Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-186/2023 07.03.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh "xxxx" Firmasının nümayəndəsi X3, Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti “Bank Standart” X1 Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X4 iştirakları ilə, İddiaçı1 və İddiaçı2 cavabdehlər "xxxx" Firması, Qapalı Səhmdar Cəmiyyəti “Bank Standart” X2 Əmanətlərin Sığortalanması Fonduna qarşı kredit müqaviləsinin ləğv edilməsi və kredit müqaviləsi üzrə öhdəliyin ötürülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər "xxxx" Firması, Qapalı Səhmdar Cəmiyyəti “Bank Standart” X2 Əmanətlərin Sığortalanması Fonduna qarşı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “QSC “Bank Standart” KB ilə İddiaçı2 arasında bağlanmış 21 yanvar 2009-cu il tarixli müqavilənin ləğv edilməsini və həmin müqavilə üzrə öhdəliyin "xxxx" Firmasına ötürülməsi, QSC “Bank Standart” KB ilə İddiaçı1 arasında bağlanmış 21 yanvar 2009-cu il tarixli müqavilənin ləğv edilməsini və həmin müqavilə üzrə öhdəliyin "xxxx" Firmasına ötürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçılar İddiaçı1, İddiaçı2, cavabdehlər "xxxx" Firmasının nümayəndəsi X5, Qapalı Səhmdar Cəmiyyəti “Bank Standart” X1 Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X6 məhkəməyə barışıq sazişi təqdim edərək, onun təsdiq olunmasını xahiş etdilər. Tərəflərin barışıq sazişi məhkəmə iclas protokoluna əlavə olunmaqla, məhkəmə tərəfindən təsdiq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.1-ci maddəsinə əsasən barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Göstərilən Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə, iş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, tərəflər barışıq sazişi bağladığından həmin saziş məhkəmə tərəfindən təsdiq edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261-262, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər "xxxx" Firması, Qapalı Səhmdar Cəmiyyəti “Bank Standart” X1 Əmanətlərin Sığortalanması Fonduna qarşı kredit müqaviləsinin ləğv edilməsi və kredit müqaviləsi üzrə öhdəliyin ötürülməsi tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanılmış və məhkəməyə təqdim edilmiş barışıq sazişi təsdiq edilərək, iş üzrə icraata xitam verilsin. Barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilir: Bir tərəfdən Ləğv prosesində olan QSC “Bank Standard” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu, Kreditlərin idarə edilməsi departamentinin Problemli kreditlərlə iş idarəsinin rəisi X7 şəxsində, "xxxx" Firması, direktoru X5 şəxsində (şəxsiyyət vəsiqəsi: AZE16600788, xx.xx.2016-cı il tarixdə verilmişdir) (bundan sonra “Cavabdehlər” adlanacaq); Digər tərəfdən İddiaçı1 (şəxsiyyət vəsiqəsi: AA*******, etibarlılıq müddəti xx.xx.2029-cu il tarixədək) və İddiaçı2 (şəxsiyyət vəsiqəsi: AA*******, etibarlılıq müddəti xx.xx.2031-ci il tarixədək) (bundan sonra “İddiaçılar” adlanacaq), Cavabdehlər və İddiaçılar (bundan sonra “Tərəflər”) aşağıdakı şərtlər əsasında qarşılıqlı razılıqla bu Sazişi imzaladılar. Maddə 1. Sazişin predmeti İddiaçı1 ilə cavabdeh QSC “Bank Standard” KB arasında bağlanmış xx.xx.2009-cu il tarixli, ********** nömrəli kredit müqaviləsi və İddiaçı2 ilə cavabdeh QSC “Bank Standard” KB arasında bağlanmış xx.xx.2009-cu il tarixli, ********** nömrəli kredit müqaviləsi üzrə kredit öhdəliklərinin cavabdeh "xxxx" Firmasına ötürülməsi tələbinə dair mübahisə. Maddə 2. Sazişin şərtləri 2.1. İddiaçı1 xx.xx.2009-cu il tarixli, ********** saylı kredit müqaviləsi üzrə 3428.41 manat məbləğində əsas borc, 6214.86 manat məbləğində faiz borcu, 1119.61 manat məbləğində cərimə borcu, 2102.88 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği, cəmi 12865.76 manat icra edilməmiş borc öhdəliyinin olduğunu Tərəflər təsdiq edirlər. 2.2.Tərəflər razılaşırlar ki, İddiaçı1 tərəfindən 3428.41 manat məbləğində əsas borc, 1571.59 manat məbləğində faiz borcu olmaqla cəmi 5000 manat ödənildiyi təqdirdə İddiaçı tərəfindən hesablanmış digər faiz və cərimə borclarına güzəşt tətbiq edilir. 2.3. İddiaçı2 xx.xx.2009-cu il tarixli ********** saylı kredit müqaviləsi üzrə 3858.84 manat məbləğində əsas borc, 6214.86 manat məbləğində faiz borcu, 1269.61 manat məbləğində cərimə borcu, 2367.90 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği, cəmi 13711.21 manat icra edilməmiş borc öhdəliyinin olduğunu Tərəflər təsdiq edirlər. 2.4.Tərəflər razılaşırlar ki, İddiaçı2 tərəfindən 3858.84 manat məbləğində əsas borc, 1141.16 manat məbləğində faiz borcu olmaqla cəmi 5000 manat ödənildiyi təqdirdə İddiaçı tərəfindən hesablanmış digər faiz və cərimə borclarına güzəşt tətbiq edilir. 2.5. Bu Sazişin 2.2 və 2.4-cü bəndlərində göstərilən ümumilikdə 10 000 manat borc məbləğinin bu Saziş məhkəmə tərəfindən təsdiq edildiyi tarixdən başlayaraq 36 ay müddətinə, hər ayın 5-ində 278 manat ləğv prosesində olan QSC “Bank Standard” KB-yə ödənilməsi öhdəliyini "xxxx" Firması öz üzərinə götürür. 2.6.Tərəflər razılaşırlar ki, bu Sazişin 2.5-ci bəndində göstərilən şərtlər "xxxx" Firması tərəfindən pozulduğu halda bu Sazişin 2.2-ci və 2.4-cü bəndlərində göstərilən güzəştlər ləğv ediləcək və ümumilikdə 26576.97 manat məbləğində borc "xxxx" Firmasından tələb ediləcəkdir. 2.7.Tərəflər razılaşırlar ki, hər ay ödəniləcək məbləğin "xxxx" Firması tərəfindən 2 dəfə lazımınca icra edilməməsi bu Sazişin 2.5-ci bəndinin şərtlərinin pozulması kimi qiymətləndiriləcək və QSC “Bank Standard” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən qərardadın icraya yönəldilməsi üçün məhkəməyə müraciət olunacaqdır.
3. Sazişin qüvvədə olma müddəti
3.1. Bu Saziş məhkəmə qərardadı ilə təsdiq olunduğu andan qüvvəyə minir. 3.2. Bu Saziş tərəflərin öz öhdəliklərini tam icra etməsi anınadək qüvvədədir. 3.3. Tərəflər öhdələrinə götürürlər ki, bu Saziş üzrə öhdəliklərini tam, vaxtnda icra etdikdən sonra bir-birinə qarşı gələcəkdə hər hansı bir tələbləri və şikayətləri olmayacaqdır.
4. Sazişə dəyişikliklər və əlavələr edilməsi qaydası
4.1. Bu Sazişə əlavə və dəyişikliklərin edilməsi tərəflərin razılığı ilə həyata keçirilir. 4.2. Bu Sazişə edilən hər bir əlavə və dəyişiklik onun ayrılmaz tərkib hissəsi hesab edilir.
5. Yekun müddəalar
5.1. Tərəflər bu Saziş üzrə öhdəliklərin pozulması və ya lazımi qaydada icra edilməməsinə görə Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar. 5.2. Bu Sazişin hər hansı müddəasının, o cümlədən də yeni normativ-hüquqi aktların qəbul edilməsi ilə bağlı etibarsızlığı həmin Sazişin digər müddəalarının və onun bütövlükdə etibarsızlığına səbəb olmur. 5.3. Bu Saziş Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik olan 5 (beş) nüsxədə tərtib edilmişdir. Nüsxələrdən biri Sazişi təsdiq edən məhkəməyə, digər nüsxələri isə Tərəflərə təqdim edilir. Qərardaddan tərəflərə rəsmi qaydada təqdim edildikdən və ya tərəflər onu aldıqdan sonra 10 (on) gün müddətinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verə bilərlər.
Hakim Kamran Əsədov