Məhkəmə qərarları › İş №2(002)-176/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-176/2020

05.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-176/2020 05.10.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, Mİizəliyev Amil Rəfayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müra-ciət edərək, Cavabdeh Osma qızından mənzilə dəymiş ziyan (bütün mal material, görüləcək işlər, ortaya çıxacaq əlavə xərclər üçün) 7000 manat, ərizəinin verilməsi üçün ödənilmiş 30 manat rüsum, mənəvi ziyan üçün nəzərdə tutulmuş məbləğin ona tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh yaşadığı 4-cü mərtəbə 38 saylı mənzildən 2014-cü il tarixdən başlayaraq bugünki vaxtadək mütəmadi olaraq, yaşadığı 3-cü mərtəbədə 36 saylı mənzilinə mətbəxinə, hamamına və tualetinə çirkab sularını axıdır. Nəticədə mətbəxin tavanı, işıqlandırma sistemi, döşəməsinə, hamamda asma tavanına, işıqlandırma sisteminə, beton örtüklərinə, suvaqlarına, divar kafellərinin arxasına keçərək aralanmasına, zibillənməsinə, tualetdə asma tavana, işıqlandrma sisteminə, beton örtüklərinin aralarının suvaqlarına, divar kafellərinin arxasına keçərək, yarasız vəziyyətə düşməsinə səbəb olmuşdur. Mətbəxin tavanında və işıqlandırma sistemində təmir işləri aparmışdır. Cavabdeh onun bu illər ərzində dəfələrlə etdiyi müraciətlərinə, 152 saylı MKİS mütəxəssisləinin tövsiyələrinə məhəl qoymadığı üçün mənziloində hamam, tualet, mətbəx yarasız vəziyyətə düşmüşdür. Bu onların 4-cü mərtəbədə olan su xəttinə qoşduqları su nasosunda böyük rolu var. Yaranmış vəziyyət 152 saylı MKİS mütəxəssisləri tərəfindən tərtib olunmuş aktdaa göstərilibdir. Dördüncü mərtəbədə quraşdırılmış su nasosunun binanın tikinti layihə və texnii göstəricilərinə nə dərəcədə uyğu olması barədə qərar verəsiniz. Qeyd olunanları nəzərə alaraq, iddianın təmin eidlməsi barədə qətnamə çıarılamsını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə edərək, müvafiq ekspertianın nəticəsi ilə razı olmadığını, ona vurulmiş ziyanın məbləğinin çox olduğunu, ekspertin həmin problemi həll etmədiyini, onun mənbəyini müəyyən etmədiyini, nəticələrini aradan qaldırmadığını, onun evinə yenə həmin ziyanın vurulmasının davam edəcəyini, bunun qarşısının alınmadığını bildirərək, bu halların nzəərə alınmasını, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəməyə yazılı etiraz ərizəsi göndərərək, iddia tələbinə etiraz edərək, etirazını onunla əsaslandırmışdır ki, iddiaçının ona qarşı əvvəllərdə məhkəməyə iddia tələbi ilə müraciət etdiyini, iddia tələbi əsassız olduğundan onu geri götürdüyünü, hazırki iddia tələbinin də əsassız olduğunu bildirmişdir. Belə ki, onun iddia tələbində qeyd etdiyi maddi ziyan mövcud deyildir. Buna səbəb heç bir su sızıntısı olmamamışdır. Su sızıntısı olsa da, onun hansı su borusundan axmasını müəyyən etmək mümkün deyildir. Öz mənzilində buina səbəb olan heç bir nasazlıq yoxdur. Onun maddi vəziyyətində çətinlik var, onu düzətmək üçün belə bir iddia tələbi irəli sürmüşdür.İddiaçının bu tələbi irəli sürmək üçün heç bir hüququ yoxdur.Onun tərəfindən ona vurulmuş ziyan, onun məbləği, ümumiyyətlə həmin ziynala onun səbəbli əlaqəsinin olmasına dair heç bir sübut iş materiallarına əlavə edilməmidşri. Bu halların nəzərə alınaraq, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə əsaəsn işə cavabdhein iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 152 saylı MKİS tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli aktın məzmunundan aydın olur ki, 152 saylı MKİS-in mühəndisi, santexnik çilingər İ.Nəbiyev küç ev 45 mənzil 36-da yaşayan İddiaçı şikayəti əsasında onun məznilinə baxış keçirilmiş, baxış zamanı 38 saylı mənzilindən Cavabdeh məznilindən dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, 36-cı mənzilə mütəmadi çirkli su axıdılır. Mənzilin hamamı, ayaq yolu, mətbəxi tam yarasız vəziyyətə salınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxx 2020-cu il tarixli 29994 nömrəli ekspert rəyindən görünür ki, tədqiq nəticəsi olaraq Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi İntiqam Nəbiyev küçəsində yerləşən 45 saylı evin 36 saylı mənzilinə suyun üst mərtəbədə yerləşən 38 saylı mənzildən sızması suyun sızmasının isə 38 saylı mənzilin kanalizasiya (çirkab) borusunun nasazlığı səbəbindən baş verə bilməsi müəyyən edilir. Su sızma nəticəsində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi İntiqam Nəbiyev küçəsində yerləşən 45 saylı evin 36 saylı mənzilinə əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 47,0 manat məbləğində müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil etmişdir. Göründüyü kimi, tərəflər arasında mövcud mübahisənin predmetini iddiaçıya məxsus mənzilə vurulmuş ziyanın ödənilməsi ilə bağlı hüquq münasibətləri təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 21.1-ci maddəsinə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 226.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququ ümumi paylı daşınmaz mülkiyyətə olan hüquqdur, yəni binanın müəyyən hissələrindən müstəsna istifadə etmək və onların içərisində bəzək-tamamlama işləri aparmaq üçün mülkiyyətçinin xüsusi hüquq əldə etməsidir. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi öz otaqlarını idarə etməkdə, onlardan istifadə etməkdə və bəzək-tamamlama işləri aparmaqda sərbəstdir, lakin o, digər belə mülkiyyətçinin eyni hüquqları həyata keçirməsini çətinləşdirməməli və ümumi tikinti elementlərini, qurğuları zədələməməli və ya onların funksiyasını və ya zahiri görkəmini pisləşdirməməlidir. O öz otaqlarını bütün binanın qüsursuz vəziyyətdə saxlanması və ya onun yaxşı zahiri görkəminin qorunması üçün tələb edilən tərzdə saxlamalıdır; Həmin Məcəllənin 226.2-ci maddəsinə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ona mənsub yaşayış otağına sahiblik, ondan istifadə və ona dair sərəncam hüquqlarını otağın təyinatına uyğun həyata keçirir; Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. İş materiallarından göründüyü kimi, hazırkı mübahisənin yaranmasına səbəb olan mülki hüquq pozuntusu ilə iddiaçının mənzilinə zərər dəyməsi arasında səbəbli əlaqə vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1111.2-ci maddəsinə görə isə, əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 1115-ci maddəsinə görə isə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı Qa Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi İntiqam Nəbiyev küçəsində yerləşən 45 saylı evin 36 saylı mənzilində, cavabdeh isə eyni ünvanda 38 saylı mənzildə yaşamaqla, iddiaçının üst qonşusudur. İddiaçı onun üst qonşusu olan cavabdehin yaşadığı mənzildən su axıdılması nəticəsində onun mənzilinə maddi ziyan vurulduğunu əsas gətirərək, məhkəməyə müraciət etmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh iddia tələbinə etiraz edərək, onun mənzilindən iddiaçıya məxsus mənzilə heç bir su axıdılmadığını, bununla bağlı onun tərəfindən iddiaçıya heç bir maddi ziyan vurulmadığını bildirmişdir. Məhkəmə araşdırması çərçivəsində təyin edilmiş müvafiq ekspertizanın rəyinin məzmunundan aydın olur ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi İntiqam Nəbiyev küçəsində yerləşən 45 saylı evin 36 saylı mənzilinə suyun üst mərtəbədə yerləşən 38 saylı mənzildən sızması suyun sızmasının isə 38 saylı mənzilin kanalizasiya (çirkab) borusunun nasazlığı səbəbindən baş verə bilməsi müəyyən edilir. Su sızma nəticəsində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi İntiqam Nəbiyev küçəsində yerləşən 45 saylı evin 36 saylı mənzilinə əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 47,0 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçıya məxsus mənzilə cavabdehin hərəkətləri nəticəsində maddi ziyan vurulduğu məhkəmədə tədqiqi olunmuş sübutlar, iddiaçının izahatı, ekspert rəyi və digər sübutlar əsasında öz təsdiqini tapmışdır. Bununla yanaşı, məhkəmə vurulmuş ziyanın məbləğinin müəyyən edilməsi ilə bağlı hesab edir ki, iddiaçıya məxsus mənzilə vurulmuş maddi ziyanın məbləği xx xxxxx 2020-ci il tarixli, 29994 saylı ekspertiza rəyi əsas götürülməklə müəyyən edilməlidir. Belə ki, iddiaçı cavabdehin hərkətləri nəticəsində ona 7000 manat məbləğində maddi ziyanın vurulduğunu bildirsə də, həmin məbləğdə maddi ziyanın vurulmasına dair hər hansı mötəbər sübutu məhkəmə təqdim edə bilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirildiyindən iş üzrə verilmiş xx xxxxx 2020-ci il tarixli, 29994 saylı ekspertiza rəyi əsas götürülməklə iddia qismən, yəni maddi zərər hissədə 47 manat hissədə təmin olunmalıdır. Həmçinin, məhkəmə iddia tələbinin mənəvi ziyanın ödənilməsi hissəsi ilə bağlı hesab edir ki, bu issədə də iddia tələbi əsassız olmaqla, təmin edilməməlidir. Belə ki, məhkəmə iddia tələbinin mənəvi zərər hissəsinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərərə qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşlara anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeydi-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmiş şəxsin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 41-ci maddəsinin tələblərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərər vurulduqda ödənilə bilər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə X4 Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və X4 Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum qərarının 4-cü bəndində göstərilir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizliklə (mülki, cinayət, inzibati və s. hüquq pozuntularda) ifadə oluna bilər. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və X4 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyrihüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, iddiaçının cavabdehin hərəkətləri nəticəsində ona mənəvi zərər vurulduğunu bildirsə də, məhkəmə araşdırması zamanı iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkətləri və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirinin olmasını təsdiq edən hər hansı mötəbər sübut təqdim olunmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi mənəvi zərər hissəsin də təmin olunmamalıdır. Məhkəmə bununla əlaqədar onu qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.(MPM, maddə 14.2, 77.1 və 88 maddələri). İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. X4 Məhkəməsi "X1rşı" xx xxxx 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə işə baxarkən və sübutlara qiymət verərkən nəzərə alır ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Həmin Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanunun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 500 manatadək olduqda 20 manat məbləğində dövlət rüsumu ödənilir. Həmçinin, iş materiallarından görünür ki, iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu halda, məhkəmə hesab edir ki, hazirki mülki iş üzrə iddia tələbinin təmin edilmiş hissəsinin qiymət 500 manatadək olduğundan, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 20 manat məbləğində olan hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməli, qalan hissədə ödənilmiş dövlət rüsumunun məbləği-10 manat məbləği iddiaçıya aid edilməlidir. Qeyd olunan halları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi dövlət rüsumunun tutulması hissəsində də qismən təmin edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən iddia tələbi qismən təmin edildiyindən, iddia tələbinin təmin olunduğu hissə nəzərə alınmaqla, hazırki mülki iş üzrə məhkəmənin təşəbbüsü ilə həyata keçirilmiş ekspertiza tədqiqiatının dəyəri olan 100 manat məbləğində pul vəsaiti tərəflərdən bərabər qaydada tutularaq dövlət bücəsinə ödənilməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh vurulmuş ziyanın əvəzi olaraq 47 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməli, iş üzrə ödənilmiş dövlət rüsumunun 20 manat məbləğində olan hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat məbləğində pul vəsaiti İddiaçı və Cavabdeh müştərək qaydada (bərabər əsaslarla) tutulub dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh vurulmuş ziyanın əvəzi olaraq 47 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. İş üzrə ödənilmiş dövlət rüsumunun 20 manat məbləğində olan hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat məbləğində pul vəsaiti İddiaçı və Cavabdeh müştərək qaydada (bərabər əsaslarla) tutulub dövlət büdcəsinə keçirilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar