Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-179/2022 02.02.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh, onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, ondan aldığı qızıl-zinət əşyalarının əvəzi olaraq 35500 (otuz beş min beş yüz) manat pul vəsaitinin Cavabdeh Babəkərim qızından tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil1 izahat verərək bildirdi ki, iddiaçı cavabdehlə 2020-ci ilin noyabr ayında qadın salonunda tanış olmuşdur. Cavabdeh iddiaçıya masaj həkimi olduğunu bildirmişdir. Bir-neçə dəfə cavabdehin işlədiyi masaj salonuna gedərək onun xidmətindən istifadə etmişdir. İddiaçı üçüncü dəfə masaj olunmaq üçün salona gedərkən cavabdehin orada olmadığını görmüşdür. Artıq bu müddət ərzində münasibətləri yarandığından cavabdeh öz istifadəsində olan mobil nömrəni iddiaçıya vermişdir. İddiaçı telefon vasitəsi ilə cavabdehə zəng vurmuş, cavabdeh iddiaçıya artıq həmin salonda işləmədiyini, evində şəraiti olduğunu bildirərək iddiaçını evinə dəvət etmişdir. İddiaçı cavabdehin evində olarkən telefon vasitəsilə müştərilərlə etdiyi danışıqlardan cavabdeh iddiaçının qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olduğunu öyrənmişdir. İddiaçı həqiqətən qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğuldur. İlk dəfə cavabdeh iddiaçıdan 540 manat dəyərində gümüş üzük, sırğa, qolbağ və boyunbağı dəsti almışdır. Artıq tərəflər arasında münasibətlər yaxşılaşmışdır. Cavabdeh iddiaçıya şərikli yer açıb işlətməyi təklif etmiş, razılaşma iddiaçının cavabdehə nisyə qızıl–zinət əşyaları verməsindən, cavabdehin isə həmin qızıl-zinət əşyalarını sataraq pulunu iddiaçıya qaytarmasından ibarət olmuşdur. İddiaçı 2021-ci ilin fevral ayının ortalarında ümumi çəkisi 200 qram olan qızıl-zinət əşyalarını cavabdehin evinə aparmışdır. Tərəflər arasında olan razılaşmaya əsasən malların bir qramı 123 manata olmaqla ümumi qiyməti 25000 manat təşkil edirdi. Cavabdeh iddiaçıya qeyd edilən qızıl-zinət əşyalarına görə hər ay 3500 manat pul vəsaiti ödəməli idi, ödəniş mart ayının 1-dən başlayaraq ödənilməli idi. Fevral ayının ortaları və ya axırlarına yaxın iki dəfə ayrı-ayrı vaxtlarda, ümumi çəkisi 100 qram olan 12000 manat dəyərində qızıl-zinət əşyalarını cavabdehə nisyə satdıqda, cavabdeh onun iştirakı ilə, lakin öz adına həmin qızıl-zinət əşyalarını lombarda qoyaraq birinci dəfə 1500 manat, ikinci dəfə 2000 manat olmaqla cəmi 3500 manat ödəniş etmiş, bu qızıl-zinət əşyaları üçün 8500 manat borclu qalmışdır. Bir daha qeyd edir ki, cavabdeh lombarddan aldığı pulları iddiaçıya tam ödəməmişdir. Beləliklə, cavabdehin iddiaçıya ümumilikdə 33500 manat borcu yaranmışdır. Cavabdeh həmin ilin mart ayının 1-də ödəniş etməli olsa da, hər hansı ödəniş etməmişdir. Bu ərəfədə, yəni mart ayının əvvəlində cavabdeh iddiaçıya bildirmişdir ki, qızıl olsa lombarda qoyub pul götürərdi. Tərəflər 05 mart 2021-ci il tarixdə birlikdə «Parabokt» bankına getmişlər, orada qızıla ümumilikdə 13900 manat qiymət qoyulmuş, həmin vaxt cavabdehə zəng gəldiyi üçün bank işçisindən 4000 manat məbləğində pul götürüb getmişdir. İddiaçı bankda bir müddət gözlədikdən sonra cavabdehin gəlmədiyini görüb həyat yoldaşına zəng vuraraq bu barədə məlumat vermişdir. Həyat yoldaşı cavabdehə zəng vuraraq ondan dərhal banka getməsini və apardığı pulu qaytarmasını tələb etdikdən sonra cavabdeh banka qayıdaraq 4000 manat pul vəsaitini banka geri qaytarmışdır. İddiaçı bank əməkdaşından ona məxsus qızıl-zinət əşyalarını götürüb oranı tərk etdikdən sonra cavabdehdən bütün qızıllarını geri qaytarmasını tələb etmiş, bu vaxt cavabdeh nə qızıl-zinət əşyalarını qaytaracağını, nə də pulunu ödəyəcəyini bildirmişdir. Bu zaman tərəflər arasında mübahisə yaranmış, mübahisəni həll etmək məqsədi ilə iddiaçı Azərbaycan Respublikası DİN-nin «102» xidmətinə müraciət etmişdir. İddiaçının müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İddiaçı pozulmuş hüquqlarının başqa cür bərpa olunmayacağını görüb məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır. Hazırda o, məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Cavabdeh izahat verərək bildirdi ki, iddia tələbinə qəti etiraz edir. Belə ki, o, İddiaçı ilə 2021-ci ilin yanvar ayında tanış olmuş, iddiaçını masaj ilə müalicə etmişdir. Söhbət əsnasında Minarə qızıl-zinət əşyaları satmasını bildirəndə ondan qiyməti barədə soruşmuş, Minarə ona ucuz qiymətə satacağını demişdir. O, qızıl tərəzisi olmadığından qızılzinət əşyalarını yalnız lombardda qiymətləndirildikdən sonra alacağını iddiaçıya bildirmişdir. Onlar iki dəfə, hər dəfə təqribən 50-51 qram çəkidə qızıl-zinət əşyaları ilə birlikdə lombarda getmişlər. Lombardda qızıl-zinət əşyaları qiymətləndirilmiş, hər ikisi həmin qiymətlə razılaşmış, bundan sonra o, nəğd pulu olmadığından qızıl-zinət əşyalarını öz adına lombarda qoyaraq onların dəyərini tam şəkildə iddiaçıya ödəmişdir. Həmin qızıllara görə onun hər hansı borcu qalmamışdır. 05 mart 2021-ci il tarixdə iddiaçının qeyd etdiyi kimi “Parabokt” bankına təqribən 200 qram olan qızıl-zinət əşyaları ilə getmişlər, orada söhbətləri alınmamış və Minarə öz qızıllarını götürüb getmiş, sonradan onun barəsində polisə əsassız şikayət etmişdir. İddiaçı ona qərəzli münasibət bəsləyir, hətta öz iddiasını müdafiə etmək üçün onunla münaqişəli olan Könül Bağışova və Həmayıl Yolçiyevanı şahid kimi məhkəməyə təqdim etmişdir. Bir daha qeyd edir ki, o, fizyoterapist olduğu halda, peşəkar qızıl alverçisi olan Minarəni heç vaxt aldada bilməzdi, qızıl tərəzisi olmadığından lombarddan kənar qızılı qiymətləndirə və qəbul edə bilməzdi, əgər əvvəlki qızılların pulu verilməsəydi Minarə onunla 05.03.2021-ci ildə yenidən banka getməzdi. Qeyd olunanlara əsasən, iddianın əsassız olduğundan təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil2 cavabdehin izahatına uyğun izahat verdi və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X7 ifadə verərək bildirdi ki, cavabdeh onu masaj və müalicə etmiş, daha sonra evində xadimə kimi işləməyi təklif etmişdir. Cavabdehin evində bir ay iyirmi dörd gün işləmişdir. Cavabdehlə aralarında aylıq 450 manat ödəniş barədə razılığa gəlsələr də, sonradan cavabdeh pulunu verməmiş, bu səbəbdən işdən çıxmışdır. Eyni zamanda cavabdeh onun sırğasını bir müddət taxmaq üçün götürmüş, lakin nə maaşını verməmiş, nə də sırğasını qaytarmamışdır. İşlədiyi müddət ərzində cavabdehin evinə iddiaçı Minarə gəlib-getmişdir. Onlar birgə iş qurmaq barədə danışırdılar. Təxminən 2021-ci ilin fevral ayının ortalarında Şəfayətin evində olan vaxt Minarə gəlmiş və stolun üstünə müxtəlif çeşiddə qızıl-zinət əşyaları: üzük, boyunbağı, sırğa qoyub Şəfayətə göstərmişdir. Onların alver etdiyini görmüş, çay gətirmək üçün otaqdan çıxmış, qayıdanda Şəfayətin yataq otağından gəldiyini və qızılların stolun üstündə olmadığını görmüş, qızılları Şəfayətin götürdüyünü başa düşmüşdür. Həmin qızıllar kifayət qədər çox olsa da, hansı çəkidə olduğunu və onların hansı məbləğə razılaşdığını dəqiq eşitməmişdir. Lakin sonradan Minarə ilə Şəfayət arasında təxminən 300 qram qızıl mübahisəsi olduğunu eşitmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X1 ifadə verərək bildirdi ki, o, firmada işləməklə həm cavabdehə mal satır, həm də cavabdehin masaj xidmətindən istifadə edirdi. Lakin cavabdeh qalıq borcunu ödəmədiyinə görə məcbur olub onu məhkəməyə vermişdir, hazırda məhkəmə çəkişməsi davam edir. İddiaçını isə 2021-ci ildə cavabdehin evində tanımışdır. Belə ki, iddiaçını cavabdehin evində görəndə gəliş səbəbini soruşmuş, iddiaçı isə cavabdehə qızıl verəcəyini bildirmişdir. Qızılların dəyərini dəqiq bilməsə də, dəyərli qızıllara oxşayırdı və azı 200 qram çəkidə olardı. Bir həftə sonra o, yenidən cavabdehin evinə gedəndə iddiaçını orada görmüş, iddiaçı ona cavabdehdən qızılların pulunu almaq üçün gəldiyini bildirmişdir. Daha sonra cavabdeh ona iddiaçı ilə lombarda getdiklərini və aralarında mübahisə yarandığını bildirmişdir. Məhkəmə, tərəflərin izahatlarını və şahidlərin ifadələrini dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 15.03.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, araşdırma materialı üzrə əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Həmin qərara əsasən, material üzrə izahatı alınmış lombard işçisi X3 bildirmişdir ki, «Gold Line» mağazasında işləyir, mağaza həm lombard, həm də qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olur. 22 fevral 2021-ci il tarixdə sonradan şəxsiyyəti ona İddiaçı və Cavabdeh kimi məlum olmuş şəxslər mağazaya gəlmiş, İddiaçı lombard kimi 3 ədəd qolbağı, 1 ədəd boyunbağını qoyub 3600 manat pul götürmüş və hər ay 4%, yəni 124 manat ödəmək şərti ilə götürmüşdür. O, qızıl-zinət əşyalarını Cavabdeh öz adından qoymasını və sənədləşmənin onun adına olmasını, 22 mart 2021-ci il tarixdə ödəniş olacağını bildirmişdir. Bundan əlavə, material üzrə izahatı alınmış lombard işçisi X4 bildirmişdir ki, Nəsimi rayonu, M.Cəfərov küçəsi, 42-də yerləşən lombardı icarəyə götürüb işlədir. O, müştərilərin qızıl-zinət, qiymətli əşya qoyub əvəzində pul götürdüyünü və götürülən pula görə aylıq faiz ödədiyini bildirmişdir. 26 fevral 2021-ci il tarixdə sonradan şəxsiyyəti ona İddiaçı və Cavabdeh kimi məlum olmuş şəxslər lombarda gəlmiş, Cavabdeh 20,5 qram 585 əyarlı, 40,2 qram 750 əyarlı qızılı qoyub 3800 manat pul götürmüş, sənədləşmə Şəfayətin adına rəsmiləşmişdir, O, Şəfayətin hər ay 2,6%, yəni 12 ay 433 manat pul ödəməli olacağını, götürülən pulun ilkin ödənişinin 26 mart 2021-ci il tarixdə olacağını bildirmişdir. Bundan əlavə, material üzrə izahatı alınmış X2 bildirmişdir ki, Cavabdeh 2020-ci ilin dekabr ayında işlədiyi gözəllik salonunda masajist işləmiş, o, təxminən 2-3 gün işləmiş və icarə pulunu vermədən çıxıb getmiş, həmin ərəfədə sonradan şəxsiyyəti İddiaçı masaj üçün Şəfayətin yanına təxminən 3 dəfə gəlmiş, gəldiyi müddətdə gümüş dəstini (qolbaq, üzük, sırqa, boyunbağı, klon) Minarənin Şəfayətə verməsini görmüş, lakin Minarənin həmin dəsti hansı qiymətə satmasını bilməmiş, həmçinin gümüş dəstinə görə pul ödənilməsinin şahidi olmamış, lakin Şəfayətin həmin dəsti üzərinə taxıb gəzdirməsini görmüşdür. Bundan əlavə, material üzrə izahatı alınmış X5 bildirmişdir ki, Cavabdeh tanıyır, 2021-ci ilin yanvar ayından onun yanında 300 manat əmək haqqı müqabilində üz qırışları və qarın piylərinin əridilməsi ilə əlaqədar işləyir. İddiaçı Şəfayətin yanına gəlib-gedən müştəri kimi tanımış, həmişə Şəfayətin yanına gəlib masaj etdirmişdir. 2021ci ilin təxminən fevral ayında Minarə Şəfayətin yanına masaj üçün gəlmiş, masajdan sonra qramını xatırlamadığı bir ədəd boyunbağı, sırqa və üzük dəstini stolun üstünə qoyub satmaq istədiyini bildirmiş, Şəfayət həmin qızıllara baxmış, o da həmin vaxt orada olmuş, Minarə həmin qızılları göstərəndən sonra yığışdırıb aparmış, həmin vaxt orada o, Şəfayət və Könül olmuş, sonra qızılların harada olması barədə məlumatı yoxdur. İş materiallarında olan ƏİX No 294169 nömrəli girov biletindən görünür ki, Cavabdeh 22.02.2021-ci il tarixində 3744 manat dəyərində qızıl-zinət əşyalarını (üç ədəd qolbaq, bir ədəd sep) girov qoyub 3600 manat kredit götürmüşdür. İş materiallarında olan 22.02.2021-ci il tarixli müqavilədən və həmin müqaviləyə 1 saylı əlavədən görünür ki, Cavabdeh lombarda qoyduğu girov əşyalarının 2 (iki) ay müddətində ardıcıl olaraq faizlərini ödəmədiyi halda lombard tərəfindən ona heç bir xəbərdarlıq edilmədən satışa çıxarılmasına etiraz etmir. İş materiallarında olan ƏƏR No 020970 nömrəli girov biletindən görünür ki, Cavabdeh 26.02.2021-ci il tarixində 3850 manat dəyərində qızıl-zinət əşyalarını (750 əyarlı 40,2 qr, 585 əyarlı 20.5 qr) girov qoyub 3800 manat kredit götürmüşdür. İş materiallarında olan 26.02.2021-ci il tarixli, 020970 nömrəli müqaviləyə 1 saylı əlavədən görünür ki, Cavabdeh lombarddan götürdüyü 3800 manat kredit faizinin 2 ay (bir ay öz vaxtı və 30 gün gecikmə) ardıcıl olaraq vaxtında ödəmədiyi halda lombard tərəfindən ona heç bir xəbərdarlıq edilmədən və onun iştirakı olmadan girovda olan əşyaların lombardın mülkiyyətinə keçirilməsinə (satılmasına) etiraz etmir. Beləliklə, məhkəmə iclasında mülki iş üzrə sübutlara, o cümlədən tərəflərin izahatlarına, 15.03.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara, həmin qərarda əks olunan lombard işçilərinin yazılı izahatlarına, ƏƏR No 020970 nömrəli və ƏİX No 294169 nömrəli girov biletlərinə əsasən müəyyən edildi ki, həqiqətən tərəflər iki dəfə qızıl-zinət əşyalarının alqı-satqısı barədə razılığa gəlməklə birlikdə lombardda olmuş, həmin qızıl-zinət əşyalarının dəyəri girov biletlərində əks olunmaqla (3744 manat və 3850 manat) cavabdeh tərəfindən lombarda qoyulmuşdur. Cavabdeh lombardda dəyəri müəyyən edilmiş həmin qızılzinət əşyalarının pulunu iddiaçıya tam şəkildə ödədiyini bildirsə də, məhkəmə baxışı zamanı yalnız 3500 manatın iddiaçıya ödənildiyi iddiaçının özünün etirafına əsasən sübuta yetirilmişdir. Qeyd olunanlara əsasən məhkəmə müəyyən edir ki, iddia tələbi qismən, yəni 4094 manat (3744+3850-3500=4094) hissəsində əsaslıdır və həmin hissədə təmin edilməlidir. Buna baxmayaraq, iddia tələbinin qalan hissədə əsaslı olduğu məhkəmə baxışı zamanı hər hansı mötəbər sübutla təsdiq edilməmiş və iddiaçı tərəfindən sübuta yetirilməmişdir, bilavasitə qızılzinət əşyalarının alveri ilə məşğul olan iddiaçının həmin hissədə izahatları da inandırıcı görünmür. Bu barədə iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi şahidlərin (K.Bağışova və H.Yolçiyeva) ifadələri isə həmin şahidlərin özlərinin cavabdehlə münaqişəli olmasını bildirməsi, eyni zamanda dəqiq çəki, əyar, qiymət məlumatlarını əks etdirməməsi səbəbindən obyektiv və mötəbər sübut kimi qiymətləndirilə bilməz. Qeyd olunanlara əsasən, məhkəmə iclasında müəyyən edildi ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, iddiaçıdan aldığı qızıl-zinət əşyalarına görə 4094 (dörd min doxsan dörd) manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən, əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 597.2-ci maddəsinə əsasən, qiymət əşyanın çəkisindən asılı olaraq müəyyənləşdirildikdə, əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, xalis çəkiyə görə təyin edilir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Beləliklə, məhkəmə mülki iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçıdan aldığı qızıl-zinət əşyalarına görə Cavabdeh 4094 (dörd min doxsan dörd) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-179/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-179/2022
02.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver