Məhkəmə qərarları › İş №2(002)-1649/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1649/2024

07.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1649/2024 07.06.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məcidli Aysel Əli qızının katibliyi, İddiaçı Cavabdeh nümayəndəsi X2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yasamal rayon Məhkəməsinin 2(004)-4137/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə təyin olunmuş alimentin miqdarının dəyişdirilərək, xx.xx.2012-ci il təvəllüdlü uşaq Kərimli Nurgün Əsgər qızının və xx.xx.2015-ci il təvəllüdlü uşaq X3 yetkinlik yaşma çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 235 manat, uşaq Kərimli Nurgün Əsgər qızının xroniki purpura (qan duruluğu) xəstəliyi ilə əlaqədar olaraq 100 (yüz manat) manat olmaqla ümumilikdə 570 manat sabit pul məbləğində alimentin, ödədiyi 60 manat mediasiya xərcinin tutularaq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onun Cavabdeh ilə birgə nikahdan xx.xx.2012-ci il təvəllüdlü Kərimli Nurgün Əsgər qızı və xx.xx.2015-ci il təvəllüdlü X4 anadan olmuşdur. Yasamal rayon Məhkəməsinin 2(004)-4137/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə onun ilə Cavabdeh arasında xx.xx.2011-ci il tarixində bağlanmış nikahın pozulması, nikahın pozulmasından sonra xx.xx.2012-ci il təvəllüdlü uşaq Kərimli Nurgün Əsgər qızı və xx.xx.2015-ci il təvəllüdlü uşaq X3 onun yanında qalmaları, xx.xx.2012-ci il təvəllüdlü Kərimli Nurgün Əsgər qızının və xx.xx.2015- ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün xx.xx.2018-ci il tarixindən başlayaraq hər ay uşağa görə 154 (yüz əlli dörd) manat və həmçinin Kərimli Nurgün Əsgər qızının xəstəliyi ilə əlaqədar 46(qırx altı) manat, cəmi 354 (üç yüz əlli dörd) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq ona verilməsi qət edilmişdir. O azyaşlı övladları ilə birlikdə valideynlərinin evində yaşayır. Məhkəmə qətnaməsi ilə müəyyən olunmuş aliment miqdarı hazır ki, iqtisadi vəziyyət üçün çox azdır və uşaqların tələbatını, müalicə xərclərini ödəmir. Ona görə də Yasamal rayon Məhkəməsinin 2(004)-4137/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş aliment miqdarı artırılmalıdır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, alimentin artırılması ilə bağlı birinci dəfədir məhkəməyə müraciət edib, belə ki, bundan əvvəl alimentin nənə-babadan tutulmasına dair ərizə ilə müraciət etmişdir, lakin həmin iddia tələbi rədd olunmuşdur. Hazırda cavabdehin aliment borcu var. Kərimli Nurgün Əsgər qızının trambasit xəstəliyi var, həkimlər deyir ki, daim nəzarətdə olmalıdır. Düzdür, uşaq dövlətdən pensiya alır, amma uşağın analizlərini, müalicələrini hamsını onun özü edir, eyni zamanda onun uşağı təhsilini ev şəraitində alır belə ki, xəsətliyinə dair məlumatlardan göründüyü kimi həkimlər ona daim valideyn himayəsində olmasını qeyd edir, bununla da bütün bu proseslərdə bir ana kimi onun mənəvi iztirablarını da nəzərə almamaq ədalətsizlik olardı. Əgər cavabdeh özünün xəstə uşağına maddi yardım etmeyəcəksə, körpə uşaqlarına aliment ödəməyərək borc yaradacaq vəziyyətdədirsa onda niyə ikinci dəfə evlənir?. Həmçinin qeyd edir ki, hazırda uşaqların hər birinin saxlanması üçün 235 manat aliment və müalicə üçün əlavə xərc kimi 50 manat tutulmasına etiraz etmir, lakin əgər cavabdeh uşaqların hərəsi üçün 200 manat aliment ödəməyə razıdırsa onda, müalicə üçün əlavə xərc kimi 100 manat tutulmasını məhkəmədən xahiş etdi. Cavabdeh nümayəndəsi X2 İsə məhkəmə iclasında izahatında qeyd edir ki, alimenti onun özü ödəyir, oğlunun imkanı yoxdur, kirayədə yaşayır, cavabdeh ikinci dəfə evlənib və 1 aya həmin nikahdan uşaqları dünyaya gələcək. Əvvəlki qətnamə ilə müəyyən edilmiş məbləği birtəhər ödəyir, hətta hazırda ödədiyi alimentin məbləğinin azaldılmasını istəyir. Müvafiq qətnamə ilə də xəstəliyə görə 46 manat əlavə pul tutulur. Həmçinin xəstə uşağa dövlət də yardım göstərir. Hazırda yalnız uşaqların saxlanması üçün hər biri 200 manat olmaqla cəmi 400 manat məbləğində alimentin tutulmasına razıdır. Cavabdeh iddia ərizəsinə etiraz ərizəsi göndərərək, İddiaçı ondan uşaqları xx.xx.2012-ci il təvəllüdlü Kərimli Nurgün Əsgər qızının və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün əvvəl müəyyən edilmiş alimentin artırılaraq hər ay hər birinə 235 manat, əlavə olaraq Nurgünün xəstəliyinə görə hər ay 100 manat aliment müəyyən edilməsi barədə iddia ərizəsi vermişdir.Onun həmin tələbi əsassızdır. Bildirir ki, İddiaçı xeyrinə Yasamal rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə məndən 2 uşağın saxlanılması üçün cəmi 354 manat aylıq aliment qət edilmişdir. Həmin alimenti qohumların köməyi ilə ödəyirdi. Lakin hazırda nəinki onun maddi vəziyyəti yaxşılaşmamış, əksinə, pisləşmişdir. Belə ki, o, yeni ailə qurmuş və həyat yoldaşı hamilədir və uşağın olmasına 1 ay qalmışdır. Onu da saxlamaq onun borcudur.Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 -ci madddəsinə əsasən Valideynlərin hər ikisi uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1 -ci maddəsinə görə Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur. 76.1.2. iki uşağa görə qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi. Həmin qanuna əsasən ayda 570 manat aliment verməyi üçün onun aylıq qazancı ən azı ayda 1500 manat olmalıdır. Onun isə heç bir rəsmi qazancı olmamaqla, yaşayış minimumunu da obyektiv səbəblərdən, yəni iş olmaması səbəbindən əldə edə bilmir. Ailə Məcəlləsinin 76.2-ci maddəsinə görə, həmin Məcəllənin 76.1-ci maddəsində göstərilən payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 112-ci maddəsində deyilir- 112.1. Aiiment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmin qanunun mənasına görə nəinki alimentin artırılmasla əsas yoxdur, əksinə, mövcud vəziyyətə görə alimentin miqdarının azaldılmasına qanuni əsas vardır. O, ayda 300 manat qazanırsa, ayda 570 manat aliment verə bilər? Bu imkan xaricindədir. O, mövsümi işlərdə işləməklə ayda təxminən 300 manat qazancı olur. Digər tərəfdən o, kirayədə yaşayır və kirayə haqqı verir.Ona görə də xahiş edir ki, İddiaçı uşaqlarına görə ondan aylıq 570 manat aliment tələb etməsinə qanuni əsas olmadığını nəzərə alasınız və onun iddia tələbi, rədd edəsiniz. Gəlməyə maddi imkanı olmadığından işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş Yasamal rayon Məhkəməsinin 2(004)- 4137/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, aliment tələbinə və uşaqların ananın himayəsində saxlanılmasına dair’ iddia tələbi qismən təmin edilərək, Cavabdeh ilə İddiaçı arasında 19 iyul 2011 -ci il tarixdə:Qaradağ rayon Qeydiyyat şöbəsi tərəfindən bağlanmış nikah pozulması, tərəflərin birgə nikahından anadan olmuş 25,07.2015-ci il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü Kərimli Nurgün Əsgər qızı İddiaçı yanında saxlanması,xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü Kərimli Nurgün Əsgər qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə sabit pul məbləği aliment olaraq 154 (biri yüz əlli dörd) manat və həmçinin Kərimli Nurgün Əsgər qızının xəstəliyi ilə əlaqədar 46 (qırx altı) manat əlavə xərc, cəmi 354 (üç yüz əlli dörd) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı verilməsi, alimentin tutulma müddəti 12 aprel 2018-ci il tarixdən hesablanması, alimentin tutulması hissəsi dərhal icra edilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş və tədqiq edilmiş AZ-İ seriyalı, 297647 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah xx.xx.2018-ci il tarixdə 349 nömrəli akt ilə ləğv edilmişdir İş materiallarına əlavə olunmuş və tədqiq edilmiş AZ-İİİ seriyalı № 596530 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2015-ci il təvəllüdlü uşaq X3 atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarına əlavə olunmuş və tədqiq edilmiş AZ-İİ seriyalı № 927490 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2012-ci il təvəllüdlü uşaq Kərimli Nurgün Əsgər qızının atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarına əlavə olunmuş və tədqiq edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komisiyyasının sonuncu müayinəsinə dair məlumatdan görünür ki, xx.xx.2012-ci il təvəllüdlü uşaq Kərimli Nurgün Əsgər qızı sağlamlıq imkanları məhdud uşaq olmaqla, ”idiopatik trombositopenik purpura, Xroniki gedişli, tez-tez residivlə qan itirmə nəticəsində yaranan ikincili dəmir defistli anemiya. teztez residivlə.müxtəlif orqanlarda(bağırsaq, burun və s) qanaxma nəticəsində anemiya qeyd edilir. Xroniki idiopatik trombositopenik purpura nəticəsində bağırsaq qanaxması” diaqnozu qoyulmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “İlkin mediasiya sesiyasında iştirak edilməməsi” barədə arayışdan görünür ki, tərəflər arasında olan ailə mübahisəsi ilkin mediasiya sessiyası prosedurunu keçmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş 14038 nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən 60 manat məbləğində mediasiya xərci Bakı 11 saylı Mediasiya Təşkilatının hesabına köçürülmüşdür. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar.Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 5 oktyabr 2012-ci il tarixli qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. Ailə Məcəlləsinin 76.2-ci maddəsinin tələbinə görə, Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. İstinad edilən maddi normalara görə uşaqların saxlanması üçün alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Tərəflərin iki övladlarının olması və onların yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin və xəstə uşağın müalicəsi üçün yaranmış əlavə xərcin cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. İşin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, tərəflərin iki övladlarının olması, uşaqların iddiaçının yanında olması və onların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə sabit pul məbləğində alimentin və müalicəsi üçün yaranmış əlavə xərcin tutulması işin mübahisəsiz hallarıdır. Məhkəmə ilk olaraq qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Məhkəmə həmçinin qeyd edir ki, qanunvericiliyə görə aliment 2 formada tutula bilər: qazancın və başqa gəlirlərin müəyyən hissəsi kimi və sabit pul məbləğində. Alimentin məbləği ilə bağlı olaraq isə ilk növbədə nəzərə alınmalıdır ki, Ailə Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanılmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə minimum təminat səviyyəsini nəzərdə tutur. Həmin minimum təminat səviyyəsindən daha yüksək məbləğdə alimentin təyin olunması isə aliment tutulan şəxsin qazancları barədə sübutların olmasından asılıdır. Hazırki halda isə məhkəmə cavabdehin aliment ödəmək imkanına malik olduğunu nəzərə alır və alimentin sabit pul məbləğində tutulması qənaətinə gəlir. Həmçinin uşaqları saxlamaq hər iki valideyinin vəzifə olduğunu da nəzərə alır. Məhkəmə hesab edir ki, hazırda yetkinlik yaşına çatmamış uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən yuxarıda qeyd olunan qətnamə ilə təyin edilmiş miqdarda (iki uşağa görə cəmi 308 manat aliment və xəstə uşağın müalicəsi üçün cəmi 46 manat əlavə xərc olmaqla cəmi 354 manat) aliment uşaqların günün tələblərinə uyğun təmin edilməsinə, yəni hər il daha da böyüyən və tələbatları artan uşaqların normal saxlanılması üçün kifayət deyildir, uşaqların sağlam böyüməsinə, normal qidalanmasına, geyim və sair tələbatlarının ödənilməsinə imkan vermir. Məhkəmə qeyd edilənləri, həmçinin hər iki tərəfin maddi vəziyyətini, uşaqları saxlamanın hər iki valideynin vəzifəsi olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İddia tələbi bir uşaq üçün 200 (iki yüz) manatdan artıq alimentin tutulması hissəsində təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin, bu halda İddiaçı cavabdehin qeyd olunan məbləğdə alimenti ödəmək iqtidarında olması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etmədi. Bu səbəbdən məhkəmə hesab edir ki, iddianın tam şəkildə təmin edilməsi Cavabdeh üzərinə icrası mümkün olmayan öhdəliyin qoyulması ilə nəticələnə bilər. Həmçinin məhkəmə hesab edir ki, “xroniki purpura (qan duruluğu) ”xəstəliyindən əziyyət çəkən xx.xx.2012-ci il təvəllüdlü Kərimli Nurgün Əsgər qızının müalicə olunması üçün yetkinlik yaşına çatana kimi 80 manat məbləğində müalicə xərci kimi əlavə xərc Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə qeyd edir ki, iddia tələbində göstərilən pulun tutulması cavabdehin üzərinə icrası mümkün olmayan öhdəliyin qoyulması ilə nəticələnə bilər. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi 80 (səksən) manatdan artıq müalicə xərci tutulması hissəsində təmin edilməməlidir. Məhkəmə onu da qeyd edir ki, hazırkı iş üzrə aliment artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tutulduğundan dəyişdirilmiş alimentin məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. (Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il QƏRARİ) . Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2012-ci il təvəllüdlü Kərimli Nurgün Əsgər qızının və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Bakı şəhər Yasamal rayon Məhkəməsinin 2(004)-4137/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı artırılaraq Cavabdeh İddiaçı xeyrinə hər ay bir uşağa görə 200 manat olmaqla, iki uşağa görə cəmi 400 manat sabit pul məbləğində aliment, həmçinin xx.xx.2012-ci il təvəllüdlü Kərimli Nurgün Əsgər qızının müalicəsi üçün hər ay 80(səksən) manat məbləğində əlavə xərc və mediasiya sessiyasında iştirak edilməsi üçün ödənilmiş 50 manat məbləğində pul vəsaiti tutulmalıdır. İddia tələbinin qalan hissəsi təmin olunmamalıdır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. xx.xx.2012-ci il təvəllüdlü Kərimli Nurgün Əsgər qızının və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Bakı şəhər Yasamal rayon Məhkəməsinin 2(004)-4137/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün 200 (iki yüz) manat aliment müəyyən edilməklə cəmi 400(dörd yüz) manat aliment Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilsin. xx.xx.2012-ci il təvəllüdlü Kərimli Nurgün Əsgər qızının müalicəsi üçün Bakı şəhər Yasamal rayon Məhkəməsinin 2(004)-4137/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə təyin edilmiş əlavə xərcin miqdarı artırılaraq Cavabdeh İddiaçı xeyrinə hər ay 80(səksən) manat məbləğində əlavə xərc tutulsun. Alimentin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddia tələbi qalan hissədə təmin olunmasın. Mediasiya sessiyasında iştirak edilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 50(əlli) manat məbləğində pul vəsaiti Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar