Məhkəmə qərarları › İş №2(002)-1678/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1678/2021

16.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1678/2021 16.06.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclasının katibi Muxtarov Nurlan Nurəddin oğlunun katibliyi, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 20.06.2020-ci il tarixli Nisyə alqı-satqı müqaviləsi üzrə 1008 manat əsas borc, 135 manat dəbbə pullunun və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh alınaraq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 20.06.2020-ci il tarixli Nisyə alqı-satqı müqaviləsi bağlanmış və ona dəyəri 1108 manat olan Samsung Galaxy A71 markalı telefon təhvil verilmişdir. Müqavilənin bağlandığı 20.06.2020-ci il tarixdə cavabdeh ilkin olaraq 100 manat ödəniş etmişdir. Onun aylıq ödənişi 84 manat təşkil edir. Lakin cavabdeh tərəfindən ilkin ödənişdən əlavə olaraq, ona heç bir məbləğ ödəməmiş, beləliklə 1008 manat borcu qalmışdır.. Müqavilənin 5.6-cı bəndinə əsasən borcun ödənişi gecikmələr aşkarlanıbsa, hər gecikdirlmiş gün üçün malın müqavilə qiymətinin 0.05% həcmində cərimə(dəbbə pulu) ödəməlidir. Müqavilə bağlandığı tarixdən etibarən 9 aydır(270 gün) ki, cavabdeh ödəniş etmir.Bununla əlaqədar cavabdeh əsas borc məbləği ilə yanaşı dəbbə pulu olaraq 135 manat-(1008 x 0,05% x 270) dəbbə pulu ödəməlidir.Cavabehə dəfələrlə şifahı və yazılı surətdə müraciətlər edilsə də bu günə kimi ödəniş etməmişdir.Cavabdeh borc məbləğinin qaytarılması üçün onun tələblərinə məhəl qoymur və borcu qaytarmaqdan yayınır. İddiaçı 16.06.2021-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə prosesində üzrlü səbəblərdən iştirak edə bilməyəcəyini qeyd edərək, məhkəmə prosesinin onun iştirakı olmadan keçirilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən-təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Cavabdeh ilə İddiaçı arasında 20.06.2020-ci il tarixli Nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh alğı-satqı qiyməti 1108 manat olan Samsung Galaxy A71 markalı telefon almışdır. Cavabdeh alınmış mala görə müqavilənin şərtlərinə əsasən 12 ay müddətində ödəniş etməli idi. Həmin müqavilənin müvafiq bəndlərinə görə cavabdeh müqavilənin şərtlərini pozduqda hər gün üçün gecikdirilmiş məbləğin 0,05% həddində penya ödəməsini öhdəsinə götürmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 14.06.2021-ci il tarixə maliyyə cədvəlinə əsasən müqaviləyə müvafiq olaraq cavabdehin 1008 manat borc məbləği yaranmış, iddiaçı tərəfindən həmin məbləğə müvafiq olaraq 135 manat dəbbə pulu hesablanaraq, cəmi 1143 manat borcu mövcudur. Cavabdehin cəmi ödədiyi məbləğ 20.06.2020-ci il tarixdə ödədiyi 100 manatdır. İş materiallarında olan və məhkəmə tədqiq edilmiş 20.06.2020-ci il tarixdə bağlanmış müqaviləyə əlavədən (ödəniş cədvəlindən) görünür ki, Cavabdeh iddiaçıya 12 ay müddətinə hər ay 84 manat olmaqla pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş bildiriş və 20.06.2020-ci il tarixli N**********9 saylı satış qaiməsindən də görünür ki, Cavabdeh müqavilədə göstərilən malı qüsursuz halda təhvil almışdır və bunun öz imzası ilə təsdiq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinin tələbinə görə, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2.-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar-iddia ərizəsinə əlavə edilmiş sənədlər əsasında müəyyən edildi ki, Cavabdeh İddiaçı yuxarıda qeyd olunan müqaviləyə əsasən dəyərini hissə-hissə ödəmək şərti ilə müvafiq əşyanı almış, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmiş, nəticədə müqavilələrə əsasən 1008 manat əsas məbləğ, 135 manat cərimə, cəmi 1143 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla pul hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467.1-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmçinin məhkəmə dəbbə pulunun tutulmasına dair iddia tələbini araşdıraraq hesab edir ki, həmin hissədə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, həmin tələb tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir. Bununla belə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, müqavilə üzrə 20 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur, həmçinin əsas pul ilə yanaşı, müvafiq olaraq müqaviləyə görə 20 manat məbləğində dəbbə pulunun tutulması iddiaçıya dəymiş real zərəri kompensasiya edir. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh alğı-satqı müqaviləsi ilə müəyyənləşdirilmiş müddət ərzində üzərinə götürmüş öhdəliklərini icra etməyərək aldığı əşyaların əvəzini tam ödəmədiyindən iddiaçının pul tələbinə dair iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 20.06.2020-ci il tarixli müqavilə 1008 manat əsas borc, 20 manat cərimə, cəmi 1028 manat borc pulu və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Digər tərəfdən, şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 1008 (min səkkiz) manat əsas borc, 20(iyirmi) manat cərimə, cəmi 1028(min iyirmi səkkiz) manat borc pulu və 30(otuz) manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar