Məhkəmə qərarları › İş №2(002)-1714/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1714/2023

20.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1714/2023 20.07.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. X2 (Satıcı) ilə Cavabdeh (Alıcı) arasında bağlanmış 15 mart 2021-ci il tarixli nisyə alqısatqı müqaviləsinə əsasən, satıcı SHİVAKİ 127SMART markalı televizoru alıcının mülkiyyətinə verməyi, alıcı isə malı qəbul etməyi və bu Müqavilə ilə müəyyənləşdirilmiş şərtlərlə malın qiymətini ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 4.1-ci bəndinə əsasən malın qiyməti 1194 manat təşkil edir; 4.2-ci bəndinə əsasən, malın qiymətinin 199 manat hissəsi bağlanan zaman alıcı tərəfindən ilkin ödənilir, digər hissəsi isə müqavilə qüvvəyə mindiyi gündən etibarən 30 təqvim günü bitdikdən sonra ertəsi gün 5 ay ərzində bərabər hissələrlə ödənilir.

2. X2 (Satıcı) ilə Cavabdeh (Alıcı) arasında bağlanmış 04 aprel 2021-ci il tarixli nisyə alqısatqı müqaviləsinə əsasən, satıcı “EURLUX 1251 (8kq) paltaryuyan”dan ibarət əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə malı qəbul etməyi və bu Müqavilə ilə müəyyənləşdirilmiş şərtlərlə malın qiymətini ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 4.1-ci bəndinə əsasən malın qiyməti 798 manat təşkil etmişdir. 4.2-ci bəndinə əsasən, malın qiymətinin 100 manat hissəsi bağlanan zaman alıcı tərəfindən ilkin ödənilir, digər hissəsi isə müqavilə qüvvəyə mindiyi gündən etibarən 30 təqvim günü bitdikdən sonra ertəsi gün 5 ay ərzində bərabər hissələrlə ödənilir.

3. X2 (Satıcı) ilə Cavabdeh (Alıcı) arasında bağlanmış 13 may 2021-ci il tarixli nisyə alqısatqı müqaviləsinə əsasən, satıcı SAMSUNG TV T5300 markalı televizoru alıcının mülkiyyətinə verməyi, alıcı isə malı qəbul etməyi və bu Müqavilə ilə müəyyənləşdirilmiş şərtlərlə malın qiymətini ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 4.1-ci bəndinə əsasən malın qiyməti 1188 manat təşkil etmişdir; 4.2-ci bəndinə əsasən, malın qiymətinin 99 manat hissəsi bağlanan zaman alıcı tərəfindən ilkin ödənilir, digər hissəsi isə müqavilə qüvvəyə mindiyi gündən etibarən 30 təqvim günü bitdikdən sonra ertəsi gün 11 ay ərzində bərabər hissələrlə ödənilir.

4. İş materiallarına əlavə olunmuş maliyyə arayışına əsasən Cavabdeh "xxxx" MMC-yə xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsi üzrə əsas borcun qalığı 995 manat, xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsi üzrə əsas borcun qalığı 1693 manat, xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsi üzrə əsas borcun qalığı 2443 manat məbləğində mövcuddur.

5. Cavabdeh məxsus (müştəri kodu CR00367) xx.xx.2021-ci il tarixli SF00506 Qaiməyə əsasən, SHİVAKİ 127SMART TV üçün 1194 manat qaimə məbləği nəzərdə tutulmuş; həmin tarixli “Kredit ödəmə planı” adlanan ödəniş cədvəlinə əsasən, əşyanın ilkin ödənişi 199 manat ödənilmiş, qalan məbləğ hər ay üçün 199 manat olmaqla, cədvəldə göstərilən tarixlər üzrə 5 ay müddətinə hissələrə bölünmüşdür.

6. Cavabdeh məxsus (müştəri kodu CR00367) xx.xx.2021-ci il tarixli SF00526 Qaiməyə əsasən, EUROLUX 1251 paltaryuyan üçün 798 manat qaimə məbləği nəzərdə tutulmuşdur; həmin tarixli “Kredit Ödəmə planı” adlanan ödəniş cədvəlinə əsasən, əşyanın ilkin ödənişi 100 manat ödənilmiş, qalan məbləğ hər ay üçün 140 manat, sonuncu ay 138 manat olmaqla, cədvəldə göstərilən tarixlər üzrə 5 ay müddətinə hissələrə bölünmüşdür. Həmin tarixə qalıq borc iki əşya üçün birlikdə 1693 manat təşkil etmişdir.

7. Cavabdeh məxsus (müştəri kodu CR00367) xx.xx.2021-ci il tarixli SF00556 Qaiməyə əsasən, Samsung TV 43T5300 üçün 1118 manat qaimə məbləği nəzərdə tutulmuş; həmin tarixli “Kredit Ödəmə planı” adlanan ödəniş cədvəlinə əsasən, əşyanın ilkin ödənişi 99 manat ödənilmiş, qalan 1089 manat məbləğ hər ay üçün 99 manat olmaqla, cədvəldə göstərilən tarixlər üzrə 11 ay müddətinə hissələrə bölünmüşdür. 16 may 2021-ci il tarixdən hesablanmaqla üç əşya üçün ümumi borc 2443 manat təşkil etmişdir.

8. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubuna əsasən, Cavabdeh yuxarıda qeyd edilən hər üç müqavilə üzrə öhdəlikləri yerinə yetirmədiyi üçün müqavilədə göstərilən malları EKO Electonicsə tam saz və korlanmamış vəziyyətdə qaytarılması, bu mümkün olmadıqda malın müqaviləyə uyğun dəyərinin ödənilməsi tələb olunmuş, ödəmədiyi təqdirdə isə məhkəməyə müraciət olunacağı bildirilmişdir.

İddia tələbi

9. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən Cavabdeh SHİVAKİ 127S SMART markalı televizora görə 995 manat, xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən EURLUX 1251 (8kq) markalı paltaryuyana görə 1693 manat, xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən SAMSUNG TV T 5300 markalı televizora görə 2443 manat pulun, ümumilikdə 5131 manat əsas borcun və tərəfindən ödənilmiş 71.31 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Cavabdeh onun mağazasına (EKO Electronics)-ə gələrək paltaryuyan, televizor almaq istədiyini bildirmişdir. 15 mart 2021-ci ildə onunla nisyə alqısatqı müqaviləsi bağlanmış, ona SHİVAKİ 127S SMART markalı (1194) manat dəyərində televizor, 04 aprel 2021-ci ildə onunla nisyə alqı-satqı müqaviləsi bağlanılmış, ona EURLUX 1251 (8kq) markalı (1793) manat dəyərində paltaryuyan, 13 may 2021-ci ildə onunla nisyə alqı-satql müqaviləsi bağlanılmış, ona SAMSUNG TV T5300 markalı (1188) manat dəyərində televizor təhvil verilmişdir. Onun aylıq ödənişi SHİVAKİ 127 S SMART markalı (1194) manat dəyərində televizora görə 199 manat təşkil etmişdir. Lakin cavabdeh tərəfindən ona 199 manat ödənmişdir, beləliklə 995 manat borcu qalmışdır. Onun aylıq ödənişi EURLUX 1251 (8kq) markalı (1793) manat dəyərində televizora görə 199 manat təşkil etmişdir. Lakin cavabdeh tərəfindən ona 100 manat ödənmişdir, beləliklə 1693 manat borcu qalmışdır. Onun aylıq ödənişi SAMSUNG TV T markalı (2542) manat dəyərində televizora görə 99 manat təşkil etmişdir. Lakin cavabdeh tərəfindən ona 99 manat ödənmişdir, beləliklə 2443 manat borcu qalmışdır. Bütün bunları nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.

11. İddiaçı tələbin hüququ əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1, 601.1, 442, 443.1, 443.2, 443.3, 443.4-cü maddələrinə istinad etmişdir.

12. İddia tələbinə etiraz və qarşılıqlı iddia verilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

13. İddiaçı məhkəmə iclasında iştirak edərək iş materiallarına əlavə edilmiş ödəniş cədvəllərinin 3 əşyaya görə birləşdirildiyini, bu səbədən, borcun 5000-dən çox göründüyünü, lakin onun hesablamalarına görə cavabdehin ona 2000 manat civarında borcunun olduğunu, lakin iddia ərizəsinin yazılmasına kömək edən şəxslərin tələbdə artıq məbləğ göstərdiklərini, odur ki, iddianın iş materiallarına uyğun həddə təmin edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir.

14. Cavabdeh məhkəmə baxış iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Məhkəmənin mövqeyi: a) İddia tələbinin qanuni əsası Azərbaycan Respublikasının Mülki Məcəlləsi

15. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

16. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

17. 601-ci maddəsinə əsasən, əşyanın nisyə alınması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmək şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2 və 600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir.

18. 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir.

19. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

20. 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

21. 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

22. 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.

23. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.

24. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

25. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

26. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

27. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

28. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

29. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

30. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

b) Əsaslandırma

31. İddia qismən əsaslıdır.

32. Məhkəmə qeyd edir ki, tərəflər arasındakı münasibətlər nisyə alqı-satqı müqaviləsidir və hazırkı mübahisənin maddi hüquqi əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567, 600-cü maddələri təşkil edir. Belə ki, İddiaçı (VÖEN **********, EKO Electronics mağazasında fərdi sahibkar) Cavabdeh ilə müqavilə bağlayaraq məişət avadanlıqlarını sonuncunun mülkiyyətinə vermək, cavabdeh isə onların dəyərini müəyyən müddət sonra ödəmək (nisyə satış) barədə razılığa gəliblər.

33. Tərəflər arasında bağlanmış hissə-hissə alqı-satqı müqaviləsi Mülki Məcəllənin 324.4, 329.3-cü maddələrin tələbinə əsasən etibarlıdır, etibarsızlığa səbəb olacaq hər hansı digər faktları tərəflər təqdim etməmiş və məhkəmə araşdırması zamanı aşkar edilməmişdir. Göstərilənlərə əsasən, iddiaçı ilə cavabdeh arasında etibarlı müqavilə münasibəti mövcud olmuşdur və hazırkı iddia tələbi müqavilədən irəli gələn tələbdir.

34. İş materiallarına əlavə edilmiş müqavilələr, maliyyə arayışı, qaimə və ödəniş qrafikləri ilə təsdiq edilmişdir ki, iddiaçı müqavilə üzrə öz öhdəliklərini icra edərək, müqavilənin predmeti olan 15 mart 2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən SHİVAKİ 127SMART markalı televizoru, 04 aprel 2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən “EURLUX 1251 (8kq) paltaryuyan və 13 may 2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən SAMSUNG TV T5300 markalı televizoru cavabdehə təhvil versə də, cavabdeh müqavilə üzrə müəyyən olunmuş şərtlər daxilində əşyaları əldə etməsinə, həmin əşyaların dəyərini hissə-hissə ödəməsinə dair öhdəlik götürməsinə baxmayaraq, hər üç müqavilə üzrə yalnız ilkin ödənişləri (199 manat, 100 manat və 99 manat) yerinə yetirərək qalan ödənişləri ödəməkdən yayınmışdır.

35. İddiaçının təqdim etdiyi qaimə və ödəniş cədvəli məlumatlarına nəzər yetirdikdə aydın olur ki, Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə SHİVAKİ 127SMART markalı televizor (1194 manat) üçün 995 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə “EURLUX 1251 paltaryuyan (798 manat) üçün 698 manat və xx.xx.2021-ci il tarixli müqavilə üzrə SAMSUNG TV T5300 markalı televizor (1188 manat) üçün 1089 manat olmaqla, hər üç müqavilə üzrə cəmi 2782 manat (995+698+1089) ödənilməmiş borcu qalmışdır.

36. İddiaçı özü də məhkəmə iclasında verdiyi izahatında cavabdehin hər üç müqavilə üzrə əşyaların ancaq ilkin ödənişlərini verdiyini, qalan aylar üzrə heç bir ödəmə həyata keçirmədiyini, cavabdehin təxminən 2000 manatdan çox borcu qaldığını, iddia ərizəsi yazılan zaman göstərilən məbləği onun hesablamadığını bildirərək məhkəmədən işdəki sənədlərə uyğun hissədə iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən müqavilə üzrə əlavə ödənişlərin həyata keçirilməsini təsdiq edən sənədlər məhkəməyə təqdim olunmamışdır.

37. Məhkəmə işin müəyyən edilmiş (mübahisəsiz və mübahisəli) hallarının hüquq normalarının dispozisiya şərtlərinə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə apararaq müəyyən edir ki, alıcı nisyə alqı-satqı müqaviləsi üzrə əldə etdiyi əşyaların dəyərini tam ödəmədiyi üçün satıcı Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən verilmiş əşyaların ödənilməsini tələb etməkdə haqlı olmuşdur.

38. Məhkəmə qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. Mülki prosesdə məhkəmə həqiqətə nail olmaq üçün yalnız işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

39. Göstərilənlər “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarında da öz əksini belə tapmışdır ki, mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır.

40. Məhkəmə qeyd edilən halları əsas götürərək, cavabdehin iddiaçı qarşısında nisyə aldığı əşyalara görə 2783 manat məbləğində pul öhdəliyinin yaranması halı aşkar olduğundan, iddia tələbi həmin hissədə təmin edilməlidir.

Məhkəmə xərcləri

41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;

42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 71.31 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu halda məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 71.31 manat məbləğində dövlət rüsumunun 47.82 manat məbləğində olan hissəsi (iddia tələbinin təmin edilmiş hissəsinə uyğun olaraq) cavabdehlərdən tutularaq iddiaçıya ödənilməli, qalan hissədə iddiaçıya aid edilməlidir.

Nəticə

43. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə 995 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 698 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1089 manat olmaqla, cəmi 2782 manat pul vəsaiti və ödənilmiş 47.82 dövlət rüsumunun əvəzi tutularaq İddiaçının xeyrinə ödənilməli,iddia qalan hissədə təmin edilməməlidir.

44. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdehdan xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən “SHİVAKİ 127SMART markalı TV” üçün 995 manat, xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən “EURLUX 1251 (8kq) paltaryuyan” üçün 698 manat, xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən “SAMSUNG TV T5300 markalı televizor” üçün 1089 manat olmaqla, cəmi 2782 manat pul vəsaiti və ödənilmiş tələblərə münasib 47.82 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar