Məhkəmə qərarları › İş №2(002)-1725/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1725/2022

08.08.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Ləyaqətsiz vərəsə hesab edilməsi - Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1725/2022 08.08.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı, İddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh X13 qarşı «vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, qeydiyyat vəsiqəsinin ləğv edilməsi, vicdansız vərəsə kimi tanınma, mirasın əvvəlki vəziyyətə qaytarılması, miras əmlakın qəbulu müddətinin ötürülməmiş hesab edilməsi, onun vərəsə kimi tanınması və ona vərəsəlik şəhadətnaməsinin verilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X13 qarşı «vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, qeydiyyat vəsiqəsinin ləğv edilməsi, vicdansız vərəsə kimi tanınma, mirasın əvvəlki vəziyyətə qaytarılması, miras əmlakın qəbulu müddətinin bərpa edilməsi, onun vərəsə kimi tanınması və ona vərəsəlik şəhadətnaməsinin verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X13 8 saylı DNK tərəfindən verilmiş 4 «V»-1-30 reyestr nömrəli, xx.xx.1993-cü il tarixli vərəsəlik şəhadətnaməsinin etibarsız hesab olunması, həmin şəhadətnamə əsasında verilmiş qeydiyyat vəsiqəsinin ləğv edilməsi, miras əmlakın ilkin vəziyyətə gətirilməsi, cavabdeh X9 vicdansız vərəsə hesab edilməsi, onun anası X14 qanuni vərəsəsi sayılması və ona mirasla bağlı vərəsəlik şəhadətnaməsinin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh X13 8 saylı DNK tərəfindən verilmiş 4 «V»-1- 30 reyestr nömrəli, xx.xx.1993-cü il tarixli vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında verilmiş qeydiyyat vəsiqəsinin ləğv edilməsi, miras əmlakın ilkin vəziyyətinə gətirilməsi, cavabdeh X9 vicdansız vərəsə kimi tanınması, mirasın qəbulu müddətinin ötürülməmiş hesab edilməsi, anası X10 miras qalmış ünvan 2ə ona vərəsəlik şəhadətnaməsinin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 2 anası X16 məxsus olub, onun adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir. Mənzil 3 otaqdan ibarət olub, sahəsi 46,05 m2-dir. Anası xx.xx.1992-ci il tarixdə vəfat etmişdir. Mənzildə o, X26, bacısı oğlu Nümayəndə Cəmil oğlu, bacısı qızı X24 qeydiyyatdadırlar, lakin mənzildə tək o, doğulduğu gündən bu günədək yaşayır. Bacısı Gülşad 1980-ci ildə X29 ilə nikah qeydiyyatından keçib ailə qurmuş, ailə qurduqdan sonra Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, massiv 3, SD135-ə gəlin köçmüş və həmin ünvanda həyat yoldaşı, övladları ilə bu günədək birlikdə yaşayır. Bunu qonşular da təsdiq edə bilərlər ki, Cavabdeh mübahisəli mənzildə ailə qurduqdan sonra yaşamamışdır. Cavabdehlərin əvəzinə o, uzun illərdir ki, kommunal haqları ödəyir. Bu isə onun büdcəsinə ziyan vurur, yəni buna maddi imkanı da yol vermir. Bu yaxınlarda ona məlum olmuşdur ki, mübahisəli ev anasının adına deyil, X4nın adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir. Belə ki, o, sonuncuları qeydiyyatdan çıxarmaq üçün vəkilə müraciət edərkən, vəkil DƏDRX-yə sorğu vermiş, məlum olmuşdur ki, cavabdeh 8 saylı dövlət notariat kontorunda 4 «V»-1-30 reyestr nömrəli, 12 mart 1993-cü il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən mənzili öz adına qeydiyyatdan keçirmişdir və hazırda mülkiyyətindədir. O, həmin mənzildə doğulduğu gündən, yəni xx.xx.1951-ci il tarixdən bu günədək qeydiyyatdadır və yaşayır. Belə bir halda, X4 onun vərəsə olduğunu gizlədərək miras əmlakı mənimsəmişdir. Bir daha qeyd edir ki, bu barədə o, DƏDRX-yə vəkil tərəfindən sorğu verildikdən sonra xəbər tutmuşdur. O, anası X14 qanuni vərəsəsidir, anası ilə birlikdə yaşamışdır, ümumi təsərrüfatı idarə etmişdir, xəstə olan zaman anasına qulluq etmişdir, anasını dəfn etdirmişdir, miras əmlakı qəbul etmişdir, bütün kommunal xərcləri hər ay ödəmişdir, mənzilin yaxşılaşdırılması üçün işlər aparmışdır. X4 isə 1980-ci ildə X29 ilə nikah qeydiyyatından keçərək ailə qurmuş, ailə qurduqdan sonra Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, massiv 3, SD135-ə gəlin köçmüşdür. Həmin vaxtdan cavabdeh onlarla birlikdə yaşamamış, anasına qulluq etməmiş, anası vəfat edən zaman yanında olmamış, 1980-ci ildən bu günədək mübahisəli mənzildə yaşamamış, mirasın yaxşılaşdırılması üçün heç bir tədbir görməmişdir. Formal qeydiyyatda qalmış, anası vəfat etdikdən sonra ondan gizlədərək, həmçinin onun vərəsə olduğunu gizlədərək mirası öz adına keçirmişdir. Hesab edir ki, X4 onu aldadaraq və varis kimi onu gizlədərək miras əmlakı mənimsədiyi üçün cavabdeh ləyaqətsiz vərəsə hesab olunmalıdır. X4 ona bildirmişdir ki, analarından yadigar qalan evi bölməsinlər, analarının ruhu inciyər. O, bacısına inanmışdır. Həm də miras evdə tək yaşadığı üçün bütün kommunal xərcləri özü ödədiyi, mənzildə təmir işləri apardığı və onun orada yaşamasına bacısı heç bir maneə törətmədiyi üçün o, bacısına inanmışdır. İnanmışdır ki, ev analarının adına DƏDRX-də qeydiyyatda qalmışdır. O, inana bilməzdi ki, bacısı onu aldadır. Anası vəfat edən kimi vərəsəlik açdırmış, miras əmlakı mənimsəmiş və qeydiyyat vəsiqəsi almışdır. Sən demə bu səbəbdən də sakit yaşayırmış. Hesab edir ki, miras əmlakı qəbul etmə müddətini üzürlü səbəbdən buraxmışdır, bərpa edilməsini xahiş edir. Aralarındakı mübahisənin mediasiya institutu vasitəsi ilə həll edilməsi üçün müraciət etmiş, lakin cavabdeh Mediasiya Şurasına gəlməmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Öncəki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, iddia əsassız olduğundan və iddia müddəti keçdiyi üçün təmin olunmamalıdır. Belə ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nizami küçəsi, 23 saylı evin 18 saylı mənzili daşınmaz əmlakın dövlət reyestrində xx.xx.1990-cı il tarixdə X14 adına ilkin qeydiyyatdan keçmişdir. Sara Novruzova xx.xx.1992-ci il tarixdə vəfat etmişdir. Onun ölümü ilə əlaqədar Bakı şəhəri 8 saylı DNK-da açılmış vərəsəlikdə qızı Cavabdeh mənzilə dair xx.xx.1993-cü il tarixdə 4 «V»-1-30 reyestr saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilib və həmin şəhadətnamə əsasında Cavabdeh mənzilə mülkiyyət hüququ dövlət qeydiyyatına alınıb. Mənzil hazırda da onun mülkiyyətindədir. İddiaçı iddia ərizəsində göstərir ki, mənzilin anasının deyil, bacısı Gülşadın adına xüsusi mülkiyyət kimi qeydiyyata alınması bu yaxınlarda ona məlum olub. Belə ki, o, qeydiyyatda olan şəxsləri mənzildən qeydiyyatdan çıxarmaq üçün müraciət etdiyi vəkilin DƏDRX-yə verdiyi sorğu əsasında bundan xəbər tutub. İddiaçının bu dəlili tamamilə əsassızdır. Belə ki, iddiaçı mənzilin vərəsəlik qaydasında cavabdehin mülkiyyətinə keçməsindən elə ilk vaxtdan məlumatı olub. Hətta 2007-ci ilin mart ayında o, mənzilə qeydiyyata alınmasını cavabdehdən xahiş edib və cavabdeh də mülkiyyətçi kimi onun mənzilə qeydiyyata düşməsinə dair xx.xx.2007-ci il tarixli notarial təsdiqli razılıq ərizəsi verib. Qaradağ RPİ-nin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı xx.xx.1993-cü il tarixdə BTİ və MHQİ tərəfindən verilmiş qeydiyyat vəsiqəsinə uyğun olaraq mülkiyyətçi G.Novruzovanın xx.xx.2007-ci il tarixli razılıq ərizəsi əsasında mənzilə xx.xx.2007-ci il tarixdə qeydiyyata alınaraq şəxsiyyət vəsiqəsi ilə təmin edilmişdir. Göründüyü kimi, iddiaçı 2007-ci ilin aprelində mənzilə qeydiyyata alınma barədə ərizə-anketlə birlikdə Qaradağ RPİ-yə mənzilin cavabdehin mülkiyyətində olmasına dair xx.xx.1993-cü il tarixli qeydiyyat vəsiqəsini və cavabdehin notarial təsdiqli ərizəsini təqdim etmişdir. Bakı şəhəri 8 saylı Notariat Ofisinin xx.xx.2022-ci il tarixli, 1178 saylı məktubundan görünür ki, Cavabdeh xx.xx.2007-ci ildə Bakı şəhəri 8 saylı DNK-da Qaradağ RPİ-yə təqdim edilməsi üçün 7E-1482 reyestr nömrəli ərizəsi rəsmiləşdirilmişdir. Yuxarıda sadaladığı bu faktlarla sübut olunur ki, iddiaçı mənzilin cavabdehin mülkiyyətində olmasından 2007-ci ilin mart ayında xəbərdar idi və 15 ildən artıq müddət keçdikdən, yəni iddia müddəti buraxıldıqdan sonra hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bu səbəbdən, məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim olunub. İddiaçı iddia ərizəsində göstərir ki, doğulduğu gündən, yəni xx.xx.1951-ci il tarixdən bu günədək mənzildə qeydiyyatdadır və yaşayır, anası ilə birlikdə ümumi təsərrüfat aparıb, xəstə olan zaman ona qulluq edib, onu dəfn edib, mirası qəbul edib. İddiaçının bu dəlili də əsassızdır. Belə ki, onun özünün məhkəməyə təqdim etdiyi xx.xx.2019-cu il tarixli, 2 saylı forma üzrə arayışda mənzildə xx.xx.2007-ci ildə qeydiyyata alındığı göstərilib. Bu tarixə qədər isə başqa ünvanda qeydiyyatda olmaqla yaşayıb. İddiaçının xəstə anasına qulluq etməsi barədə göstərdikləri isə anasının ölümü ərəfəsində və ondan bilavasitə sonra onunla birlikdə mənzildə yaşamadığını göstərir. Belə ki, Sara Novruzovanın ona qulluq tələb edən xəstəliyi olmayıb, Moskvada yol-nəqliyyat hadisəsi nəticəsində aldığı zədədən (şok, qan itirmə) vəfat edib. Vərəsəliyin açıldığı vaxt qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 528-ci maddəsinə görə vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. Həmin Məcəllənin 552-ci maddəsinə görə mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Vərəsə vərəsəlik açılan gündən 6 ay müddətində mirası faktiki idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanının mirası qəbul etmək barədə ərizə verdikdə verdikdə mirası qəbul etmiş hesab olunur. İddiaçı qanunla müəyyən edilmiş müddətdə vərəsəlik açılan gündən 6 ay müddətində, yəni xx.xx.1992-ci ilədək mirası qəbul etmək üçün Mülki Məcəllənin 552-ci maddəsinin 2-ci hissəsində göstərilən hərəkətlərdən hər hansı birini etməmişdir. İddiaçının iddia ərizəsində «miras əmlakı qəbul etmə müddətini üzürlü səbəbdən buraxmışam, bərpa edilməsini xahiş edirəm» ifadəsi də məhz bunu təsdiq edir. Bu səbəbdən, məhkəmədən iddianın iddia müddəti tətbiq edilməklə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərərək mülki işə iştirakı olmadan mahiyyəti üzrə baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd olunan ərizəni nəzərə alaraq, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını, şahid ifadələrini dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, şahid X23 ifadə verərək bildirdi ki, iddiaçının bacısıdır. Bacısı həqiqətən qeyd olunan ünvanda yaşayır. Bacısı Nərgizin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən xəbəri olmayıb. X12 ifadə verərək bildirdi ki, cavabdehin qızıdır. Xalası İddiaçı həmişə onun anasının mülkiyyətində olan mənzildə yaşayıb. Anası Gülşad xalasının həmin mənzildə yaşamasına heç vaxt maneə yaratmayıb. X2 ifadə verərək bildirdi ki, 150 saylı MKİS-in mühasibidir. İddiaçı MKİS-in xidmət göstərdiyi ərazidə yerləşən ünvan 2 ünvanda yaşayıb. Kommunal xərcləri vaxtı-vaxtında ödəyib. Barəsində heç bir şikayət daxil olmayıb. X6 ifadə verərək bildirdi ki, 150 saylı MKİS-in sahə nəzarətçisi işləyir. Sahə nəzarətçisi kimi ərazini və ərazidə yaşayan bir çox vətəndaşı tanıyır. İddiaçı MKİS-in xidmət göstərdiyi ərazidə yerləşən ünvan 3 ünvanda yaşayıb və kommunal xərcləri ödəyib. X7 ifadə verərək bildirdi ki, iddiaçının qonşusudur. İddiaçı uzun illərdir ki, ünvan 2 ünvanda yaşayır. Kommunal xərcləri ödəyir. Qonşu kimi münasibətləri normaldır. X3 ifadə verərək bildirdi ki, iddiaçının qonşusudur. İddiaçını bir qonşu kimi tanıyır, normal münasibətləri var. İddiaçı uzun illərdir ki, ünvan 2 ünvanda yaşayır. Bildiyinə görə, kommunal xərcləri iddiaçı vaxtı-vaxtında ödəyir. X5 ifadə verərək bildirdi ki, iddiaçının qonşusudur. İddiaçı həqiqətən uzun illər ərzində ünvan 2 ünvanda yaşayıb. Normal münasibətləri var. Qonşuları İddiaçı ilə bağlı aralarında heç vaxt problem olmayıb. Normal qonşuluq münasibətləri var. X1 ifadə verərək bildirdi ki, iddiaçının qonşusudur. İddiaçı qonşuluqda, ünvan 2 ünvanda yaşamaqla, həmişə kommunal xərcləri ödəyib. İş materiallarına əlavə olunmuş: - 08 dekabr 1990-cı il tarixli qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Lökbatan qəsəbəsi, Nizami küçəsi, 23 saylı evin 18 saylı mənzili xüsusi mülkiyyət kimi X14 adına qeydiyyata alınmışdır. - Bakı şəhəri 8 saylı Notariat Ofisinin 18 mart 2022-ci il tarixli, 639 saylı məktubundan görünür ki, xx.xx.1992-ci il tarixdə ölmüş X14 ölümündən sonra Bakı şəhəri 8 saylı Dövlət Notariat Kontoruna 1993-cü il tarixdə müraciət daxil olmuş, 22/93 nömrəli vərəsəlik işi açılmış və miras qoyanın vərəsəsi – qızı X13 vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. - 12 mart 1993-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 14 mart 1992-ci il tarixdə vəfat etmiş X14 qızı X9 Bakı şəhəri, Lökbatan qəsəbəsi, Nizami küçəsi, 23 saylı evin 18 saylı mənzilindən irs almalı olması barədə adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. - DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin 30 noyabr 2021-ci il tarixli (xx.xx.2021-ci il tarixli 686 saylı sorğuya cavab) məktubundan görünür ki, Quliyeva (Novruzova) Gülşad Kərim qızının adına Azərbaycan Respublikası ərazisində daşınmaz əmlakın olubolmaması və Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nizami küçəsi, 23 saylı evin 18 saylı mənzilinə dair məlumat verilməsi ilə bağlı müraciətə DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildirilmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nizami küçəsi, 23 saylı evin 18 saylı mənzili ilkin olaraq X14 adına qeydiyyatdan keçmişdir, lakin 8 saylı DNK-nın 4«V»-1-30 reyestr nömrəli 12 mart 1993-cü il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən Quliyeva (Novruzova) Gülşad Kərim qızının adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Quliyeva (Novruzova) Gülşad Kərim qızının adına respublika üzrə qeydiyyatdan keçmiş digər daşınmaz əmlak aşkar edilməmişdir. - X9 notariat orqanına təqdim etdiyi 12 mart 1993-cü il tarixli ərizədən görünür ki, vərəsələr barədə notariat kontoruna məlumat verərkən, cavabdeh X19 ərizədə 3 bacısı və 3 qardaşının soyad, ad, ata adlarını qeyd etsə də, iddiaçının adını çəkməmişdir (göstərməmişdir). Mahiyyət etibarı ilə bu hərəkətlə vərəsəliyə çağırılmalı olan İddiaçı vərəsələrin dairəsi qeyd edilən ərizədə göstərilməməklə, faktiki olaraq cavabdeh tərəfindən aidiyyəti orqanlardan gizlədilmişdir. - Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin aidiyyatı Ərazi İdarəsi tərəfindən verilmiş 25 yanvar 2019-cu il tarixli, RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nizami küçəsi, 23 saylı evin 18 saylı mənzili xüsusi mülkiyyət kimi tam pay üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 2987 saylı reyestr kitabının 278899 saylı vərəqində qeydiyyata alınmışdır. - Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 09 iyun 2022-ci il tarixli məktubundan görünür ki, xx.xx.1993-cü il tarixdə Bakı şəhəri Tİ və MHQİ tərəfindən verilmiş Qeydiyyat Vəsiqəsinə uyğun olaraq mülkiyyətçi X9 xx.xx.2007-ci il tarixli razılıq ərizəsi əsasında İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nizami küçəsi, 23 saylı evin 18 saylı mənzilinə xx.xx.2007-ci il tarixdə yaşayış yeri üzrə qeydiyyata alınaraq şəxsiyyət vəsiqəsi ilə təmin edilmişdir. - Qaz paylayıcı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə 04 iyul 2017-ci il tarixli və 07 dekabr 2018-ci il tarixdə bağlanmış müqavilədən görünür ki, həmin müqavilələr X19 ilə bağlanmışdır. - 150 saylı MKİS tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı ünvan 2 ünvanda tək yaşayır və 1993-cü il tarixdən bu günə kimi mənzil kommunal xidmət haqlarını özü ödəyir. - Bakı 6 saylı Mediasiya Təşkilatının xx.xx.2022-ci il tarixli MŞB/6-1967 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışından görünür ki, cavabdeh mübahisə üzrə xx.xx.2022-ci il tarixdə 17:30-17:45 radələrində keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Halbuki, Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə 5 gün əvvəlcədən poçt və telefon vasitəsi ilə məlumatlandırılmışdır. İddiaçı və nümayəndəsi Vəkil ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X18 Haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində qeyd olunur ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Həmin Konvensiyanın 13-cü maddəsində isə göstərilir ki, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir. Azərbaycan Respublikası MPM-in 4.1 və 4.2-ci maddəsində isə qeyd olunur ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Məhkəmə təqdim olunmuş sübutlara məcmu halda hüquqi qiymət verməlidir. Cavabdehin niyyət və məqsədini nümayiş etdirən sübutlardan biri – yuxarıda göstərilən, X9 notariat orqanına təqdim etdiyi 12 mart 1993-cü il tarixli ərizədir. Həmin ərizədə vərəsələr barədə notariat kontoruna məlumat verərkən, cavabdeh X19 ərizədə 3 bacısı və 3 qardaşının soyad, ad, ata adlarını qeyd etsə də, iddiaçının adını göstərməmişdir. Digər sözlə ifadə etdikdə, vərəsəliyə çağırılmalı olan İddiaçı vərəsələrin dairəsi qeyd edilən ərizədə göstərilməməklə, faktiki olaraq cavabdeh tərəfindən aidiyyəti orqanlardan gizlədilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145 və 1146-cı maddələrinə əsasən miras fıziki şəxsin ölümü və ya məhkəmə tərəfındən ölmüş elan edilməsi ilə açılır. Miras qoyanın öldüyü gün və ya fıziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1157-ci maddəsinə əsasən əgər bir neçə vərəsə vardırsa, miras vərəsələr arasında bölüşdürülənədək vahid əmlak şəklində bütün vərəsələrə mənsubdur. Bu əmlakdan sonuncu xəstəliyi zamanı miras qoyana qulluq və onun müalicəsi, dəfn, mirasın mühafizəsi və idarə edilməsi, əmək haqqı verilməsi və vəsiyyətin icrası üçün lazımi xərclər ödənilə bilər. Bu tələblər mirasın dəyərindən, həm də bütün başqa tələblərə, o cümlədən ipoteka və digər girovla təmin edilmiş tələblərə nisbətən üstün qaydada ödənilməlidir. 1159.1.1-ci maddəsinə görə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı birinci növbədə bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1159.1.4-cü maddəsinə əsasən sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. 1160-ci maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Mülki Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. «Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). İşin faktiki hallarından göründüyü kimi, iddiaçı birinci növbə vərəsə olmasına, miras qalmış mənzildə yaşamasına, mənzildən təyinatı üzrə istifadə etməsinə, kommunal xərcləri ödəməsinə baxmayaraq, cavabdeh notariat orqanına ərizə ilə müraciət edərək, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alarkən iddiaçıya bu barədə məlumat verməmiş, notariat orqanına təqdim etdiyi ərizədə digər bacı və qardaşlarının adını göstərsə də, iddiaçının adını qeyd etməmişdir. Halbuki, miras şərikləri bir-birinə zəruri məlumat verməklə, vərəsəliyə çağırıldıqlarını bir-birinə bildirməlidirlər. Nə cavabdeh, nə də tərəflərin yaxınları (məhkəmə iclasında şahid qismində dindirilən X23) nə üçün iddiaçının adının notariat orqanına təqdim edilən ərizədə göstərilmədiyini, cavabdehin məlumat verməməsi bir yana, nə üçün digər bacı və qardaşların iddiaçıya məlumat verməməsinin səbəblərini izah edə bilmədilər. Halbuki, iddiaçı da digər bacı və qardaşlar kimi birinci növbə vərəsədir, anası vəfat edəndən həmin mənzildə yaşayır və 1993-cü ildən bu günə kimi mənzil kommunal xidmət haqlarını özü ödəyir. Göründüyü kimi, Bakı şəhəri 8 saylı Notariat Ofisi tərəfindən X9 adına 12 mart 1993-cü il tarixdə verilmiş 4 «V»-1-30 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsızdır. Çünki, iddiaçı qanun üzrə vərəsələrdən biri olduğu, miras qalmış əmlakdan imtina etməsi barədə notariat orqanına ərizə vermədiyi, anası vəfat edəndən miras qalmış mənzildə yaşamasına baxmayaraq, cavabdeh notariat orqanına ərizə verərkən vərəsələrin dairəsini tam göstərməməklə, iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur, qanun üzrə vərəsəlik almalı olan şəxslərin dairəsi dolğun göstərilməmişdir və iddiaçının da cavabdeh kimi anasından miras qalmış əmlakdan irs almaq hüququ var. Bu səbəbdən, iddia - Bakı şəhəri 8 saylı Notariat Ofisi tərəfindən X9 adına 12 mart 1993-cü il tarixdə verilmiş 4 «V»-1-30 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə dair hissədə əsaslıdır və təmin edilməlidir. Həmin şəhadətnamə əsasında cavabdeh X9 adına mənzilə dair verilmiş hüquqmüəyyənedici sənədin (qeydiyyat vəsiqəsi, yaxud daşınmaz əmlakın dövlət reyestrindən çıxarış) ləğv edilməsi hissəsində də iddia tələbi əsaslıdır. Çünki, mənzilə dair cavabdehin adına verilmiş hüquqmüəyyənedici sənəd etibarsız hesab edilən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən verilmişdir. İddia - miras əmlakın ilkin vəziyyətinə gətirilməsi tələbinə dair hissədə təmin edilə bilməz. Çünki, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və cavabdehin adına mənzilə dair verilmiş hüquqmüəyyənedici sənədin ləğv edilməsi nəticəsində qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə təqdim ediləndən öncəki vəziyyət bərpa edilmiş olur və qətnamədə əlavə olaran miras əmlakın ilkin vəziyyətinə gətirilməsi barədə göstərişin qeyd olunmasına hər hansı hüquqi zərurət yoxdur. Cavabdeh X9 vicdansız vərəsə kimi tanınmasına dair hissədə iddia təmin edilə bilməz. Çünki, şəxsin ləyaqətsiz vərəsə kimi tanınması üçün qanunda müəyyən edilmiş hüquqi əsaslar başqadır. İddia tələbi mirasın qəbulu müddətinin ötürülməmiş hesab edilməsi hissəsində əsaslı olduğundan təmin edilməlidir. Çünki, iddiaçı anası vəfat edən vaxtdan mənzildə yaşayır, mənzilin kommunal xərclərini ödəyir, anasının vəfatından sonra cavabdeh notariat orqanına müraciət edərək qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamə alarkən iddiaçıya bu barədə nəinki məlumat verməmiş, əksinə həmin orqana vərəsələrin dairəsi barədə məlumat verərkən iddiaçının adını qeyd etməmişdir. İddiaçı son zamanlaradək mənzilin hələ də anasının adına olduğunu zənn etmişdir. İddiaçıya cavabdeh tərəfindən notariat orqanına müraciət edilərək, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almasına dair nə cavabdeh, nə də digər bacı və qardaşları tərəfindən məlumat verilməmişdir. Cavabdeh mənzilə dair mülkiyyət hüququna dair sənəd alarkən də, iddiaçıya hər hansı məlumat verilməmişdir. İddiaçı anası vəfat edəndən sonra yaşadığı və 1993-cü ildən kommunal xərclərini ödədiyi mənzilə qeydiyyata düşmək üçün bacısından razılıq ərizəsi alarkən də mənzilin bacısının adına rəsmiləşdirildiyini bilməmişdir, həmin vaxt nə üçün məhz cavabdehin bu cür razılıq ərizəsi verməli olmasının mahiyyətinə varmamış, iddiaçıya nə MKİS, nə də yaşayış yeri üzrə qeydiyyata alan orqanda mənzil mülkiyyətçisinin cavabdeh olması barədə məlumat verilməmiş, ona hüquqmüəyyənedici sənədlərin surətləri təqdim olunmamışdır. İddiaçıya qeydiyyata necə düşməli olduğuna dair verilən tövsiyəyə uyğun olaraq bacısına müraciət edərək, qeydiyyata düşməsinə razılıq tələb olunduğunu bildirmiş, cavabdeh də hər hansı əlavə izahat vermədən, mənzil mülkiyyətçisi olduğunu iddiaçıya bildirmədən razılıq ərizəsi təqdim etmişdir. İddiaçı ilə mənzilin qaz təminatı ilə bağlı alğı-satqı müqaviləsi bağlanarkən də, iddiaçıya mənzilin bacısına məxsus olması barədə qazpaylayıcının əməkdaşları tərəfindən hər hansı məlumat verilməmişdir. İddiaçının mənzilin bacısının adına keçməsindən, bacısının adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almasından yalnız bu yaxınlarda, kommunal xərc yükünün azaldılması məqsədi ilə qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılması üçün sənədlərlə maraqlandıqda məlumatı olmuş, xəbər tutmuşdur. Bu səbəbdən, mirasın qəbulu müddətinin ötürülməmiş hesab edilməsi hissəsində iddia əsaslıdır. İddia tələbi - anası X10 miras qalmış Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nizami küçəsi, 23 saylı evin 18 saylı mənzilinə dair iddiaçının adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin verilməsinin Bakı şəhəri 8 saylı notariat ofisinə həvalə edilməsi hissəsində də əsaslıdır. Çünki, iddiaçı da cavabdeh kimi mərhum analarının birinci növbəli vərəsəsidir, iddiaçı və cavabdeh miras şərikləridir və iddiaçının da cavabdeh kimi analarından miras qalmış mənzildən irs almaq hüququ var. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri 8 saylı Notariat Ofisi tərəfindən X9 adına 12 mart 1993-cü il tarixdə verilmiş 4 «V»-1-30 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli; həmin şəhadətnamə əsasında cavabdeh X9 adına mənzilə dair verilmiş hüquqmüəyyənedici sənəd (qeydiyyat vəsiqəsi, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış) ləğv edilməli; İddiaçı münasibətdə mirasın qəbulu müddəti ötürülməmiş hesab edilməli; X10 miras qalmış Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nizami küçəsi, 23 saylı evin 18 saylı mənzilinə dair İddiaçı adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməli, həmin şəhadətnamənin verilməsi Bakı şəhəri 8 saylı notariat ofisinə həvalə edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri 8 saylı Notariat Ofisi tərəfindən X9 adına 12 mart 1993-cü il tarixdə verilmiş 4 «V»-1-30 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilsin. Həmin şəhadətnamə əsasında cavabdeh X9 adına mənzilə dair verilmiş hüquqmüəyyənedici sənəd (qeydiyyat vəsiqəsi, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış) ləğv edilsin. İddiaçı münasibətdə mirasın qəbulu müddəti ötürülməmiş hesab edilsin. X10 miras qalmış Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nizami küçəsi, 23 saylı evin 18 saylı mənzilinə dair İddiaçı adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilsin. Həmin şəhadətnamənin verilməsi Bakı şəhəri 8 saylı notariat ofisinə həvalə edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar