Məhkəmə qərarları › İş №2(103)-4342/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4342/2024

18.09.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Ləyaqətsiz vərəsə hesab edilməsi - Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4342/2024 18.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı miras əmlakın qəbulu müddətinin bərpa edilməsi, vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi və qeydiyyat vəsiqəsinin ləğv edilməsi və sair tələblərinə dair mülki iş üzrə (Açar sözlər: mirasın qəbulu, vərəsəlik şəhadətnaməsinin etibarsızlığı, iddia müddətinin axımının başlanması, sübutların qiymətləndirilməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2, Üçüncü şəxs X11 iştirakı ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1725/2022 nömrəli, 08 avqust 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Lökbatan qəsəbəsi, Nizami küçəsi, 23 saylı evin 18 saylı mənzili xx.xx.1990-cı il tarixdə xüsusi mülkiyyət hüququ ilə X8 adına qeydiyyata alınmışdır.

2. X18 (bundan sonra – miras qoyan) xx.xx.1992-ci il tarixdə ölmüş və onun birinci növbə vərəsələri 8 övladı (X19, X15, X23, X24, X28, X25, İddiaçı və Cavabdeh) olmuşdur.

3. Miras qoyanın ölümündən sonra qızı Cavabdeh (bundan sonra - cavabdeh) 1993-cü ildə mirasın qəbul edilməsi barədə ərizə ilə Bakı şəhəri 8 saylı Dövlət Notariat Kontoruna müraciət etmiş, ərizəsində miras qoyanın birinci növbə digər vərəsələri kimi bacısı İddiaçı (bundan sonra – iddiaçı) istisna olmaqla digər bacı və qardaşlarının adlarını qeyd etmiş və müraciəti əsasında 22/93 nömrəli vərəsəlik işi açılmışdır. Vərəsəlik işinin materiallarına həmin şəxslərin mirasdan onlara düşən paydan cavabdehin xeyrinə imtina etmələri barədə xx.xx.1993-cü il tarixli ərizələr əlavə edilmişdir.

4. Bundan sonra xx.xx.1993-cü il tarixdə miras əmlaka dair cavabdehin adına tam pay hüququ ilə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, həmin şəhadətnamə əsasında mübahisəli mənzil daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ ilə cavabdehin adına qeydə alınmış və hazırda onun mülkiyyətindədir.

5. İddiaçı mübahisəli mənzilə xx.xx.2007-ci il tarixdə cavabdehin razılıq ərizəsi əsasında yaşayış yeri üzrə qeydiyyata alınmışdır.

6. Mübahisəli mənzilə dair qazın alqı-satqısı barədə qaz paylayıcı ilə cavabdeh arasında xx.xx.2017-ci il və xx.xx.2018-ci il tarixlərdə müqavilələr bağlanmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 8 saylı Dövlət Notariat Konturu tərəfindən cavabdehə verilmiş 4 “V”-1-30 reyestr nömrəli, xx.xx.1993-cü il tarixli vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında verilmiş qeydiyyat vəsiqəsinin ləğv edilməsi, miras əmlakın ilkin vəziyyətə gətirilməsi, cavabdehin vicdansız vərəsə kimi tanınması, mirasın qəbulu müddətinin ötürülməmiş hesab edilməsi, mübahisəli mənzilə dair ona vərəsəlik şəhadətnaməsinin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı mərhum anası ilə birlikdə yaşamış, ümumi təsərrüfatı idarə etmiş, xəstə olan zaman anasına qulluq etmişdir. Anası xx.xx.1992-ci il tarixdə vəfat etmiş, anasını dəfn etdirmiş, miras əmlakı qəbul etmiş, bütün kommunal xərcləri hər ay ödəmiş, mənzilin yaxşılaşdırılması üçün işlər aparmışdır. Mənzildə o, bacısı olan cavabdeh və cavabdehin övladları Nümayəndə Cəmil oğlu və X29 qeydiyyatda olsalar da, hazırda mənzildə doğulduğu gündən bu günədək yalnız özü yaşayır. Bacısı 1980-ci ildə ailə qurmuş, ailə qurduqdan sonra Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, massiv 3, SD135-ə gəlin köçmüş və bu günədək həmin ünvanda əri və övladları ilə birlikdə yaşayır. Gəlin köçdüyü vaxtdan onlarla yaşamamış, analarına qulluq etməmiş, ataları vəfat edən zaman yanında olmamış, mirasın yaxşılaşdırılması üçün heç bir tədbir görməmiş, formal olaraq həmin mənzildə qeydiyyatda qalmışdır. Bunu qonşular da təsdiq edə bilər. Mənzildə qeydiyyatda olan şəxslərin əvəzinə uzun illərdir ki, iddiaçı kommunal haqları ödəyir, bu isə onun büdcəsinə ziyan vurur. Bu yaxınlarda ona məlum olmuşdur ki, mübahisəli ev anasının adına deyil, cavabdehin adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir. Belə ki, həmin mənzildə cavabdehi və övladlarını qeydiyyatdan çıxarmaq üçün vəkilə müraciət etmiş, vəkil sorğusu əsasında məlum olmuşdur ki, cavabdeh 8 saylı dövlət notariat kontorundan verilmiş qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən mənzili öz adına qeydiyyatdan keçirmişdir və hazırda mənzil sonuncunun mülkiyyətindədir. Halbuki cavabdeh onun vərəsə olduğunu gizlədərək miras əmlakı mənimsəmişdir. Cavabdeh anasının ruhunun inciməməsi üçün yadigar qalmış evin bölünməməsini bildirmiş, o da həmin evdə tək yaşadığından, bütün kommunal xərcləri özü ödədiyindən, mənzildə təmir işləri apardığından və orada yaşamasına cavabdeh tərəfindən heç bir maneə törədilmədiyindən sonuncuya inanmışdır. Qeyd olunanlara əsasən hesab edir ki, miras əmlakı qəbuletmə müddətini üzrlü səbəbdən buraxmışdır.

9. Cavabdeh iddia ərizəsinə qarşı etiraz və iddia müddətinin tətbiqi barədə ərizə verərək bildirmişdir ki, iddia əsassız olduğundan və iddia müddəti keçdiyi üçün təmin olunmamalıdır. İddiaçı ərizəsində göstərir ki, mənzilin anasının deyil, cavabdehin adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmasından bu yaxınlarda - qeydiyyatda olan şəxsləri mənzildən qeydiyyatdan çıxarmaq üçün müraciət etdiyi vəkilin verdiyi sorğu əsasında xəbər tutub. İddiaçının bu dəlili tamamilə əsassızdır. Belə ki, iddiaçı mənzilin vərəsəlik qaydasında cavabdehin mülkiyyətinə keçməsindən elə ilk vaxtdan məlumatı olub. Hətta 2007-ci ilin mart ayında mənzilə qeydiyyata alınmasını cavabdehdən xahiş edib və cavabdeh də mülkiyyətçi kimi onun mənzilə qeydiyyata düşməsinə dair xx.xx.2007-ci il tarixli notarial təsdiqli razılıq ərizəsi verib. İddiaçı 2007-ci ilin aprelində Qaradağ RPİ-yə mənzilə qeydiyyata alınma barədə ərizə-anketlə birlikdə mənzilin cavabdehin mülkiyyətində olmasına dair xx.xx.1993-cü il tarixli qeydiyyat vəsiqəsini və cavabdehin notarial təsdiqli ərizəsini təqdim edib. Göründüyü kimi, iddiaçı mənzilin cavabdehin mülkiyyətində olmasından 2007-ci ilin mart ayında xəbərdar idi və 15 ildən artıq müddət keçdikdən, yəni iddia müddəti buraxıldıqdan sonra hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mübahisəli mənzilə qeydiyyata alındığı tarixədək isə başqa ünvanda qeydiyyatda olmaqla yaşayıb. Xəstə anasına qulluq etməsi barədə göstərdikləri də həqiqətə uyğun deyil. Belə ki, analarının ona qulluq tələb edən xəstəliyi olmayıb, Moskvada yol-nəqliyyat hadisəsi nəticəsində aldığı zədədən (şok, qan itirmə) vəfat edib. Beləliklə, iddiaçı vərəsəlik açılan gündən 6 ay müddətində, yəni xx.xx.1992-ci ilədək mirası qəbul etmək üçün qanunla müəyyən edilmiş hərəkətlərdən hər hansı birini etməmişdir. Bu səbəbdən iddia müddəti tətbiq edilməklə iddianın rədd olunması barədə qətnamə çıxarılması xahiş olunur.

10. Birinci instansiya məhkəməsində şahid qismində ifadə verən X23 bildirmişdir ki, iddiaçının bacısıdır. Bacısı həqiqətən qeyd olunan ünvanda yaşayır. Bacısının qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən xəbəri olmamışdır.

11. X7 ifadəsində göstərmişdir ki, cavabdehin qızıdır. Xalası (iddiaçı) həmişə onun anasının mülkiyyətində olan mənzildə yaşamışdır. Anası xalasının həmin mənzildə yaşamasına heç vaxt maneə yaratmamışdır.

12. X1 ifadəsində bildirmişdir ki, 150 saylı MKİS-in mühasibidir. İddiaçı MKİS-in xidmət göstərdiyi ərazidə yerləşən mübahisəli ünvanda yaşamaqla kommunal xərcləri vaxtı-vaxtında ödəmiş, barəsində heç bir şikayət daxil olmamışdır.

13. X3 ifadəsində göstərmişdir bildirmişdir ki, 150 saylı MKİS-in sahə nəzarətçisi işləyir. Sahə nəzarətçisi kimi ərazini və ərazidə yaşayan bir çox vətəndaşı tanıyır. İddiaçı MKİS-in xidmət göstərdiyi ərazidə yerləşən mübahisəli ünvanda yaşamaqla kommunal xərcləri ödəmişdir.

14. Şahid qismində dindirilmiş iddiaçının qonşuları X21, X9, X12 və X4 eyni məzmunlu ifadələr verməklə bildirmişlər ki, iddiaçı ilə normal qonşuluq münasibətləri var. İddiaçı uzun illərdir ki, mübahisəli mənzildə yaşayır və kommunal xərcləri ödəyir.

15. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1725/2022 nömrəli, 08 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakim Kamran Əsədov) iddia qismən təmin edilərək, Bakı şəhəri 8 saylı notariat ofisi tərəfindən 12 mart 1993-cü il tarixdə cavabdehin adına verilmiş 4 “V”-1-30 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında cavabdehin adına mənzilə dair verilmiş hüquq müəyyənedici sənədin (qeydiyyat vəsiqəsi, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış) ləğv edilməsi, iddiaçıya münasibətdə mirasın qəbulu müddətinin ötürülməmiş hesab edilməsi, mübahisəli mənzilə dair iddiaçının adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi, həmin şəhadətnamənin verilməsinin Bakı şəhəri 8 saylı notariat ofisinə həvalə edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir.

16. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 60 və 72- ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1134.1, 1145, 1146, 1157, 1159.1.1, 1159.1.3, 1159.1.4, 1160, 1243.1-1243.3, 1246, 1248.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 oktyabr 2020-ci il tarixli Qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

17. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin qismən iddianın təmin edilən hissəsində ləğv olunması, iddianın tam rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

18. Apellyasiya şikayəti iddia ərizəsinə qarşı etirazla eyni məzmunda əsaslandırılmaqla, əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı mübahisəni həll edərkən mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarını deyil, xx.xx.2000-ci ildə qüvvəyə minmiş, hazırda qüvvədə olan Mülki Məcəllənin normalarını tətbiq etmişdir. Birinci instansiya məhkəməsi qətnamədə “iddiaçının ... anası vəfat edəndən həmin mənzildə yaşadığını və 1993-cü ildən bu günə kimi mənzil kommunal xidmət haqlarını özü ödədiyini” göstərərək ona münasibətdə mirasın qəbulu müddətini ötürülməmiş hesab etmiş, lakin istinad etdiyi şahid ifadələri və 150 saylı MKİS-in arayışı ilə iddiaçının mirası qanunda göstərilən müddət ərzində qəbul etdiyinə dair işin halının sübut olunmadığını nəzərə almamışdır. Belə ki, məhkəmə iclasında dindirilmiş şahidlər (iddiaçının bacısı, bacısı qızı, qonşuları, MKİS işçiləri) öz ifadələrində iddiaçının uzun müddət həmin mənzildə yaşadığını göstərmişlər. Lakin iddiaçı 1994-cü ilədək ünvan 2 ünvanında yerləşən yataqxanada, 1994-1998-ci illərdə isə Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. 1998-ci ildə Müşviqabad qəsəbəsindəki mənzilini satdıqdan sonra mübahisəli mənzilə köçərək daimi yaşamağa başlamışdır. Bu isə onun həmin mənzildə uzun müddət (24 il, yəni 1998-2022-ci illər) yaşadığı anlamına gəlir, lakin mirası qəbul etməsi kimi qiymətləndirilə bilməz. Belə ki, iddiaçının anasından miras qalan mənzildə yaşaması, onu idarə etməsi və digər formada yiyələnməsi yalnız o halda həmin mirası qəbul etmək kimi qiymətləndirilə bilər ki, bu hərəkətlər vərəsəlik açılan gündən 6 ay müddətində, yəni xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək edilmiş olsun. Məhkəmə iclasında dindirilmiş şahidlərdən heç biri ifadələrində iddiaçının həqiqətən də məhz həmin tarixlərdə mübahisəli mənzildə yaşadığını, orda təsərrüfat apardığını göstərməmişlər. Cavabdeh, həmçinin qeyd etmişdir ki, qanun üzrə İ növbə vərəsələrin vərəsəlikdəki miras payının bərabər olduğu nəzərə alınmaqla miras qoyanın vərəsələrinin (8 övladının) hər birinin mirasdakı payı 1/8 hissə təşkil edir. Vərəsəlik işindən görünür ki, 6 vərəsə (Aydın, Gündüz, Əziz, Bikə, Telli və Gülsüm) özlərinə çatan miras payından bacıları cavabdehin xeyrinə imtina etmişlər. Hətta şərti olaraq hesab edilsə ki, iddiaçı mirası vaxtında qəbul edib, bu halda onun mənzildəki miras payı 1/8 hissə, cavabdehin payı isə 7/8 (1/8+6/8) hissə olacaqdı. Məhkəmə isə mənzilin 1/8 hissəsinə deyil, bütün mənzilə, yəni cavabdehə çatan və xeyrinə imtina edilmiş 7/8 hissə miras payına da vərəsəlik şəhadətnaməsinin verilməsini qət etmiş, bununla da cavabdehin vərəsəlik üzrə mülkiyyət hüququnu pozmuşdur.

19. İşə apellyasiya qaydasında baxılarkən X23 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.

20. Məhkəmə tərəfindən təyin edilmiş ilkin və təkrar xətşünaslıq ekspertizaları üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 iyul 2023-cü il və 4 noyabr 2023-cü il tarixli hər iki ekspert rəyində qeyd edilmişdir ki, ekspertizaya təqdim edilmiş Bakı şəhəri 8 saylı notariat ofisinə aid 4V-İ-30 saylı vərəsəlik işində X10 adından olan xx.xx.1993-cü il tarixli ərizənin sonunda “Новрузов Г.К” yazılarının qarşısındakı imza; X6 adından olan xx.xx.1993-cü il tarixli ərizənin sonunda “Рашид-заде Г.К” yazılarının qarşısındakı imza; X11 adından olan xx.xx.1993cü il tarixli ərizənin sonunda “Джафарова Т.К” yazılarının qarşısındakı imza; X13 adından olan xx.xx.1993-cü il tarixli ərizənin sonunda “Мамедова Б.К” yazılarının qarşısındakı imza; X16 adından olan xx.xx.1993-cü il tarixli ərizənin sonunda “Новрузов А.К” yazılarının qarşısındakı imza və X14 adından olan xx.xx.1993-cü il tarixli ərizənin sonunda “Новрузов А.К” yazılarının qarşısındakı imza həmin şəxslər tərəfindən yox, başqa şəxslər tərəfindən icra olunmuşdur.

21. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-87/2024 nömrəli, 16 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – İ.Şirinov (sədrlik edən və məruzəçi) K.Əkbərov və E.Kazımov) apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin edilərək, Bakı şəhəri 8 saylı notariat ofisi tərəfindən 12 mart 1993-cü il tarixdə cavabdehin adına verilmiş 4 “V”-1-30 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında cavabdehin adına mənzilə dair verilmiş hüquqmüəyyənedici sənədin (qeydiyyat vəsiqəsi, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış) ləğv edilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir.

22. Məhkəmə gəldiyi nəticəni, xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş 1964-cü il Mülki Məcəlləsinin 528, 530, 531, 532, 541, 552, 555, 556-cı və MPM-in 9.3, 14.1, 14.2, 77.1, 88, 217.2, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

c) Kassasiya instansiyası məhkəməsində icraat

23. Qətnamədən iddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin mirasın qəbul edilməsi müddətinin ötürülməmiş hesab edilməsi və iddiaçının adına qanun üzrə vərəsəlik şəhadətnmaəsinin verilməsinin notariat orqanının üzərinə qoyulması tələblərinin rədd olunması hissəsində ləğv olunmasını, həmin hissədə birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanması və cavabdehin ləyaqətsiz vərəsə hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

24. Kassasiya şikayəti Mülki Məcəllənin 1137, 1159, 1243-cü və MPM-in 9, 14, 88-ci maddələrinə istinadla belə əsaslandırılmışdır ki, cavabdeh miras əmlakda payını artırmaq məqsədilə iddiaçının adını vərəsələr dairəsinə daxil etməmiş, gizlətmiş, qardaş və bacılarımızın adından saxta ərizələr yazmış, özü imza etmiş və bu fakt 2 ayrı ekspert rəyləri ilə təsdiq olunmuş, lakin nə birinci, nə də apellyasiya instansiya məhkəməsində cavabdehin ləyaqətsiz vərəsə hesab edilməsi tələbi təmin edilməmiş, apellyasiya məhkəməsi qətnaməsində birinci ekspert rəyini ümumiyyətlə göstərməmişdir. Bundan başqa, apellyasiya məhkəməsi mirası qəbul etdiyini qətnamədə təsdiq etdiyi halda, rayon məhkəməsinin qətnaməsini mirasın qəbul edilməsi müddətinin buraxılmamış hesab edilməsi və ona vərəsəlik şəhadətnaməsi verilməsi hissələrində ləğv etmiş, hər vasitə ilə əsaslandırmağa çalışmışdır ki, miras əmlak ona verilərsə cavabdehin hüquqları pozula bilər.

25. Cavabdeh (Vəkil2) də kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilməsi, həmin hissədə iddianın rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

26. Kassator mübahisələndirilən hissədə iddiaya qarşı etirazı və apellyasiya şikayəti ilə eyni dəlillərdən çıxış edərək qüvvədən düşmüş Mülki Məcəllənin 73, 77, 78, 82, 530, 532, 552-ci və MPM-in 77.1-ci maddəsinə istinadla əlavə olaraq qeyd etmişdir ki, məhkəmə hazırkı tələb üzrə iddia müddətini tətbiq etməklə iddianın təmin olunmaması barədə qətnamə çıxarmalı olduğu halda, iddianı qismən təmin etmişdir.

27. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, bildirmişdir ki, apellyasiya instansiya məhkəməsi cavabdeh tərəfindən mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Cavabdehin kassasiya şikayətinin dəlilləri qanuni və əsaslı qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

28. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)- 1884/2024 nömrəli, 03 iyun 2024-cü il tarixli qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmamış, Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-87/2024 nömrəli iş üzrə 16 yanvar 2024-cü il tarixli qətnaməsi iddianın təmin olunan hissəsində ləğv edilmiş, mülki iş qeyd olunan hissədə yenidən baxılması üçün həmin məhkəməyə göndərilmiş, qətnamədə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

29. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

30. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər.

31. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X23 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

xx.xx.1965-ci il tarixdə qüvvəyə minmiş xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş Mülki Məcəlləsi

32. Maddə 73. Hüququ pozulmuş şəxsin iddiası üzrə,onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) 3 il ... müəyyən edilir.

33. Maddə 78. İddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən başlanır, iddia hüququ şəxsin öz hüququnun pozulmasını bildiyi və ya bilməli olduğu gündən əmələ gəlir.

34. Maddə 82. İddia qaldırılana qədər iddia müddətinin keçməsi iddianı rədd etmək üçün əsasdır. Məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi iddia müddətinin keçməsi səbəbini üzrlü hesab etdikdə pozulmuş hüquq müdafiə edilməlidir.

35. Maddə 85. Aşağıdakı hallara iddia müddəti tətbiq edilmir. - Qanunla nəzərdə tutulmuş hallardan başqa, şəxsi qeyri-əmlak hüquqlarının pozulmasından əmələ gələn tələblərə; - Kolxozların və sair kooperativ və ictimai təşkilatların və ya vətəndaşların qanunsuz olaraq yiyələndikləri dövlət əmlakının qaytarılması haqqında döblət təşkilatlarının tələblərinə; - Dövlət əmək əmanət kassalarına və SSRİ Dövlət Bankına qoyulmuş əmanətlərin verilməsi haqqında əmanətçilərin tələblərinə; - SSRİ İttifaqı qanunvericiliyi ilə müəyyən edilmiş hallarda digər tələbərə.

36. Maddə 528. Vərəsəlik miras qoyan şəxsin ölməsi ilə, yaxud onun ölmüş elan edilməsi ilə açılır.

37. Maddə 530. Qanun üzrə vərəsəlikdə - miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyan şəxsin ölümündən sonra doğulan uşaqlar vərəsə ola bilərlər.

38. Maddə 531. Miras qoyanın, onun vərəsələrindən hər hansı birinin əleyhinə, yaxud miras qoyanın vəsiyyətnamədə ifadə olunmuş axırıncı iradəsinin həyata keçirilməsi əleyhinə qanunsuz hərəkət etməklə özlərinin vərəsəliyə çağırılmasına imkan yaradan vətəndaşlar, bu hallar məhkəmə qaydasında təsdiq edilərsə, nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə olmaq hüququna malik deyildirlər.

39. Maddə 532. Qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürülənləri) birinci növbəli vərəsələr hesab olunurlar.

40. Maddə 552. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakının faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir.

41. Maddə 556. Qanun üzrə və ya vəziyyət üzrə vərəsə, vərəsəlik açıldığı gündən altı ay müddətində mirasdan imtina etməyə haqlıdır. ...Mirasdan imtina vərəsə tərəfindən vərəsə vərəsəliyin açıldığı yerin notariat kontoruna ərizə vermək yolu ilə edilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

42. Maddə 14.2 məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

45. Maddə 384.0.2 qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

46. Maddə 385 maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

47. Maddə 420 kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Apellyasiya baxışının hədləri

48. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

49. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

50. Hazırki halda apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini iddianın təmin olunan hissəsində yoxlayır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 03 iyun 2024-cü il tarixli qərarı ilə iddianın təmin olunan hissəsində ləğv edilmiş, mülki iş qeyd olunan hissədə yenidən baxılması üçün həmin məhkəməyə göndərilmiş, qətnamədə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. 51.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

52. Məhkəmə kollegiyası tərəflərin izahatlarını, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdıraraq və kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1725/2022 nömrəli, 08 avqust 2022-ci il tarixli qətnaməsi yoxlanılan hissədə ləğv edilməli, iddia tələbi təmin edilməməlidir.

53. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

54. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üstüstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) b) İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun.

55. İddia tələbinin qanuni əsas dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir.

56. Hazırda iddiaçı doğulduğu vaxtdan bu günədək anasından miras qalmış mübahisəli mənzildə yaşadığını, xəstə olduğu vaxt anasına qulluq etdiyini, onu dəfn etdiyini bildirərək, tərəfindən mirasın qəbul edilməsini, lakin cavabdehin onun vərəsəliyini gizlətməklə və vərəsə olan digər bacı və qardaşlarının adından saxta ərizələr təqdim etməklə mənzilə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə aldığını və mənzili öz adına qeydiyyatdan keçirdiyini bildirərək, mirasın qəbul edilməsi müddətinin ötürülməmiş hesab edilməsini, cavabdehin adına verilmiş şəhadətnamənin etibarsızlığını, mənzilə dair həmin şəhadətnamə əsasında verilmiş hüquqmüəyyənedici sənədin ləğv edilməsini və miras əmlaka dair onun adına şəhadətnamə verilməsini tələb edir.

57. İş materiallarından müəyyən olunur ki, miras qoyan xx.xx.1992-ci il tarixdə ölmüş və onun birinci növbə vərəsələri qismində 8 övladı olmuşdur. Onlardan cavabdeh mirasın qəbul edilməsi barədə notariat orqanına ərizə ilə müraciət etmiş və müraciətində miras qoyanın digər vərəsələri kimi iddiaçı istisna olmaqla digər bacı və qardaşlarının adlarını qeyd etmişdir. Həmin bacı və qardaşların adından mirasdan cavabdehin xeyrinə imtina etmələri barədə notariat işinə ərizələr əlavə edilmiş və notariat orqanı tərəfindən xx.xx.1993-cü il tarixdə cavabdehin adına tam pay hüququ ilə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.

58. Məhkəmə kollegiya hesab edir ki, birinci instansiyası məhkəməsi iddianı yoxlanılan hissədə təmin edərkən (qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və həmin şəhadətnamə əsasında verilmiş qeydiyyat vəsiqəsinin ləğv edilməsi) maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir.

59. Belə ki, bu hissədə mübahisənin düzgün hüquqi həlli ilə üçün yuxarıda da qeyd edildiyi kimi ilk növbədə iddiaçının mirası qanunla müəyyən edilmiş qaydada qəbul edib-etmədiyi müəyyən edilməlidir. Başqa sözlə, vərəsələrdən birinin digər vərəsənin adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsızlığı barədə tələb irəli sürə bilməsi əvvəlcə özünün mirası qəbul etməsi təsdiq olunmalıdır. Əks hal, onun həmin iddianı qaldırmağa subyektiv hüququnun olmadığı nəticəsini əmələ gətirəcəkdir.

60. Kollegiya qeyd edir ki, mirasın qəbulu institutu ilə bağlı mirasın açıldığı vaxt qüvvədə olan Mülki Məcəlləsinin tələblərinə əsasən, mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Vərəsə, miras əmlakının faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir.

61. Göründüyü kimi, qanunvericilik mirasın qəbulunun iki üsulunu (formal və qeyriformal) müəyyən etmişdir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin mirasın açıldığı yerin notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verməsi başa düşülür. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu o zaman qüvvədə olur ki, vərəsə özünün konkret hərəkətləri və rəftarı ilə mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur, onun üzərində fiziki “ağalıq” edir. Mirasa faktiki sahiblik müxtəlif üsullarla həyata keçirilir: vərəsənin miras qoyanın yaşadığı evə köçməsi; vərəsənin miras açılandan əvvəl və sonra orada yaşaması və yaşamağa davam etməsi; əvvəllər miras qoyana məxsus olan əmlakdan vərəsənin faktiki istifadə etməsi. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (“G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 iyul 2014-cü il tarixli qərarı).

62. Hazırda iddiaçı doğulduğu vaxtdan hal-hazıradək fasiləsiz olaraq mübahisəli mənzildə yaşadığını, xəstə olduğu vaxt anasına qulluq etdiyini, onu dəfn etdiyini bildirərək, miras əmlakı faktiki sahiblik yolu ilə qəbul etdiyini irəli sürür. Cavabdeh isə etiraz edərək, bildirir ki, iddiaçı anasının vəfat etdiyi vaxt mübahisəli mənzildə yaşamamış, 1998-ci ildə özünə məxsus başqa mənzili satdıqdan sonra həmin mənzildə yaşamağa başlamış, 2007ci ildə mülkiyyətçi kimi onun razılıq ərizəsi əsasında mənzildə yaşayış yeri üzrə qeydiyyata alınmışdır, Xəstə anasına qulluq etməsi barədə göstərdikləri həqiqətə uyğun deyil. Belə ki, analarının ona qulluq tələb edən xəstəliyi olmamış, Moskvada yol-nəqliyyat hadisəsi nəticəsində aldığı zədədən (şok, qan itirmə) vəfat etmişdir. Göründüyü kimi, iddiaçı mirasın faktiki və rəsmi qəbulu ilə bağlı qanunla müəyyən edilmiş 6 aylıq müddəti ötürmüşdür.

63. Birinci instansiya məhkəməsi cavabdehin adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsızlığı və mənzilə dair həmin şəhadətnamə əsasında verilmiş hüquqmüəyyənedici sənədin ləğv edilməsi barədə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı qanun üzrə vərəsələrdən biri olduğu, miras qalmış əmlakdan imtina etməsi barədə notariat orqanına ərizə vermədiyi, anası vəfat edəndən miras qalmış mənzildə yaşamasına baxmayaraq, cavabdeh notariat orqanına ərizə verərkən vərəsələrin dairəsini tam göstərməməklə, iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur, qanun üzrə vərəsəlik almalı olan şəxslərin dairəsi dolğun göstərilməmişdir və iddiaçının da cavabdeh kimi anasından miras qalmış əmlakdan irs almaq hüququ var. Həmçinin müvafiq ekspert rəyi ilə, notariat işində olan cavabdehin xeyrinə miras əmlakdakı paylarından onun bacı və qardaşlarının imtina etməsi barədə ərizələrin saxtalaşdırıldığı, başqa sözlə, həmin şəxslər tərəfindən imzalanmadığı, onların iradəsinin olmadığı müəyyən edilmişdir. Cavabdeh iddiaçının anasının öldüyü 1992-ci ildən yox, məhz 1998-ci ildən həmin mənzildə yaşadığını təsdiq edən sübutları təqdim etməmişdir. İş üzrə dindirilmiş şahidlərin ifadələri ilə iddiaçının həmin mənzildə fasiləsiz yaşaması, həmçinin 150 saylı MKİS tərəfindən verilmiş arayışla da iddiaçının həmin mənzildə tək yaşayaraq və 1993-cü il tarixdən bu günə kimi mənzil kommunal xidmət haqlarını özü ödəməsi, dolayısı ilə də iddiaçının mirası qəbul etməsi müəyyən edilmişdir.

64. Halbuki MPM-in 80, 81, 88 və 89-cu maddələrinin tələbləri baxımından əgər məhkəmə hər hansı sübutu qəbul edərək, iş materiallarına əlavə edibsə işdə olan sübutlara həmin sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması və s.) baxımından qiymət verilməlidir.

65. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, iş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir.

66. Birinci instansiya məhkəməsi iddiaçı tərəfindən təqdim edilmiş sübutları mülki prosessual qanunvericiliyin tələblərinə uyğun qiymətləndirməmişdir. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş şahid ifadələrindən görünür ki, bütün şahidlər konkret müddət göstərmədən, iddiaçının uzun müddət mübahisəli mənzildə yaşadığını bildirmişlər. Cavabdeh apellyasiya şikayətində həmin ifadələrə münasibətdə qeyd etmişdir ki, iddiaçı 1998-ci ildə Müşviqabad qəsəbəsindəki mənzilini satdıqdan sonra mübahisəli mənzilə köçərək daimi yaşamağa başlamışdır. Nəzərə alınmalıdır ki, şəxsin ona miras qalan mənzildə yaşaması, onu idarə etməsi və digər formada yiyələnməsi yalnız o halda həmin mirası qəbul etmək kimi qiymətləndirilə bilər ki, bu hərəkətlər vərəsəlik açılan gündən 6 ay müddətində edilmiş olsun. Baxılan iş üzrə məhkəmə iclasında dindirilmiş şahidlərdən heç biri ifadələrində iddiaçının həqiqətən də məhz müddət ərzində mübahisəli mənzildə yaşadığını, orda təsərrüfat apardığını təsdiq etməmişlər.

67. Bununla yanaşı, iş materiallarından görünür ki, cavabdeh həm də iddia müddətinin tətbiqi barədə ərizə verərək bildirmişdir ki, iddiaçı tərəfindən hazırkı iddia ilə məhkəməyə müraciət etmək üçün iddia müddəti ötürülmüşdür. Belə ki, iddiaçının mənzilin cavabdehin mülkiyyətinə keçməsindən ən geci 2007-ci ildə mülkiyyətçi kimi onun razılığı ilə mənzilə qeydiyyata alınarkən məlumatı olmuşdur ki, iddia müddətinin axımı bu tarixdən hesablandıqda iddia müddəti ötmüşdür.

68. Qüvvədən düşmüş Mülki Məcəllə ilə hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün üç illik ümumi müddət (iddia müddəti) müəyyən edilirdi və iddia qaldırılana qədər iddia müddətinin keçməsi iddianı rədd etmək üçün birbaşa əsas hesab edilirdi. Qanun nəzərdə tuturdu ki, iddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən, yəni şəxsin öz hüququnun pozulmasını bildiyi və ya bilməli olduğu gündən əmələ gəlir. Eyni zamanda, həmin Məcəllədə iddia müddəti tətbiq edilməyən hallar sırasında hazırkı kateqoriya tələblər nəzərdə tutulmamışdır.

69. Birinci instansiya məhkəməsi ərizəyə münasibətdə qeyd etmişdir ki, iddiaçı son zamanlaradək mənzilin hələ də anasının adına olduğunu zənn etmişdir. Cavabdeh tərəfindən notariat orqanına müraciət edilərək qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alması barədə nə cavabdeh, nə də digər bacı və qardaşları tərəfindən ona məlumat verilməmişdir. İddiaçı anası vəfat edəndən sonra yaşadığı və 1993-cü ildən kommunal xərclərini ödədiyi mənzilə qeydiyyata düşmək üçün bacısından razılıq ərizəsi alarkən də mənzilin bacısının adına rəsmiləşdirildiyini bilməmiş, həmin vaxt nə üçün məhz cavabdehin bu cür razılıq ərizəsi verməli olmasının mahiyyətinə varmamış, iddiaçıya nə MKİS, nə də yaşayış yeri üzrə qeydiyyata alan orqanda mənzil mülkiyyətçisinin cavabdeh olması barədə məlumat verilməmiş, ona hüquqmüəyyənedici sənədlərin surətləri təqdim olunmamışdır. İddiaçı verilən tövsiyəyə uyğun olaraq bacısına müraciət edərək qeydiyyata düşməsinə razılıq tələb olunduğunu bildirmiş, cavabdeh də hər hansı əlavə izahat vermədən və mənzil mülkiyyətçisi olduğunu iddiaçıya bildirmədən razılıq ərizəsi təqdim etmişdir. İddiaçı ilə mənzilin qaz təminatı ilə bağlı alqı-satqı müqaviləsi bağlanarkən də iddiaçıya mənzilin bacısına məxsus olması barədə qazpaylayıcının əməkdaşları tərəfindən hər hansı məlumat verilməmişdir. İddiaçının mənzilin bacısının adına keçməsindən, bacısının adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almasından yalnız bu yaxınlarda, kommunal xərc yükünün azaldılması məqsədi ilə qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılması üçün sənədlərlə maraqlandıqda məlumatı olmuş, xəbər tutmuşdur.

70. Göründüyü kimi, birinci instansiyası məhkəməsi yalnız iddiaçının mövqeyindən çıxış etməklə qənaətini özünün irəli sürdüyü dəlillərlə əsaslandırmağa çalışmışdır. Halbuki mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir.

71. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 may 2012-ci il tarixli və 03 noyabr 2008-ci il tarixli qərarlarında iddia müddətləri ilə bağlı ifadə edilmiş hüquqi mövqelərə görə atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Qanunda iddia müddətinin axımının başlanması anının xüsusi tənzimlənməsi, onun dayandırılması və kəsilməsinin məhdud dairəsinin müəyyən edilməsi məhz subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı məsuliyyət hissinin artırılmasına xidmət etməklə yanaşı, onun həyata keçirilməsinə yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və suiistifadə hallarının qarşısının alınmasına yönəlmişdir.

72. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan araşdırmanın nəticələrini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı yoxlanılan hissədə təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırılmadığından iş üzrə qəbul edilmiş qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir.

73. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1725/2022 nömrəli, 08 avqust 2022-ci il tarixli qətnaməsi yoxlanılan hissədə ləğv edilsin. İddia tələbi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və həmin şəhadətnamə əsasında verilmiş qeydiyyat vəsiqəsinin ləğv edilməsi hissəsində təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar