Məhkəmə qərarları › İş №2(002)-1720/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1720/2020

15.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1720/2020 15.09.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********78935 Samsung Galaxy A20 markalı telefon üçün 360 manat ödənilməmiş hissə, 81 manat dəbbə pulu olmaqla cəmi, 441 manat, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, Qabyuyan LG üçün 5814 manat ödənilməmiş hissə, 872 manat dəbbə pulu olmaqla cəmi 6686 manat, ümumilikdə 7127 manat borcun və 30 (otuz) manat dövlət rüsümunun İddiaçı MMC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli müqavilələrə əsasən, İMEİ Kodu **********78935 Samsung Galaxy A20 markalı telefon və Qabyuyan LG, LG LED markalı televizor və Soyuducu LG almış və nəticədə 7127 manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli alğı-satqı qiyməti 426 manat olan İMEİ Kodu **********78935 Samsung Galaxy A20 markalı telefon üçün 441 manat olmaqla ondan 360 manat ödənilməmiş hissə, 81 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli alğı-satqı qiyməti 5818 manat olan Qabyuyan LG, LG LED markalı televizor və Soyuducu LG üçün 6686 manat olmaqla, ondan 5814 manat ödənilməmiş hissə, 872 manat dəbbə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 70 manat təşkil edir. Qeyd olunan halların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli, 00907405 nömrəli müqaviləsinin surətindən görünür ki, "xxxxxxxxxxx" MMC (satıcı) ilə Cavabdeh (alıcı) arasında müqavilə bağlanmış və müqaviləyə əsasən satıcı fərdi əlamətləri qeyd olunmuş malları- Qabyuyan LG, LG LED markalı televizor və Soyuducu LG markalı məhsulları alıcıya verməyi, alıcı isə əşyaları qəbul edib, avadanlıqların dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli, 00907609 nömrəli müqaviləsinin surətindən görünür ki, "xxxxxxxxxxx" MMC (satıcı) ilə Cavabdeh (alıcı) arasında müqavilə bağlanmış və müqaviləyə əsasən satıcı fərdi əlamətləri qeyd olunmuş malı- İMEİ Kodu **********78935 Samsung Galaxy A20 markalı telefonu alıcıya verməyi, alıcı isə əşyaları qəbul edib, avadanlığın dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli əşyaların təhvil-təslim aktı barədə bildirişin məzmunundan görünür ki, Cavabdeh 00907405 nömrəli müqaviləyə əsasən Qabyuyan LG, LG LED markalı televizor və Soyuducu LG markalı məhsulları təhvil almışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli əşyaların təhvil-təslim aktı barədə bildirişin məzmunundan görünür ki, Cavabdeh 00907609 nömrəli müqaviləyə əsasən İMEİ Kodu **********78935 Samsung Galaxy A20 markalı telefonu təhvil almışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli ödəniş cədvəlinə əsasən 00907405 nömrəli müqavilə üzrə alıcı 18 ay müddətinə, hər ay 323 AZN məbləğində ödənişlər etməklə 5818 manat borc məbləğini qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli ödəniş cədvəlinə əsasən 00907609 nömrəli müqavilə üzrə alıcı 12 ay müddətinə, hər ay 30 AZN məbləğində ödənişlər etməklə 426 manat borc məbləğini qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xəbərdarlıq vərəqəsinin surətindən görünür ki, alıcıya aldığı əşyaların müqavilə dəyərini tam şəkildə ödəməsi tələb olunmuş, ödəmədiyi təqdirdə isə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş materiallarına əlavə olunmuş xx xxxx 2020-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən Cavabdeh “xxxxxxxxxxx” MMC-yə xx.xx.2019-cu il tarixli müqavilələr üzrə 6174 manat əsas borc, 953 manat cərimə borcu olmaqla, ümumilikdə 7127 manat məbləğində ödənilməmiş borcu mövcuddur. Göründüyü kimi, tərəflər arasında nisyə alğı-satqı müqavilələrindən əmələ gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1 maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında kredit müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən iddiaçı cavabdehə kredit verməyi, cavabdeh isə həmin müqaviləyə əlavə olunan ödəniş cədvəlinə uyğun aylıq ödənişlər etməklə həmin borc məbləğini qaytarmağı öz öhdəsinə götürmüşdür. Lakin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı kredit müqaviləsi üzrə öz üzərinə götürdüyü öhdəliyi icra etdiyi halda, digər tərəf olan Cavabdeh isə kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmuş və borc alan Cavabdeh onun risk dairəsinə daxil olan öhdəlikləri icra etmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, iddiaçı cərimə borcunun tutulmasına dair tələb irəli sürərkən cərimə borcunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, 00907405 saylı, xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə 50 manat, 00907609 saylı, xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə 30 manat məbləğində cərimə borcunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləsi üzrə yaranmış 360 manat məbləğində əsas borc, 30 manat məbləğində cərimə borcu olmaqla cəmi, 390 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 5814 manat məbləğində əsas borc, 50 manat məbləğində cərimə borcu olmaqla cəmi 5864 manat, ümumilikdə 6254 manat məbləğində borc və 30 (otuz) manat dövlət rüsümu tutularaq İddiaçı MMC-yə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləsi üzrə 360 manat məbləğində əsas borc, 30 manat məbləğində cərimə borcu olmaqla cəmi, 390 manat, xx.xx.2019-cu il tarixli müqaviləsi üzrə yaranmış 5814 manat məbləğində əsas borc, 50 manat məbləğində cərimə borcu olmaqla cəmi 5864 manat, ümumilikdə 6254 manat məbləğində borc və 30 (otuz) manat dövlət rüsümu tutularaq İddiaçı MMC-yə ödənilməlidir. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar