Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1818/2024 30.07.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(003)-326/2023 saylı qətnaməsindən görünür ki, cavabdeh İddiaçı 6235.22 manat əsas borc, 975.38 manat faiz borcu, 346.67 manat cərimə borcu, ödənilmiş 96 manat dövlət rüsumu olmaqla, cəmi 7653.27 manat borc pul tutularaq "xxxx" ASC-ə ödənilməsi qət edilmişdir.
2. İddiaçı müraciəti əsasında Nəsimi RPİ-in 19-cu PŞ-də aparılmış araşdırma əsasında xx.xx.2023-cü il tarixdə Cavabdeh izahatı alınmışdır. Həmin izahatda göstərilir:- İddiaçı onun iş yoldaşımdır, birlikdə Neft şirkətində işləyirik. Etibarla mənim yaxın münasibətim var idi. Bir gün oturub söhbət etdiyimiz zaman mən ona bildirdim ki, qızım yaxın müddətdə ailə quracaq, pulla bağlı sıxıntılarım var. Etibar mənə bildirdi ki, "xxxx" Nəsimi filialında ona aşağı faizlə kredit təklifləri gəlir telefonuna. İstəyirsən gedək ordan nə qədər ehtiyacdır götürək. Bir yerdə işləyib ödüyərik. 2021-ci ilin aprel ayı olardı, mən Etibarla bərabər Nəsimi rayonu ərazisində yerləşən Bank of Bakuya gedib 10000 manat Etibar adına kredit götürdü və mənə verdi. Ordan çıxanda belə qərara gəldik ki, biz pulun yarısını mən ödəyəcəm, yarısını Etibar ödəməli idi. Mən də öz üzərimə düşəni etdim. Götürülən puldan 5000 manat banka geri ödədim. Həmin pulların çekləri məndə durur. Bizim münasibətimiz korlandıqdan sonra Etibar mənə bildirdi ki, yerdə qalan pulları da sən ödəyəcəksən. Mən də Etibara bildirdim ki, pulun 50% sənlə bərabər xərcləmişik və sən söz vermişdin ki, mən ödəyəcəm. Hal-hazırda mənim o pulu ödəməyə imkanım yoxdur.”
3. Nəsimi RPİ-in 19-cu PŞ-də İddiaçı izahat verərək, ona verilən suallara cavab olaraq bildirir ki, o Tovuz rayonu Azaflı kendinde yaşayır, rəsmi olaraq SOCAR neft daşlarında qazmaçı köməkçisi vəzifəsində işləyir. Barəsində xx.xx.2023-cü il tarixde DİN-nin 102 zǝng xidmətinə şikayet etdiyi Qaradağ rayonu Lökbatan qəsəbəsində yaşayan eyni zamanda onun işlediyi İdarədə xadimə işləyən, Cavabdeh onunla münasibəti yaxşı olmuş, aralarında heç bir vaxt edaveti olmamışdır: O Səadəti təxminən 5-6 il olar ki, tanıyır, Səadət ilə o eyni idarədə işəyir 2020-ci ildə Cavabdeh, ona yaxınlaşıb borcunun çox olmasını, ona köməklik göstərə bilməyi barədə ona sual verdi. O da aralarında olan münasibət yaxşı olduğundan Səadətin sələmçiyə pul borcu olmasına görə, ona köməklik göstərmək fikrinə geldi. Bu səbəblə Bakı şeheri Nesimi rayonu ərazisndə fəaliyyət gösteren Bank of Baku filialından 2020-ci ilde, 10.000 manat kredit pul götürüb Səadətə vermiişdir. Pulu verdiyi müddət ərzində Cavabdeh pulun təxminən əsas məbləğindən 3200 manatını ödədi, lakin Səadət verdiyi vədinə əməl, etməyərək sonradan 2022-ci ilin fevral ayından bu günə kimi pulun yerdə qalan hissəsini ödəməkdən yayınmışdır. O da Bank, onu məhkəməyə verdiyinə görə, DİN-nin 102 zəng xidmətinə melumat verdi ki, ona dəymiş ziyan ödənilsin və Cavabdeh cinayet məsuliyyətinə cəlb edilsin. İddia tələbi
4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 10000 manat və dövlət rüsumu hesabına ödədiyi 120 manat cəmi 10,120 manatın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia ərizəsi belə əsaslandırılmışdır ki, cavabdeh X1 onun iş yoldaşıdır. Cavabdeh ilə Neft şirkətində işləyirlər və aralarında etibarlı münasibət yaranmışdır. Cavabdeh qızına toy etdiyi və xeyli məbləğdə borcda qaldığını bildirdi. O ona kredit götürüb ona verməyini təklif etdi. İş yoldaşı olduğuna və aralarında etibarlı münasibət olduğuna görə o ona krediti vaxtı vaxtında ödəyəcəyinə inanıb 2020-ci ilin avqust ayında "xxxx" ACS-də 10000 manat kredit götürüb ona verdi. Lakin Cavabdeh vədinə əməl etmədi və onun adına olan krediti ödəmədi. O bununla bağlı Polis Bölməsinə müraciət etsə də cavabdehdən izahatına alınaraq ona məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Cavabdeh dəfələrlə ona borclu olduğu pulu geri qaytarmasını tələb etsə də, o onun tələbinə məhəl qoymamışdır. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir və hesab edir ki, Cavabdeh ona borclu olduğu 10000 manat pulun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməlidir. Bütün bunları nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.
6. İddia tələbinə etiraz və qarşılıqlı iddia verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları:
7. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tələbini müdafiə edir. Cavabdehə bankdan 10,000 manat pul götürüb vermiş, həmin puldan bir qəpik belə özünə xərcləməmişdir. Cavabdeh ona kartını verəcəyini, bunun qarşılığında bankdan pulu götürüb ona verməyini istədiyini bildirsə də ona nə kart vermiş, nə də aldığı borcu qaytarmışdır. Cavabdeh həmin puldan yalnız 3200 manat ödəyib, qalan pul isə qanuni qüvvəyə minmiş qətnamə əsasında onun maaşından tutulur. Pulu cavabdehə verməsini polis şöbəsində cavabdehin izahatı sübut edir. Cavabdehin evini sataraq qaçmışdır, buna görə də onu məhkəməyə vermək məcburiyyətidə qalmışdır.
8. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə baxış iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin mövqeyi: a) İddia tələbinin qanuni əsası Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:
9. 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır.
10. 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
11. 439.4-cü maddəsinə əsasən, öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər.
12. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
13. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.
14. 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
15. 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
16. 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.
17. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.
18. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
19. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
20. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
21. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
22. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
23. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
24. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
b) Əsaslandırma
25. İddia qismən əsaslıdır.
26. İşin faktiki halları bundan ibarətdir ki, iddiaçı bankdan kredit müqaviləsi əsasında pul vəsaiti götürüb cavabdehə 10.000 manat borc verdiyini, cavabdehin həmin məbləğdən 3200 manatı ödədiyini, qalan pulu ödəmədiyini və bankın məbləğə faiz hesabladığını bildirərək hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
27. Tərəflər arasında qanunla müəyyən olunmuş qaydada yazılı borc müqaviləsinin bağlanmadığı işin mübahisəsiz halıdır.
28. Odur ki, məhkəmə ilk növbədə sübutetmə ilə bağlı qeyd edir ki, 10.000 manat pul vəsaitini borc verməsi faktını sübutetmə yükü iddiaçının üzərindədir. İddiaçı sübut qismində Nəsimi RPİ-in 19-cu polis şöbəsində Cavabdeh tərəfindən yazılmış izahatı və «WhatsApp» proqram təminatı vasitəsilə cavabdehlə aralarına baş vermiş yazışmaları təqdim etmişdir.
29. Nəsimi RPİ-in 19-cu PŞ-də yazdığı izahatda Cavabdeh İddiaçı ona 10.000 manat pul verdiyini etiraf etmiş, lakin həmin məbləğin yarıbayarı banka ödəyəcəkləri barədə razılığa gəldiklərini və özünə aid hissədə ödənişləri icra etdiyini bildirmişdir.
30. «WhatsApp» proqram təminatı vasitəsilə Cavabdeh məxsus mesajlarda deyilir: E:- Mən ne edim bəs. Menimde vereceyim var”; S-“Heçnə gözdə görək nə olur. Görüm nə cavab verəcək; E-100 manat ata bileceksen çıxana kimi. Gozleyekde 1 ildi gozleyirem. Keçen il fevralda ödədiyindi 300 manat bir il oldu. 3 ili avqusta tamam olur. Seadet sen mene yüz manat vereceydın ne oldu. Meni sen ne qeder aldadırsan”; S-“1000 dəfə eyni sözü demə dedim bilmədim çıxartdım. Mən elə bildim köşürdürsən vəssalam. İnşəallah boş olmaz. Başqa birində demişəm mənə çerez natarius pul tap dedi çalışacam düzəlsin; E:-Bir ildi cerez natarus pul goturursen. S:-Ay Etibar görürsən hər yerə əl atıram. O alınar lap yaxşı o alınmaz yenə bir nəfərə demişəm natarius anda olsa tatp mənə. Dedi gəl bir şey fikirləşərik.; E:- Ay seadet bunu her ay deyirsen bir ildi odemirsen qara siyahı mərkeme bu ay maaşdan tutuacaq. 14 gündü onuda merkeme tutsa neyniyecem de gorum. Mən sene pislik etdim 10 mini natarusa aparmadan verdim?; S-Etibar ikisindən biri dü, ələ əldə yəqinki. Sən o qədər ağzıvu məs açırsanki mənim bir işim alınmır. Gözlə görək nə olurdə. Danışmaqla iş düzəlmir axı.; E- Sen neynedin axırda meni çıxılmaz vəziyyətdə qoydun. Ay seadet bir ildi bu sözləri esidirəm. Nes getirmirem meni aldadırsan her ay. Sen mene yüz manat ata bilmirsen.; S-Etibar aldadan adam ona buna yalvarır işi düzəlsin. Bax bu danışıqlarına hər şeyi alt üst elemisen.; E-Sen fakt meni her ay aldadirsan vallah odeyecem odeyecem bir oldu. Ne oldu bes”.
31. Məhkəmə “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2022-ci il tarixli qərarındakı hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, «Whatsapp» platforması vasitəsilə göndərilən yazışmalar birbaşa hüquqi mübahisə barəsində və əlaqədar tərəflər arasında həyata keçirildiyi üçün qanuni əldə edilmiş və mötəbər sübut kimi qəbul edilməlidir.
32. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, Cavabdeh 10.000 manat pul vəsaitinin İddiaçı tərəfindən ona borc verilməsini polis şöbəsində verdiyi izahatında etiraf etdiyindən, eyni zamanda «WhatsApp» proqram təminatı vasitəsilə göndərilən yazışmalar nəzərə alındıqda tərəflər arasında 10.000 manat pul vəsaitinin verilməsi barədə şifahi borc müqaviləsinin bağlanması sübut edilmiş hesab edilməlidir.
33. Belə olan halda, izahatda qeyd edilən - 10.000 manat pul vəsaitinin hansı həcmdə iddiaçı tərəfindən ödənildiyini, eyni zamanda həmin vəsaitin hansı hissəsinin Cavabdeh tərəfindən, hansı hissədə isə İddiaçı tərəfindən ödəniləcəyi barədə razılığa gəldiklərini (yəni hansı hissədə pul vəsaitinin bağışlanma, hansı hissədə borc müqaviləsi əsasında verilməsini) sübutetmə yükü artıq cavabdehin üzərinə düşür.
34. Cavabdeh isə məhkəmə araşdırmasında iştirak etməmiş və bu barədə hər hansı sübut təqdim etməmişdir. İddiaçı məhkəmə araşdırması zamanı Cavabdeh tərəfindən 3200 manat məbləğində ödəniş edildiyini etiraf etmişdir.
35. Qeyd edildiyi kim, tərəflər arasında qanunla müəyyən olunmuş qaydada yazılı borc müqaviləsinin bağlanmadığı işin mübahisəsiz halıdır. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.
36. Mülki qanunvericilik Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqdləri əhəmiyyətsiz olmaqla qanunun tələbinə görə bağlandığı andan etibarsız əqdlərə aid edir və əqd etibarsız olduğu halda əgər həmin Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər birinin əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəmək qaydasını müəyyən edir (Mülki Məcəllənin 337.1 və 337.5-ci maddələri).
37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında ifadə edilmiş rəsmi şərhə əsasən Mülki Məcəllənin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır.
38. Məhkəmə hesab edir ki, borc müqaviləsinin lazımı forma və qaydasına riayət olunmadığı üçün, cavabdeh iddiaçıdan aldığı pul məbləğinə münasibətdə əsassız varlanmış şəxsdir və buna görə də, aldığını olduğu kimi ona qaytarmalıdır.
39. Beləliklə, məhkəmə hesab edir ki, etibarsız əqd üzrə əsassız varlanma qaydaları tətbiq edilməklə iddia qismən təmin edilməli, 3200 manat məbləğində borcun cavabdeh tərəfindən qaytarılması barədə iddiaçının etirafı Mülki Prosessual Məcəllənin 106.3 və 106.4-cü maddələrinin tələblərinə uyğun olduğundan, borc müqaviləsi üzrə öhdəliklərini icra etməməsinə görə etiraf edilən hissə çıxılmaqla qalan məbləğ, yəni 6800 manat pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri
40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114-cü maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
41. Bundan əlavə, iş materiallarından görünür ki, iddiaçı tərəfindən 120,40 manat məbləğində dövlət rüsumu ödənilmiş və iddiaçı tələbində 120 manat rüsumun cavabdehən tutulub ona qaytarılmasını xahiş etmişdir.
42. Bu halda məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin qeyd edilən tələblərinə əsasən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş rüsumun iddia tələbinin təmin edilmiş hissəsinə uyğun olan 88 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan hissədə isə iddiaçıya aid edilməlidir.
43. Əlavə olaraq, iddiaçı tələbində göstərilən məbləğin həddini banka ödədiyi faizləri də əlavə etməklə müəyyən etdiyini bildirmişdir. Məhkəmə bununla bağlı onu qeyd edir ki, tərəflər arasında olan müqaviləyə əsasən cavabdehin əldə etdiyi məbləğ 10.000 manat pul vəsaiti olmuşdur. İddiaçının həmin pulun verilməsi üzrə faiz öhdəlikləri onunla bank arasında bağlanmış kredit müqaviləsinə əsasən iddiaçının bank qarşısında öhdəlikləridir və cavabdeh kredit müqaviləsinin tərəfi olmadığı üçün faiz borcu üzrə öhdəlik daşımır. Nəticə
44. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia qismən təmin edilməli, Cavabdeh 6800 manat pul vəsaiti və ödənilmiş 88 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
45. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh 6800 manat və dövlət rüsumunun əvəzi olaraq 88 manat pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Gülnar Aslanova