Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1668/2021 05.07.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Əsədov Cavid Həbib oğlunun katibliyi, tərcüməçi X4, İddiaçı və cavabdeh Əziz Hidayət oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Əziz Hidayət oğluna qarşı mənzildən çıxarılma və mənzilə istifadə hüquqlarına xitam verilməsi tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Əziz Hidayət oğluna qarşı mənzildən çıxarılma və mənzilə istifadə hüquqlarına xitam verilməsi tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Əziz Hidayət oğlunun iddiaçıya məxsus Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ev 5q, 7 saylı mənzilə istifadə hüquqlarına xitam verilməsi və onun mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı izahat verərək bildirdi ki, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ev 5q, 7 saylı mənzili 24 fevral 2005-ci il tarixdə Bakı şəhəri 47 saylı Notariat Kontorunda bağlanmış alqı-satqı müqaviləsinə əsasən X2 almışdır. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən onun adına ÖM seriyalı, 229332 saylı qeydiyyat vəsiqəsi verilmişdir. Həmin vaxtdan mənzil onun şəxsi mülkiyyətindədir. Alqı-satqı zamanı keçmiş mülkiyyətçinin qohumu olan cavabdeh də notarial qaydada alqı-satqıya razılıq vermişdir. Onunla cavabdeh arasında hər hansı başqa razılaşma olmamış və cavabdehin qarşısında hər hansı öhdəlik götürməmişdir. Mənzili aldıqdan sonra həmin dövrdə mənzilə ehtiyacı olmadığı üçün keçmiş mülkiyyətçinin xəstəliyini və xahişini nəzərə alaraq, onun və cavabdehin mənzildə yaşamasına etiraz etməmişdir. Lakin keçmiş mülkiyyətçi vəfat etdikdən sonra da cavabdeh orada yaşamağa davam edir. Hazırda mənzilə ehtiyacı olduğu üçün cavabdehin mənzildən çıxmasını dəfələrlə tələb etmiş, lakin cavabdeh mənzildən çıxmamışdır. Eyni zamanda cavabdehin sözügedən mənzildə qeydiyyatda qalması ona sonradan məlum olmuşdur. Cavabdehin həmin mənzildə qeydiyyatda qalması bir sıra problemlər yaradır. Belə ki, cavabdehin əvəzinə əlavə kommunal xərclər ödəmək məcburiyyətində qalır, həmçinin bu hal onun mənzil üzərində mülkiyyət hüquqlarının pozulmasına səbəb olur. Ona görə də iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Hazırda o, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı cavabdeh Əziz Hidayət oğlu izahat verərək bildirdi ki, iddia tələbinə etiraz edir. Belə ki, mərhum bibisinə məxsus olmuş Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ev 5q, 7 saylı mənzil satılarkən iddiaçı ilə arasında ömür boyu həmin mənzildə yaşaması barədə razılaşma olmuş, lakin iddiaçı bu razılaşmaya riayət etməyərək mənzildən çıxarılma və mənzilə istifadə hüquqlarına xitam verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Bundan əlavə qeyd edir ki, iddiaçı tərəfindən kompensasiya veriləcəyi təqdirdə qeydiyyatdan və mənzildən çıxmağı qəbul edir. Qeyd olunanlara əsasən, o, məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə, izahatları dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə əsaslı hesab edilərək təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı, 229332 saylı qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, yaşayış sahəsi 16,59 kv.m olan Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ev 5q, 7 saylı mənzil İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 302 saylı reyestr kitabında 30/7279 nömrəsi ilə 07.04.2005-ci il tarixdə qeydiyyat aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* nömrəli, 28.04.2021-ci il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ev 5q, 7 saylı mənzildə qeydiyyatdadır. Həmin mənzildə ondan başqa XXX Əziz Hidayət oğlu, X9, X5 və X10 qeydiyyatdadırlar. İş materiallarında olan AN-İ seriyalı, ******* saylı, 24.02.2005-ci il tarixli Daşınmaz Əmlakın Alqı- Satqı Müqaviləsindən görünür ki, X6 Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ev 5q, 7 saylı mənzili İddiaçı satmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş ölüm haqqında Tibbi Şəhadətnamənin surətindən görünür ki, X7 09.03.2014-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan ƏN-İ seriyalı 021001 saylı etibarnamənin surətindən görünür ki, X1 Rafiq Yusif oğluna Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ev 5q, 7 saylı mənzilə dair sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və digər hərəkətləri etməyi etibar etmişdir. İş materiallarında olan Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 123 saylı Mənzil- Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 05.02.2005-ci il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ev 5q, 7 saylı mənzil X3 şəxsi mülkiyyətindədir, həmin mənzildə özü və qardaşı oğlu Əziz Hidayət oğlu qeydiyyatdadırlar. İş materiallarında olan Əziz Hidayət oğlunun ünvan ünvanladığı 05.02.20005-ci il tarixli ərizənin surətindən görünür ki, Əziz Hidayət oğlu Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Şamaxı yolu, ev 5q, 7 saylı bir otaqlı mənzilin satılmasına razılıq vermiş, ərizənin notarius tərəfindən oxunduğunu və heç bir etirazının olmadığını qeyd etmişdir. Beləliklə, məhkəmə iclasında mülki iş üzrə sübutlara, o cümlədən Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı, 229332 saylı qeydiyyat vəsiqəsinə və Dövlət Notariat Arxivindən daxil olan notariat işinin surətinə əsasən müəyyən edildi ki, iddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ev 5q, 7 saylı mənzili notarial qaydada bağlanmış alqı-satqı müqaviləsinə əsasən almışdır və hazırda mənzil onun mülkiyyətindədir. Mənzilin keçmiş mülkiyyətçisinin qohumu olan cavabdeh də həmin alqı-satqıya notarial qaydada razılıq vermişdir. Hazırda iddiaçı özünə məxsus mənzildən onun ailə üzvü olmayan və daşınmaz əmlakın dövlət reyestrində hər hansı hüququ qeydə alınmayan cavabdehin çıxarılmaqla istifadə hüququna xitam verilməsini tələb etməkdədir. Cavabdeh tərəf həmin mənzildə ömürlük yaşaması barədə iddiaçı ilə razılığının olduğunu bildirsə də, məhkəmə baxışı zamanı həmin halı təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir. Qeyd olunanlara əsasən, məhkəmə müəyyən edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyaya Əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16.12.2014-cü il tarixli Qərarında qeyd olunur ki, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Beləliklə, məhkəmə mülki iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Əziz Hidayət oğlunun İddiaçı məxsus Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ev 5q, 7 saylı mənzildən istifadə hüquqlarına xitam verilsin və o, həmin mənzildən çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-1668/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1668/2021
05.07.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver