Məhkəmə qərarları › İş №2(002)-1671/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1671/2020

30.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1671/2020 30.09.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit müqaviləsi üzrə borc» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 «kredit müqaviləsi üzrə borc» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC xeyrinə xx xxxxxx 2018-ci il tarixli kredit müqaviləsi üzrə 448,57 manat əsas borc, 57,61 manat faiz borcu, 958,99 manat cərimə və kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 6,35 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 1471,52 manat borcun ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 xx xxxxxx 2018-ci il tarixli kredit müqaviləsinə əsasən “TBC Kredit” BOKT-dan illik 33 faizlə 24 ay müddətinə 3600 manat məbləğində kart vasitəsilə kredit verilmişdir. Borcun təminatı olaraq xx xxxxxx 2018-ci il tarixdə Məmmədov Məhəmməd oğlu ilə zaminlik müqaviləsi bağlanmışdır. “TBC Kredit” BOKT ilə “xxxxxx” İKB ASC arasında bağlanmış tələbin güzəşti barədə xx xxxxxx 2019-cu il tarixli müqaviləyə xx xxxxxx 2019-cu il tarixli 1 saylı Əlavə Sazişə əsasən Cavabdeh1 ilə 'TBC Kredit” BOKT arasında bağlanmış kredit müqaviləsi üzrə borcun tələb etmək hüququ “xxxxxx” İKB ASC-yə ötürülmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2020-ci il iyunun 16-dək Cavabdeh1 banka xx xxxxxx 2018-ci il tarixli Kredit müqaviləsi üzrə 448,57 manat əsas borc, 57,61 manat faiz borcu, 958,99 manat cərimə və kredit müqaviləsi üzrə xx.xx.2020ci il tarixdən xx.xx.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 6,35 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 1471,52 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Qeyd olunan halların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehləriniştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş BAKU2-32478-15362 saylı, xx xxxxxx 2018-ci il tarixli kredit müqaviləsinin məzmunundan görünür ki, “TBC Kredit” BOKT-dan illik 33 faizlə 24 ay müddətinə 3600 manat məbləğində kart vasitəsilə kredit verilmişdir. İş materiallarına əlavə olunmuş BAKU2-32478-15362+BAKU2-32504 saylı zaminlik müqaviləsinin məzmunundan görünür ki, Cavabdeh2 xx xxxxxx 2018-ci il tarixli BAKU2-32478-15362 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icra edilməsi üçün boclu ilə birgə məsuliyyət daşıması barədə öhdəlik götürmüş, kreditin məbləği 3600, kreditin müddəti 24 ay olduğu qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş ödəniş qrafikinə əsasən, Cavabdeh1 BAKU2-32478-15362 saylı kredit müqaviləsi üzrə aylıq 207,99 manat ödəməklə, əsas məbləğ 3600 manat, 1368,99 manat faiz borcuna görə olmaqla, cəmi 4968,99 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx xxxxxx 2019-cu il tarixli tələbin güzəşti barədə müqaviləyə xx xxxxxx 2019-cu il tarixli 1 saylı Əlavə Sazişə əsasən Cavabdeh1 ilə 'TBC Kredit” BOKT arasında bağlanmış kredit müqaviləsi üzrə borcun tələb etmək hüququ “xxxxxx” İKB ASC-yə ötürülmüşdür. İş materiallarına əlavə olunmuş xəbərdarlıq məktubunun surətindən görünür ki, Cavabdeh1 və Cavabdeh2 borcun ödənilməsini tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. İş materiallarına əlavə olunmuş İddiaçı ASC-nin maliyyə arayışına əsasən Cavabdeh1 BAKU2-32478- 15362 saylı, xx.xx.2018-ci il tarixli kredit razılaşması üzrə xx.xx.2020-ci il tarixinə olan 448,57 manat əsas borc, 57,61 manat faiz borcu, 958,99 manat cərimə cərimə borcu 2115.59 manat, cəmi borc 11300.89 manat təşkil edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Göründüyü kimi tərəflər arasında faktorinq müqaviləsindən və nisyə alqı-satqı müqaviləsindən əmələ gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 194.1-ci maddəsinə əsasən tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. Həmin Məcəllənin 194.2-ci maddəsinə əsasən tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tələbin sahibi ilə borclu arasında bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. Həmin Məcəllənin 196-ci maddəsinə əsasən əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, ilkin kreditorun tələbi yeni kreditora hüququn keçdiyi məqamda mövcud olmuş həcmdə və şərtlərlə keçir. Xüsusilə, öhdəliyin icrasını təmin edən hüquqlar, habelə tələblə bağlı olan digər hüquqlar, o cümlədən ödənilməmiş faizlərə hüquq yeni kreditora keçir. Tələb güzəşt edildikdə yeni kreditora girov və ipoteka hüququ, habelə ona verilmiş zaminlik üzrə hüquqlar keçir. Yeni kreditor məcburi icra və müflisolma halı üçün tələblə bağlı üstünlük hüququnu həyata keçirə bilər.. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 427.4-cü maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmədə tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, “TBC Kredit” BOKT ilə Cavabdeh1 arasında xx xxxxxx 2018-ci il tarixli kredit müqaviləsi bağlanılmışdır. xx xxxxxx 2018-ci il tarixli kredit müqaviləsinə əsasən “TBC Kredit” BOKT-dan illik 33 faizlə 24 ay müddətinə 3600 manat məbləğində kart vasitəsilə kredit verilmişdir. Borcun təminatı olaraq xx xxxxxx 2018-ci il tarixdə Məmmədov Məhəmməd oğlu ilə zaminlik müqaviləsi bağlanmışdır. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “TBC Kredit” BOKT ilə “xxxxxx” İKB ASC arasında bağlanmış tələbin güzəşti barədə xx xxxxxx 2019-cu il tarixli müqaviləyə xx xxxxxx 2019-cu il tarixli 1 saylı Əlavə Sazişə əsasən Cavabdeh1 ilə 'TBC Kredit” BOKT arasında bağlanmış kredit müqaviləsi üzrə borcun tələb etmək hüququ “xxxxxx” İKB ASC-yə ötürülmüş, borclu Cavabdeh1 kredit müqaviləsi üzrə borcun ödənilməsini tələb etmək hüququnu İddiaçı ASC-yə güzəşt etmişdir. Bununla da, tərəflər arasından bağlanılmış kredit müqaviləsi üzrə tələb hüququ iddiaçıya keçmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı məüyyən edilmişdir ki,bank kredit müqaviləsi üzrə öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirdiyi halda, cavabdehlər müqavilə üzrə öz üzərinə götürdükləri öhdəlikləri lazımi qaydada və vaxtında icra etməmişlər. bununla da müqavilə şərtlərini pozmuşlar. Nəticədə bank qarşısında cavabdehlərin kredit müqaviləsi üzrə yaranan borc öhdəliklərinin vaxtında və lazımi qaydada icra olunmasına görə birgə məsuliyyəti yaranmışdır. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən tərəflər arasında bağlanılmış kredit müqaviləsi üzrə tələb hüququnun kreditordan ona keçməsinə dair müvafiq bildiriş cavabdehlərə göndərilməklə, bu barədə onlara məlumat verilsə də, cavabdehlər müvafiq borc öhdəliyini icra etməmişlər. Bu hal isə öz növbəsində onların iddiaçı qarşısında həmin borc öhdəliyinə görə mülki hüquqi məsuliyyətinin yaranmasına əsas olmuşdur. Bu halda, məhkəmə hesab edir ki, cavabdehlərin kredit müqaviləsi üzrə borc öhdəliyinin yaranması və həmin borc öhdəliyi üzrə tələb hüququnun iddiaçıya keçməsi halı aşkar olduğundan, iddiaçı cavabdehlərə qarşı belə bir tələb irəli sürməkdə haqlı olmuşdur. Bu halları nəzərə alaraq, habelə iddia tələbinin əsas və fazi borcunu ayrı-ayrılıqda nəzərdən keçirərək, məhkəmə hesab edir ki, iddia tələbi əsas və faiz borcunun tutulması hissəsində əsaslı olmaqla, bu hissədə iddia tələbi təmin edilməlidir. Bununla yanaşı, məhkəmə iddia tələbinin cərimə borcunun tutulmasına dair hissəsi ilə bağlı hesab edir ki, iddiaçı cərimə borcunun tutulmasına dair tələb irəli sürərkən cərimə borcunun məbləği tənasübsüz surətdə yüksək hesablandığından, bu hissədə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə dəbbə pulunun tutulmasına dair iddia tələbini araşdıraraq hesab edir ki, iddiaçı cərimə borcunun tutulmasına dair tələb irəli sürərkən cərimə borcunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Məhkəmə hesab edir ki, cavabdehlərdən BAKU2-32478-15362 saylı, xx xxxxxx 2018-ci il tarixli kredit müqaviləsi üzrə 10 manat məbləğində cərimə borcunun iddiaçının xeyrinə tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Həmçinin, iş materiallarından görünür ki, iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada BAKU2-32478- 15362 saylı, xx xxxxxx 2018-ci il tarixli kredit müqaviləsi üzrə 448,57 manat əsas borc, 57,61 manat faiz borcu, 10 manat cərimə borcu, gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 6,35 manat məbləğində faiz borcu olmaqla, cəmi 522.53 manat borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada BAKU2-32478-15362 saylı, xx xxxxxx 2018ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 448,57 manat əsas borc, 57,61 manat faiz borcu, 10 manat cərimə borcu, gecikdirilmiş vaxt üçün hesablanmış 6,35 manat məbləğində faiz borcu olmaqla, cəmi 522.53 manat borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən,qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar