Məhkəmə qərarları › İş №2(002)-1843/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1843/2023

03.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1843/2023 03.07.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçının vəkili X4, Cavabdeh, Cavabdehin vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 13.700 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 24 yanvar 2020-ci il tarixli, 2(002)- 46/2020 saylı qiyabi qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh məhkəməyə ərizə təqdim edərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 24 yanvar 2020-ci il tarixli, 2(002)-46/2020 saylı qiyabi qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 23 may 2023-cü il tarixli, 2(002)- 1843/2023 saylı qərardadı ilə ərizə təmin edilmiş, iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 24 yanvar 2020-ci il tarixli, 2(002)-46/2020 saylı qiyabi qətnaməsi ləğv edilmiş və sonrakı prosessual hərəkətlərin vaxtı və yeri təyin edilərək, tərəflərə bu barədə məlumat verilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, «Binə» TM-də qadın geyimlərinin satışı ilə məşğul olur və orada icarəyə götürdüyü yeri var. Qardaşı ilə Türkiyədən qadın geyimləri gətirib satır. Satdığı geyim əşyalarını aşağı qiymətə satdığı üçün bir çoxları ondan nisyə mallar alıb aparıb, başqa yerlərdə satıb pulunu verir. Cavabdeh da ondan müxtəlif vaxtlarda geyim əşyaları aparıb sataraq pulunu qaytarıb verirdi. Lakin son vaxtlarda aldığı malların pulundan 13.700 manat borclu qalıb. Cavabdehdən pulunu istədikdə ona qarşı yalan-böhtan xarakterli şikayət ərizələri verərək, borcunu qaytarmaqdan yayınmağa çalışır. Barəsində verdiyi şikayətinin araşdırılması zamanı özünün verdiyi izahatı ilə də ona borclu olduğu təsdiq olunur. Ancaq cavabdeh ona olan borcunun yaranma səbəbi olaraq izahatında göstərib ki, ondan faizə götürdüyü pulu vaxtında qaytarmadığı üçün faiz hesabına borc şişib. Cavabdeh bu yalanlarına şahidlər də cəlb etməyə çalışsa da, buna nail ola bilməyib. Belə ki, yalanlarının sübutuna şahid kimi adlarını istinaqa verdiyi şəxslər (X5, X1) istintaqa gələrək, cavabdeh tərəfindən deyilənlərin yalan olduğunu və cavabdehin ondan aldığı geyim əşyalarının pullarını ona qaytarmadığı üçün ona borclu olduğunu demişlər. O, cavabdehin şərçi, böhtançı olduğu üçün artıq cavabdehin ona olan borcu ilə əlaqədar cavabdehə deyil, məhkəməyə müraciət etməklə mübahisəni həll etmək, pulunun qaytarılmasına nail olmaq istəyir. İddiaçının vəkili X8 məhkəmə iclasındakı çıxışında məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı öncəki məhkəmə iclasında iddia tələbini müdafiə edib məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə iddiaya etiraz göndərərək bildirmişdir ki, iddiaçıya heç bir borcu yoxdur. Belə ki, 2017-ci ildə iddiaçıdan 2.000 manatlıq mal götürmüş və bir müddətdən sonra pulunu ödəmişdir. İddiaçı ondan əlavə 400 manat faiz pul istədiyindən, aralarında münaqişə olmuş və iddiaçı onu vurmuşdur. Xəsarət aldığından 13 saylı şəhər poliklinikasına müraciət etmişdir. xx.xx.2018-ci il tarixdə poliklinika tərəfindən verilmiş arayışdan da müəyyən olunur ki, xəsarətlər almışdır. Ona görə də, aidiyyatı üzrə hüquqmühafizə orqanlarına müraciət edərək, tədbir görülməsini xahiş etmişdir. Eləcə də, iddiaçı ondan sonra hüquq-mühafizə orqanlarına müraciət edərək, ondan mal götürdüyünü, dələduzluq edərək pulunu mənimsədiyini bildirmişdir. Şikayətlərlə bağlı Nəsimi RPİ İŞ-nin baş müstəntiqi, polis mayoru Fərid Şirinov tərəfindən araşdırılma aparılmış, hər iki tərəfin şikayət ərizələri öz təsdiqini tapmadığından qeyd edilən müstəntiqin qəbul etdiyi 17 dekabr 2018-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. Bu səbəbdən, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədi, iddiaya etirazın məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, o, şahid qismində dindirilmiş X6 ümumiyyətlə tanımır və birinci dəfədir ki, görür. Mağazanı isə o, 2017-ci ildən açmış, 2015-ci ildə fəaliyyət göstərməmişdir. Cavabdeh vəkili X7 məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını, onların vəkilinin çıxışını, şahid ifadəsini dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, 17 dekabr 2018-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, tərəflərin qarşılıqlı şikayətləri üzrə toplanmış HK-1 1900 saylı material Nəsimi RPİ İŞ-nin baş müstəntiqi, polis mayoru F.Şirinovun icraatında olmuşdur. Toplanmış material araşdırılarkən tərəflərin izahatları alınmış, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İddiaçı hüquq-mühafizə orqanlarına etdiyi şikayət iddia ərizəsində qeyd olunanlarla eyni məzmundadır. Cavabdeh hüquq-mühafizə orqanlarına verdiyi izahatında ümumiyyətlə iddiaçının adını çəkməmiş, İddiaçı borcunun olub-olmamasına, borcun necə yaranmasına dair heç nə bildirməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirdi ki, o, artıq neçə müddətdir ki, taksi fəaliyyəti ilə məşğul olur. Həmin dövrdə onun istifadəsində olan avtomobilin markası “Daewoo” olmuşdur. İddiaçı isə onun daimi müştərisi idi. O, 2015-ci ildən 2019-cu ilədək İddiaçı tapşırığı əsasında ayda 4-5 dəfə olmaqla qadın paltarlarını “Əcəmi” Mertostansiyası yaxınlığında yerləşən Təyyara məxsus geyim əşyaları mağazasına aparmış, mağazada geyim əşyalarını ondan həmin şəxs qəbul etmişdir. Yol pulunu isə ona razılaşmalarına əsasən İddiaçı ona ödəyirdi. Təqribən 2019-2020-ci ildə İddiaçı da onunla həmin mağazaya gəlmiş, Təyyar adlı şəxsdən ona olan 14.000 manat borcun nə vaxt ödəyəcəyini soruşmuş, bununla bağlı aralarında pulun ödənişi barədə danışıqlar getmişdir. O, sonuncuların söhbətini avtomobilinin aynası açıq olduğunda görə eşitmişdir. Sonuncu dəfə isə geyim əşyalarını 2019-cu ildə həmin mağazaya aparmışdır. Təyyar adlı şəxsə təqdim etmişdir. Məhkəmə şahidin ifadəsinə tənqidi yanaşaraq qeyd edir ki, şahidin ifadəsi ziddiyyətlidir, mötəbər sübut kimi qəbul edilə bilməz. Şahid daşıma həyata keçirdiyini bildirdiyi dükanın yerini, ünvanını dəqiq göstərə bilmir və s. Bu səbəbdən, məhkəmə hesab edir ki, şahid ifadəsi mötəbər sübut deyil. Məhkəmə iclasında tərəflərin izahatları ilə müəyyən edildi ki, cavabdeh iddiaçıdan pulunu sonradan ödəmək şərti ilə paltar alaraq, onları satmışdır. Cavabdeh iddiaçıya aldığı paltarların pulunu ödəyəcəyini vəd verərək, şifahi qaydada üzərinə öhdəlik götürsə də, aldığı paltarın dəyərindən 2.000 manatını iddiaçıya ödəməmişdir. Cavabdeh 2.000 manat borcu iddiaçıya ödədiyini bildirsə də, borcunu ödəməsinə dair sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçı uzun müddətdir bu vəziyyətdə qalaraq, sonra məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mülki Məcəllənin 14.2-ci maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları. Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları. Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi. Elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması. Başqa şəxsə zərər vurulması. Əsassız varlanma. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, cavabdeh iddiaçı qarşısında üzərinə götürdüyü öhdəlikləri tam və vaxtında icra etməmişdir. Bu səbəbdən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, 2.000 manat pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, paltar satışından yaranmış 2.000 manat borc və iddianın təmin edilmiş hissəsinə uyğun olaraq 10 manat dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Ödənilmiş dövlət rüsumunun qalıq hissəsi iddiaçıya aid edilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Belə ki, iddiaçı cavabdehin ona 2.000 manatdan daha artıq borcunun olmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Paltar satışından yaranmış 2.000 manat borc və iddianın təmin edilmiş hissəsinə uyğun olaraq 10 manat dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun qalıq hissəsi iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar