Məhkəmə qərarları › İş №2(002)-1858/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1858/2023

12.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1858/2023 12.07.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh X5 qarşı aliment tələbinə dair iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı izahat verərək bildirdi ki, o, cavabdehlə xx.xx.2014-cü il tarixdə ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2014-cü il təvəllüdlü X7 adında bir uşaqları doğulmuşdur. Cavabdehlə aralarında olan nikah Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Lakin sonradan cavabdehlə barışaraq birgə yaşamışlar, xx.xx.2021-ci il tarixdə X6 adında bir qızları olmuşdur və cavabdeh atalığı qəbul etmişdir. Halhazırda cavabdehlə yenə də ayrılmışlar və uşaqlar onun himayəsindədir. Özü işləmir, cavabdeh isə kifayət qədər gəlirə malidir. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı cavabdeh X8 izahat verərək bildirdi ki, iddia tələbini qəbul edir. Belə ki, xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində alimentin ondan tutularaq iddiaçının xeyrinə ödənilməsinə razıdır. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməsinə etirazı yoxdur. Məhkəmə, izahatları dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZ-İİİ No 339590 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2014-cü il tarixdə Ağsu rayonunda anadan olmuşdur. Onun atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan AZ-İV No 603334 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2021-ci il tarixdə Ağsu rayonunda anadan olmuşdur. Onun atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan AZ-İ seriyalı, 413250 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh 15 may 2021-ci il tarixdə anadan olmuş X2 atası hesab edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 324 nömrəsi ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(002)- 2484/2018 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə X9 arasında xx.xx.2014-cü il tarixdə Ağsu rayon Qeydiyyat şöbəsində 173 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, xx.xx.2014-cü il təvəllüdlü X3 iddiaçı X9 ilə qalması, xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2018-ci il tarixdən başlayaraq Cavabdeh X4 xeyrinə hər ay 154 manat sabit pul məbləğində alimentin və uşağın müalicəsi üçün 50 manat əlavə xərcin tutulmasi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1611/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinin qismən, yəni xx.xx.2014-cü il təvəllüdlü X3 müalicəsi üçün 50 manat əlavə xərcin tutulması hissəsində ləğv edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2-ci maddəsinə müvafiq olaraq sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasının qoşulduğu BMT-nin Uşaq Hüquqlarına dair Konvensiyasının 3-cü maddəsinə əsasən, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli Qərarının 8.2-ci bəndinə əsasən, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə, izahatları dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirərək belə qənaətə gəlir ki, cavabdehin iddia tələbini qəbul etməsi, azyaşlı uşaqların yaşı, mənafeyi nəzərə alınaraq, iddia təmin edilməli, xx.xx.2023-cü il tarixdən hesablanmaqla xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 200 (iki yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. xx.xx.2023-cü il tarixdən hesablanmaqla xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 200 (iki yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar