Məhkəmə qərarları › İş №2(002)-1739/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1739/2022

02.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1739/2022 02.11.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, Salmanova Könül Xasay qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı BOKT QSC-nin cavabdehlər Cavabdeh1 və Hacıyev Xəyyam Xanlar oğluna qarşı «əsas borcun və faizin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı BOKT QSC cavabdehlər Cavabdeh1 və Hacıyev Xəyyam Xanlar oğluna qarşı «əsas borcun və faizin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 5.885 manat 45 qəpik əsas borc, 1.452 manat 10 qəpik faiz olmaqla, cəmi 7.337 manat 55 qəpik pul vəsaiti və ödənilmiş 93 manat 38 qəpik məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Hacıyev Xəyyam Xanlar oğlundan müştərək qaydada İddiaçı BOKT QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı BOKT QSC iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında» Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 saylı Fərmanına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış «tələb hüququnun güzəşt edilməsinə dair» xx.xx.2015-ci il tarixli müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSC-nin Nizamnaməsinə edilmiş xx.xx.2015-ci il tarixli, ********** saylı dəyişiklikdəki 2.5-ci bəndə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum («X4 Edilməsi Agentliyi» MMC) vasitəsi ilə həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh1 dair sənədlər S-FK-625 saylı, 23 oktyabr 2017-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. "xxxx" ASCnin Qaradağ filialı ilə Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixdə 390-19-xx.xx.2014-338 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 22 % tətbiq edilməklə, 36 ay müddətinə 8.000 manat məbləğində kredit verilmişdir. xx.xx.2014-cü il tarixli kassa məxaric orderindən də göründüyü kimi cavabdehə ayrılmış kredit vəsaitini məxaric edərək ssuda hesabından istifadə etmişdir. Kreditin təminatı kimi zamin Hacıyev Xəyyam Xanlar oğlu ilə bank arasında xx.xx.2014-cü il tarixdə 390-xx.xx.2014-338 saylı zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin 2.2-ci bəndinə əsasən bank borc alana 8.000 manat məbləğində kreditin verilməsini öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən borc alan bu müqaviləyə əsasən borcu qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada borcu və bank gəlirləri üzrə hesablanacaq faizləri banka qaytarmağı öhdəsinə götürür. Həmin müqavilənin 5.2, 5.3-cü bəndinə əsasən kredit vəsaitindən istifadə müddətinin axımı borc alanın ssuda hesabına kredit vəsaitinin köçürüldüyü təqvim tarixindən sonrakı gün başlanır. Borc alana verilən kredit vəsaitindən istifadə müddəti 36 aydır. Kredit müqaviləsinin 6.1-ci bəndinə əsasən kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş gəlirlərinin faktiki sayına görə kredit verənə illik 22 faizlə hesablanır. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, Cavabdeh1 banka hazırda olan borcu - 5.885 manat 45 qəpik əsas borc, 1.452 manat 10 qəpik faiz olmaqla, cəmi 7.337 manat 55 qəpik təşkil edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas borc, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bu günədək yerinə yetirilməmişdir. Məhkəmənin nəzərinə çatdırırlar ki, İddiaçı QSC onun adından çıxış edən törəmə müəssisəsi olan «X4 Edilməsi Agentliyi» MMC tərəfindən xx.xx.2019-cu il tarixdə cavabdehlər Cavabdeh1 və Hacıyev Xəyyam Xanlar oğluna qarşı «əsas borcun və faizin qaytarılması» tələbinə dair iddia ərizəsi ilə Qaradağ rayon Məhkəməsinə müraciət etmiş, Qaradağ rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(002)-1824/2019 saylı mülki iş üzrə borclunun kredit borcu Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmanının təsir dairəsinə düşdüyündən Fərmanda göstərilən məsələlər öz həllini tapanadək Qaradağ rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(002)-1824/2019 saylı qərardadı ilə mülki işin icraatı dayandırılmışdır. Bundan başqa İddiaçı QSC onun adından çıxış edən törəmə müəssisəsi olan «X4 Edilməsi Agentliyi» MMC xx.xx.2019-cu il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Qaradağ rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(002)-1824/2019 saylı qərardadının ləğv edilməsi və mülki iş üzrə icraatın təzələnməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Qaradağ rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(002)-35/2021 saylı qərardadı ilə ərizə təmin edilmiş və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(002)-35/2021 saylı qətnaməsi ilə iddiaçının iddia tələbi təmin edilmişdir. Cavabdeh1 apellyasiya şikayəti üzrə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)- 6726/2021 saylı qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayətinin təmin edilməmiş, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(002)-35/2021 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Cavabdeh1 kassasiya şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 09 fevral 2022-ci il tarixli 2(102)-423/2022 saylı qərardadı ilə Cavabdeh1 kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 07 iyul 2021-ci il tarixli, 2(103)-6726/2021 saylı qətnaməsi ləğv edilmiş, İddiaçı QSC-nin adından çıxış edən törəmə müəssisəsi olan «X4 Edilməsi Agentliyi» MMC-nin cavabdehlər Cavabdeh1 və Hacıyev Xəyyam Xanlar oğluna qarşı «əsas borcun və faizin qaytarılması» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Bildirirlər ki, Qaradağ rayon Məhkəməsi tərəfindən iddia ərizəsinə əlavə edilmiş sənədlərin əsilləri «X4 Edilməsi Agentliyi» MMC-yə xx.xx.2022-ci il tarixdə rəsmi qaydada təqdim edilmişdir. Bundan başqa, borclunun kredit borcu Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmanının təsir dairəsinə düşmüşdür. Qeyd olunan Fərmanın 6cı bəndində banklara tövsiyə edilir ki: 6.1. Bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər; 6.2. Fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar 1 ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər; 6.3. Borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. Fərmanda göstərilən məsələlər öz həllini tapanadək Fərmanın müəyyən etdiyi qaydalara riayət etdikdən sonra borcun ödənilməsi ilə bağlı həll edilməmiş mübahisə qaldıqda, bu yenidən iddia tələbi ilə məhkəməyə müraciət etməyə mane olmur. Belə ki, analoji mübahisələr mübahisənin hazırkı məhkəmədən kənar həlli qaydası qeyd olunan Fərmanla müəyyən edildiyindən həmin işlər üzrə zəruri prosedurlara sərf edilmiş ağlabatan müddət iddia müddətinə daxil olmamışdır. Çünki həmin Fərman məhz fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə üzləşmiş olduqları maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyi göstərilməsi məqsədi ilə verilmişdir. Yəni, Fərman vətəndaşların mənafeyi üçün verildiyindən həmin prosedurlara sərf edilmiş müddət bankların ziyanına ola bilməz. Bu səbəbdən hesab edirlər ki, İddiaçı QSC tərəfindən cavabdehə qarşı iddia qaldırılması üçün nəzərdə tutulmuş iddia müddəti ötürülməmişdir. Hesab edirlər ki, yuxarıda qeyd olunan halları nəzərə alaraq ilk dəfə iddia ərizəsi ilə vaxtında məhkəməyə müraciət edilməsi, həmçinin yenidən məhkəməyə müraciət edildiyi zaman iş üzrə iddia müddətinin ötürülməməsi məhkəmə tərəfindən üzürlü sayıla bilər. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1 və Hacıyev Xəyyam Xanlar oğlu məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2014-cü il tarixdə 390-19-xx.xx.2014- 338 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC-nin Qaradağ filialı tərəfindən Cavabdeh1 36 ay müddətinə illik 22 % ödəmək şərti ilə 8.000 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş digər sənədlərdən görünür ki, "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında» Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 saylı Fərmanına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış «tələb hüququnun güzəşt edilməsinə dair» xx.xx.2015-ci il tarixli müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSC-nin Nizamnaməsinə edilmiş xx.xx.2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5-ci bəndə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum («X4 Edilməsi Agentliyi» MMC) vasitəsi ilə həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh1 dair sənədlər S-FK-625 saylı, 23 oktyabr 2017-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. Cavabdeh1 yuxarıda qeyd olunan kredit müqaviləsinə əsasən 5.885 manat 45 qəpik əsas borc, 1.452 manat 10 qəpik faiz olmaqla, cəmi 7.337 manat 55 qəpik borcunun olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, Hacıyev Xəyyam Xanlar oğlu kredit müqaviləsi üzrə Cavabdeh1 "xxxx" ASC qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdəsinə götürmüşdür. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh1 yuxarıda qeyd olunan müqavilə üzrə "xxxx" ASC-dən kredit almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtıvaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. Xəbərdarlıq məktubundan görünür ki, İddiaçı BOKT QSC pretenziya qaydasına riayət edərək, Cavabdeh1 borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu və zamini xəbərdar etmişdir. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 93 manat 38 qəpik məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 5.885 manat 45 qəpik əsas borc, 1.452 manat 10 qəpik faiz olmaqla, cəmi 7.337 manat 55 qəpik pul vəsaiti və ödənilmiş 93 manat 38 qəpik məbləğində dövlət rüsumu Cavabdeh1 İddiaçı BOKT QSC-nin xeyrinə tutulmalıdır. İddia qalan hissədə rədd edilməlidir. Belə ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verildiyindən, hazırkı tələb üzrə öhdəliyin icra müddəti xx.xx.2018-ci il tarixdə bitdiyindən və iddiaçı tərəfindən qeyd olunan müddət ərzində zaminə qarşı iddia irəli sürülmədiyindən, Hacıyev Xəyyam Xanlar oğlundan bankın xeyrinə hər hansı məbləğin tutulması mümkün deyil. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 5.885 manat 45 qəpik əsas borc, 1.452 manat 10 qəpik faiz olmaqla, cəmi 7.337 manat 55 qəpik pul vəsaiti və ödənilmiş 93 manat 38 qəpik məbləğində dövlət rüsumu Cavabdeh1 İddiaçı BOKT QSC-nin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar