Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1760/2022 27.07.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(002)-2806/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin həcminin artırılması, xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 300 manat olmaqla, 600 manat sabit pul məbləğində alimentin və 50 manat mediasiya xərcinin Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 23 fevral 2013-cü il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Nikahlarından 08 fevral 2014-cü il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X4 adlı uşaqları doğulmuşdur. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 29 dekabr 2021-ci il tarixli, 2(002)-2806/2021 saylı qətnaməsinə əsasən aralarında olan nikah ləğv edilmiş, birgə nikahdan doğulmuş uşaqları 08 fevral 2014-cü il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X4 onun himayəsində saxlanılmış və uşaqların saxlanılması üçün hər uşağa görə 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində aliment tutulmuşdur. Həmin qərarla tutulan aliment məbləği uşağın minimum tələbatının ödənilməsinə yetmir. Uşaqlar böyümüş, inkişaf etməsi üçün məsrəfləri yetərincə artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmayanlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2022-ci ildə hər uşaq üçün 193 manat müəyyən edilmişdir. Həmin məbləğ də uşaqların düzgün inkişafı üçün yetərli deyildir. Uşağın bütün qayğısını, ehtiyaclarını demək olar ki, özü çəkir. Uşaqların təlim-tərbiyəsi, həm də maddi tələbatlatını ödəmək tək qadın olaraq onun üçün çox çətindir. Buna görə də, alimentin artırılması ilə bağlı iddia qaldırmaq məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 2806/2021 saylı, xx.xx.2021-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə təyin edilmiş hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində aliment məbləğinin hər ay hər uşaq üçün 180 olmaqla, cəmi 360 manat sabit pul məbləğində artırılmasına razı olduğunu bildirərək, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(002)-2806/2021 saylı qanuni qüvvəyə minmiş qətnaməsindən görünür ki, X1 Cavabdeh qarşı «nikahın pozulması və aliment» tələbinə dair iddiası təmin edilmiş, tərəflər arasında xx.xx.2013-cü il tarixdə Qaradağ rayon Qeydiyyat Şöbəsində 149 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş, 08 fevral 2014-cü il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X4 anaları X1 himayəsində və yanında saxlanılmış, Cavabdeh uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində alimentin X1 xeyrinə tutulması, alimentin xx.xx.2021-ci il tarixdən tutulması qət edilmişdir. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin əvvəllər rəsmi nigahda olmaları, rəsmi nigahdan 2 uşaqlarının olması, uşaqların ananın yanında qalması, uşaqların saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. İş materiallarına əlavə olunmuş İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 17 aprel 2022-ci il tarixli, MŞB/6-1957 saylı arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və həmin sessiyanın keçirilməsi ilə bağlı nəzərdə tutulan 50 manat məbləğində mediasiyaya dair xərci müvafiq hesaba ödəmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsində əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Nigahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi» haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarında nəzərdə tutulur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı artırılmış alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, ölkə üzrə yaşayış minimumunun uşaqlar üçün 193 manat olduğu halda, hazırda yetkinlik yaşına çatmamış uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən yuxarıda qeyd olunan qətnamə ilə təyin edilmiş miqdarda aliment tutulması uşaqların günün tələblərinə uyğun təmin edilməsinə, yəni hər il daha da böyüyən və tələbatları artan uşağın normal saxlanılması üçün kifayət deyildir, uşaqların sağlam böyüməsinə, normal qidalanmasına, geyim və sair tələbatının ödənilməsinə imkan vermir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin ediməli, xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(002)-2806/2021 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh İddiaçı xeyrinə hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər uşaq üçün hər ay 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, ödənilmiş 50 manat dövlət rüsumu və 50 manat mediasiya xərci də Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilə bilməz. Belə ki, uşaqların saxlanılması üçün zəruri olan xərclərin yalnız bir valideyndən tutulması ədalət prinsipinə ziddir. Çünki, uşağa baxılması vəzifəsi hər iki valideynə şamil olunur. Uşağı həm ata, həm da ana maddi cəhətdən təmin etməlidirlər. İddiaçı əmək qabiliyyətli şəxsdir, övladları kifayət qədər böyük olmaqla, iddiaçının işləyərək gəlir əldə etməsinə maneə yaratmırlar. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(002)-2806/2021 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılsın. Cavabdeh İddiaçı xeyrinə hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər uşaq üçün hər ay 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində aliment tutulsun. Ödənilmiş 50 manat dövlət rüsumu və 50 manat mediasiya xərci Cavabdeh İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-1760/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1760/2022
27.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver