Məhkəmə qərarları › İş №2(002)-1676/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1676/2021

04.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1676/2021 04.06.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Əsədov Cavid Həbib oğlunun katibliyi ilə, iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh iddiaçı “xxxx” ASC-nin xeyrinə 2046,67 maant əsas borc, 0,02 manat faiz borcu olmaqla, cəmi 2046,69 manat məbləğində kredit borcunun və iddia ərizəsi üzrə ödənilmiş 30 manat dövlət rüsumunun, habelə 0,4 manat (qırx qəpik) bank xidməti haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı “xxxx” ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, “xxxx” ASC-nin Müştəri Xidməti Departamenti ilə X3 arasında bağlanmış 190-02.09.2014-SM33BPM**********56 nömrəli 22.10.2018ci il tarixli kredit müqaviləsinə əsasən X2 illik 24 faizlə 25 ay müddətinə 10000 manat kredit verilmişdir. Kredit müqaviləsinin 4.4.2-ci bəndinə əsasən borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Kredit müqaviləsinin təminatı kimi iddiaçı ilə Cavabdeh arasında 22.10.2018-ci il tarixdə zaminlik müqaviləsi bağlanmış və müqavilənin 1.1-ci bəndinə əsasın cavabdeh borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə bank qarşısında cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. Zaminlik müqaviləsinin 2.3.3-cü bəndinə əsasən, borclunun zaminliklə təmin edilmiş öhdəliyi icra etmədiyi və ya lazımınca icra etmədiyi barədə kreditordan bildiriş aldığı zamandan 5 gün müddətində zamin borclunun öhdəliyini icra etməlidir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı səy göstərsə də cavabdeh öz öhdəliyini bu günədək yerinə yetirməmişdir. Filial tərəfindən verilmiş maliyyə arayışına əsasən 19.04.2021-ci il tarixə X1 banka 2046,47 manat əsas borc, 0,02 manat faiz borcu olmaqla, cəmi 2046,69 manat təşkil edir. Qaradağ rayon Qeydiyyat şöbəsinin 19.06.2020-ci il tarixli arayışına əsasən X3 11.06.2020-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri 8 saylı Notariat Ofisinin 19.03.2021-ci il tarixli 497 saylı məktubu ilə müəyyən edilmişdir ki, mərhum X1 adına vərəsəlik işi açılmış və Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əldə etmək üçün müraciət etmişdir. Bu səbəbdən iddiaçı təşkilat məcburiyyət qarşısında qalaraq iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Hazırda o, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. İddiaçı “xxxx” ASC-nin nümayəndəsi məhkəməyə elektron qaydada 04.06.2021-ci il tarixdə ərizə ünvanlayaraq mülki işə iddiaçı təşkilatın səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinin tələblərinə istinad edərək, mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, işdə olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi aşağıda göstərilən əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan 22 oktyabr 2018-ci il tarixli, BPM**********56 saylı kredit müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, “xxxx” ASC ilə X3 arasında bağlanmış 22 oktyabr 2018-ci il tarixli, BPM**********56 saylı kredit müqaviləsinə əsasən cavabdehə 25 ay müddətinə illik 24 faizlə 10000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 22 oktyabr 2018-ci il tarixli, BPM**********56 zaminlik müqaviləsindən görünür ki, “xxxx” ASC ilə X3 arasında bağlanmış 22 oktyabr 2018-ci il tarixli, BPM**********56 tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq “xxxx” ASC ilə Cavabdeh arasında 22 oktyabr 2018-ci il tarixli, BPM**********56 saylı zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan “xxxx” ASC tərəfindən təqdim edilmiş 0326 saylı, 19 aprel 2021-ci il tarixli maliyyə arayışından görünür ki, X1 22 oktyabr 2018-ci il tarixli, BPM**********56 saylı kredit müqaviləsi üzrə 19 aprel 2021-ci il tarixinə 2046,69 manat əsas borc, 0,02 manat faiz borcu olmaqla, cəmi 2046,69 manat məbləğində borcu vardır. İş materiallarında olan AZ-İİ No 086076 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 11 iyun 2020-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Bu barədə Qaradağ rayon Qeydiyyat şöbəsində ölüm haqqında akt qeydləri kitabında 19 iyun 2020-ci il tarixində 338 nömrəsi ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan Bakı şəhəri 8 saylı Notariat Ofisinin “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ünvanladığı 497 saylı, 19.03.2021-ci il tarixli məktubdan görünür ki, 11.06.2020-ci il tarixdə ölmüş X1 ölümündən sonra oğlu Cavabdeh tərəfindən Bakı şəhəri 8 saylı notariat ofisinə müraciət daxil olmuş, 112/2020 nömrəli vərəsəlik işi açılmışdır. Məhkəmə mülki iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək müəyyən edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə, iddia tələbinin zaminə yönəldilməsi hissəsinə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə birgə məsuliyyət daşıyırlar. Sadalanan hüquq normalarının tələblərinə əsasən məhkəmə müəyyən edir ki, cavabdeh, eyni zamanda borclunun qanun üzrə vərəsəsi olan Cavabdeh zamin olduğu kredit üzrə əsas borcu və faizləri iddiaçıya vaxtında ödəmək öhdəliyinin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə öhdəliklərini icra etməyərək, iddiaçı təşkilat qarşısında həmin pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də iddiaçı təşkilatın qeyd olunan müqavilə üzrə əsas borc və faiz borcu ilə bağlı tələbləri tam əsaslıdır. Məhkəmə iddianın dövlət rüsumunun və bank xidməti haqqının cavabdehdən tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, həmin tələb də təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh əsas borc üzrə 2046,67 manat, faiz borcu üzrə 0,02 manat olmaqla, cəmi 2046,69 manat (iki min qırx altı manat altmış doqquz qəpik) məbləğində borc pul vəsaiti, habelə 30 manat dövlət rüsumu və 0,4 manat bank xidməti haqqı tutularaq iddiaçı “xxxx” ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar