Məhkəmə qərarları › İş №2(002)-1872/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1872/2022

27.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1872/2022 27.07.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «borcun ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 69.500 (altmış doqquz min beş yüz) Rusiya rublunun ödəniş günü Mərkəzi Bankın məzənnəsinə uyğun olaraq və ödənilmiş 40 manat dövlət rüsumunun Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh 69.500 Rusiya rublu məbləğində borc pul vermişdir. Həmin pul vəsaitini cavabdehə Rusiya Federasiyasında olan zaman göndərmişdir. Cavabdeh borcu onunla qohumluq münasibətində olduğu zaman almışdır. Cavabdeh onun qızının həyat yoldaşı olmuşdur. Cavabdeh hazırda həmin pul vəsaitinin qaytarılmasından imtina edir. Dəfələrlə şifahi müraciət edilməsinə baxmayaraq, borcu ödəməkdən imtina etmişdir. Bu səbəbdən, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəməyə göndərdiyi iddia tələbinə etirazda iddianı qəbul etmədiyini qeyd etmiş və bildirmişdir ki, o, iddiaçının qızı X5 ilə 26 aprel 2019-cu il tarixdə ailə qurmuşdur və birlikdə yaşamışlar. Birgə yaşadıqları müddət ərzində uşaqları olmamışdır. Bu müddət ərzində cavabdehin qızı (keçmiş həyat yoldaşı) uşağının olmaması səbəbindən daim müalicələrdə olmuş və bir müddət o, özü xərcini çəkməklə X3 müalicə etdirmişdir. Hətta müalicəni davam etdirmək üçün bankdan pul götürmüşdür. Bu müddət ərzində həm müalicə və həm də banka olan kreditini ödədiyi üçün maddi imkanı aşağı olmuşdur. İddiaçının qızının deməsinə görə iddiaçı Yadigar tərəfindən köməkliklər olmuşdur. Belə ki, iddiaçı Rusiya Federasiyasında işləmiş və təxminən 2020-ci ildən başlayaraq 2021-ci il tarixə kimi qızının müalicəsi üçün hər ay 100 manat pul göndərmiş və həmin pulu da qızının müalicəsinə sərf etmişlər. Birgə yaşadıqları müddət ərzində uşaqlarının olmaması səbəbindən 2022-ci ildə məhkəmə yolu ilə nikahlarını pozdurmuşlar. Bundan sonra iddiaçı ona qarşı məhkəmədə borc tələbinə dair iddia qaldırmışdır. O, iddiaçıdan heç vaxt borc olaraq pul almamışdır və bu barədə aralarında heç bir borc müqaviləsi bağlanmamışdır. O, iddiaçının qızı ilə birgə yaşadığı müddətdə iddiaçı qızının müalicəsi üçün onun adına olan karta 100 manat pul göndərmişdir. Hal-hazırda iddiaçının həmin pulu ondan istəməsi tamamilə qanunsuz və əsassızdır. Düzdür, həmin pullar iddiaçı tərəfindən onun kartına göndərilsə də, iddiaçının qızı ilə birgə yaşadıqları müddət ərzində göndərilmiş və ümumi olaraq qızının müalicəsi üçün istifadə edilmişdir. Bunu iddiaçı özü də bilmiş və qızına görə də, həmin pulları göndərmişdir. Bu səbəbdən, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X6 məhkəmə iclasında iddianı qəbul etmədi, iddiaya etirazın məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş əməliyyat (bank əməliyyatı) çeklərindən görünür ki, İddiaçı xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixdə olmaqla, ümumilikdə 69.500 Rusiya rublu miqdarında pul vəsaitini Cavabdeh kartına (debet və yaxud digər təyinatlı) köçürmüşdür. İddiaçı qeyd olunan pul vəsaitlərini cavabdehə borc göndərdiyini bildirərək, həmin borc ödənilmədiyindən cavabdehdən tutulmasını tələb edir. Mübahisənin həll edilməsi üçün tətbiq edilməli olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, Cavabdeh yuxarıda qeyd olunan dövr ərzində iddiaçıdan cəmi 69.500 Rusiya rublu borc almış, borcu qaytaracağına dair iddiaçı qarşısında öhdəlik götürmüş, lakin iddiaçıya olan borcunu vaxtında və tam şəkildə ödəməyərək, öhdəliyini icra etməmişdir. İddiaçı cavabdehə müraciət edərək, borcu ödəməsini tələb etmiş, lakin cavabdeh öhdəliyini icra etməmiş, bu səbəbdən iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh iddiaçıdan karta köçürmə yolu ilə aldığı pul vəsaitlərini keçmiş həyat yoldaşının müalicəsinə sərf etdiyini bildirsə də, öz etirazının əsası kimi istinad etdiyi hallara (keçmiş həyat yoldaşının övladı olmaması səbəbindən müalicə edilməsi, iddiaçıdan aldığı vəsaiti keçmiş həyat yoldaşının müalicəsinə sərf etməsi, bankdan bu məqsədlə pul vəsaiti alması və s.) dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 69.500 (altmış doqquz min beş yüz) Rusiya rublu ödəniş günü Mərkəzi Bankın məzənnəsinə uyğun olaraq və ödənilmiş 40 manat dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 69.500 (altmış doqquz min beş yüz) Rusiya rublu ödəniş günü Mərkəzi Bankın məzənnəsinə uyğun olaraq və ödənilmiş 40 manat dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar