas borcu üzrə- 4144,35 manat, faiz borcu üzrə- 362,32 manat, 15 manat dəbbə pulu olmaqla, cəmi 4521,67(dörd min beş yüz iyirmi bir manat altmış yeddi qəpik) manat və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş 65,21(altmış beş manat iyirmi bir qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Kommersiya Bankı ASC -nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri 200(iki yüz) manat Cavabdeh dövlətin xeyrinə tutulsun. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar