Məhkəmə qərarları › İş №2(002)-1656/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1656/2024

05.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1656/2024 05.08.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X5 Xidmətinin Cavabdeh qarşı «təbiətə dəymiş ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X5 Xidməti Cavabdeh qarşı «təbiətə dəymiş ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təbiətə vurulmuş ziyan nəticəsində hesablanmış 28.028 manatın Cavabdeh tutularaq iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X5 Xidmətinin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Abşeron rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli 1(012)-28/2020 nömrəli hökmü ilə təqsirləndirilən şəxs Cavabdeh törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası CM-nin 192.1, 247 və 308.1-ci maddələri ilə tövsif edilmiş və həmin Məcəllənin 70-ci maddəsi tətbiq edilməklə, Cavabdeh CM-nin 66.2-ci və 64.4-cü maddələrinə əsasən təyin olunmuş 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası 1 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(012)-28/2020 nömrəli hökmündə göstərilir ki, Cavabdeh sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan xidməti vəzifəsinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmuş, qanunsuz sahibkarlıqla, yəni xüsusi razılıq (lisenziya) tələb olunduğu halda, belə razılıq (lisenziya) almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla, dövlətə xeyli miqdarda ziyan vurmuş, digər obyektlərdə aparılmış istismar işləri zamanı ətraf mühitin mühafizəsi qaydalarına riayət olunması üçün cavabdeh şəxs kimi müəyyən edilmiş qaydaları pozması ağır nəticələrə səbəb olmuşdur. Belə ki, Cavabdeh Abşeron rayon İcra Hakimiyyəti başçısının 13 may 2008-ci il tarixli 504a nömrəli Sərəncamı ilə tanışı X3 15 il müddətinə icarəyə verilmiş Abşeron rayonunun inzibati ərazisində yerləşən «Karvansaray» əhəngdaşı yatağındakı 2 ha torpaq sahəsini şifahi razılaşmaya əsasən istifadəyə götürüb xüsusi razılıq (lisenziya) almadan həmin torpaq sahəsində 2017-ci ilin iyul ayından 2018-ci ilin may ayına kimi olan müddətdə qanunsuz sahibkarlıq fəaliyyətini həyata keçirərək 3640 m3 əhəngdaşı istehsal edib mişardaşı məhsulu kimi sataraq dövlətə və təbiətə xeyli miqdarda 28.028 (iyirmi səkkiz min iyirmi səkkiz) manat məbləğində ziyan vurmuş, eləcə də istismar üçün icarəyə götürdüyü sahədə yerin təkindən faktiki istifadə edərək təbiəti mühafizə üzrə cavabdeh şəxs kimi ətraf mühitin mühafizəsi sahəsində mövcud qanunvericiliyin tələblərini yerinə yetirməli olduğu halda, «Yerin təki haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu, 10-cu, 21-ci və 46-cı maddələrində nəzərdə tutulmuş yerin təkindən istifadə üzrə standartlara (normativlərə və qaydalara) riayət edilməsi, faydalı qazıntıların normadan artıq itkisinə, keyfiyyətinin aşağı düşməsinə yol verilməməsi, yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz görülməsinin təmin edilməsi, yerin təkindən istifadə zamanı torpaq sahəsinin rekultivasiyasının təmin edilməsi, eləcə də, «Ətraf mühitin mühafizəsi haqqında» 8 iyun 1999-cu il tarixli 678-İQ nömrəli Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinə əsasən müəssisənin, qurğular və başqa obyektlərin istismarı, ətraf mühitin mühafizəsi üzrə layihədə göstərilmiş, bütün ekoloji tələblərin tam həcmdə yerinə yetirilməsini həyata keçirməli, həmin Qanunun 6-cı maddəsinə əsasən ətraf mühitin qorunmasına borclu olduğu halda, qanunvericiliyin həmin tələblərini yerinə yetirməmiş, həmin əməli nəticəsində atmosferin çirklənməsinə, mineral xammal bazasının məhvinə və ətraf mühit üçün təhlükə yaranmasına, yəni bərpası mümkün olmayan ağır nəticələrə səbəb olmuş, eləcə də həmin əməli ilə insanların konstitusiya ilə təsbit olunmuş sağlam ətraf mühitdə yaşamaq hüquqlarına və dövlətin ekoloji tarazlığın saxlanılması istiqamətində siyasətinə, yəni dövlətin və cəmiyyətin mənafeyinə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. İş üzrə materialların təhlili zamanı müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Cavabdeh yerin təkindən istifadəyə dair sənədlər, yəni dağ-mədən ayırması aktı, ekoloji ekspertiza rəyi, ekoloji pasport və dağ-mədən işlərinin inkişafı planı verilməmişdir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin xx.xx.2019-cu il tarixli İN-X/0-1584/2019 nömrəli məktubu ilə müəyyən olunur ki, lisenziyaların və icazələrin vahid reyestrində dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılması üçün Cavabdeh lisenziya verilməsinə dair məlumat qeydə alınmamışdır. Cinayət işi materiallarına əsasən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2018-ci il tarixli 379/Ü nömrəli əmri ilə yaradılmış komissiya tərəfindən aparılmış monitorinqin nəticəsi barədə tərtib olunmuş xx.xx.2019-cu il tarixli rəydən görünür kı, fiziki şəxs X8 rayon İcra Hakimiyyəti başçısının 13 may 2008-ci il tarixli 504 a nömrəli sərəncamı ilə onun adına 15 il müddətinə ayrılmış 2 ha torpaq sahəsində 2013-cü ilin iyul ayından 2017-ci ilin iyul ayınadak işləmiş, həmin tarixdən 2018-ci ilin may ayına kimi Cavabdeh işləyərək əhəngdaşı yatağını istismar etmişdir. Ümumilikdə qanunsuz istismar olunmuş 14560 m3 həcmində əhəngdaşının 3640 m3 həcmində olan hissəsi (130 x 70 x 0.4 metr) Cavabdeh tərəfindən istismar olunmuşdur. xx.xx.2013, xx.xx.2014, xx.xx.2015, xx.xx.2016, xx.xx.2017 və xx.xx.2018-ci il tarixli kosmik çıxarışlarla da istismar işlərinin bu ərazidə aparılması təsdiq olunmuşdur. Cavabdeh tərəfindən əhəngdaşı yatağının istismar olunması zamanı karxana fəaliyyəti göstərməyə icazə verən yerin təkindən istifadəyə dair sənədlər - dağ-mədən ayırma aktı olmadan fəaliyyət göstərmiş, ekoloji ekspertiza rəyi, ekoloji pasport və dağ-mədən işlərinin inkişaf planı olmamış və nəticədə bərpası mümkün olmayan texnogen relyef yaranmış, faydalı qazıntıları çıxarmaq üçün səmərəli effektliyə malik üsulları və işlənmə sistemləri tətbiq etmədən faydalı qazıntının normadan artıq itkisinə, kasadlaşmasına və keyfiyyətinin aşağı düşməsinə yol vermiş, yerin təkindən istifadə zamanı texnoloji tullantıları toplamaq üçün tullantı anbarları təşkil etməmiş, texnoloji tullantıların həcmi normadan artıq olmuş, torpaq sahəsinin dağ-texniki rekultivasiyasını aparmamış, atmosferdə azot oksidlərinin 1 m3 havada qəbul edilmiş hədd norması 6 mq təşkil etdiyi halda, karxanada monitorinq zamanı bu normanın 120 mq olması müəyyən edilmiş, atmosferin həddən artıq çirklənməsi və təbiətə geridönməz ağır ziyan vurulmaqla ətraf mühitin mühafizəsi qaydaları pozulmuşdur. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Mütəxəssis təhlilləri şöbəsinin xx.xx.2019-cu il tarixli rəyinə əsasən Nazirlər Kabinetinin 1998-ci il 28 dekabr tarixli 239 nömrəli Qərarına uyğun olaraq «Azərbaycan Respublikasında yayılmış bəzi faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində təbiətə dəymiş ziyana görə ödəmə normativləri» əsas götürülərək Şahməmmədov Rəsuİ Şahməmməd oğlu tərəfindən hasil olunmuş 3640 m3 əhəngdaşına görə təbiətə dəymiş ziyan 26.028 manat təşkil etmişdir. Bundan əlavə, kompleks məhkəmə-yer quruluşu, mühəndis tikinti-texniki, bioloji torpaqşünaslıq və əmtəəşünaslıq ekspertizasının rəyinə əsasən Cavabdeh məxsus əhəngdaşı karxanasında xam materialın götürülməsi zamanı «Yerin təki haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu, 10cu, 21-ci, 33-cü, 41-ci və 46-cı məddələrinin, eləcə də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 1 nömrəli Qərarı ilə təsdiq edilmiş «Yerin təki istifadəçilərinin vəzifələri və məsuliyyəti» barədə müddəaların taləbləri pozulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 239 nömrəli, 28 dekabr 1998-ci il tarixli Qərarına əsasən «Azərbaycan Respublikasında yayılmış faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində təbiətə dəymiş ziyana görə ödəmə normativləri» əsas götürülərək hasil olunmuş 1 m3 əhəndaşının dəyəri 7,7 manat təyin olunmuş və hasil olunmuş 3640 m3 əhəngdaşına görə təbiətə dəymiş ziyan 28.028 manat təşkil etmişdir. Yuxarıda qeyd olunanlara əsasən hesab edirlər ki, Cavabdeh öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə, habelə, qulluq mənafeyi tələb etdiyi halda qəsdən istifadə etməməklə faydalı qazıntı yatağının qanunsuz işlənməsi nəticəsində hesablanmış ümumilikdə 28.028 manat Cavabdeh tutularaq Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X5 Xidmətinə ödənilməlidir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil izahatında bildirdi ki, Cavabdeh dövlətə və təbiətə dəymiş ziyanı bir dəfəyə ödəməyə maddi imkanı çatmadığından həmin ziyanı yalnız hissə-hissə ödəyə bilər. Ona görə də iş üzrə yekun məhkəmə aktı çıxarılmamalı, mübahisənin məhkəmədənkənar həlli ilə bağlı razılığa gəlmələri üçün tərəflərə vaxt verilməlidir. Cavabdehin nümayəndəsi və vəkili sonda məhkəmədən iddianın baxılmamış saxlanılması barədə qərardad çıxarılmasını xahiş etdi. Məhkəmə, tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Abşeron Rayon Məhkəməsinin 28 fevral 2020-ci il tarixli, 1(012)-28/2020 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəzaya; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 247-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib 1 (bir) il müddətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə, 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə növündə cəzaya; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə, 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş; Azərbaycan Respublikası CM-nin 66.2 və 64.4-cü maddələrinə əsasən təyin edilən cəzalar qismən toplanılmaqla üzərində qəti olaraq 2 (iki) il müddətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə, 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə növündə cəza saxlanılmış; CMnin 70-ci maddəsi tətbiq olunmaqla, təyin olunmuş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası 01 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmiş; sınaq müddəti hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmış; Cavabdeh üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmuş; barəsində seçilmiş «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməmiş; iş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunmalı əmlakın olmadığı qeyd edilmiş; iş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 200 (iki yüz) manatın Cavabdeh tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilməsi barədə göstəriş verilmiş; zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsi ilə bağlı hökm qanuni qüvvəsini aldıqdan sonra mülki qaydada şikayət etmək hüququnu izah edilmiş; hökmün icrası Cavabdeh yaşayış yeri üzrə Bakı şəhəri Qaradağ rayon icra və probasiya şöbəsinə həvalə edilmişdir. Azərbaycan Respublikası MPM-in 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 238-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Əgər qanunla ayrı qayda müəyyənləşdirilməyibsə, torpaq sahəsinə mülkiyyət hüququ həmin sahənin sərhədləri daxilində yerləşən səth (torpaq) qatına və qapalı sututarlara, meşələrə və bitkilərə də şamil edilir. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, yerin təki və faydalı qazıntılar Azərbaycan Respublikasının mülkiyyətidir. Başqa məqsədlər üçün istifadəsinə yol verilməyən və ya məhdudiyyət qoyulan kənd təsərrüfatı təyinatlı və digər təyinatlı torpaq sahələri qanunla müəyyənləşdirilir. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. «Yerin təki haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında yerin təki hər hansı fiziki və ya hüquqi şəxslərin hüquqlarına xələl gətirmədən Azərbaycan Respublikasına mənsubdur. Qanunun 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində yerin təki bütünlükdə vahid dövlət fondunu təşkil edir və bu fonda yer təkinin həm istifadə edilən, həm də istifadə edilməyən hissələri daxildir. Qanunun 48-ci maddəsinə əsasən yer təkinin təbii xassələrini pozmaqda təqsiri olan, yaxud yerin təkindən istifadə imkanlarını qismən və ya tamamilə istisna edən şəraiti yaradan müəssisələrin, təşkilatların, vəzifəli şəxslərin və vətəndaşların fəaliyyəti nəticəsində yer təki istifadəsinə vurulmuş ziyan onların vəsaiti hesabına ödənilir. Faydalı qazıntı yataqlarının zəngin sahələrinin seçmə üsulla hasilatını aparan, eləcə də yerin təkindən istifadə imkanlarını qismən və ya tamamilə istisna edən şəraiti yaradan, yaxud yatağın korlanmasına səbəb olan hərəkətlərdə təqsiri olan yer təki istifadəçisinin fəaliyyəti nəticəsində dövlətə vurulmuş ziyan istifadəçinin vəsaiti hesabına ödənilir. Vurulmuş ziyanın miqdarını və ödənilməsi qaydasını məhkəmə müəyyənləşdirir. Ziyanın ödənilməsi tərəflərin razılığı ilə yer təkinin pozulmuş təbii xassələrinin bərpası üzrə işlərin görülməsi ilə əvəz edilə bilər. Özbaşına yerin təkindən istifadə və faydalı qazıntı yataqları yerləşən sahələrdə aparılmış tikinti işləri çəkilmiş məsrəflər ödənilmədən dayandırılır. Yuxarıda qeyd olunan, qanun qüvvəsini almış hökmlə təsbit edilmişdir ki, cavabdeh tərəfindən törədilmiş cinayət əməli nəticəsində dövlətə və təbiətə 28.028 manat məbləğində maddi ziyan vurulmuşdur. İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X5 Xidməti büdcə təşkilatı olmaqla dövlət rüsumu ödəməkdən azaddır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, təbiətə vurulmuş ziyana görə 28.028 manat pul vəsaiti Cavabdeh tutularaq iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X5 Xidmətinin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Təbiətə vurulmuş ziyana görə 28.028 manat pul vəsaiti Cavabdeh tutularaq iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X5 Xidmətinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar