Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1690/2022 12.09.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona vurulmuş maddi zərərə görə 3000 manat,mənəvi zərərə görə 1000 manat məbləğin Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsini onunla əsaslandırmışdır ki, o 2020-ci iln yay aylarında cavabdehlə “Slimdiet” məhsullarının satışını həyata keçirən şəxs kimi tanış olmuşdur. Cavabdeh onun rejissor olduğunu bilərək Şirkət məhsullarının reklam çarxının çəkilməsini ondan xahiş etmişdir. Razılaşmaları belə olmuşdur ki, o cavabdehin sifarişi əsasında ona dəyəri 3000 (üç min) manat olan, “Slimdiet” məhsullarının reklamına dair video çarx hazırlasın, həmin işin dəyəri olan 3000 manat müqabilində onlar onu hər ay qiyməti 500 azn olan “Slimdiet” məhsul paketini 6 ay ərzində təmin etsinlər. O işi təhvil verdikdən sonra cavabeh ondan hazır vəziyyətdə olan reklam çarxını qəbul etmiş və işin təhvil anından sonrakı birinci ay üçün 500 manat qiyməti olan cəmi bir paket onun ünvanına göndərilmiş, sonrakı aylarda paketlərin verilməsi dayandırılmışdır. Həmin vaxt artıq çəkidən əziyyət çəkirdi. “Slimdiet” məhsullarını qəbul etməyi çox vacib idi. O cavabdehdən məhsulların razılaşmasına uyğun ona göndərilməsini niyə dayandırılması səbəbini soruşduqda guya təqdim etdiyi video çarxın dəyərinin 3000 manat deyil, 500 manat olduğunu ona bildirmişdir. Halbuki, həmin video çarxın çəkilməsi üçün çəkilişdə iştirak edən aktirsa üçün ödənilən haqdan başqa cavabdehin heç bir xərci çıxmamış, studiya və çəkiliş zamanı bütün xərcləri özü qarşılamışdır. Bir halda ki, (video çarxı) özlərinə məxsus sosial şəbəkə saytlarında paylaşmışlar, bununla da reklamlarını təşkil etmişlər. Dəfələrlə xəbərdarlıq etməyinə baxmayaraq, cavabdeh tərəfindən ona vurulmuş 3000 (üç min) manat məbləğində əvəzi ödənilməmiş və bu gün də ödənilməməkdə davam edir. O bundan əvvəl də iddia ərizəsi ilə Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. 1 ilə yaxındır ki, o məhkəmələrdədir. Qaradağ Rayon Məhkəməsi iddia ərizəsini 2021-ci ilin avqust ayında icraata götürmüşdür. Daha sonra guya işə kommersiya məhkəməsində baxılmalı olduğunu bildirərək işi Bakı Kommersiya Məhkəməsinə göndərmişdir. Həmin məhkəmə tərəfindən mediasiyanın keçirilməsi də təklif edilmiş və həmin mərhələni də keçmişdir. Daha sonra kommersiya məhkəməsi işə mahiyyəti üzrə baxarkən mübahisənin əslində ümumi məhkəməyə aid olduğu bildirilərək Mülki Prosessual Məcəllənin 32.7-ci maddəsinə əsasən (həmin maddədə deyilirdi ki, məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir) Ali Məhkəməyə göndərilmişdir. Kassasiya instansiya məhkəməsi işə Qaradağ Rayon Məhkəməsində baxılmasını qərara almışdır. İşə Qaradağ Rayon Məhkəməsində baxılarkən cəmi bir iclasa üzrlü səbəbdən xəstə olduğu üçün gedə bilmədiyi üçün məhkəmə iddia ərizəsini xx.xx.2022-ci il tarixli qərardad ilə baxılmamış saxlamışdır. İcraatın təzələnməsi haqqında ərizəsi də təmin edilməmişdir. Beləliklə, 1 ildən artıq ki, o məhkəmə iclaslarında iştirak edir. Bununla əlaqədar o gərgin əsəb-stres keçirmiş, vaxt itkisinə məruz qalmışdır. Bununla da ona maddi zərərlə yanaşı, mənəvi ziyan da vurulmuşdur.Bütün bunların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa və dəlillərinə uyğun izahat verərək, iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat təqdim etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli A-08/2022 nömrəli “AİD Consulting” ixtisalaşdırılmış qiymətləndirmə şirkəti tərəfindən verilmiş ekspert rəyinin məzmunundan görünür ki, “X3” şirkəti üçün hazırlanmış reklam çarxının effektivliyinin və sözügedən çarxın hazırlanması xidmət haqqının dəyərinin xx.xx.2022-ci il tarixinə 5500-6500 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 397.1-ci maddəsinə əsasən müqaviləyə görə tərəf öz vəzifələrinin icrası müqabilində haqq və ya digər qarşılıqlı əvəz almalıdırsa, həmin müqavilə əvəzli sayılır. 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir. 409.4.-cü maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya ofertada ayrı qayda göstərilməyibsə, oferta almış şəxsin onun aksepti üçün müəyyənləşdirilmiş müddətdə ofertada göstərilən müqavilə şərtlərini yerinə yetirmək (malları yola salmaq, xidmətlər göstərmək, işlər görmək, müvafiq məbləği ödəmək və s.) üçün hərəkətlər etməsi aksept sayılır. 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1 maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 597.1-ci maddəsinə əsasən alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. 598.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 604-cü maddəsinə əsasən hazırlanmalı və ya istehsal edilməli malların göndərilməsinə dair müqavilələr, əgər sifarişçi həmin malların hazırlanması və ya istehsalı üçün zəruri materialların mühüm hissəsini göndərməyi öz öhdəsinə götürürsə, habelə əgər mal göndərən tərəfin vəzifələrinin daha böyük hissəsi işlərin görülməsindən və ya başqa xidmətlərin göstərilməsindən ibarət deyildirsə, alğı-satqı müqavilələrinə bərabər tutulur. “Reklam haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.7-ci maddəsinə əsasən reklam istehsalçısı – məlumatı reklam formasında yayımlamaq üçün bütövlüklə yaxud qismən hazırlayan şəxs hesab olunur. 17.1-ci maddəsinə əsasən reklamda müqavilə bağlamaq üçün açıq təklif (oferta) və onun nəticələri, oferent və akseptant arasında münasibətlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir. Həmin Qanunun 17.2-ci maddəsinə əsasən oferta hesab edilmiş reklamın qüvvədəolma müddəti reklamverici, reklam yaradıcısı, reklam istehsalçısı və ya reklam agenti ilə reklam yayıcısı arasında bağlanılan müqavilədə müəyyən olunur. Məhkəmədə tədqiq edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, tərəflər arasında reklam çarxının hazırlanması ilə bağlı şifahi formada müqavilə bağlanılmış, müqavilənin predmetini məhsul reklamına dair videoçarxın hazırlanması xidməti təşkil etmişdir. İddiaçı cavabdehlə aralarında reklam çarxının hazırlanması ilə bağlı şifahi razılaşma olduğunu, razılaşmaya əsasən müvafiq məhsula dair reklam çarxının hazırlanması və təhvil verilməsi öhdəliyini götürdüyünü, aktyor xərcinin cavabdehin özü çəkdiyini, həmin xidmətin dəyərinə daxil olmadığını, məhsulu təhvil veridyini, cavabdeh isə xidmətin dəyəri qismində 3000 manat məbləğində pul vəsaitini 6 ay ərzində hər ay 500 manat dəyərində olan məhsul paketi ona təhvil verməyi öhdəsinə götürmüş, lakin bir dəfə 500 manat dəyərində olan məhsul paketi ona təhvil verilmiş, növbəti 5 ay üçün nəzərdə tutulmuş məhsul paketi ona təhvil verilməmiş, bununla ona maddi və mənəvi ziyan dəydiyini əsas gətirərək, qeyd edilən iddia tələbini irəli sürmüşdür. Məhkəməyə təqdim edilmiş ( eyni mübahisə üzrə digər məhkəmə prosesində cavabdeh tərəfindən təqdim edilmiş) etiraz ərizəsinin məzmunundan aydın olur ki, cavabdeh iddiaçıya müvafiq məhsul üzrə reklam çarxının hazırlanmasını sifariş etdiyini, bu barədə aralarında şifahi razılaşma olduğunu, həmin razılaşma əsasında həmin xidmətin dəyərinin əvəzi qismində ona 1 ay ərzində 500 manat dəyərində məhsul təqdim etməyi öhdəsinə götürdüyünü, aktyor xidmətinin xərcinin özü çəkdiyini, həmin reklam çarxını təhvil aldığını, onun dəyərinin əvəzi kimi razılaşmaya əsasən 500 manat dəyərində məhsulu ona təhvil veridyini, ona görə də iddia tələbini qəbul etmədiyini ifadə etmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında reklam çarxının hazırlanması ilə bağlı şifahi razılaşma olması, həmin razılaşmaya əsasən iddiaçı təərfindən reklam çarxının hazırlaması və cavabdehə təhvil verməsi halı işin mübahisəsiz halıdır. İşin mübahisəli halı isə təqdim edilmiş xidmətin dəyərinin müəyyən eidlməsi ilə bağlıdır. Belə ki, iddiaçı qeyd edilən xidmətin dəyəri ilə bağlı öz aralarında 3000 manat məbləğində razılaşdıqlarını, cavabdeh isə 500 manat dəyərində razılaşdıqlarını ifadə etmişdir. İddiaçı tərəf qeyd edilən halın müəyyən edilməsi ilə bağlı sübut qismində məhkəməyə müstəqil ekspert rəyi təqdim etmiş, həmin ekspert rəyi ilə müvafiq xidmətin dəyərinin 5500-6000 manat olduğu qeyd edilmişdir. Cavabdeh tərəfindən isə məhkəməyə xidmıtin dəyərinin 500 manat olması halının müəyyən eidlməsi ilə bağlı heç bir sübut vasitəsi təqdim edilməmişdir. Bu halda, məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə tərəflər arasında bağlanılmış şifahi razılaşmanın predmeti olan müvafiq reklam çarxının hazırlanması xidmətinin ümumi dəyərinin 500 manat olmasının reallığı əks etdirmədiyi aşkardır. Bu halda, məhkəmə müvafiq ekspert rəyini əsas götürərək, cavabdeh tərəfindən əksini təsdiq edən heç bir sübut vaitəsi təqdim edilmədiyini nəzərə alaraq, hesab edir ki, tərəflər arasında bağlanılmış şifahi razılaşma üzrə görülmüş xidmətin dəyərinin iddia tələbində qeyd edilmiş 3000 manat olması həmin xidmətin real qiyməti kimi qiymətləndiirlməsinə əsas verir. Həmçinin, məhkəmə hesab edir ki, cavabdeh tərəf görülmüş xidmətin haqqını ödədiyini qedy edirsə, həmin halı sübutetmək vəzifəsi də bilavasitə onun üzərinə düşür. Lakin cavabdeh tərəfindən qeyd eidlən halla bağlı heç bir sübut vasitəsi məhkəməyə təqdim edilməmişdir. Ona görə də, məhkəmə tərəflər arasında reklam çarxının hazırlanması ilə bağlı şifahi razılaşma olması, həmin razılaşmaya əsasən hazırlanmış məhsul cavabdehə təhvil verilməsi, cavabdeh tərəfindən həmin razılaşmaya əsasən xidmətin (məhsulun) dəyərinin iddiaçıya ödəmək öhdəliyi götürməsi, həmin xidmətin dəyərinin 500 manat məbləğində hissəsinin cavabdeh tərəfindən iddiaçıya ödənilməsi halının aşkar olduğunu (işin mübahisəsiz halı olduğundan) əsas götürərək, hesab edir ki, iddia tələbi cavabdeh tərəfindən öhdəlik götürməsinə baxmayaraq, iddiaçıya ödənilməmiş görülmüş xidmətin qalıq 2500 manat dəyəri hissəsində təmin edilməli, qalan hissədə təmin edilməməlidir. Həmçinin, məhkəmə iddia tələbinin vurulmuş mənəvi ziyanın öədnilməsi hissəsi ilə bağlı onu qedy edir ki, iddia tələbi qedy edilən hissədə də təmin edilməməlidir. Belə ki, məhkəmə onu qeyd edir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərərə qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşlara anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeydi-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmiş şəxsin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 41-ci maddəsinin tələblərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərər vurulduqda ödənilə bilər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum qərarının 4-cü bəndində göstərilir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizliklə (mülki, cinayət, inzibati və s. hüquq pozuntularda) ifadə oluna bilər. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, iddiaçı ona mənəvi zərərin vurulduğuna görə 1000 manat məbləğində pul vəsaitinin cavbdehdən onun xeyrinə tutulmasını tələb etsə də, məhkəmə araşdırması zamanı iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkətləri və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirinin olmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir.Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi mənəvi zərər hissəsində əsassız olmaqla, təmin olunmamalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Həmçinin, iş materiallarından görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 35 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 2500 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməli, ödənilmiş 60 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 2500 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş 60 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə) Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №2(002)-1690/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1690/2022
12.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver