Məhkəmə qərarları › İş №2(002)-1742/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1742/2021

25.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1742/2021 25.06.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 16 oktyabr 2018-ci il tarixli, 2(002)-3635/2018 saylı qətnaməsi ilə tutulan alimentin miqdarının artırılaraq, 29.04.2008-ci ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay bir uşağa görə 175 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, göstərmişdir ki, o, 01.06.2007-ci ildə Cavabdeh ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, birgə nikahdan 29.04.2008-ci ildə Murad adlı bir övladları anadan olmuşdur. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 06.01.2009-cu il tarixli qətnaməsi əsasında aralarında ola nikah qeydi pozulmuşdur. Bundan sonra həmin məhkəmənin 17.07.2009-cu il tarixli qətnaməsi ilə birgə nikahdan olan uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 75 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. 2018-ci ildə yenidən alimentin artırılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmiş, ərizəsinə baxılaraq, məhkəmənin 16 oktyabr 2018-ci il tarixli qətnaməsinə əsasən uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 130 manat məbləğində alimentin tutulması qət edilmişdir. Bu məbləğ hazırkı şəraitdə az olmaqla uşağı saxlamaqda çətinlik çəkir. Sözügedən qətnamənin qəbul edilməsndən müəyyən müddət keçməklə hazırda uşaqlatrın saxlanılması üçün hər ay 175 manat olmaqla yaşayış minimumu müəyyən edilmişdir. Cavabdeh uşağına könüllü olaraq başqa heç bir maddi yardım göstərmir. Odur ki, 29.04.2008-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh bir uşağın saxlanması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin tutularaq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək göstərmişdir ki, İddiaçı ilə nikahları Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 06 yanvar 2009-cu il tarixli qətnaməsi ilə pozulmuşdur. Hal-hazırki iddia tələbini qəbul etmir, birincisi ilk öncə zəruri hesab edir ki, iddiaçı onun işləmədiyini və bu səbəbdən də aliment ödənişi üzrə borc yığıldığını bildiyi halda və bundan başqa özü isə işləyərək qazanc əldə etməsinə baxmayaraq mövcud iddianı irəli sürməsi uşağın mənafeyi naminə deyil, sadəcə ona qarşı apardığı ədavətin təzahürüdür. İkincisi hazırki vəziyyətdə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 16 oktyabr 2018-ci il tarixli, 2(002)-3635/2018 saylı qətnaməsi ilə müəyyən olunmuş aliment miqdarını ödəyə bilmədiyi halda həmin aliment miqdarının artırılması nə qanuni, nə də ki ədalətli deyil. Üçüncüsü iddiaçını mövcud tələblə çıxış etməsi ona dəlalət edir ki, onun niyyəti sadəcə aliment miqdarının artırılması və gələcəkdə onun aliment öhdəliyinin yerinə yetirə bilməməsidir. Bu da onun məsuliyyətə cəlb olunması üçün əsas olsun, iddiaçı da bunu əsas tutaraq onu valideynlik hüququndan məhrumetmə tələbini irəli sürsün. Necə ki, bunu artıq bir dəfə etmişdir. Dördüncüsü uşaqları saxlamaq hər iki valideynin vəzifəsidir. Bu baxımdan bir valideyn kimi üzərinə düşən vəzifəsini icra edir və bunu etməkdən boyun qaçırmır. Mövcud iddia tələbini o səbəbdən qəbul etmir ki, iddia tələbində göstərilən məbləği ödəmək iqtidarında deyil, digər tərəfdən isə İddiaçı ilə olan nikahdan övladının saxlanması təkcə onun vəzifəsi deyil, eyni zamanda İddiaçı borcudur. Qeyd olunanlara əsasən X2 ona qarşı aliment miqdarının artırılması tələbinə dair iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 17 avqust 2009-cu il tarixli, 2(002)-925/09 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair iddiası qismən təmin olunaraq, İddiaçı ilə Cavabdeh Alahverdi oğlu arasında mövcud olmuş birgə nikahdan 29 aprel 2008-ci il tarixdə anadan olmuş oğlan uşağının Əşrəfli Murad (Yılmaz) Anar oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh 17 iyul 2009-cu il tarixdən başlayaraq hər ay üçün 75 manat tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 19 noyabr 2018-ci il tarixli, 2(002)-3635/2018 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası qismən təmin olunaraq, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 17 avqust 2009-cu il tarixli, 2(002)-925/09 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, Cavabdeh 16 oktyabr 2018-ci il tarixdən başlayaraq 29 aprel 2008-ci ildə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılmacı üçün hər ay bir uşağa görə 130 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin əvvəllər rəsmi nikahda olmaları, onların həmin nikahdan 1 uşaqlarının olması, həmin uşağın ananın yanında qalması, uşağın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsində əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi» haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 28 mart 2016-cı il tarixli 8-2/2016 saylı qərarında nəzərdə tutulur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı artırılmış alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. «Azərbaycan Respublikasında 2021 ci-il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, ölkə üzrə yaşayış minimumunun uşaqlar üçün 175 manat olduğu halda, hazırda yetkinlik yaşına çatmamış uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən yuxarıda qeyd olunan qətnamə ilə təyin edilmiş miqdarda aliment tutulması uşağın günün tələblərinə uyğun təmin edilməsinə, yəni hər il daha da böyüyən və tələbatları artan uşağın normal saxlanılması üçün kifayət deyildir, uşağın sağlam böyüməsinə, onun normal qidalanmasına, geyim və sair tələbatının ödənilməsinə imkan vermir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin ediməli, 29.04.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 16 oktyabr 2018-ci il tarixli, 2(002)-3635/2018 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh iddiaçı X1 xeyrinə hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay 175 manat sabit pul məbləğində aliment tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası təmin edilsin. 29.04.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 16 oktyabr 2018-ci il tarixli, 2(002)-3635/2018 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh iddiaçı X1 xeyrinə hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay 175 manat sabit pul məbləğində aliment tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: KAMRAN ƏSƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar