Məhkəmə qərarları › İş №2(002)-167/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-167/2025

20.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-167/2025 20.10.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Bağırova Mehriban Yaşar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbi barədə iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ona vurduğu ziyana görə 2000 manat, dövlət rüsumuna görə 40 manat, cəmi 2040 manat pulun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı izahat verərək bildirdi ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 5 saylı evin 22 saylı mənzili ona məxsus olmaqla ailə üzvləri ilə birlikdə 2016-cı ildən həmin mənzildə yaşayır. Həmin ünvanda yuxarı mərtəbədə olan 24 saylı mənzil cavabdehə məxsus olmuş, 2017-ci ildən 2024-cü ilin sonlarına qədər 24 saylı mənzildən onun mənzilinə daimi su axmışdır. Həmin dövrdə Cavabdeh məxsus mənzildən onun evinə çirkab suyun axıdılması nəticəsində onun mənzilinin hamamı, tualeti, mətbəxinin tavanı və mətbəx mebeli yararsız hala düşməklə tamamilə sıradan çıxnış, həmçinin suyun axması nəticəsində lampalara, elektrik naqillərinə də ciddi ziyan dəymişdir. Bu barədə cavabdehə dəfələrlə məlumat versǝ də, heç bir nəticəsi olmamışdır. Hətta bu barədə MKİS-ə də şikayət etmişdir, onlar da gəlib vəziyyətlə tanış olub bu barədə akt tərtib etmişlər. Cavabdehin evindən onun evinə su axması nəticəsində bərbad olan hissələrin təmiri üçün 2000 manat məbləğində pul lazımdır. Cavabdehǝ bunu bilsə də, bu məsələyə laqeyd yanaşmışdır. Bu səbəbdən, o, məcbur qalıb məhkəməyə müraciət etməli olmuşdur. Lakin 2025-ci ilin yayında cavabdeh mənzilini başqa şəxsə satmış, həmin şəxs bu problemi görüb 24 saylı mənzili təmir etmiş və bundan sonra suyun axıntısı dayanmışdır, ona görə də mənzilin yeni sahibinə qarşı hər hansı tələbi yoxdur. Onun mənzilinə su axan dövrdə mənzildə cavabdeh özü yaşamış, ziyan cavabdeh tərəfindən vurulsa da, o, ziyanı ödəməkdən yayınmışdır. Qeyd olunanlara əsasən, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş və səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 135.7, 185.5-ci maddələrinin tələblərinə istinad edərək, mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, izahatları dinləyib, iş materiallarında olan sübutları tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən əsaslı hesab olunaraq qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bilal Niftəliyev küçəsi, 5 saylı evin 22 saylı mənzili İddiaçı xüsusi mülkiyyətindədir və bu barədə 2227 nömrəli reyestr kitabının 207190 nömrəli vərəqində xx.xx.2016-cı il tarixində qeydiyyat aparılmışdır. İş materiallarında olan İddiaçı xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, yaşadığı binanın ikinci mərtəbəsində yerləşən 24 nömrəli mənzildə yaşayan Cavabdeh tərəfindən ona məxsus mənzilə 2000 manatədək ziyan vurulmuşdur. Dəfərlərlə Saraya bildirməsinə baxmayaraq, əməllərindən əl çəkməmişdir. O, bu haqda 152 saylı MKİS-nə ərizə ilə müraciət etmiş, MKİS tərəfindən evə baxış keçirilmiş və mövcud vəziyyət yerindəcə dəyərləndirilmiş, xx.xx.2024-cü il tarixdə aktlaşdırılmışdır. İş materiallarında olan 152 saylı MKİS-in nümayəndələri tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, həqiqətən B.Niftəliyev küçəsi, ev 5, mənzil 22-nin sahibi İddiaçı dediyi kimi, onun mənzilinə yuxarı mərtəbədən, yəni Cavabdeh yaşadığı 24-cü mənzildən su axıdılmışdır, mənzilin otağı, sanitar qovşağı, dəhlizin tavanları pis vəziyyətə düşmüşdür. Nəticədə mənzilə xeyli miqdarda ziyan dəymişdir. İş materiallarında olan Qaradağ rayon MKTB 152 saylı MKİS tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Dadaşov X3 qəsəbəsi, Bilal Niftəliyev küçəsi, ev 5, mənzil 22 ünvanında yaşayır, qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 may 2025-ci il tarixli ekspert rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən 22 saylı mənzilin göstərilən tikililərinin konstruktiv elementlərinin (divar, tavan, döşəmə və s.) üzərində müxtəlif həcmdə qüsurların mövcudluğu və həmin qüsurların su sızmaya aid olduğu müəyyən edilmişdir. Mənzillərin planlı yerləşməsini nəzərə alaraq 22 saylı mənzilə, həmin mənzilin üst mərtəbəsində yerləşən 24 saylı mənzildən suyun axıdılması müəyyən edilir. Qiymətləndirmə fəaliyyəti elmin hər hansı bir sahəsində xüsusi bilik tələb etməməklə məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən ekspert tərəfindən materialların və xidmətlərin qiymətləri müəyyən edilmir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubunun surətindən görünür ki, ünvan 1, 24 saylı mənzil xx.xx.2001-ci il tarixdə Cavabdeh adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 8 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2025-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, xx.xx.2025-ci il tarixdə X2 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 51.39 kv.m, yaşayış sahəsi 28.49 kv.m, yardımçı sahəsi 22.9 kv.m olan 2 otaqlı mənzilin tam mülkiyyət üzrə ona məxsus hissəsini (tam hissə) X2 mülkiyyətinə verir. İş materiallarında olan "xxxx" MMC-nin 480/E nömrəli, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, ünvan 1, 22 saylı mənzilə həmin evin yuxarı mərtəbəsində yerləşən 24 saylı mənzildən suyun axması nəticəsində dəymiş maddi ziyanın məbləği 820 manat müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında mülki iş üzrə sübutlara, o cümlədən yazılı sübutlara və ekspert rəylərinə əsasən müəyyən edildi ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 5 saylı evin 24 saylı mənzilindən iddiaçıya məxsus 22 saylı mənzilə suyun axdığı və maddi ziyanın dəydiyi dövrdə 24 saylı mənzil Cavabdeh mülkiyyətində və faktiki sahibliyində olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə müəyyən edir ki, iddia tələbi maddi zərərin tutulması hissəsində ekspert rəyi ilə müəyyən edilmiş həddə əsaslı hesab olunaraq qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən, qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1111.2-ci maddəsinə əsasən, əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, dövlət rüsumu ilə bağlı tələb də qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, mülki iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək və sadalanan hüquq normalarına istinad edərək məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğundan, ekspertiza xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq tərəflər arasında bölünməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 115.0.1-ci maddəsinə əsasən, ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh maddi ziyanın əvəzi olaraq 820 (səkkiz yüz iyirmi) manat məbləğində pul və 16,4 manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş tikinti-texniki ekspertizasının xərcinə görə İddiaçı 29 (iyirmi doqquz) manat, Cavabdeh 21 (iyirmi bir) manat məbləğində pul tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına ödənilsin: Büdcə təsnifatının kodu:142595, ekspertiza xərci, SAP (XİİS) hesabı: X1, kodu:210005, VÖEN:**********, müxbir hesab:AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi: VÖEN:**********, hesab:AZ34CTRE********************. İş üzrə keçirilmiş tikinti-qiymətləndirmə ekspertizasının xərcinə görə İddiaçı 118 (yüz on səkkiz) manat, Cavabdeh 82 (səksən iki) manat məbləğində pul tutularaq "xxxx" MMC-nin aşağıdakı hesabına ödənilsin: “Kapital Bank”: Hesab № AZ84AİİB********************. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar