Məhkəmə qərarları › İş №2(002)-1838/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-1838/2024

30.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-1838/2024 30.04.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlu, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tabeliyində X4 X1 Cavabdeh ASC-yə qarşı «istehsal tullantılarından istifadə ilə əlaqədar yaranmış əsassız varlanma, dəymiş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tabeliyində X4 X2 Cavabdeh ASC-yə qarşı «istehsal tullantılarından istifadə ilə əlaqədar yaranmış əsassız varlanma, dəymiş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edir ki, ərizə ərizənin yolverilməzliyinə görə qəbul edilməkdən imtina edilməlidir. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçı Cavabdeh ASC tərəfindən 2,776,651.10 kub metr həcmində istehsalat tullantılarından istifadəyə görə əsassız varlanma nəticəsində dəymiş zərərin əvəzi olaraq 2,776,651.10 manat pulun alınaraq Mineral-xammal Bazasının Bərpası üzrə Dövlət Fondunun hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı bundan öncə eyni tələblə məhkəməyə müraciət etmiş, təbiətə vurulmuş eyni məbləğdə ziyanın cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 08 fevral 2024-cü il tarixli, 2(002)- 1104/2024 saylı qərardadından göründüyü kimi, X4 X2 PHŞ-nın Cavabdeh ASC-yə qarşı «dəymiş ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi Azərbaycan Respublikası MPM-in 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı olmadığından qəbulundan imtina edilmişdir. İddiaçı X4 X2 PHŞ həmin qərardaddan qanunla müəyyən edilmiş vaxt ərzində şikayət verməmiş, mahiyyət etibarı ilə eyni tələblə eyni tərəfə qarşı eyni əsaslarla iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 08 fevral 2024-cü il tarixli, 2(002)- 1104/2024 saylı qərardadında formalaşdırılmış hüquqi mövqeyə görə, iddia ərizəsində qeyd olunan məsələyə (inzibati orqanların aktlarına, hərəkətlərinə və ya hərəkətsizliyinə) qiymət verilməsi mülki mühakimə icraatı qaydasında işə baxan məhkəmənin səlahiyyətinə aid deyil. İddia ərizəsindən göründüyü kimi, iddiaçı tələbini «istehsal tullantılarından istifadə ilə əlaqədar yaranmış əsassız varlanma, dəymiş zərərin əvəzinin ödənilməsi» kimi göstərsə də, iddiaçı tərəfindən öncələr məhkəməyə verilmiş iddia ərizəsində irəli sürülən real tələb mahiyyət etibarı ilə dəyişməmişdir. İddia tələbi xarakterinə görə inzibati orqanların aktlarına, hərəkətlərinə və ya hərəkətsizliyinə qiymət verilməsi növündədir və iddia tələbində qeyd olunan məsələyə qiymət verilməsi mülki mühakimə icraatı qaydasında işə baxan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin səlahiyyətinə aid deyil. Göründüyü kimi, iddiaçı tərəf eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iddianın yolverməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tabeliyində X4 X1 Cavabdeh ASC-yə qarşı «istehsal tullantılarından istifadə ilə əlaqədar yaranmış əsassız varlanma, dəymiş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddianın yolverilməzliyinə görə icraata qəbul edilməkdən imtina edilməli və iddiaçıya geri qaytarılmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 268.1-ci maddəsinin tələbinə əsasən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 08 fevral 2024-cü il tarixli, 2(002)-1104/2024 saylı qərardadından rəsmi qaydada tərəfə verildiyi gündən 10 gün müddətində şikayət verilə bilməsi mümkün olduğundan, həmin prosessual müddət ötürüldüyü halda, şikayət prosessual müddətin bərpası barədə ərizə ilə birlikdə verilməklə məhkəməyə müraciət etmək hüququnun olması iddiaçıya izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 151.1, 153.2.2, 153.3, 153.4, 153.5, 153.6, 263, 267-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tabeliyində X4 X1 Cavabdeh ASC-yə qarşı «istehsal tullantılarından istifadə ilə əlaqədar yaranmış əsassız varlanma, dəymiş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddianın yolverilməzliyinə görə icraata qəbul edilməkdən imtina edilsin və iddiaçıya qaytarılsın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar