Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1707/2020 06.10.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iş üzrə Cavabdeh ona müraciət edərək, 3.500 manat borc verməsini xahiş etmişdir. O da, xx xxxx 2019-cu il tarixdə «xxxx» ASC vasitəsi ilə Cavabdeh 3.500 manat borc pul göndərmişdir. Pul göndərilməsi barədə qəbzin surətini iddia ərizəsinə əlavə etmişdir. Verdiyi borcu cavabdehdən dəfələrlə geri istəsə də, pulu geri ala bilməmişdir. Cavabdeh pulu qaytarmayacağını bildirmiş və nəticədə ona ziyan vurmuşdur. Bu səbəbdən, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən, 3.500 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəməyə iddiaya etiraz göndərərək, qeyd etmişdir ki, işin faktiki hallarına dair iddiaçının iki abzas və üç cümlədən ibarət bir vərəq yarımlıq iddia ərizəsi onun iddiasının nə qədər «əsaslı» və «qanuni» olmasından xəbər verir. Özü ərizədə qeyd etməsə də, iddiaçı onun keçmiş qayınanası və indiyədək həyatını alt-üst edən və ailəsinin dağılmasına səbəb olan həddindən artıq bədniyyət, tamahkar və məkrli bir qadındır. Hazırkı iddianı qaldırması da bir daha onun sadaladığı nanəcib insani keyfiyyətlərinin göstəricisidir. Belə ki, hazırkı iddianın kökündə dayanan əsas hadisə tamamilə başqa cür olmuşdur. O, iddiaçının qızı X1 ilə evli olmuşdur və bu evliliyə 2018-ci ildə Qaradağ rayon məhkəməsində rəsmi olaraq xitam verilmişdir. Hadisələrin gedişatı elə gətirmişdir ki, onlar rəsmi olaraq ayrılsalar da, hazırkı evlərində birgə yaşamağa və evliliklərinə ikinci şans vermək qərarına gəlmişlər. Hərçənd özü də bilmişdir ki, ailələrinin dağılmasına səbəb olmuş keçmiş qayınanası olan iddiaçı onlara yenidən ailə olmağa çətin ki imkan versin. Lakin övladlarının xatirinə o, hər şeyin düzələcəyinə ümid edərək, keçmiş həyat yoldaşı ilə birgə yaşamağa davam etmişdir. Başına gələn və indiyədək hüquq mühafizə orqanlarında və məhkəmələrdə davam edən bir çox problemlər də elə bundan sonra başlamışdır. İddiasının arxasında duran əsl həqiqəti iddia ərizəsində yazmaqdan qəsdən yan keçən və hazırkı iddiaçı ilə ona maddi və psixoloji zərbə vurmağa çalışan, bununla da öz tamahkar niyyətini məhkəmə vasitəsi ilə həyata keçirməyə çalışan iddiaçı 2019-cu ilin özünün də qeyd etdiyi kimi iyul ayında faktiki olaraq həmin vaxt ailəsi olan qızı Sevinc Abbasovanın işə düzəlməsi məqsədi ilə müəyyən adamlara (bu işdə vasitəçi olanlara) çatdırmalı olduğu pulu Exzpressbank vasitəsi ilə onun adına göndərməyə özü razı olub, həmin sözügedən 3.500 manatı göndərmişdi. Mübahisəli ailə olsalar da, hal-hazırda birlikdə ailə olaraq yaşadığı iddiaçının qızı, həmin vaxt ondan işə düzəlməyə icazə istəmiş, o da razılıq vermişdir ki, sosial həyata qarışsın, bəlkə yenə işə düzəlsə əsəbləri sakitləşər və ailəsində söz-söhbət də səngiyər. Bunun üçün ondan nə qədər etik və hüquqi baxımdan ziddiyyətli səslənsə də, qeyd etdiyi kimi müəyyən məbləğ istəmişlər. Söhbət o zaman 2.500 manatdan gedirdi. O vaxt isə onun əlində o qədər vəsait yox idi. Sadə sürücü maaşı ilə ailəsini dolandıran adam olduğu üçün yoldaşına o qədər pulunun olmadığını demişdir. Həyat yoldaşı isə anasının kömək edəcəyini bildirmişdir. Anası isə qeyd etdiyi kimi, həmin pulu və hətta birdən ehtiyacları olar deyə bir az artıq verməyə razı olduğu üçün 3.500 manat pulu xxxx vasitəsi ilə onun adına göndərmişdir. Yoldaşının bank hesabı olmadığından və elektron pul köçürülməsi və onun gedib bankdan götürülməsindən anlayışı və təcrübəsi olmadığından iddiaçının özünün də istədiyi kimi pulu onun adına vurulmasına razılıq vermiş və həmin pulu götürüb gətirib evdə həyat yoldaşına vermişdir. Həyat yoldaşı isə öz növbəsində həmin puldan 2.500 manatını işə düzəlməsi üçün müəyyən şəxslərə çatdırdıqdan sonra işə getməyə başlamışdır. Məbləğin geri qalan hissəsindən xəbəri yoxdur. İddiaçının öz qızı ilə aralarında bir-birinə bağışladığını və ya güzəşt etdiyini zənn etmişdir. Beləliklə, bildirir ki, o, iddiaçıdan heç vaxt nə borc şəklində, nə də hər hansı öz şəxsi ehtiyaclarını qarşılamaq üçün pul istəməmişdir ki, indi iddiaçıya borclu olsun. Əgər iddiaçının ərizəsində göstərdiyi kimi borc şəklində istəmiş olsaydı, o zaman iddiaçı rahatlıqla bunu nə məqsədlə borc kimi ondan istədiyini və ya hansı müddətə qaytaracağına dair verdiyi vədi də qeyd edə bilərdi. Lakin göründüyü kimi, iddiaçı bu tələbinə «görüntü» verəcək əsası qeyd etməmişdir. Bu isə bir daha iddiaçının iddiasının saxta, qurma və tamah məqsədi ilə qaldırıldığını göstərir. Hazırkı etirazı ilə iddiaçının qızı Sevinc Abbasovanın iş üzrə həqiqətin müəyyən edilməsi üçün məhkəmə iclasına şahid kimi dəvət edilməsi barədə vəsatətinin olduğunu bildirir. Belə ki, işin gedişatı zamanı onun özünün də məhkəməyə ayrıca şahid kimi dəvət edəcəyi şəxslər olacaq, hansı ki, onlar həmin söhbətin əvvəlindən pulu bankdan götürüb evə gəlib, keçmiş həyat yoldaşına necə verdiyinə qədər bir çox məqamlarda birbaşa şahidlik etmişlər. İddiaçı ərizəsində göstərmişdir ki, guya «pulunu ondan dəfələrlə geri istəmiş və pulu geri ala bilməmiş, o da pulu geri qaytarmayacağını qeyd etmişdir». Lakin iddiaçı pulunu ondan dəfələrlə geri istədiyinə və ya onun həmin vəsaiti iddiaçıya geri qaytarmaqdan imtina etməsinə dair heç bir sübut iş materiallarına əlavə olunmayıb. Bu səbəbdən, hazırkı iddia tamamilə ağ yalan və böhtandan başqa bir şey deyildir. İddiaçı sadəcə bununla ondan mənəvi qisas almağa çalışır. Belə ki, iddiaçı olan keçmiş qayınanası hazırda yaşadığı evə nəvələrini görmək adı ilə gəlib uzun müddətdir ki, evindən çıxmaq istəmirdi, heç bir hüququ olmadan evində qanunsuz olaraq yaşamağa davam edirdi və bununla da, tez-tez ailəsində söz-söhbətə, mübahisələrə səbəb olurdu. O da vəziyyətin belə olduğunu görüb, iddiaçıya qarşı Səbail rayon məhkəməsində evindən çıxarılmasına dair iddia qaldırmışdır və iddiası təmin olunmuşdur. Daha sonra iddiaçı iddiasının perspektivsiz olduğunu bilə-bilə, hətta bu qətnamədən apellyasiya şikayəti vermişdir. Lakin qətnamə dəyişiklik edilmədən saxlanılmışdı və bundan sonra növbəti məhkəmə instansiyasına müraciət etməyin heç bir fayda verməyəcəyini və qarşıda icra məmurları vasitəsi ilə məcburi qaydada evdən çıxarılacağını anladığından könüllü olaraq hazırda yaşadığı fərdi yaşayış evini tərk etmişdir. Məhz evini tərk edib getdikdən sonra belə bir iddia qaldırmışdır ki, bu da onda iddiaçının bununla ondan qisas almaq istədiyi fikrini daha da qətiləşdirmişdir. Bu səbəbdən, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş xx xxxx 2019-cu il tarixli ********* saylı köçürmə qəbzindən (ciddi hesabat sənədindən) görünür ki, İddiaçı həmin tarixdə Cavabdeh 3.500 manat borc pul göndərmişdir. İddiaçı həmin borcun qaytarılmasını tələb etməsinə baxmayaraq, cavabdehin borcu bu günədək qaytarmadığını bildirmişdir. Cavabdeh borcu qaytarmasına dair mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, cavabdeh iddiaçıya olan 3.500 manat borcunu tam və vaxtında qaytarmamışdır və iddiaçı qarşısında qeyd olunan məbləğ həddində məsuliyyət daşıyır. Ödəniş qəbzindən göründüyü kimi, məhkəməyə iddia ərizəsi təqdim olunması üçün iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 3.500 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası təmin edilsin. 3.500 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-1707/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1707/2020
06.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver