Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1880/2023 20.12.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh onun xeyrinə 17375 manat məbləğində dəymiş zərərin və 143 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, 12 mart 2022-ci il tarixdə Badamdar qəsəbəsində yerləşən ona məxsus "Hillmond" otelin qonşuluğunda cavabdeh tərəfindən iş görülən zaman hasar uçaraq otelin yan tərəfini aşırmaqla müxtəlif avadanlıqları sındırmış, ümumilikdə ona 20000 manatda çox ziyan vurmuşdur. Cavabdeh otelin qırılan 2 (iki) ədəd xırda kondisioner kompressorunu və alkaponun qırılan hissələrini təmir etmiş, dağıntı altında qalaraq sıradan çıxan 1 (bir) ədəd böyük kondisionerin dəyərinin ödənilməsi ilə bağlı heç bir tədbir görməmişdir. Buna görə də, cavabdehin hərəkətlərinə hüquqi qiymət verilməsi üçün tədbir görülməsi ilə bağlı Səbail RPİ-nin 41-cü PB-nə müraciət etmişdir. xx.xx.2022-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilərək, ona mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması bildirilmişdir. Qeyri-yaşayış sahəsi qohumu V.Həsənovun mülkiyyətində olsa da, etibarnamə əsasında onu otel kimi özü işlədir, ona görə də ziyan özünə dəymiş və kondisionerin alınıb quraşdırılmasını da özü həyata keçirmişdir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində yararsız hala salınmış kondisionerin qiyməti 8750 ABŞ dolları olmuş, otel binasına 1 (bir) ədəd böyük kondisionerin quraşdırılmasına 2500 manat vəsait ödənilmişdir. Həmin kondisionerin təmiri mümkün olmadığından dəyişdirilməsi zəruri olmuşdur. Cavabdehə dəfələrlə zərərin əvəzinin ödənilməsi ilə bağlı müraciət olunsa da, cavabdeh tərəfindən hər hansı ödəniş edilməmişdir. Buna görə də mövcud tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırda o, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Cavabdeh izahat verərək bildirdi ki, həqiqətən iddiaçıya məxsus "Hillmond" otelin qonşuluğundakı obyektdə işləyir. 2022-ci ilin mart ayında həmin obyektə təmir məqsədilə texnika çağırmış və təmir gedişində hasar uçaraq qonşuluqdakı otelin kondisionerlərinə və alkaponun hissələrinə ziyan vurmuş, iddiaçının qeyd etdiyi kimi o, otelin müəyyən hissələrini təmir etdirmişdir. Lakin 1 (bir) ədəd böyük kondisionerin yalnız təmirini təklif etmiş, iddiaçı isə bununla razılaşmamış, yeni kondisionerin alınmasını tələb etmişdir. Dəymiş ziyan məbləğinin şişirdilmiş olduğunu hesab edir. Qarşı tərəflə razılığa gəlməyə çalışsa da, indiyə kimi razılıq əldə olunmamışdır. Qeyd olunanlara əsasən, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X5 ifadə verərək bildirdi ki, o, hər iki tərəfi tanıyır. 2022-ci ildə cavabdehə məxsus obyektdə ekskavator işləyərkən divar uçdu, iddiaçıya məxsus otel binasının üzlüyünə və kondisionerlərə ziyan dəydi. Cavabdeh təmir üçün müəyyən işlər gördü. Sonradan iddiaçı kondisioner alıb quraşdırmağa məcbur oldu. Məhkəmə, izahatları və şahid ifadəsini dinləyib, iş materiallarında olan sənədləri və ekspert rəyini tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Səbail RPİ-nin 41-ci polis bölməsinin təhqiqatçısı Ə.Məlikovun xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarının surətindən görünür ki, qərarın təsviri hissəsində gösətrilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi və bu barədə maraqlı tərəflərə məlumat verilməsi, İddiaçı tələbi müki xarakterli və məhkəmə qaydasında həll edilməli olduğundan ona pul tələbi ilə mülki qaydada məhkəməyə müraciət etmək hüququnun izah edilməsi qərara alınmşdır. Qərardan həmçinin görünür ki, cavabdeh hadisə nəticəsində müəyyən təmir işlərini gördüyünü, otelin isə yalnız bir ədəd kondisioner aldığını bildirmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli alınan malın ödənişi haqqında qəbzin surətindən görünür ki, “Airwell” (Fransa) markalı kondisioner ümumilikdə 8750 ABŞ dolları qiymətindədir. İş materiallarında olan İddiaçı (bundan sonra sifarişçi) ilə X2 (bundan sonra podratçı) arasında bağlanmış xx.xx.2022-ci il tarixli podrat müqaviləsindən görünür ki, həmin müqavilənin predmeti podratçının sifarişçinin tapşırığına əsasən Bakı şəhəri, Badamdar qəsəbəsində yerləşən “Hillmond” otelinə “Airwell” markalı 1 ədəd kondisionerin quraşdırılmasını və sazlanmasını öhdəsinə götürməkdən ibarətdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X4 Daşınmaz Əmlakın Dövlət Reyestrindən MA seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Köhnə Bağlar küçəsi, 4 saylı fərdi yaşayış evi X3 mülkiyyətindədir və bu barədə 181 nömrəli reyestr kitabının 16695 nömrəli vərəqində xx.xx.2012-ci il tarixində qeydiyyat aparılmışdır. İş materiallarında olan AR-İ № 864375 saylı xx.xx.2020-ci il tarixli etibarnamənin surətindən görünür ki, X6 bütün əmlakının idarə edilməsi və üzərində sərəncam verilməsi ilə bağlı səlahiyyətlərini xx.xx.2025-ci ilədək İddiaçı etibar etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Badamdar Bələdiyyəsi tərəfindən verilmiş 414 saylı, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, ünvan 1 ünvanında yerləşən, 468,8 kv.m əmlak qeyri-yaşayış sahəsi kimi istifadə edilir. İş materiallarında olan Azərbaycan Respulikası Vergilər Nazirliyi vegi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh (VÖEN **********) vergi ödəyicisidir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, iş materiallarında "xxxx" MMC-nin alqı-satqı müqaviləsində qeyd edilən “Airwell” (Fransa) markalı kondisionerin dəyəri və quraşdırılma xərcinin orta bazar dəyəri təxminən 17100 manat müəyyən edilir. Beləliklə, məhkəmə iclasında mülki iş üzrə sübutlara əsasən müəyyən edildi ki, 2022-ci ilin mart ayında cavabdehə məxsus obyektin təmiri zamanı hasarın uçması nəticəsində iddiaçının sahibliyində olan obyektə maddi ziyan dəymişdir. Maddi ziyanın bir hissəsi cavabdeh tərəfindən aradan qaldırılmış, lakin bir ədəd “Airwell” (Fransa) markalı kondisionerin dəyəri və quraşdırılma xərci iddiaçıya ödənilməmişdir. Həmin maddi ziyan məbləğini dəqiq müəyyən etmək üçün ekspertiza keçirilmiş və ekspert rəyi alınmışdır. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, dəymiş maddi ziyan barədə iddia tələbi ekspert rəyi ilə müəyyən edilmiş hissədə əsaslı hesab edilərək qismən, yəni 17100 manat həddində təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona dəymiş ziyanın ödənilməsi əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına dəymiş ziyanın ödənilməsi, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna dəymiş ziyanın ödənilməsi əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, dövlət rüsumu ilə bağlı tələb də qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğundan, ekspertiza xərci ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq iddiaçı və cavabdehdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 115.0.1-ci maddəsinə əsasən, ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh maddi ziyanın əvəzi olaraq 17100 (on yeddi min yüz) manat məbləğində pul və 139,87 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza xərcinə görə İddiaçı 1 (bir) manat, Cavabdeh 49 (qırx doqquz) manat məbləğində pul tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına ödənilsin: Büdcə təsnifatının kodu:142595, ekspertiza xərci, SAP (XİİS) hesabı:X1, kodu:210005, VÖEN:**********, müxbir hesab:AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi: VÖEN:**********, hesab:AZ34CTRE********************. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-1880/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1880/2023
20.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver