Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1711/2022 28.07.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(002)-3356/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin həcminin artırılması, xx.xx.2006-cı il təvəllüdlü X3 və xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində alimentin Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, o, cavabdehlə aralarında bağlanmış nikahın pozulması, uşaqların onun yanında saxlanılması və uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən onun xeyrinə aliment tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(002)-3356/2017 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Hazırda bir uşaq üçün müəyyən edilmiş yaşayış minimumu 193 manat təşkil edir. İki uşağı saxlamaq, uşaqların ehtiyaclarını qarşılamaq onun üçün çətindir. Bu səbəbdən, alimentin miqdarının artırılmasını istəyir. Çünki uşaqları böyüyür və tələbatları artır. Alimentin miqdarının artırılması ilə bağlı mediasiya şurasına müraciət etmişdir. Cavabdeh həmin mediasiya sessiyasında iştirak etməmişdir. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmənin nəzərinə çatdırır ki, cavabdeh parolimpiya oyunlarının iştirakçısıdır və oradan əlavə gəlirlər də əldə edir. Lakin buna baxmayaraq, hələ də hər uşağa görə 50 manat aliment ödəməyə davam edir, uşaqları üçün heç bir əlavə ödəniş etmir. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul etdi və izahatında bildirdi ki, o, birinci qrup əlildir. İddiaçının tələb etdiyi miqdarda aliment ödəməyə maddi imkanı yoxdur. Əlil olmaqla, özü Dövlətin qayğısına ehtiyacı olan vətəndaşdır. Məhkəmədən iddianın qismən təmin edilməsi, ondan hər uşağa görə hər ay 75 manat olmaqla, cəmi 150 manat aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(002)-3356/2017 saylı qanuni qüvvəyə minmiş qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı «nikahın pozulması və aliment» tələbinə dair iddiası təmin edilmiş, tərəflər arasında xx.xx.2004-cü il tarixdə Qaradağ rayon Qeydiyyat şöbəsində 629 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş, xx.xx.2006-cı il təvəllüdlü X5 və xx.xx.2008-ci il təvəllüdlü X2 anaları İddiaçı yanında saxlanılmış, onların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün uşaqların atasından analarının xeyrinə hər ay hər uşağa görə 50 manat olmaqla, cəmi 100 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin əvvəllər rəsmi nigahda olmaları, rəsmi nigahdan 2 uşaqlarının olması, uşaqların ananın yanında qalması, uşaqların saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. İş materiallarına əlavə olunmuş İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 30 aprel 2022-ci il tarixli, MŞB/4-0988 saylı arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və həmin sessiyanın keçirilməsi ilə bağlı nəzərdə tutulan 50 manat məbləğində mediasiyaya dair xərci müvafiq hesaba ödəmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsində əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Nigahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi» haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarında nəzərdə tutulur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı artırılmış alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, ölkə üzrə yaşayış minimumunun uşaqlar üçün 193 manat olduğu halda, hazırda yetkinlik yaşına çatmamış uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən yuxarıda qeyd olunan qətnamə ilə təyin edilmiş miqdarda aliment tutulması uşaqların günün tələblərinə uyğun təmin edilməsinə, yəni hər il daha da böyüyən və tələbatları artan uşaqların normal saxlanılması üçün kifayət deyildir, uşaqların sağlam böyüməsinə, normal qidalanmasına, geyim və sair tələbatının ödənilməsinə imkan vermir. Lakin, bununla belə, iş materiallarına əlavə olunmuş 155009 saylı vəsiqədən də göründüyü kimi, cavabdeh birinci qrup əlildir və onun maddi imkanları məhdud olmaqla, özü də qayğıya ehtiyacı olan insanlar kateqoriyasındandır. Bu səbəbdən, iddia tam şəkildə təmin edilə bilməz. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin ediməli, xx.xx.2006-cı il təvəllüdlü X3 və xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(002)-3356/2017 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh İddiaçı xeyrinə hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay hər uşaq üçün 75 manat olmaqla, cəmi 150 manat sabit pul məbləğində aliment tutulmalıdır. İddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2006-cı il təvəllüdlü X3 və xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(002)-3356/2017 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh İddiaçı xeyrinə hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay hər uşaq üçün 75 manat olmaqla, cəmi 150 manat sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-1711/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1711/2022
28.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver