Məhkəmə qərarları › İş №2(002)-183/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-183/2021

05.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-183/2021 05.04.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Əsədov Cavid Həbib oğlunun katibliyi, iddiaçı «xxxx» MMM QBKT-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakı ilə, iddiaçı «xxxx» MMM QBKT-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borc tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» MMM QBKT cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borc tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada **********8560 saylı kredit müqaviləsi üzrə 5248,07 manat əsas borc, 376,60 manat faiz borcu olmaqla, cəmi 5624,67 manat; **********1853 saylı kredit müqaviləsi üzrə 6941 ABŞ dolları əsas borc, 1638,57 ABŞ dolları faiz borcu olmaqla, cəmi 8579,57 ABŞ dolları pulun və 30 manat dövlət rüsumunun «xxxx» MMM QBKT-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı «xxxx» MMM QBKT-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X4 izahat verərək bildirdi ki, iddiaçı «xxxx» MMM QBKT ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, **********2516 saylı kredit müqaviləsinə əsasən ona illik 22,89% dərəcəsi ilə 12 ay müddətinə 7500 manat məbləğində kredit verilmişdir. Həmçinin eyni tarixli, **********3742 saylı kredit müqaviləsinə əsasən ona illik 22,89% dərəcəsi ilə 12 ay müddətinə 7500 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmçinin həmin kredit müqavilələrinə əsasən yaranmış öhdəliklərin icrasının təminatı olaraq Cavabdeh2 və Cavabdeh3 zamin olmuşlar. Daha sonra xx.xx.2015-ci il tarixli, **********2516 saylı kredit müqaviləsi borclu ilə bağlanmış xx.xx.2017-ci il tarixli **********08560 saylı yeni hesab nömrəli sazişlə restrukturizasiya olunmuş, habelə xx.xx.2015-ci il tarixli, **********3742 saylı kredit müqaviləsi borclu ilə bağlanmış xx.xx.2017-ci il tarixli, **********1853 saylı yeni hesab nömrəli sazişlə restrukturizasiya olunmuş, qalıq borcun məbləği, faiz və ödəniş müddəti şərtləri yenidən müəyyən edilmişdir. Həmin sazişlər barədə digər cavabdehlər olan zaminlərlə razılaşma imzalanmamışdır, ona görə də digər cavabdehlərin zaminliyə müddətin tətbiq edilməsi barədə ərizələrinin məhkəmənin mülahizəsinə görə həll edilməsini xahiş edir. İş materiallarında olan xx xxxxxxxx 2020-ci il tarixinə olan maliyyə arayışına əsasən xx.xx.2017-ci il tarixli, **********8560 saylı kredit müqaviləsi üzrə borcun məbləği 5248,07 manat əsas, 376,60 manat faiz olmaqla, cəmi 5624,67 manat təşkil edir. Eyni tarixli maliyyə arayışına əsasən, xx.xx.2017-ci il tarixli, **********1853 saylı kredit müqaviləsi üzrə borcun məbləği 6941 ABŞ dolları əsas, 1638,57 ABŞ dolları faiz olmaqla, cəmi 8579,57 ABŞ dolları təşkil edir. Ekspert rəyi də həmin məbləğlərin düzgünlüyünü və şişirdilmədiyini təsdiq edir. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Bu səbəbdən iddiaçı təşkilat iddia tələbi ilə məhkəməyə müraciət etmişdir və məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 izahat verərək bildirdi ki, həqiqətən xx.xx.2015-ci il tarixində iddiaçı təşkilat ilə onun arasında 12 ay müddətinə kredit müqavilələri bağlanmışdır. Sonradan 2017-ci ildə yeni sazişlər bağlanmış, kredit müqavilələrinin şərtləri dəyişdirilmiş, faiz və ödəniş müddətləri dəyişdirilmişdir. Lakin digər cavabdehlər olan zaminlərin həmin sazişlərdən xəbəri olmamış, onlar tərəfindən hər hansı sənəd imzalanmamışdır, ona görə də onlara qarşı yönəlmiş iddia tələbinə etiraz edir. Özünün hazırda tələb olunan məbləğləri birdəfəyə ödəmək imkanı yoxdur, maddi vəziyyəti ağırdır, gələcəkdə hissə-hissə ödəyə bilər, iddianın qismən təmin edilməsinə etiraz etmir. Məhkəmə iclasında Cavabdeh3 ərizə təqdim edərək izahatında bildirdi ki, xx.xx.2015-ci il tarixli kredit müqavilələrinə əsasən, Cavabdeh1 «xxxx» MMM QBKT-dən 12 ay müddətinə 7500 manat məbləğində və 7500 ABŞ dolları məbləğində kredit götürmüş, borcun təminatı olaraq onunla zaminlik müqaviləsi bağlanmışdır. Kreditlər üzrə son ödəniş müddəti xx.xx.2016-cı il tarixdə başa çatmışdır. Zaminlik yalnız həmin müqavilələr üzrə verilmişdir. Həmin müqavilələrdən sonra o, «xxxx» MMM QBKT-də olmamışdır, habelə müqavilələrin sonradan dəyişdirilməsindən heç bir xəbəri və məlumatı olmamışdır. Onunla iddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqavilələr üzrə iddia müddəti ötürüldüyünə və zaminliyə xitam verilməli olduğuna görə iddia tələbinin ona münasibətdə rədd edilməsini xahiş edir. Digər Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, lakin ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, xx.xx.2015-ci il tarixli kredit müqavilələrinə əsasən, Cavabdeh1 «xxxx» MMM QBKT-dən 12 ay müddətinə 7500 manat məbləğində və 7500 ABŞ dolları məbləğində kredit götürmüş, borcun təminatı olaraq onunla zaminlik müqaviləsi bağlanmışdır. Kreditlər üzrə son ödəniş müddəti xx.xx.2016-cı il tarixdə başa çatmışdır. Zaminlik yalnız həmin müqavilələr üzrə verilmişdir. Həmin müqavilələrdən sonra o, «xxxx» MMM QBKT-də olmamışdır. Onunla iddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqavilələr üzrə iddia müddəti ötürüldüyünə və zaminliyə xitam verilməli olduğuna görə iddia tələbinin ona münasibətdə rədd edilməsini xahiş edir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələblərinə istinad edərək, mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, izahatları dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx xxxxxxx 2015-ci il tarixli, **********3742 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı bank ilə Cavabdeh1 arasında bağlanmış həmin kredit müqaviləsinə əsasən iddiaçı təşkilat tərəfindən Cavabdeh1 illik 22,89% ilə 12 ay müddətinə 7500 ABŞ dolları məbləğində kredit verilmiş və kreditin xx.xx.2016-cı il tarixədək qaytarılması üçün ödəniş cədvəli tərtib edilmişdir. Həmin kredit müqaviləsini zamin qismində Cavabdeh2 və Cavabdeh3 imzalamışdır. İş materiallarında olan xx xxxxxxx 2015-ci il tarixli, **********2516 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı bank ilə Cavabdeh1 arasında bağlanmış həmin kredit müqaviləsinə əsasən iddiaçı təşkilat tərəfindən Cavabdeh1 illik 22,89% ilə 12 ay müddətinə 7500 manat məbləğində kredit verilmiş və kreditin xx.xx.2016-cı il tarixədək qaytarılması üçün ödəniş cədvəli tərtib edilmişdir. Həmin kredit müqaviləsini zamin qismində Cavabdeh2 və Cavabdeh3 imzalamışdır. İş materiallarında olan kredit müqaviləsinin restrukturizasiyasına dair xx.xx.2017-ci il tarixli sazişdən görünür ki, iddiaçı bank ilə Cavabdeh1 arasında **********8560 saylı kredit müqaviləsi üzrə qalıq borc (5312,07 manat), qalıq borca dair faiz dərəcəsi və 16 aylıq ödəniş müddəti müəyyən edilmişdir. İş materiallarında olan kredit müqaviləsinin restrukturizasiyasına dair xx.xx.2017-ci il tarixli sazişdən görünür ki, iddiaçı bank ilə Cavabdeh1 arasında **********1853 saylı kredit müqaviləsi üzrə qalıq borc (6941 ABŞ dolları), qalıq borca dair faiz dərəcəsi və 21 aylıq ödəniş müddəti müəyyən edilmişdir. İş materiallarında olan xx xxxxxxxx 2020-ci il tarixli maliyyə arayışından görünür ki, X3 **********8560 saylı kredit müqaviləsi üzrə xx xxxxxxxx 2020-ci il tarixinə 5248,07 manat əsas borc, 376,60 manat faiz borcu olmaqla, cəmi 5624,67 manat məbləğində borcu vardır. İş materiallarında olan xx xxxxxxxx 2020-ci il tarixli maliyyə arayışından görünür ki, X3 **********1853 saylı kredit müqaviləsi üzrə xx xxxxxxxx 2020-ci il tarixinə 6941,00 ABŞ dolları əsas borc, 1638,57 ABŞ dolları faiz borcu olmaqla, cəmi 8579,57 ABŞ dolları məbləğində borcu vardır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2021-ci il tarixli, 9/4753 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh1 xx.xx.2020-ci il tarixə xx.xx.2015-ci il tarixli **********2516 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 5312,07 manat, faiz borcu üzrə 1393 manat; xx.xx.2020-ci il tarixə xx.xx.2015-ci il tarixli **********3742 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 6941 ABŞ dolları, faiz borcu üzrə 1973 ABŞ dolları məbləğində borcu müəyyən edilmişdir. Ekspertiza tədqiqatının dəyəri 100 manatdır. Məhkəmə mülki iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək müəyyən edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki iş üzrə sübutlara, o cümlədən ekspert rəyinə və sadalanan hüquq normalarının tələblərinə əsasən məhkəmə müəyyən edir ki, cavabdeh borclu Cavabdeh1 iddiaçı təşkilatdan aldığı kreditlər üzrə əsas borcu və faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh borclu müqavilə öhdəliklərini icra etməyərək, iddiaçı təşkilat qarşısında həmin pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də iddiaçı təşkilatın kredit müqavilələri üzrə əsas borc və faiz borcunun cavabdeh borclu Cavabdeh1 tutulması ilə bağlı tələbləri tam əsaslıdır. Məhkəmə, iddia tələbinin əsas borclu ilə birgə zaminlərə yönəldilməsi hissəsinə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə əsassızdır. Belə ki, iddia zaminliyin təmin etdiyi öhdəliyin icrası müddəti başa çatdıqdan dörd ilə yaxın müddət keçdikdən sonra qaldırılmışdır. Həmçinin xx.xx.2015-ci il tarixli kredit müqavilələri üzrə sonradan borclu ilə kreditor arasında bağlanmış sazişlərlə faizlər və icra müddətləri dəyişdirilmiş, bu dəyişikliklər barədə zaminlərin razılığı alınmamışdır. Belə olan halda, cavabdeh zaminlərin iddia müddətinin tətbiqi barədə ərizələri nəzərə alınmaqla qüvvədə olan mülki qanunvericiliyə əsasən zaminliyə xitam verilməli olduğundan, iddia zaminlərə münasibətdə əsassız hesab olunaraq təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinə əsasən, zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda, zaminliyə xitam verilir. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2013cü il tarixli Qərarına əsasən, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, həmin tələb cavabdeh borcluya münasibətdə təmin olunmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, ekspert rəyi ilə borc məbləğlərinin artıq hesablanmadığı müəyyən edildiyindən, ekspertiza xərci ekspertiza barədə vəsatət vermiş cavabdeh borcludan tutulmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən, ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 439.2-ci maddəsinə əsasən, əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablaşma ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1 **********8560 saylı kredit müqaviləsi üzrə 5248,07 manat əsas borc, 376,60 manat faiz borcu olmaqla, cəmi 5624,67 manat; **********1853 saylı kredit müqaviləsi üzrə 6941 ABŞ dolları əsas borc, 1638,57 ABŞ dolları faiz borcu olmaqla, cəmi 8579,57 ABŞ dolları (icra gününə olan məzənnəyə uyğun Azərbaycan manatı ilə) borc pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq iddiaçı «xxxx» MMM QBKT-nin xeyrinə ödənilsin. Mülki iş üzrə keçirilmiş ekspertiza xərcinə görə Cavabdeh1 100 (yüz) manat məbləğində pul tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına ödənilsin: Büdcə təsnifatının kodu:142595, büdcə səviyyəsinin kodu:3, ekspertiza xərci, SAP (XİİS) hesabı: X1, kodu:210005, VÖEN:**********, müxbir hesab:AZ41NABZ********************, SWİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi: VÖEN:**********, hesab:AZ34CTRE********************. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar