Məhkəmə qərarları › İş №2(002)-1625/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1625/2021

02.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1625/2021 02.06.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Əsədov Cavid Həbib oğlunun katibliyi, iddiaçı Necəfova (Talıbova) Pərcan Azad qızının və Cavabdeh iştirakı ilə, iddiaçı Necəfova (Talıbova) Pərcan Azad qızının Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Necəfova (Talıbova) Pərcan Azad qızı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 561 (beş yüz altmış bir) manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçı Necəfova (Talıbova) Pərcan Azad qızı izahat verərək bildirdi ki, o, Cavabdeh ilə 06.11.2018-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahlarından 11.12.2019-cu il təvəllüdlü Məhəmməd adlı uşaqları doğulmuşdur. Qubadlı Rayon Məhkəməsinin 03.09.2020-ci il tarixli, 2(028)-310/2020 saylı qətnaməsi ilə cavabdehlə aralarında olan nikah pozulmuşdur. O, Qubadlı rayonundan məcburi köçkündür. Məcburi köçkün kimi Qubadlı rayonu Çardaqlı kəndində qeydiyyatda olmuş və həmin kəndin inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin vahid aylıq müavinət siyahısında olmuşdur. Cavabdehlə ailə qurduqdan sonra onun ailə üzvü kimi Füzuli rayonu, Böyük Bəhmənli kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəliyin vahid aylıq siyahısına salınaraq aylıq 33 manat müavinət hesablanmışdır. Cavabdehin evindən 16 iyul 2019-cu il tarixdə çıxmışdır. Həmin evdən çıxdığı vaxtdan 2021-ci ilin yanvarına kimi ona aid olan vahid aylıq müavinət cavabdeh tərəfindən alınmış və ona verilməmişdir. Evdən çıxdıqdan sonra ona aid pul vəsaitinin cavabdeh tərəfindən mənimsənilməsi yolverilməzdir. Füzuli rayon İcra Hakimiyyəti Başçısının Aparatının Qubadlı rayon İcra Hakimiyyətinə ünvanladığı 01/551 saylı, 11.12.2020-ci il tarixli məktubdan da görünür ki, o, 01.01.2021-ci il tarixdən Böyük Bəhmənli kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəliyin vahid aylıq müavinət siyahısından çıxarılmışdır. Cavabdehdən dəfələrlə 17 ay üçün aylıq 33 manat olmaqla hesablanmış 561 manat pulun qaytarılmasını tələb etsə də, cavabdeh müxtəlif bəhanələrlə pulun ödənilməsindən yayınır. Ona görə də iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Hazırda o, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Cavabdeh iddianı qəbul edərək izahatında bildirdi ki, həqiqətən aylıq müavinətə görə iddiaçıya 561 manat borcu vardır. Göstərilən məbləği maddi imkanı zəif olduğundan hər ay hissə-hissə ödəyə bilər. İddia tələbinin təmin edilməsinə etiraz etmir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sübutları tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə əsaslı hesab olunaraq təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Füzuli rayon İcra Hakimiyəti Başçısının Aparatı tərəfindən Qubadlı rayon İcra Hakimiyyətinə ünvanlanan 11.12.2020-ci il tarixli məktubun surətindən görünür ki, X2 ilə Böyük Bəhmənli kənd sakini Cavabdeh arasında olan nikah pozulduğu üçün (Qubadlı Rayon Məhkəməsinin 2(028)-310/2020 saylı, 03.09.2020-ci il tarixli qətnaməsi) o, Füzuli rayoununun qeydiyyatından çıxaraq Qubadlı rayonunun Çardaqlı kəndinin qeydiyyatına düşmüşdür. Ona görə də “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair” Təlimata əsasən, X1 adı 01 yanvar 2021-ci il tarixdən Böyük Bəhmənli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin vahid aylıq müavinət siyahısından çıxarılmışdır. İş materiallarında olan AZ-İ seriyalı 370105 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X2 arasında bağlanmış nikahın pozulması 13 oktyabr 2020-ci il tarixində qeydə alınmışdır. Nikah pozulduqdan sonra qadına Talıbova soyadı verilmişdir. İş materiallarında olan Qaradağ rayonu Sahil Bələdiyyəsi tərəfindən verilmiş 26.04.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Füzuli rayonundan məcburi köçkündür və Sahil qəsəbəsi, Baxçada müvəqqəti məskunlaşmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Sadalanan hüquq normalarının tələblərinə və məhkəmə iclasında mülki iş üzrə sübutlara, o cümlədən tərəflərin izahatlarına əsasən müəyyən edildi ki, iddiaçıya ödənilməli aylıq müavinət məbləği (17x33=561 manat) cavabdehdə qalmışdır, bu hal hazırda tərəflər arasında da mübahisə doğurmur. Ona görə də iddia tələbi əsaslı hesab olunaraq təmin edilməlidır. Beləliklə, məhkəmə mülki iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 561 (beş yüz altmış bir) manat məbləğində pul tutularaq iddiaçı Necəfova (Talıbova) Pərcan Azad qızına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar