Məhkəmə qərarları › İş №2(002)-1768/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1768/2021

10.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1768/2021 10.06.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Əsədov Cavid Həbib oğlunun katibliyi, iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 24.03.2019-cu il tarixli müqavilə üzrə Samsung LED TV üçün 242 manat manat ödənilməmiş əsas borc, 66 manat cərimə, 10.07.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********03571 olan Samsung Galaxy A50 markalı telefon üçün 190 manat ödənilməmiş əsas borc, 63 manat cərimə, 29.12.2019-cu il tarixli müqavilə üzrə Acer Aspire 3 markalı notebook üçün 1497,2 manat ödənilməmiş hissə, 360,8 manat cərimə, ümumilikdə 2419 manat borc və 30 manat dövlət rüsumu, cəmi 2449 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı «xxxx» MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 izahat verərək bildirdi ki, cavabdeh tərəf iddiaçı «xxxx» MMC ilə bağladığı 24.03.2019-cu il, 10.07.2019-cu il, 29.12.2019-cu il tarixli müqavilələrə əsasən Samsung LED TV, Samsung Galaxy A50 markalı telefon, Acer Aspire 3 markalı notebook almış və nəticədə 2419 manat borcu yaranmışdır. Belə ki, cavabdeh müqavilə şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 793 manat (18 ay x 44 manat + 1 manat ilkin ödəniş) olan Samsung LED TV, alqı-satqı qiyməti 840 manat (12 ay x 70 manat + 0 manat ilkin ödəniş) olan Samsung Galaxy A50 markalı telefon və alqı-satqı qiyməti 1807,2 manat (18 ay x 100,4 manat + 0 manat ilkin ödəniş) olan Acer Aspire 3 markalı notebook üçün ümumilikdə 2419 manat borcu yaranmışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırmışdır. Bu səbəbdən də, iddiaçı təşkilat məcburiyyət qarşısında qalaraq iddia tələbi ilə məhkəməyə müraciət etmişdir və iddia tələbinin təmin olunmasını xahiş edir. Məhkəmə baxışı zamanı Cavabdeh izahatında göstərdi ki, həqiqətən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə onun arasında qeyd olunan müqavilələr bağlanmışdır. Lakin pandemiya ilə əlaqədar işsiz qaldığına görə borcu vaxtında ödəyə bilməmişdir. Hesab edir ki, hər müqavilə üzrə cərimə məbləği həddən artıq hesablanmışdır. Hazırda tələb olunan məbləği birdəfəyə ödəmək imkanı yoxdur, gələcəkdə hissə-hissə ödəyə bilər. Məhkəmə, izahatları dinləyib, iş materiallarında olan sübutları tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən əsaslı hesab olunaraq qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 24.03.2019-cu il tarixli müqavilənin və ödəniş cədvəlinin surətindən görünür ki, «xxxx» MMC ilə Cavabdeh arasında bağlanmış 24.03.2019-cu il tarixli müqaviləyə əsasən «xxxx» MMC Cavabdeh 793 manat dəyərində Samsung LED TV-ni ilkin ödəniş 1 manat olmaqla, 18 ay müddətinə hər ay 44 manat hissə-hissə ödəniş etmək şərtilə satmışdır. İş materiallarında olan 10.07.2019-cu il tarixli müqavilənin və ödəniş cədvəlinin surətindən görünür ki, «xxxx» MMC ilə Cavabdeh arasında bağlanmış 10.07.2019-cu il tarixli müqaviləyə əsasən «xxxx» MMC Cavabdeh 840 manat dəyərində Samsung Galaxy A50 markalı telefonu ilkin ödəniş 0 manat olmaqla, 12 ay müddətinə hər ay 70 manat hissə-hissə ödəniş etmək şərtilə satmışdır. İş materiallarında olan 29.12.2019-cu il tarixli müqavilənin və ödəniş cədvəlinin surətindən görünür ki, «xxxx» MMC ilə Cavabdeh arasında bağlanmış 29.12.2019-cu il tarixli müqaviləyə əsasən «xxxx» MMC Cavabdeh 1807,2 manat dəyərində Acer Aspire 3 markalı notebooku ilkin ödəniş 0 manat olmaqla, 18 ay müddətinə hər ay 100,4 manat hissə-hissə ödəniş etmək şərtilə satmışdır. İş materiallarında olan 28.04.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, 24.03.2019-cu il tarixli müqavilə üzrə cavabdehin 242 manat məbləğində ödənilməmiş əsas borc, 66 manat cərimə olmaqla, cəmi 308 manat, 10.07.2019-cu il tarixli müqavilə üzrə cavabdehin 190 manat məbləğində ödənilməmiş əsas borc, 63 manat cərimə olmaqla, cəmi 253 manat, 29.12.2019cu il tarixli müqavilə üzrə cavabdehin 1497,2 manat məbləğində ödənilməmiş əsas borc, 360,8 manat cərimə olmaqla, cəmi 1858 manat, ümumilikdə 2419 manat məbləğində borcu yaranmışdır. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək müəyyən edir ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 24.03.2019-cu il, 10.07.2019-cu il və 29.12.2019-cu il tarixli müqavilələr mahiyyət etibarilə əşyanın dəyərinin hissə-hissə ödənilməsini nəzərdə tutan nisyə alqı-satqı müqavilələridir. Ona görə də həmin müqavilələr barədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600, 601-ci maddələri tətbiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 601-ci maddəsinə əsasən, əşyanın nisyə alınması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmək şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2 və 600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən, müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Sadalanan hüquq normalarının tələblərinə əsasən məhkəmə müəyyən edir ki, cavabdeh iddiaçı təşkilatdan müqavilələr üzrə aldığı əşyaların dəyərini hissə-hissə ödəmək öhdəliyinin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında həmin pul öhdəliyini icra etməmişdir. Buna görə də iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin əşyaların dəyərindən ödənilməmiş qalan hissəni tələb etməsi tam əsaslıdır. Bununla yanaşı, məhkəmə hesab edir ki, iddia tələbi 24.03.2019-cu il, 10.07.2019-cu il və 29.12.2019-cu il tarixli müqavilələr üzrə dəbbə pulu hissəsində qismən əsassızdır. Belə ki, müqavilələrdə dəbbə pulunun hesablanması qaydası yüksək həddə müəyyən edilmiş və cavabdehin maddi vəziyyəti nəzərə alınmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə müəyyən edilmiş yüksək dəbbə pulunu azalda bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Odur ki, məhkəmə borclunun və kreditorun əmlak mənafelərini, ümumi borc məbləğlərini nəzərə alaraq, 24.03.2019-cu il, 10.07.2019-cu il və 29.12.2019-cu il tarixli müqavilələr üzrə dəbbə pulu tələbinin azaldılmasını və 24.03.2019-cu il tarixli müqavilə üzrə 24 manat, 10.07.2019-cu il tarixli müqavilə üzrə 19 manat, 29.12.2019-cu il tarixli müqavilə üzrə 150 manat həddində təmin olunmasını ağlabatan və ədalətli hesab edir. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, dövlət rüsumu ilə bağlı tələb də ödənilmiş tələblərin məbləğinə münasib olaraq qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 24.03.2019-cu il tarixli müqavilə üzrə 242 manat ödənilməmiş əsas borc, 24 manat cərimə; 10.07.2019-cu il tarixli müqavilə üzrə 190 manat ödənilməmiş əsas borc, 19 manat cərimə; 29.12.2019-cu il tarixli müqavilə üzrə 1497,2 manat ödənilməmiş əsas borc, 150 manat cərimə və 26 manat dövlət rüsumu olmaqla, cəmi 2148,2 manat (iki min yüz qırx səkkiz manat iyirmi qəpik) məbləğində pul tutularaq iddiaçı «xxxx» MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar