Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1753/2021 09.06.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X9 katibliyi, İddiaçının nümayəndəsi X5, Cavabdeh Hüsynağa oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “təyin olunmuş sabit pul məbləğində alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Heseynağa oğluna qarşı” təyin olunmuş sabit pul məbləğində alimentin artırılması “ tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qaradağ rayon məhkəməsinin 26 dekabr 2014-cü il tarixli, 2(002)- 3295/2014 saylı qətnaməsi ilə birgə nikahlarından olan uşaqları 13 iyun 2011-ci il tarixdə doğulmuş X2 və 29 iyun 2013-cü tarixdə doğulmuş X1 üçün cavabdehdən onun xeyrinə tutulmuş 100 (yüz manat) sabit pul məbləğində alimentin miqdarı artırılaraq, hər ay üçün yaşayış minimumu miqdarından az olmayan həddə, yəni hər uşağa görə 175 (yüz yelmiş beş) manat olmaqla cəmi 350 (üç yüz əlli) manat miqdarında müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı tərəf məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair yazılı ərizə təqdim edərək, iddia ərizəsində qeyd olunmuş cavabdehin atasının adı Hüseynağa oğlu kimi qeyd olması ,qalan hissədə iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlə rəsmi nikahda olmuşlar. Birgə nikahlarından 13.06.2011-cı il tarixdə Aslanzadə Abdurrahman, 29.06.2013-cü il tarixdə isə Aslanzadə Xədicə adlı 2 uşaqları olmuşdur. Xasiyyətləri uyğun gəlmədiyindən Qaradağ rayon məhkəməsinin 2(002)-3295/2014 saylı, 26 dekabr 2014-cü il tarixli qətnaməsi ilə nikahları pozulmuş, hər iki uşaq onun yanında saxlanılmaqla cavabdehdən hər uşağa görə hər ay üçün 100 manat olmaqla cəmi 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən uşaqlar üçün yaşayış minumumu 2021-ci il üçün 175 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi uşaqlar üçün yaşayış minimumu qanunvericiliklə 175 manat müəyyən edilmişdir. Cavabdeh isə əvvəlki qaydada aliment ödəməklə valideynlik borcunu yerinə yetirdiyini düşünür. Halbu ki, uşaqlar artıq məktəb yaşına çatdıqlarından əlavə xərclərə ehtiyacı vardır. Qeyd olunan halların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat Verdi, əlavə olaraq bildirdi ki, qızı heç bir yerdə işləmir, uşaqlarının qayğısına qalır, cavabdeh usta işləyir, təyin edilən aliment uşaqların saxlanması üçnü kifayət deyildir, o özü nəqədər qızına kömək edə bilər, ata kimi məsuliyyət daşıyıb, uşaqlarını saxlasın, uşaqların tələbatlarının ödənilməsində qıız çox çətinlik çəkir və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək, iddia tələbini qəbul etməyərək, hər ay yalnız 200 manat aliment ödəyə biləcəyini, başqa məbləği ödəmək imkanın olmadığını, uşaqların onsuzda ehtiyaclarının ödənilməsində iştirak etdiyini, uşaqlarının onu çox istədiyini, uşaqlarının onunla qalmaq istədiyini, özünün fəhlə işlədiyini, maddi imkanının olmadığını bildirərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 13.06.2011-ci il tarixində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 29.06.2013-cü il tarixində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan AZ-İ 204843 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah 28.01.2015-ci il tarixində ləğv edilmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 26.12.2014-cü il tarixli 2(002)- 3295/2014 saylı qətnaməsinin surətindən görünür ki, 29.06.2013-cü il təvəllüdlü X7 və 13.06.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün 25.08.2014-cü il tarixdən başlayaraq Cavabdeh hər ay hər bir uşağa 100 (yüz) manat olmaqla, 200 (iki yüz) manat məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə hesab edir ki, tərəflərin əvvəllər rəsmi nikahda olmaları, rəsmi nikahdan 2 uşaqlarının olması və yetkinlik yaşına çatmamış uşaqların anasının yanında qalması, həmçinin onun saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə aliment tutulmasına dair hallar aşkar olmaqla, qətnamə əsasında müəyyən olunmuş hallar kimi preyudisial əhəmiyyətə malik olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Ailədə uşaqların hüquqlarının və mənafelərinin müdafiəsinin və bununla bağlı digər məsələlərin tənzimlənməsinin hüquqi əsasları Ailə Məcəlləsində təsbit olunmuşdur. Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı qeyd olunmuşdur ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Həmin qərarda həmçinin qeyd olunmuşdur ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, tərəflər arasında rəsmi nikah pozulmuş, həmin nikahdan olan uşaqlar 29.06.2013-cü il təvəllüdlü X7 və 13.06.2011-ci il təvəllüdlü X2 anasının himayəsindədirlər. Məhkəmə qətnaməsi əsasında həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə hər uşağa görə 100 manat, cəmi 200 manat məbləğində sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İddiaçı müvafiq məhkəmə qətnaməsi əsasında təyin edilmiş alimentin məbləğinin uşaqların günlük artan tələbatlarının ödənilməsinə kifayət etmədiyini əsas gətirərək, belə bir tələb irəli sürmüş və iddia tələbinin əsası kimi qeyd olunan hallara istinad etmişdir. Həmçinin, iddiaçı tərəfin məhkəmə iclasında verdiyi izahatından aydın olur ki, iddiaçı uşaqları təkbaşına saxlamaqda, onların böyüdülməsində, maddi tələbatlarının ödənilməsində çətinlik çəkdiyini, özünün heç bir yerdə işləmədiyini, təyin edilən alimentin məbləğinin isə uşaqların tələbatlarının ödənilməsi çüün kifayət etmədiyini, onların təhsil, sağlamlıq və digər tələbatlarını ödəməkdə çətinlik çəkdiyini bildirmişdir. Eyni zamanda, cavabdeh müvafiq məhkəmə qətnaməsi ilə təyin edilmiş alimenti vaxtlı-vaxtında ödədiyini, uşaqların saxlanmasının hər iki valideynin borcu olduğunu, maddi imkanının olmadığını əsas gətirərək, iddia tələbini qəbul etmədiyini bildirmişdir. Bu halda, məhkəmə 2021-ci il üçün ölkə üzrə yaşayış minimumunun uşaqlar üçün 175 manat olduğunu və uşaqların üstün mənafeyini, uşaqların təminat səviyyəsini əsas götürərək, uşaqların əvvəlki təminat səviyyəsinin indiki halda müvafiq qanunla uşaqlar üçün müəyyən edilmiş ölkə üzrə yaşayış minimum məbləği ilə müqayisə edərək, habelə uşağın böyüdülməsi və saxlanması ilə əlaqədar daim artan normal qidalanması, geyimi, təhsili, sağlamlığının qorunması və sair tələbatlarının ödənilməsinin təmin edilməsi zərurətini nəzərə alaraq, hesab edir ki, iddia tələbi əsaslı olmaqla təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə qeyd olunan halları nəzərə alaraq, uşaqların üstün mənafeyini əsas götürərək, hesab edir ki, iddia təmin edilməli, 29.06.2013-cü il təvəllüdlü X7 və 13.06.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Qaradağ Rayon Məhkəməsinin 26.12.2014-cu il tarixli 2(002)-3295/2014 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh hər ay bir uşağa görə 175 manat olmaqla, cəmi 350 manat məbləğində sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 29.06.2013-cü il təvəllüdlü X7 və 13.06.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Qaradağ Rayon Məhkəməsinin 26.12.2014-cu il tarixli 2(002)-3295/2014 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh hər ay bir uşağa görə 175 manat olmaqla, cəmi 350 manat məbləğində sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №2(002)-1753/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1753/2021
09.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver